Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   61   62   63   64   65   66   67   68   ...   161

 
134
kağızlara dəxli olmadığını başa düşdü və bu sadə sualdan çaş-baş qaldı– Mir Cəfər 
Bağırov həmişə yalnız bilavasitə işdən danışardı və tabeliyində olan adamların hava 
haqqındakı fikirləri onu qətiyyən maraqlandırmırdı; amma Mir Cəfər Bağırov 
Komissarın cavabını gözləmədi və: 
– Sən də maşında gəzirsən... – dedi, sonra üzbəüz divardakı şəklə işarə edib: – 
Necə şəkildi? – soruşdu.  
Komissar başını çevirib yoldaş Stalinin divardan asılmış şəklinə baxdı və istər-
istəməz, ayağa qalxdı, amma nə cavab verəcəyini bilmədi və ümumiyyətlə, bu sualın 
nə üçün verildiyini başa düşmədi, ürəyində bir nigarançılıq baş qaldırdı. Mir Cəfər 
Bağırov mənasız suallar verən, hisslərlə yaşayan adam deyildi – Komissar bunu 
yaxşı bilirdi, amma eyni zamanda, Mir Cəfər Bağırov hər hansı bir dəqiqə dünyanın 
ən gözlənilməz hərəkətini edə bilərdi və Komissar bunu da yaxşı bilirdi.  
Düzdür, ildə-ayda bir dəfə elə anlar, məqamlar olurdu və Komissara elə gəlirdi 
ki, Mir Cəfər Bağırov ürəyinin ən dərin bir guşəsində sentimental, kövrək adamdır 
və var gücü ilə o sentimentallığı, kövrəkliyi ətrafındakılardan gizlətmək, 
qəddarlığıyla, sərtliyiylə özü özünü təsdiq etmək istəyir, amma lap qısaca bir 
müddət keçirdi və Komissar yanıldığını başa düşürdü, bu adamda heç bir 
sentimentallıq, kövrəklik yox idi və hərdənbir görünən o sentimentallıq, kövrəklik 
əlamətlərinin özü də qəsdən göstərilirdi. Mir Cəfər Bağırovun beyni hər bir sözün, 
hərəkətin təsirini çoxgedişli və dəqiq hesablayan bir şahmatçının beyni kimi 
işləyirdi. Fərq burasında idi ki, şahmatçı yalnız oyun zamanı, şahmat taxtasının 
arxasında əyləşdiyi vaxtlar həmin hesablamaları aparırdı, amma Mir Cəfər Bağırov 
fasiləsiz olaraq bütün sutka ərzində, yəni bütün ömrü, həyatı ilə bu oyunun 
içindəydi, daimi bir oyunçu idi.  
Bir dəfə Azərbaycanda qışın sərt keçdiyi vaxtlardan biri idi. Respublikada yun 
üzrə planı yerinə yetirmək heç cürə mümkün olmadı və o zaman öz kabinetində – 
bax, bu kabinetdə çağırdığı müşavirədə Mir Cəfər Bağırovun necə qışqırdığını və 
onun sifətinin bəlkə də ən ibtidai insanlara məxsus (bir-birləri ilə ölüm-dirim 
vuruşuna çıxdıqları zaman) ifadəsini, gözlərindəki qəzəbi və soyuğu Komissar heç 
cürə unuda bilmirdi. Həmin müşavirədən sonra, qışın o oğlan çağında Mir Cəfər 
Bağırovun bilavasitə göstərişi və nəzarəti ilə inzibati orqanların işçiləri yunçuluqla 
məşğul olan rayonları kənd-kənd gəzib, camaatın yorğanını, döşəyini çarpayısından 
dartıb çıxarıb yununu müsadirə etdilər və respublikanın yun planı da eləcə doldu. 
Yox, Mir Cəfər Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə, kövrəkliyə yer yox 
idi – hər halda, Komissarın bu barədə fikri tamam qəti idi. Hələ 1922-ci ildə Partiya 
sıralarının təmizlənməsi üzrə Qafqaz Ölkə Komissiyası siyasi dustaqları şəxsən 
döydüyünə görə M.C.Bağırova töhmət vermişdi və bundan düz on beş il sonra isə 
Mir Cəfər Bağırov respublika maarif naziri Məmməd Cuvarlinskini və kinofoto 
sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən özü güllələmişdi.  
Komissar birinci katibin qəbulunda olduğu vaxtlar bir neçə dəfə Mir Cəfər 
Bağırovun yoldaş Stalinlə telefon söhbətlərinin şahidi olmuşdu. Əlbəttə, Mir Cəfər 
Bağırov, yoldaş Stalinlə böyük bir ehtiramla danışırdı, amma eyni zamanda, bu 
danışıqda bir məhrəmlik, bir yaxınlıq var idi, Mir Cəfər Bağırov yoldaş Stalin üçün 
adi rəhbər, partiya xadimi deyidi, həm də şəxsi sadiqliyi yüksək qiymətləndirilən bir 
adam idi. Mir Cəfər Bağırov bəzən kefinə düşəndə Azərbaycan SSR Daxili Işlər 
Komissarının müavini, sonra komissar, sonra yenə müavin işləyən Markaryanı 


 
135
«moy vernıy, tsennıy pyos» deyə çağırırdı və hamıdan da belə bir sədaqət tələb 
edirdi, çünki Mir Cəfər Bağırovun özü də yoldaş Stalin üçün belə bir sədaqət sahibi 
idi.  
Inqilabdan hələ xeyli əvvəl – 1909-cu ildə yoldaş Stalin Bakıda, Bayıl 
həbsxanasında 38 nömrəli kamerada dustaq yatmışdı. Belə deyirdilər ki, guya, o 
zaman siyasi dustaqları dəmir buxovlarla aparanda Koba qışqırmışdı: «– Niçeqo, 
tovarişi, niçeqo! Eti kandalı nam eşyo priqodyatsya!» Komissar tez-tez o dəmir 
buxovların buz soyuğunu öz boynunda hiss edirdi...  
Bayıl həbsxanasında o zaman 1500 dustaq var idi – canilər, oğrular, əyyaşlar, 
bir də bütün Zaqafqaziyadan və Orta Asiyadan gətirilmiş siyasi dustaqlar: 
bolşeviklər, demokratlar, sağ eserlər, sol eserler, menşeviklər, millətçilər... Yoldaş 
Stalin Bayıl həbsxanasında siyasi dustaqlarla qızğın mübahisələrə girişirdi, 
bolşevizm ideyalarını təbliğ edirdi, Marksın və Leninin əsərlərini oxuyurdu, 
esperantonu öyrənirdi, çünki gələcəyin yeganə dilinə inanırdı... 
Gələcək – yəni bu gün. Bu günün isə yeganə dili esperanto yox, ifşalar, həbslər 
və qətllər idi və həmin ifşadan, həbsdən, qətldən qorxan Komissarın özü o yeganə 
dili ciddi-cəhdlə həyata tətbiq edənlərdən biri idi. Komissar nə qədər çox 
qorxurdusa, bir o qədər artıq canfəşanlıqla ifşa edirdi, həbs edirdi, qətlə yetirirdi.  
Bayıl həbsxanası XDIK -nın indiki zirzəmilərinə bənzəmirdi, orada dustaqlar 
sərbəst gəzişirdi, siyasi müzakirələr aparırdı. Bir müddət Orconikidze də yoldaş 
Stalinlə bərabər Bayıl həbsxanasında yatmışdı və bir dəfə siyasi mübahisə üstündə 
Kobanın işarəsi ilə yumruq vurub, eser İliko Karzevadzenin ağzını partlatmışdı. 
Onda yoldaş Stalin demişdi: «Protiv partiynoqo protivnika vsyo dozvoleno!» Düzdü, 
sonra eserlər Bayıl həbsxanasında Orconikidzeni təkləyib nöyüt iyi verənəcən 
döymüşdülər, amma yoldaş Stalinin o zaman Bayıl həbsxanasında dediyi o sözlər bu 
gün, əslində, partiyanın əsas şüarı idi. «Bütün ölkələrin proletarları, birləşin!» – bu 
şüar hər yerdə yazılırdı, bütün qəzetlər o şüarla çap olunurdu, amma bu, söz idi. 
«Partiya əleyhdarına qarşı bütün vasitələrdən istifadə etmək olar!» – bu şüar isə heç 
yerdə yazılmırdı, amma əməl idi. Partiya isə – yoldaş Stalin demək idi. 
Azərbaycanda partiya – Mir Cəfər Bağırov demək idi.  
Komissar daimi bir gərginlik içində idi, çünki yoldaş Stalinin (partiyanın!) 
işlərindən baş açmaq, bu işləri məntiqi bir ardıcıllığa düzmək çətin idi və lap 
əvvəldən, lap cavanlığından yoldaş Stalin bir sirr içində idi. Bakı erməniləri hələ 
indiyə qədər danışırdılar ki, əsrin əvvəllərində yoldaş Stalinin yaxın dostu Stepan 
Şaumyan həbs olunanda onu Bakı milyonçusu Şibayevin xahişi ilə qubernator özü 
azad etmişdi, Şibayevi isə belə bir xahişə Koba məcbur etmişdi. Amma necə? Bunu 
yalnız Koba, bir də ki, sümükləri də çürümüş Şibayev bilirdi...  
1907-ci ildə Sibirdə sürgündən qaçıb Bakıya gələn Kobanın üç qorxulu rəqibi 
var idi: Bakı polismeysteri polkovnik Martınov (köhnə tanış idi– əvvəllər Tiflis 
polisinin rəisi idi və Kobanı birinci dəfə Sibirə o sürgün etmişdi), menşeviklər, bir 
də ki, Bakı qoçuları. Koba Bakı qoçuları ilə tez dil tapdı, Bakı qoçuları ilə birlikdə 
menşeviklərin gözünün odunu aldı, polkovnik Martınov isə bir ildən sonra Balaxanı 
neft mədənlərində Kobanın gizləndiyi daxmanı tapdı və onu 1908-ci ildə Voloqdaya 
sürgünə göndərdi. Koba Voloqdadan qaçıb yenə Bakıya qayıtdı (indi sürgündən 
qaçan olsun, görüm necə qaçır!..). Axmaq Martınov!.. Koba inqilabi vərəqələri 
gizlincə onun mətbəəsində çap edirdi!..  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə