Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   66   67   68   69   70   71   72   73   ...   161

 
144
var idi və Komissar bunu aşkar hiss edirdi: əslində, Beriya özü də Bağırovdan 
qorxur və Beriya istəsəydi də Bağırovu məhv edə bilməzdi, çünki Bağırov, yoldaş 
Stalinin əlində Beriyanın özünə qarşı saxladığı bir kart idi. Bağırov Beriya haqqında 
çox bilirdi və Bağırovun Beriya haqqında belə çox bildiyini yoldaş Stalin bilirdi...  
Aydın məsələdir, Mir Cəfər Bağırov, yoldaş Stalinin Molotov kimi, Mikoyan 
kimi, Voroşilov, Kaqanoviç, Kalinin, Andreyev, Jdanov kimi (indi isə Beriya kimi!) 
yaxın əsabəsi deyildi, amma sevimlisi idi, qiymətləndirdiyi adam idi və buna heç bir 
şəkk-şübhə yox idi. Komissar hər dəfə Moskvada olanda, SSRI Xalq Daxili Işlər 
Komissarlığında Mir Cəfər Bağırova xüsusi hörmətin şahidi olurdu, hətta Bağırova 
yaxın adam olduğu üçün Komissarın özünə də hörmət edirdilər, bəzən lap 
yaltaqlanırdılar... Əlbəttə, yoldaş Stalinə görə, daha doğrusu, yoldaş Stalinin Mir 
Cəfər Bağırova münasibətinə görə...  
Bəli, belə idi işlər... Mir Cəfər Bağırov qayğıkeş bir bağban kimi, elə bil ki, 
Beriyanı – indi pensie taxdığı gözləri ilə bütün Sovet Ittifaqına baxan irili-xırdalı 
şəkilləri yoldaş Stalinin şəkilləri ilə yanaşı, idarələrin, müəssisələrin divarlarından 
asılmış, adı yoldaş Stalinin ən yaxın silahdaşları və şagirdləri sırasında çəkilən 
Lavrenti Pavloviç Beriyanı cücərtdi, bəslədi və gələcəkdə daha artıq, daha vüsətli 
inkişaf etməkdən, qol-budaq atmaqdan ötrü onu qüdrətli (və fəhmli!) bir aqronoma – 
yoldaş Stalinə təhvil verdi...  
Mir Cəfər Bağırov mizin üstündəki karandaşları yenə də ovcuna yığdı və 
yerindən qalxıb otaqda var-gəl eləməyə başladı və onun bu hərəkəti Komissarın 
bütün içini yeyən şübhələrini daha da artırdı: Mir Cəfər Bağırov, adətən, 
əsəbiləşəndə var-gəl edirdi, hətta iclas vaxtı rəyasət heyətində oturanda da bəzən 
yoldaş Stalin kimi durub gəzinirdi.  
Mir Cəfər Bağırov kabinetin pəncərəsi qarşısında ayaq saxladı, iri əlləri 
arasındakı karandaşları bir-birinə sürtdü və o karandaşlar şaqqıldadıqca, Komissar 
daha artıq bir nigarançılıqla gözaltı yoldaş Stalinin divardan asılmış şəklinə nəzər 
saldı, sonra yenə arxasını ona tərəf çevirmiş Mir Cəfər Bağırova baxdı. Əlbəttə, Mir 
Cəfər Bağırov bircə dəqiqənin içində Komissarın illərdən bəri göstərdiyi sədaqəti, 
xidməti unuda bilərdi və o zaman hər şey qurtarardı, Komissar istintaq altında yatan 
(hələlik yatan...) minlərlə xalq düşmənindən birinə çevrilərdi, lap elə həmin Ostaşko 
kimi.  
Ostaşko Bakı partiya komitəsinin keçmiş katibi, Mir Cəfər Bağırovun yaxından 
tanıdığı, az qala, hər gün görüşdüyü partiya işçisi idi və xalq düşməni kimi ifşa 
olunmuşdu. Ostaşko Rudzutakın, Postışevin və Kosiorun əleyhinə ifadə verməli idi, 
onlarla əlbir olduğunu, yoldaş Stalinə qarşı terrorçu planların hazırlanmasında iştirak 
etdiyini imzalamalı idi. Mir Cəfər Bağırov bu işi şəxsən Sumbatov-Topuridzeyə 
tapşırmışdı və Komissar yaxşı bilirdi ki, Mir Cəfər Bağırov hər hansı bir işi 
Sumbatov-Topuridzeyə – uzun müddət Azərbaycanda orqanlarda rəhbər işlərdə 
işləyib, Bağırova şəxsi xidmət göstərən ən yaxın və iş bacaran bir adama, Beriyanın 
yaxın dostuna tapşırırsa, deməli, bu iş xüsusi əhəmiyyətə malik idi, ifadə Moskvaya 
göndəriləcəkdi.  
Yuvelian Davıdoviç Sumbatov-Topuridze həmin 1937-ci ildə Azərbaycan SSR 
Xalq Daxili Işlər komissarı idi və saçını həmişə ülgüclə dibindən qırxdıran – elə bil 
ki, qarpız kimi girdə başında ömründə tük bitməyib – bu adam Azərbaycanda Sovet 
hakimiyyəti qurulduğu 1920-ci ildən etibarən Mir Cəfər Bağırovun əlinin altında 


 
145
işləmişdi. Sumbatov-Topuridze də prokuror Vışınski kimi, köhnə menşevik idi. 
1927-ci ildə Azərbaycan K(b) P MK-nın o zamankı katibi Əliheydər Qarayevin (indi 
xalq düşməni kimi ifşa olunub güllələnmişdi) təkidi ilə Mir Cəfər Bağırov 
Azərbaycan Fövqəladə Komissiyasının sədrliyindən götürülüb, Zaqafqaziya Su 
Təsərrüfatı rəisi təyin edildikdə, Sumbatov-Topuridzeni də orqanlardan kənar 
etdilər, amma 1929-cu ildə Mir Cəfər Bağırov yenidən Azərbaycan Baş Siyasi 
Idarəsinin sədri təyin edildi və dərhal da Sumbatov-Topuridzeni orqanlara qaytardı.  
SSRI Ali Sovetinin ilk deputatlarından biri olan bu dazbaş adam Ostaşkonu 
şəxsən dindirmişdi və nəhayət, ifadə imzalanmışdı, amma bir gündən sonra, Ostaşko 
imzaladığı ifadəsindən imtina etmişdi, imza atanda özündə olmadığını demişdi. 
Ostaşko milliyyətcə rus idi, rəhbər partiya işçisi idi və buna görə də onun verəcəyi 
ifadənin xüsusi əhəmiyyəti var idi.  
Mir Cəfər Bağırovla Komissar (onda hələ komissar deyildi) gecə saat on ikidə 
Sumbatov-Topuridzenin kabinetinə girəndə Ostaşko orada idi. Komissar əvvəlcə 
Ostoşkonu tanımadı, vaxtı ilə tez-tez görüşdüyü, birlikdə Bakı zəhmətkeşlərinin 
bayram nümayişlərini qəbul etdiyi bu adam iyirmi üç günün içində o qədər 
dəyişmişdi ki, onu ilk baxışdan tanımaq mümkün deyildi: üz-gözü şişib qançır 
bağlamışdı, partlamış dodaqları açıq qalmışdı, əlləri, ayaqları əsirdi.  
Ostaşko kabinetə girən Mir Cəfər Bağırovu görən kimi özünü onun qabağında 
yerə atdı, xırıltılı bir səslə: «– Kak xoroşo çto vı prişli... Kak xoroşo çto vı prişli... 
Tovariş Baqirov. Tovariş Baqirov... Vı niçeqo ne znayete o koşmarax v NKVD. Eto 
ujas... Vı ne mojete sebe daje predstavit, tovariş Baqirov. Kak xoroşo çto vı prişli... 
U menya vımoqayut priznaniye v kontrrevolyutsennıx prestupleniyax. Vı je znayete 
menya. Kakoy je ya kontrrevolyutsioner? Kak xoroşo çto vı prişli. Tut fabrikuyet 
dela na rukovoditeley partii, pravitelstva, na soratnikov tovarişa Stalina. Pomoqite. 
Pomoqite, tovariş Baqirov. Razve naşa sovetskaya kontrrazvedka...» O zaman Mir 
Cəfər Bağırovun sifətindən Komissarın canına üşütmə salan bir təbəssüm keçdi və 
Mir Cəfər Bağırov təpiyi ilə vurub Ostaşkonu özündən uzaqlaşdırdı, açıq-aşkar bir 
narazılıqla Sumbatov-Topuridzeyə baxdı. Iki nəfər çekist Ostaşkonun qollarından 
yapışıb sürüyə-sürüyə qonşu otağa apardı və oradan bir müddət Ostaşkonun heyvan 
kimi anqırtısı eşidildi. Səhəri gün Sumbatov-Topuridze yenidən imzalanmış ifadəni 
Mir Cəfər Bağırovun mizinin üstünə qoydu və Ostoşko da daha bu ifadədən imtina 
etmədi.  
Sovet komsomolunun Aleksandr Kosarev kimi dünənə qədər adlı-sanlı başçısı, 
hətta rəhbəri – hamı ona yoldaş Stalinin varisi kimi baxırdı – 1937-ci ildəki 
məruzələrindən birində: «Bizim bir sıra yoldaşlar trotskiçiləri – xalq düşmənlərini 
hər yerdə axtarırlar, lakin öz aralarında, komsomolda axtarmırlar və buna görə də 
düşmənlə mübarizəni lazımi dərəcədə sərt aparmırlar, komsomol fəallarının 
sıralarını trotskiçi və digər əksinqilabi elementlərdən tələb olunan bir fəallıqla 
təmizləmirlər!» – deyə canfəşanlıq edirdi, amma bu sözləri deməyindən heç bir il 
keçməmiş, Mir Cəfər Bağırovun köməyi və bilavasitə iştirakı ilə Kosarevin özünü 
tutub xalq düşməni kimi ifşa etdilər və güllələdilər.  
Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi, amma əli uzun idi, lazım olanda 
gedib Moskvaya da çatırdı və onun üçün, əslində, yoldaş Stalindən başqa, bir də ki
Beriyadan başqa ayrı bir nüfuz sahibi yox idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə