Redaktor: Dilsuz


Partiyanın XVIII qurultayının bu ilin, yəni 1939-cu ilin marında keçiriləcəyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   59   60   61   62   63   64   65   66   ...   161

 
130
Partiyanın XVIII qurultayının bu ilin, yəni 1939-cu ilin marında keçiriləcəyi 
elan olunmuşdu və bütün ölkə qurultaya hazırlaşırdı. Mir Cəfər Bağırov da 
Azərbaycan K(b) P-nin XV qurultayının fevralın 25-də keçiriləcəyini elan etmişdi 
və bütün bu son günlər, demək olar ki, ancaq qurultaya hazırlıq işləri ilə məşğul idi. 
Küçədə ora–bura gedən o adamlar üçün qurultay, əslində, bayramvari mücərrəd bir 
şey idi – çıxış edənlər yoldaş Stalini tərifləyəcəkdi, əldə edilmiş böyük 
nailiyyətlərdən, şən və qayğısız həyatdan danışacaqdı, bütün bunların hamısı 
qəzetlərdə çap olunacaqdı, əmək adamları qurultay şərəfinə planları artıqlaması ilə 
yerinə yetirmələri barədə raport verəcəkdilər, yeni öhdəliklər qəbul edəcəkdilər, 
amma Mir Cəfər Bağırov üçün qurultay daha artıq işləmək, işləmək və işləmək idi.  
Küçədəki o adamlar bu pəncərədən çox kiçik görünürdü və onların ora-bura 
yeriməyi, hərəkətləri də buradan, az qala, gülməli görünürdü, elə bil ki, paltolu, 
papaqlı kiçik kuklalar idi və o hərəkət də kuklaların hərəkəti idi. Uşaq vaxtlarında 
Qubada, qonşuluqlarında özündən beş-altı yaş böyük bir oğlan var idi, adı Ələsgər 
(famili nə idi? Gözlərini qıyıb bir an fikirləşdi və parlaq hafizəsi o saat həmin 
oğlanın familini minlərlə tanış famillərin arasından dartıb çıxartdı: Babazadə), hə, 
Ələsgər Babazadə, çox kitab oxuyan oğlan idi, sonra da gərək ki, müəllim oldu, 
sonrasından daha xəbəri yox idi, bir dəfə həmin Ələsgər Babazadədən bir kitab 
götürdü, rus dilində idi və çox xoşuna gəldiyi üçün balaca Mir Cəfər o kitabı iki dəfə 
oxudu, sonra özündə saxlamaq istədi, dəyişmək üçün nəyi vardısa, təklif etdi, amma 
Ələsgər Babazadə vermədi, dartıb kitabı onun əlindən aldı və Mir Cəfər Bağırovun 
indiki kimi yadına gəlirdi: həyətlərindəki alma bağının bir küncünə qısılıb hirsindən 
ağladı; Conatan Sviftin «Qulliver» romanı idi və 1939-vu ilin həmin sakit qış axşamı 
iş otağının pəncərəsindən küçədəki adamlara baxan Mir Cəfər Bağırov birdən-birə o 
kitabı xatırladı, ona elə gəldi ki, Qulliver kimi, liliputlar ölkəsinə düşüb və 
pəncərədən görünən bu adamların da hamısı liliputlardır. Yenə də iri əlləri 
arasındakı karandaşları oynatdı və divardan asılmış böyük saata baxdı: saat doqquza 
yeddi dəqiqə qalırdı. Həmişəki kimi, axşam respublikanın Xalq Daxili Işlər 
Komissarını çağırmışdı və düz saat doqquz tamamda Komissar kabinetə girəcəkdi 
(yəqin indi gəlib, qəbul otağında doqquzun tamam olmağını gözləyirdi), günün 
hadisələri haqqında məlumat verəcəkdi, «svodka» nı göstərəcəkdi, suallara cavab 
verəcəkdi, göstərişlər alacaqdı, bir sözlə, həmişə beləcə sakit günlərdə olduğu kimi, 
qəbul öz ardıcıllığı ilə keçəcəkdi, sonra Komissar qovluğu qoltuğuna vurub 
gedəcəkdi; saat ona on beş dəqiqə qalmış isə «Azneft»in yeni rəhbərliyini 
çağırtdırmışdı (onlar da yəqin elə indidən gəlib qəbul otağında gözləyirdilər) – 
Poskrebışev Moskvadan zəng çalıb bildirmişdi ki, sabah səhər (yəni ki, günorta saat 
on bir radələrində) Mir Cəfər Bağırov «Azneft»dəki işlərin vəziyyəti barədə 
telefonla yoldaş Stalinə məlumat verməlidir.  
Mir Cəfər Bağırov pəncərənin qarşısından çəkilib yazı mizinin arxasına keçmək 
istədi, amma yazı mizi ilə üzbəüz divardan asılmış yoldaş Stalinin böyük şəklinin 
qabağında ayaq saxladı və şəklə baxdı. Qoz ağacından enli çərçivəyə salınmış bu 
şəkil rəssam R. Maloletkovanın karandaşla çəkdiyi portretin reproduksiyası idi və 
Mir Cəfər Bağırov bu portreti iş otağında yenicə asdırmışdı. Əvvəl bu portretin 
yerində yoldaş Stalinin yağlı boya ilə işlənmiş təmtəraqlı bir şəkli asılmışdı, amma 
Maloletkovanın əsərində ağla qaradan başqa heç nə yox idi və bu, yoldaş Stalinin 
sadəliyini xüsusi nəzərə çatdırırdı; eyni zamanda yoldaş Stalinin baxışlarında səliqə 


 
131
ilə arxaya daranmış qalın qara saçlarında, eşmə qara bığında bir nəhənglik, bir 
əzəmət var idi. «Stalinskaya forma»nın yalnız yaxası görünürdü, yoldaş Stalinin 
xalqı işıqlı sabaha səsləyən gözlərində mehriban bir işıltı var idi. Portretin aşağısında 
isə sadəcə «I. Stalin» imzası yazılmışdı, amma ağ boşluq içində qalın qara hərflərlə 
təsvir edilmiş o imzada bir monumentallıq var idi.  
Bu portret, əslində, yoldaş Stalinə oxşamırdı, daha doğrusu, oxşayırdı, amma 
buradakı yoldaş Stalin əsl yoldaş Stalin deyildi, ona görə yox ki, şəkildəki yoldaş 
Stalin yaraşıqlı idi, saçının, bığının rəngi kürən yox, qara idi, ona görə ki, neçə illər 
ərzində dəfələrlə yoldaş Stalinlə görüşən, saatlarla yoldaş Stalinlə söhbət edən, 
Moskvada evində, bağında dəfələrlə yoldaş Stalinlə birlikdə nahar eləyən Mir Cəfər 
Bağırov rəhbərin portretdəki bu təbəssümünü, gözlərinin bu ifadəsini heç vaxt 
görməmişdi, bu – rəssamın uydurması idi, amma yaxşı uydurması idi, Azərbaycan 
rəssamları isə Mir Cəfər Bağırovun şəkillərini çox vaxt həyatda olduğu kimi çəkirdi 
və bu onun xoşuna gəlmirdi.  
Mir Cəfər Bağırov əlləri arasındakı karandaşları oynada-oynada çeşməyinin 
girdə şüşələri arxasından gözlərini bir müddət yoldaş Stalinin şəklinə zillədi və 
rəssamın uydurmasına – yoldaş Stalinin gözlərindəki o yalançı ifadəyə, 
dodaqlarındkı o yalançı təbəssümə baxmayaraq yenə də bu adamın, yəni yoldaş 
Stalinin daxilində bir tənhalıq hiss etdi.  
Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, daha doğrusu, özünü 
tənha hiss etmək üçün onun nə vaxtı, nə də həvəsi var idi, amma hər dəfə yoldaş 
Stalinlə görüşəndə – iclasdan, ya yoldaş Stalinin iş otağındakı müşavirələrdən, ya 
təkbətək söhbətdən, ya yoldaş Stalinin bağında oturub nahar eləməklərindən asılı 
olmayaraq, bu hissi keçirirdi. Yoldaş Stalinin ya nitqlərinə, göstərişlərinə, 
mühakimələrinə, ya zarafatlarına həmişəki diqqətlə qulaq asarkən birdən-birə Mir 
Cəfər Bağırova elə gəlirdi ki, bəşəriyyətin tarixində heç bir təkrarı olmayan, 
həqiqətən, misli görünməmiş bu böyük rəhbərin, müəllimin içində hamıdan gizlin 
saxlanılan dəhşətli bir tənhalıq oturub. Bir dəfə Moskvada (beləcə bir qış günü idi) 
MK-nın qonaq otağında Beriya ilə (onda Beriya hələ Moskvaya köçməmişdi, 
Gürcüstan K(b)P MK-nın birinci katibi işləyirdi) gecənin yarısına kimi oturub 
söhbət etmişdilər, keçən günləri xatırlamışdılar, Azərbaycan Fövqəladə 
Komissiyasında birgə işlədikləri vaxtdan tanıdıqları adamları, rəhbər, partiya, sovet 
işçilərini bir-bir yadlarına salmışdılar, fikir mübadiləsi aparmışdılar və o zaman 
Beriya yoldaş Stalin barədə yəqin ki, ömründə heç kimə deyə bilməyəcəyi sözləri 
Mir Cəfər Bağırova demişdi: «– A tı znaeş, Mir Djafar, ved on v suşnosti odinokiy 
çelovek...» Bu sözləri eşidəndə Mir Cəfər Bağırov diksinmişdi, çünki, elə bil, Beriya 
yoldaş Stalinlə bağlı onun özünün ürəyindəki hissləri duymuşdu. Ümumiyyətlə, belə 
təsadüflər çox olurdu: Lavrenti Beriya ilə Mir Cəfər Bağırov çox zaman eyni cür 
düşünürdü, eyni hisslər keçirirdi.  
Mir Cəfər Bağırov gözlərini yoldaş Stalinin portretindən çəkdi, yazı mizinin 
arxasına keçməzdən əvvəl yenə də pəncərəyə ötəri bir nəzər saldı: təkcə Azərbaycan 
yox, bütün ölkəni qaldırmaq üçün, xalq düşmənlərini ifşa edib sonuncusunun da 
axırına çıxmaq üçün, milyonların ruhunu qaldırmaq, siyasi ehtirasını qızışdırmaq 
üçün yoldaş Stalin bayraq idi və bu bayrağı həmişə uca tutmaq lazım idi. Hələ 
inqilabdan əvvəl yoldaş Stalin – Koba Bakıda gizlin inqilabi fəaliyyət göstərəndə, 
Bakıda yaşayanda camaat ona «Gürcü Yusif» deyirdi və Mir Cəfər Bağırov bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə