Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   65   66   67   68   69   70   71   72   ...   161

 
142
Komissar bilirdi ki, hələ də dustaqxanalarda istintaq altında yatan və xalq 
düşməni olduqlarını boyunlarına alan adamlardan birini onun üzünə durquzmaq, 
Komissarın özünü ifşa etmək Mir Cəfər Bağırov üçün bir stəkan su içmək kimi bir 
şeydir. Mir Cəfər Bağırov axşam oturub birlikdə piti yediyi, sağlığına qədəh 
qaldırdığı, gələcəkdə birlikdə görəcəkləri işlər barədə söhbət etdiyi adamı, gecə əmr 
verib tutdururdu– Komissar dəfələrlə bunun şahidi və iştirakçısı olmuşdu. Düzdü, 
Beriya özü şəxsən Komissarı tanıyırdı, ona etibar edirdi, amma bu tanışlıq, bu etibar 
Bağırovla Beriya arasındakı dostluğun müqabilində heç nə idi – Komissar bunu da 
yaxşı bilirdi və həmişə də yadında saxlayırdı.  
Komissar bilirdi ki (və beləcə çox bilməyi hərdən Komissarın özünü dəhşətə 
gətirirdi!..), hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl Beriya Bakıda 
Azərbaycan Demokratik Respublikasının – Müsavat hökumətinin əks-kəşfiyyat 
xəfiyyə idarəsində xidmət edib və yəqin ki, partiyanın gizli tapşırığı ilə bu işə girib... 
Nə isə, bu barədə nəinki danışmaq, heç fikirləşmək də düz deyildi... Bu bir sirri-
xuda idi və artıq heç zaman aydınlaşmayacaqdı: Merkulov Müsavat dövrü ilə bağlı 
Bakıdakı bir zirzəmidə saxlanan (Komissar bir neçə dəfə o zirzəmidə olmuşdu və 
Merkulov gedəndən sonra bunun qorxusunu xüsusi çəkirdi; Komissar bu barədə 
fikirləşəndə o zirzəminin qəbir rütubətini bütün ruhu və vücudu ilə hiss edirdi) 
sənədlərin də hamısını Moskvaya aparmışdı. Merkulovun Bakıya gizli səfəri ilə Mir 
Cəfər Bağırov şəxsən özü məşğul oldu...  
Mir Cəfər Bağırovla Beriyanın dostluğu o vaxtdan – onuncu illərin sonlarından 
başlamışdı və 1921-ci ilin fevralında Bağırov Azərbaycan Fövqəladə 
Komissiyasının sədri təyin olunan kimi, Lavruşa Beriyanı (Lavrenti Pavloviçi) öz 
yanına gətirdi, əvvəlcə Azərbaycan Fövqəladə Komissiyası məxfi operativ hissə 
rəisi, sonra özünə müavin etdi. Beriya Bağırovun rəhbərliyi altında Sovet 
hakimiyyətinin düşmənlərinə qarşı mübarizədə özünü göstərə bildi, Bağırovun təkidi 
və xasiyyətnaməsi ilə Gürcüstün Fövqəladə Komissiyasına keçdi. 1927-ci ildəki, 
Azərbaycanın indiki xalq düşmənləri kimi ifşa olunmuş rəhbərləri yoldaş Mir Cəfər 
Bağırovu inzibati orqanlardan uzaqlaşdırmaq istədilər, Zaqafqaziya Su Təsərrüfatı 
Idarəsinin rəisliyinə məsləhət gördülər, onda Mir Cəfər Bağırov da öz növbəsində 
Beriyanın köməyi ilə iki ildən sonra adı dəyişmiş köhnə vəzifəsinə qayıtdı – yenidən 
Azərbaycan Dövlət Siyasi Idarəsinin rəisi oldu. Bir ildən sonra Moskvaya getdi
marksizm– leninizm kurslarında oxudu, ÜIK(b) P MK-da işləməyə başladı və artıq 
ÜIK(b)P Zaqafqaziya Ölkə komitəsinin birinci katibi olmuş L.P. Beriya yoldaş 
Stalinlə Bağırov arasında ünsiyyət yaratdı. 1933-cü ilin sonunda Mir Cəfər Bağırov 
Azərbaycan K(b) P MK-nın və Bakı komitəsinin birinci katibi seçildi və ən 
gülməlisi də, əlbəttə, buradakı «seçildi» sözü idi...  
Bütün bu hadisələrin hamısı Komissarın gözlərinin qarşısında baş vermişdi. 
Komissar bu hadisələrin müşayiətçisi yox, iştirakçısı olmuşdu və bütün bu müddət 
ərzində yoldaş Bağırova sədaqətlə xidmət etmişdi, yarı sözdən Bağırovu başa 
düşmüşdü, ona görə də Azərbaycan Xalq Daxili Işlər komissarı təyin olunmuşdu və 
yoldaş Bağırov öz şəxsi düşmənlərinin, zəhləsi gedən adamların çoxunu Komissarın 
əli ilə o biri dünyaya göndərmişdi... 
O biri dünya gözəl bir dünyadı, cəhənnəm əzabı bu dünyadadı...  
Komissarın ürəyinin ən dərin guşələrində, o dərinlikdə ki, hər dəfə özü də ora 
enməyə qorxurdu, bax, orada, o dərin guşə qədər də dərin bir təəssüf hissi var idi. 


 
143
Azərbaycanda Sovet hakimiyyəti qurulanda o da gərək o ağıllı adamlara qoşulub 
qaçıb çıxıb gedəydi, bu cəhənnəmdən uzaq olaydı... Indi hansı bir gözəl Avropa 
ölkəsindəsə (Fransada, yaxud Almaniyada. Yox, Almaniya yox, çünki Almaniyada 
da Hitler var idi, ora da başdan-ayağı siyasət ocağı idi, qorxu-ürkü idi... Ora yox... 
Isveçrədə, Isveçdə, o uzaq və uzaq olduğu qədər də xoşbəxt – hayıf, orada yaşayan 
axmaqlar o xoşbəxtliyi başa düşmürlər – adada – Islandiyada...) kiçik bir dəllək 
salonu var idi, bəlkə də dəllək salonu yox, lap restoranı var idi... Gecənin yarısı 
tumanını batırmayacaqdı ki, indi Bağırovun adamları gəlib onu aparacaq və onun 
səsi də işgəncədən it kimi zingildəyən o dustaqların səsinə qatışacaq... Indi 
qorxusuz-ürküsüz bir ölkədə, bir kiçicik restoran yarımqaranlığında bir küncdə 
oturub müştərilərinə tamaşa edə bilərdi, bir tərəfdən də asta-asta yüngül, qayğısız, 
intim (!) bir musiqi çalınaydı...  
O zaman ki, Mir Cəfər Bağırovu Zaqafqaziya Su Təsərrüfatı Idarəsinin rəisi 
təyin etmişdilər, onda keçmiş Azərbaycan Demokratik Respublikasının başçısı və 
Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olduğu dövrdə 
Türkiyə mətbuatında yazmışdı: «Azərbaycan xalqının cəlladı Bağırovu Su 
Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları 
Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək 
edəcəkdir...».  
Məhəmməd Əmin Rəsulzadənin bu sözlərini Mir Cəfər Bağırov özü bir neçə 
dəfə misal gətirmişdi– bəzən qəzəblə, bəzən də gülə-gülə və onun o gülüşü şaxta 
kimi adamı yandırırdı.  
Məhəmməd Əmin Rəsulzadə bu sözləri hələ on-on bir il bundan əvvəl demişdi, 
hələ 37 də, 38 də irəlidə idi; indi də 39 başlayıb...  
Məhəmməd Əmin indi, görəsən, nə deyir? Ona nə var ki, qorxusu yox, ürküsü 
yox, kardonun o tərəfində... Nə arvadının aqibətindən qorxur, nə anasının, nə də 
bacısının. Uşaqlarının taleyindən də nigaran deyil...  
Kardonun o tərəfində rahatca oturub çaxır içə-içə Bağırovu söymək (hətta 
yoldaş Stalini də!) asandır, amma gəl özün bu qazanın içində qayna, onda görək 
necədir halın?..  
Nə isə... 
Mir Cəfər Bağırov hərdənbir məclislərdə konyak içib bir az keflənəndə birdən 
Beriyanı yadına salırdı: «– Qde moy Lavrenti?» – deyirdi, əvvəllər Tiflisə, indi isə, 
Moskvaya – Beriyanın evinə zəng çalırdı, telefonla onun sağlığına badə qaldırırdı.  
Komissar bunu da bilirdi ki, Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin 
olunandan sonra, ilk tədbirlərdən biri də budur ki, Moskvada, Krapotkin küçəsində, 
çekistlərin yaşadığı binanın bütün sonuncu mərtəbəsini – yeddi otaqlı böyük mənzili 
Mir Cəfər Bağırova verir: Moskvaya gələndə mehmanxanada yox, MK-nın qonaq 
evində yox, öz mənzilində qalsın... Hər halda, çekistlər arasında belə şayiə gəzirdi 
və uzun illərin təcrübəsi nəticəsində Komissarın qulaqları ən qısadalğalı radio 
antennası kimi bir şeyə çevrilmişdi: kiçicik şayiələri də o saat tuturdu.  
Əlbəttə, Mir Cəfər Bağırov ilə Lavrenti Pavloviç Beriya dost idilər, özü də bu 
yalançı dostluq, siyasət xətrinə dostluq yox, həqiqi dostluq idi, amma bu həqiqətlə 
bərabər, bunlar elə adamlardı və taleyin hökmü ilə elə bir yüksək mərtəbədə 
dayanmışdılar ki, münasibətləri, bir-birinin əlindən tutması, bir-birinə arxa olması 
yalnız həmin dostluğun (həqiqi dostluğun!) nəticəsi ola bilməzdi; başqa bir səbəb də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə