Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 

51 


qaçqınçılıq  düşdü.  İndi  Ağcabədidəki  qış  yataqlarında  yaşayıram.  Şükür  Allaha, 

imkanımız pis deyil. Yüzə yaxın qoyunumuz var, beş-altı inəyimiz. Hələ atdan, itdən, 

üzdən iraq, ulaqdan danışmıram. Bircə dərdimiz var - su! Buralarda su tapılmaz. 

Xaricilərin  hesabına  Taxtakörpünün  yol  ayrıcındakı  arteziandan  yaxşı  borular 

çəkiblər. Di gəl ki, həftədə bir dəfə bu krantlarda su olur, ya olmur. Su gələndə camaat 

elə  sevinir,  elə  sevinir  deyirsən  bəs  dünya  çempionatında  qol  vurulub.  Bir  qaçhaqaç, 

bir qovhaqov, bir haray-həşir düşür ki, adam az qalır havalana. Fit çalıb papağını göyə 

atan  kim,  çırtma  çalıb  oynayan  kim,  sevindiyindən  qəşş  edib  yerə  yıxılan  kim...  Pisi 

odu ki  növbə  üstündə dava salırlar. Hətta vedrə ilə biri-birinin təpəsini-gözünü  vurub 

əzənlər  də  olur.  Hamı  birinci  olmaq  istəyir  bu  məmləkətdə.  Heç  kim  siyahının 

ortasına,  sonuna  düşmək  istəmir.  Suya  da  ki,  etibar  yoxdu,  birdən  gördün 

zümzüməsinin  şirin  yerində  xırp  kəsildi.  Əlin  hara  çatacaq?  Bundan  sonra  ağzını 

turbaya  dirəyib  ha  sümür,  ha  özünü  öldür,  xeyri  yoxdu,  balaların  susuz  qalacaq.  Nə 

qədər çaynik-çaynik dilənmək olar. 

Suyun  kəsilmə  təhlükəsi  növbədəki  dava-dalaşın  aqressivliyini  artırır.  Bir 

müəllim  yoldaşım  var,  talantlı  adamdı,  axır  ki,  beyin  işlədib  milləti  bu  növbə 

böhranından  əməlli-başlı  xilas  etdi:  növbədəkilərin  dairəvi  siyahısını  tutdu.  İstənilən 

adam  siyahının  həm  başlanğıcı,  həm  də  sonudur.  Su  harada  qurtarıb  növbəti  dəfə 

siyahı  həmin  adamdan  başlayır.  Saat  əqrəbi  istiqamətinə...  Artıq  hər  şeyi  taleyin 

ümidinə  buraxmaq  gərək.  Növbə  çərxi-fələk  kimi  dövran  eləyir.  Ola  bilər  ki, 

axşamacan su kəsilməsin  və növbədəkilər bir neçə dəfə su  götürmək  xoşbəxtliyi əldə 

etsinlər. İnişil bayramqabağı belə bir hala təsadüf etdik. Necə sevindik, İlahi! 

Sudan  söz  düşmüşkən,  bir  əhvalat  da  deyim.  Bizdə  yataqdan  xeyli  aralı  "Acı 

krant"  deyilən  bir  artezian  var.  Adından  göründüyü  kimi,  suyunu  içmək  mümkün 

deyil.  Paltar  yumağa,  bir  də  heyvan  sulamağa  yarayır.  Laçından  təzə  gələndə  xınalı 

inəklərimiz  bu  suyu  bəyənmirdilər,  imsiləyib  geri  dururdular.  Bir  gün  belə,  iki  gün 

belə, axırda susuzluq iradələrini sındırdı. İndi maşallah bəhməz kimi əmirlər.  

Bir  ili  lap  quraqlı  idi,  adamlar  acı  krantdan  içməyə  məcbur  olumuşdular.  Qonşu 

yataqlardan da bura atlı-eşşəkli adamlar gəlirdi. Krantın qarşısında böyük bir biton və 

sənək  növbəsi  vardı.  Gecə-gündüz  damcı  yerə  düşməyə  qoymurdular.  Tərs  kimi 

yaylağa köçənlər də elli-elatlı təzəcə gəlib tökülüşmüşdülər yatağa.  

Günorta  istidən  bişən  inəklər  "Acı  kranta"  tərəf  dəbərişdi.  Camaat  ağır  yelinli 

inəklərin  havayı  yerə  əziyyət  çəkib  kranta  qədər  getməyinin  qarşısını  almaq  istədi. 

İnək  dilini  bilmədiyimizdən,  təbii  ki,  onlara  nəsə  başa  sala  bilməzdik.  Heyvanlar 

yanğılı  içlərini  soyutmaq  üçün  irəli  dartındı.  İşi  belə  görən  yataq  əhlinin  əli  çomaq 

tutanı  ağaclı,  yabalı,  köşküllü  naxırı  qaytarmağa  çıxdı.  Yatağın  ortasında  bir 

vurçatlasın  düşdü  ki,  gözlülər  olsun  görməsin.  Kişi  hayqırtısı,  uşaq  qışqırığı,  inək 

böyürtüsü, ağac-yaba şappıltısı biri-birinə qarışdı. Yataq tozun içində itmişdi. Camaat 

naxır  qarşısında  tab  gətirə  bilmədi.  İnəklər  mühasirəni  yarıb  "Acı  krant"a  hücum 

çəkdilər  və  böyürə-böyürə  bitonları,  arx  yerlərini,  krantın  turbasını  yalamağa 

başladılar. 

"Allah  sən  saxala!  Allah  sən  saxla!"-  nənəm  deyirdi  bunu.  Deyirdi  və  ağlayırdı. 

Sonra  da  tumanının  ətəyi  ilə  arıq  burnunu  möhkəm-möhkəm  silirdi.  Elə  silirdi  ki, 

deyirdin bəs dibindən qoparıb atmaq istəyir. Nənəm kövrək adamdı. Bədəncə də xeyli 




 

52 


zəifdi. Hərdən deyirəm, ay  nənə, şükür Allaha, varımızdı, ye, iç özünə korluq vermə. 

Kimə deyirsən... Bir yerdə duran döyül. Daxalımızın qarşısındakı bir kapal döllək ona 

baxır.  Döllək  bilirsiniz  nədir?  Təzə  doğan  qoyunları  quzunun  ayağı  yer  tutunca, 

mayalanınca  ana-bala  bir  yerdə  saxlayırlar.  Buna  döllək  deyirlər.  Küləkli  günlərdə 

dölləyə  özüm  göz  qoyuram.  Qorxuram  soyuqlasın  nənəm.  Zarafata  salıb  deyirəm,  ay 

arvad, balaca adamsan, çölə çıxarsan, külək götürüb aparar səni, yaman günə qalarıq. 

Deyir,  ay  oğul,  heylə  mənə  yanansan  evlən,  dərddən-azardan  qurtar  məni.  Evlənmək 

də ki, sizin Dimanın ən yaralı yeridi. 

Nənəmin  balacalığı  və  zəifliyi  barədə  ən  gözəl  sözü  dədəm  deyib:  "Arvad,  səni 

pişik  yesə,  doymaz."  Dədəm  çox  baməzə  kişidi.  Amma  qaçqınlıq  yaman  əsər  eləyib 

kişiyə.  İçinnən  əriyir  elə  bil.  Baxmayaraq  ki,  vəziyyətimiz  yaxşıdı.  Mən  müəllim 

işləyirəm,  əlim  cibimdə  ayda  otuz-qırx  "şirvan"ım  var.  Hər  ikisi  pensiya  alır.  Hələ 

çörəkpulunu,  o  biri  humanitar  yardımları  demirəm.  Üstəlik  heyvanımız  var. 

Yediyimiz əmcək yağıdı, üzdü pendirdi, "sveji" qatıqdı. Qəflətən pul lazım oldu, apar 

bir toğludu, sat, papağını əyri qoy. Gül kimi daxalımız, yeraltı tövləmiz, çardağımız... 

Dədəm özü  yaxşı dülgərdi. Düzdü, öz camaatımıza pulnan işləməyə ar eləyir, amma, 

baxma, hərdən beşdən-üçdən qazancı olur. 

Mənim  müəllimliyim  isə  əməlli  başlı  komediyadı.  Payızın  iki  ayını  yaylaqda 

keçiririk.  Noyabrın  əvvəli  yatağa  köçüb  toplaşırıq  xaricilərin  quraşdırdığı  ağ  məktəb 

binasına  -  dərs  bölgüsünə.  Adətən  bura  əli  ağaclı  gedirəm.  Ayağımda  da  "girzovoy 

sapok."    Dərs  yüküm  otuzdan  bircə  saat  kəm  oldu  ha,  bir  vay-şivən  salıram  ki,  gəl 

görəsən.  Xasiyyətimi  bilirlər.  Bilirlər  ki,  Moskvadan  belə  yazıb  dünyanı  biri-birinə 

vuracam. O qədər "şuluq" işləri var ki... 

Dərs də ki, qaçqın düşəndən bir saat belə keçməmişəm. Açığı uşaqların savadsız 

böyüməyi narahat eləmir məni. İndi o zamana döyül. Mən sentimental adam deyiləm; 

ay  vətən belə,  millət belə, dağ belə, aran belə... Bu  nədi, araq  içib saza qulaq asırlar, 

şeir deyib ağlayırlar. Mənlik deyil bu işlər. Saza da qulaq asıram, şeirə də! Hələ desən 

düşəndə  vururam  da!  Amma  yerli-yerində.  O  ki  qaldı  ağlamağa,  bu  həyatımda  bircə 

dəfə olub. 

Kəndimiz  alınandan  sonra  erməni  gəlib  bir  neçə  evi  yandırıb,  əlinə  keçəni 

götürüb getmişdi. Kənd boş idi. Hərdən gəlib yenə bir-iki ev yandırıb, bir-iki ev qarət 

edib gedirdilər. Bir gün qohumlardan biri ilə sözləşdik ki, azuqəmizi də, silahımızı da 

götürüb  gedək,  kəndimizə  baş  çəkək.  Onda  hələ  Kəlbəcər  alınmamışdı.  Mənim 

ovçuluğum  da  var  axı...  Biz  tərəflərin  bütün  bənd-bərəsini  ovcumun  içi  kimi 

tanıyıram.  

Kəlbəcər  üzdən  rahatca  aşıb  kəndimizə  getdik.  Gündüz  olduğu  üçün  kəndə 

girməyə  cürət  eləmədik.  Qənşərdəki  meşədə  oturub  xeyli  müşahidə  apardıq. 

Qaçqınçılıqdan  iki-üç  ay  keçməsinə  baxmayaraq,  kənd  tamam  dəyişmişdi.  Cəngəl 

basmışdı  hər  yanı.  Evlər  güclə  görünürdü.  Sakitlik...  Bir  inni-cinni  yox...  Qu  desən 

qulaq  tutular.  Kənd  necə  dəhşətli  görünürdü,  İlahi!  Evlər  div  kimi  adamın  üstünə 

gəlirdi.  Bizim  evin  pəncərələri  sındırılmış,  həyətini  ot-ələf  basmışdı.  Saqqal  uzadan 

kor  adamı  xatırladırdı  evimiz.  Bu  saat  əl  uzadıb  tutacaqdı  ətəyimdən.  Tutub  hay-küy 

salacaqdı.  Sonra  da  "gözlər"indəki  sirli  qaranlığın  boşluğundan  kimsə  tüfəngini 

uzadıb güllələyəcəkdi məni. Dolmuşdum! 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə