Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   70   71   72   73   74   75   76   77   ...   161

 
152
Bu adamın sifəti elə bir gündə idi ki, onu tanımaq mümkün deyildi, amma bu 
sifət həm tanış idi, həm də təpiyin, yumruğun altında yadlaşmışdı, amma buna 
baxmayaraq, Şair onu tanıdı və həyəcanla:  
– Hamletdir!.. – qışqırdı. – Hamletdir! Yavaş olun! Yavaş qaldırın! Bu, 
Hamletdir!..  
Bu kameradakılar da o on üçüncü məhbusu yalnız indi tanıdı. Azərbaycanda 
bütün xalqın sevə-sevə Hamlet adlandırdığı (səhnədə Hamletin unudulmaz surətini 
yaratdığı üçün) o artistin əsl adı, əsl familiyası, elə bil ki, Bakının qərb hissəsindəki 
Keşlə həbsxanasının o kamerasında hamının yadından çıxdı, elə bil ki, o on üçüncü 
məhbusu, doğrudan da, orta əsrlərdən, Danimarkadakı Elsioner qəsrindən tutub 
gətirib bura atmışdılar.  
Və bir müddətdən sonra, Hamlet yerində dikəldi, yenə də bir-bir Şairə, 
Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, 
Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə – 
tamaşaçılarına baxdı, bu adama elə bil ki, hardansa bir qüvvə, bir şövq gəldi və o 
ayağa qalxmaq istədi, amma ayağa qalxa bilmədi, yerində dizlərinin üstündə oturdu
onun şişib qançır-qançır göyərmiş simasına, elə bil ki, birdən-birə bir işıq gəldi və 
Hamlet çox məhbuslar görmüş, çox ah-nalələr eşitmiş o kameranın belə yəqin ki, 
divarlarına həmişəlik hopacaq, hətta sement döşəməsini, tavanını da dəlib keçəcək 
bir səslə Cəfər Cabbarlının tərcüməsində öz şah monoloqunu söyləməyə başladı:  
– Olum, ya ölüm... Budur məsələ! Hankı daha şərəflidir? Düşmən qəzanın bu 
ağır toqaqlarına dayanmaq və ya fəna silabinin coşğun dalğalarına qarşı qoyub onu 
qorutmaq, əzmək... Yer üzündən qaldırmaq, ölmək, uymaq, bu qədər... Qəlbin 
iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək... Belə 
bir son istənilməzmi?..  
Hamlet o kamerada o monoloqu söylədikcə, Xosrov müəllim heç cürə özü ilə 
bacarmırdı; bütün dünyanı, bütün həyatını, bütün taleyini yadından çıxarmaq 
istəyirdi, hər şeyi – altı yaşlı Cəfəri də, dörd yaşlı Aslanı da, iki yaşlı Azəri də, 
Şuşaya gedən o faytonun ardınca bir dolu parç su atan Şirini də, o ölü xoruzu da, o 
tonqalı da, gecə yatanda qollarını geniş açan Gülzarı da – hər şeyi unutmaq, 
unutmaq istəyirdi, yalnız Hamletə qulaq asmaq, yalnız Hamletin o monoloqu ilə 
yaşamaq istəyirdi; yox idi, dünyada nə Əflatun müəllimlər, nə də Xıdır müəllimlər, 
yalnız Hamlet var idi... amma Xosrov müəllim heç nəyi unuda bilmirdi və fikir dəli 
bir ehtirasla onu istintaqda keçirdiyi saatlara çəkirdi, yenə də müstəntiq Ələkbərovla 
üz-üzə gətirirdi...  
... Müstəntiq Məmmədağa Ələkbərov tez-tez ətli dodaqlarını yalayırdı və 
istintaq otağında kiçik yazı mizinin üstündəki elektrik lampasının işığını düz Xosrov 
müəllimin gözlərinin içinə salıb:  
– Deməli, belə... – deyirdi, sonra hər biri kiçicik bir çəllək kimi ətli 
barmaqlarını bir-bir mizin üstündə oynada-oynada soruşurdu: – Hadrutda rus dilində 
ərizələr yazmağını boynuna alırsan?  
Müstəntiq Ələkbərov Xosrov müəllimin bütün tərcümeyi-halına bələd idi və 
Xosrov müəllim təəccüb edirdi ki, bu adamlar ki, təkcə bir onun barəsində bu qədər 
məlumat toplayırlar, bəs yerdə qalan o saysız-hesabsız xalq düşmənlərini ifşa 
etməyə necə vaxt tapırlar?  
– Hə, boynuna alırsan də ki, Hadrutda rus dilində ərizələr yazırdın?  


 
153
Xosrov müəllim udqunurdu, gur işığa görə heç nə görməyən gözlərini 
yumurdu, yenə udqunurdu, uzun hülqumu nazik boğazında enib-qalxırdı, başı ilə 
dediklərini təsdiq edə-edə:  
– Yazırdım... – deyirdi.  
Müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimin bu etirafından ləzzət 
alırdı, ətli dodaqlarını yalaya-yalaya, üçqat buxağını qaşıya-qaşıya bərayi-ehtiyat bir 
də soruşurdu:  
– Deməli, yazırdın?  
– Yazırdım...  
– Kimə yazırdın?  
– Camaat gəlib xahiş edirdi, mən də yazırdım...  
– Yox, yox, bir dəqiqə!.. – Müstəntiq Ələkbərov ətir iyi verən yumşaq və ətli 
barmağını Xosrov müəllimin uzun burnunun qabağında saxlayırdı. – Bir dəqiqə 
dayan!.. Bilirsən ki, məni azdırmaq mümkün deyil! Mən Ələkbərovam, başa 
düşdün? Müstəntiq Ələkbərov! Başa düşdün, yoxsa yox?! – Və müstəntiq Ələkbərov 
qadın kimi gülürdü. – Mən səndən soruşuram ki, o ərizələri kimin adına yazırdın? 
Sualıma cavab ver!  
– Rəhbərlərin adına...  
Müstəntiq Ələkbərov ciddiləşirdi və elə bil ki, bir sıçrayışla qarşısındakını 
məhv edəcəkdi, soruşurdu:  
– Buxarinin adına yazırdın? 
– Nə bilim?..  
– Hə, yoxsa yox?  
– Bəlkə də...  
– Bəlkəni əkiblər, əvəzinə noxud bitib! – Müstəntiq Məmmədağa Ələkbərov 
çiyinlərini ata-ata gülürdü.– «Bəlkə» olmaz! Hə, yoxsa yox?! Cavab ver!  
– Ola bilər!  
– Deməli, hə! Rıkovun da adına ərizə yazırdın?  
– Rıkov Xalq Komissarları Sovetinin sədri idi də...  
– Aha! Deməli, yazırdın!  
– Camaat xahiş edirdi... Hərənin bir dərdi-səri var idi... Xahiş edirdilər, mən də 
hökumətin sədrinə yazırdım də...  
– Bax, belə... Gör nə açılır iç üzün sənin? Adamı belə danışdırarlar! Müstəntiq 
Ələkbərovdan heç nə gizlətmək mümkün deyil!.. Deməli, Buxarindən, Rıkovdan 
kömək istəyirdin, hə? Zəhmətkeşlər arasında təbliğat aparırdın ki, Buxarin, Rıkov 
sizə kömək edəcək, hə? Cavab ver, hə?  
Xosrov müəllim susurdu, arıq boğazının uzun hülqumu enib-qalxırdı, birdən 
deyirdi:  
– Axı... Axı, yoldaş Stalinin də adına ərizələr yazırdım! Ən çox yoldaş Stalinin 
adına yazırdım!  
Yoldaş Stalinin adı hər dəfə belə anlarda Keşlə həbsxanasındakı o istintaq 
otağına gərgin bir sükut gətirirdi və o sükut içində Xosrov müəllim müstəntiq 
Ələkbərovun mütəkkə kimi yoğun bədənində ürəyinin, elə bil ki, birdən-birə narahat 
döyüntüsünü eşidirdi. O sükut davam edirdi, müstəntiq Ələkbərov nə deyəcəyini 
bilmirdi və qəflətən Xosrov müəllimin üzünə tüpürürdü..  
– Əclaf oğlu, əclaf! Məni provakasiyaya çəkmək istəyirsən?!  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə