Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 

53 


Axşam  düşər-düşməz  kəndə  girdik.  Vədələşib  ayrıldıq;  hərə  öz  evinə  tərəf. 

Cəngəli  yara-yara  evimizə  yanaşdım.  Həyətə  girərkən  kimsə  arxadan  tutdu  məni. 

Vahiməylə çevrildim. İtimiz!  

Adamsızlamışdı  itimiz.  Sırmandı  üstümə,  əlimi,  ayağımı,  üzümü,  tüfəngimi 

yalamağa  başladı.  Quduz  dəymiş  elə  elədi  ki,  özümü  saxlaya  bilmədim,  oturub 

hönkür-hönkür  ağladım.  Hannan-hana  özümə  gəlib  evə  baş  çəkdim.  Qapı-pəncərəni 

sındırmış,  kallayı  otağımızdakı  şifoneri  üzüqoylu  aşırmışdılar.  Döşəmədə  əsgər 

çəkmələrinin izi vardı. Vəssəlam! Qalan heç bir şeyə toxunmamışdılar. 

İt  mənə  qoşulub  gəldi,  indi  budu  arxaşdadı.  Allah  qoysa,  birlikdə  kəndə 

qayıdacağıq. Bircə evlənmək problemini  həll edə bilsəydim... Qohum-qardaş o qədər 

üz  vurub  ki,  day  bəhanə  gətirməyə  söz  qalmayıb.  Kənd  üçün  verdiyim  vədlər  isə 

aktuallığını itirdiyindən əməlli-başlı gülüş doğurur. Qınamıram onları, yaş keçir. Qırxı 

haqlamışam uje. Saçım da tökülür. Bir müəllim yoldaşım var, deyir, Dima, tez evlən, 

saçın  töküləndən  sonra  sənə  qız  gəlməyəcək.  Hi-hi-hi...  Həm  də  savadsızlaşıram 

getdikcə.  Sənəti  işlətmirəm  deyin  unudulub  gedir.  Artıq  yumşaq  işarənin  hansı 

sözlərdən  sonra  qoyulduğu  xatirimdən  çıxıb.  Əşşi,  heç  lazımım  da  döyül!  Durum 

görüm döllək necoldu.  

 

 



 

 

Evimiz 

 

Evimiz  kəndin  ayağında  yerləşirdi.  Kənd  Sərəyal  dediyimiz  dağın  yanınacan 



uzanır-uzanır,  dağın  dibi  ilə  axan  çayın  əlüzyuyanında  bizim  evimizlə  sona  çatırdı. 

Evimiz  kənddəki  evlərin  çoxundan  böyük  idi  və  Sərəyaldan  baxan  hər  hansı  nikbin 

yazıçı onu kəndin qabağı ilə "irəliləyən" dəstə başçısına bənzədə bilərdi. Ələlxüsus da 

çardağına  görə...  Qıpqırmızı  rəngi,  hava  üçün  qaldırılmış  dəlikləri,  novalçaları.  Evin 

qarşısında ucalan və yarpaqları mətbəxin pəncərəsindən içəri soxularaq otaqlara bahar 

təravəti yayan çinar isə bambaşqa aləm idi.  

Aradan on bir il ötsə də, evimizin bütün incəliklərini, ən xırda özəlliklərini, hətta 

haradan  nə  hava  duyulduğunu,  necə  qoxu  gəldiyini  dəqiqliklə  xatırlayıram.  Məsələn, 

evin ön divarının sağ tərəfində, aynəbənddən təxminən bir metr aşağı - divarın içində 

sərçə yuvası vardı. Dəfələrlə nərdivan qoyub çıxmış, o yuvanın içindəki fındıq boyda 

yumurtalara baxmışdım. Boz sərçənin cikkildəyə-cikkildəyə yuvaya girib çıxdığını da 

az  görməmişdim.  Pilləkən  tutalğacının  da,  mətbəx  qapısının  da  rəngi  göy  idi, 

aynabənd  isə  ağ  boya  ilə  boyanmışdı.  Alt  mərtəbədəki  pəncərələrin  hamısına  cağ 

vurulmuşdu. Cağların  naxışı eyni  idi.  Arxa zirzəmidən kəsif  nəm qoxusu  gəlirdi. İşıq 

çəkilməmişdi  bura.  Qış  vaxtı  taxta  çəlləkdə  qoyduğumuz  kələm  turşusunu,  boş  arı 

yeşiklərini,  köhnə  çemodanları,  qara  çay  yeşiklərinə  yığılan  irili-xırdalı  məişət 

əşyalarını bu otaqda yerləşdirmişdik. 

Pilləkənimizi  də  unuda  bilmirəm.  Hətta  pillələrin  sayı  da  yadımdadır:  on  beş... 

Özü  də  Bakı  kubikindən  tikilmişdi  pilləkənimiz.  Tutacaq  yerini  də  əla 

düzəltdirmişdik. Nazik boru... Günəş öz şüaları ilə birlikdə... 




 

54 


Əvvəllər evimizin qabaq qapısı birbaş həyətə açılırdı. Sonalar qarşısında  mətbəx 

üçün ikimərtəbəli otaq tikdik. Evimiz külək ağzında yerləşdiyindən ikinci mərtəbəsinə 

şüşəbənd  qoymadıq.  Tək  kubiklə  tikdirdik.  Dədəmin  söylədiyinə  görə,  evimiz  çox 

xərc  aparıbmış.  Bütün  xırda-para  hesabları  da  nəzərə  alsaq,  hər  bir  iri  daş  "urus 

onluğuna"  gəlib  oturub  divara.  Otaqlar  hamısı  təmirli,  qapılar  hazır,  içinin  mebel-

filanı  yerli  yerində.  Amma  yenə  də  proyekt  başa  çatmamışdı  və  dədəmə  görə,  bu 

haradasa  üç-dörd  il  də  davam  edəcəkdi.  Buraya  daxil  idi  nələr:  artırmanı  uzatmaq, 

hamamı,  tualeti  evə  köçürmək,  tövləni  evdən  uzaqlaşdırmaq,  çardağı  götürüb  yeni 

tikilmiş mətbəxlə bahəm vurdurmaq və s. 

Mətbəximiz  tam  təmir  olunmamışdı.  Sərəyalın  yaxasındakı  bulaqların  birindən 

boru ilə çəkdiyimiz su ikinci mərtəbəyə rahatca qalxırdı və bütün günü şırhaşır axırdı. 

Krantın böyüyü isə həyətdə, evin sağındakı ot tayasının yanında idi. 

Aynabəndimizdə daha çox didilmiş yun olardı. Ora gündöyən yer olduğundan bu 

cür  ev  işləri  üçün  əlverişli  idi.  Özümüz  dolayı  otaqda  yaşayırdıq.  İçəri  girən  kimi 

diqqəti  divardan  asılan  böyük  fotoşəkil  cəlb  edirdi.  O  anamın  atasının  şəkli  idi  və 

açığını  deyim  ki,  o  vaxt  ən  böyük  dərdimiz  bu  nurani  kişinin  vəfatıydı.  Şəkli  əmim 

poçtla  göndərib  Moskvada  böyütdürmüşdü.  Qaçhaqaç  vaxtı  anam  birinci  o  şəkli 

götürdü. Dədəm Arandan xeyli gec gəlmişdi və gəlib çıxanda kənddə, demək olar, heç 

kim qalmamışdı. Gətirdiyi maşın isə çox balaca idi. Odur ki, evin ən vacib əşyalarını 

yüklədik  maşına:  un,  düyü,  çörək,  xalçalar,  yorğan-döşəyin  üzü,  televizor,  pal-paltar, 

qab-qacaq, yatıb-duracaq və ən əsası çadır... 

Evimizə  gələn  qonaqlar  kallayı  otaqda  qalırdılar.  Kallayımız  xeyli  böyük  və 

yaraşıqlı idi. Beş böyük pəncərəsi vardı. Tavandakı çilçıraq yağlı boyayla rənglənmiş 

ağappaq  otaqda  minbir  rəngə  çalırdı.  Dədəm  bu  çilçırağı  ermənilərə  qıymadı. 

Ayağının altına stul qoyub dartdı  və tavanı dağıdıb yerindən çıxartdı. İşıqçün  uzanan 

nazik şunur yağlı boyanı xışıltıyla yarıb qapının tininə qədər uzandı. Anam ağladı... 

Evimiz  çox  əziyyətlə  tikilmişdi.  Əvvəla,  yeri  sərt  idi,  ikincisi,  qapısına  maşın 

gəlmirdi.  O  boyda  tikilinin  daşını,  qumunu,  sementini  dədəmlə  anam  çiyinlərində 

daşımışdılar.  Odur  ki,  evimizdən  əbədi  ayrılacaqlarını  xəyallarına  belə  gətirmək 

istəmirdilər. "Yəqin bir həftəyə, uzağı on günə, bir aya qayıdarıq"- deyirdilər.  

Sürücümüz  Füzulinin  Veysəllisindən  idi.  Qaçqınlığın  nə  olduğunu  bilirdi.  Odur 

ki,  maşına  doluşmazdan  əvvəl  anama  dedi  ki,  xala,  evinizə  son  dəfə  rahat  -rahat 

tamaşa elə, gözlərinə köçür... Bir daha görməyəcəksən . 

Anam  qapının  qıfılını  vurub  aşağı  düşdü,  bağçanın  qapısını  örtdü,  ayağı  bağlı 

toyuqları yeşiklərə doldurub maşına qoydu. Sonra çevrilib evimizə xeyli tamaşa elədi. 

Ən  axırda  əyilib  evin  "ayağından"  -divarla  torpağın  birləşən  yerindən  öpdü  və 

dinməz-söyləməz qayıdıb maşına əyləşdi.  

Biz uşaqlar "kuzada" idik və sevindiyimizdən atılıb düşürdük. Bu əzəmətli dağın 

kölgəsində  və  bu  maşın  görməyən  həyətin  darısqallığında  keçən  beş-on  il  ömür 

bezikdirmişdi  bizi.  Maraqlı  yerlər  görəcəkdik  yəqin.  Düzəngahlar...  Futbol...  Bircə 

ona  heyif  ki,  qapıdakı  "daşqa"nı  götürmədik.  Bizimçün  o  boyda  kənddə  bu  "daşqa" 

qədər  qiymətli  şey  yox  idi  və  baxan  olsaydı,  bəlkə  də  evimizdən  daha  artıq  o 

"daşqa"nın arxamızca pıçıldadığının şahidi olardı: "Məni atdınız..." 

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə