Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   ...   37

 

alırsan,  a  namussuz!  Dostunun  ailəsinə  göz  dikən  biqeyrət!  Ailəsinə  göz  dikib  cavan 



balasını bədbəxt eləyən qudurğan. Səni görüm qanını yalıyasan!” 

İsfəndiyar  kişinin  qızına  heç  nə  deyə  bilməmişdi  Kəndxuda.  Bütün  günahı 

Çoban Səlimin tütəyində görmüşdü. Axşam örüşdən qayıdan vaxtı Səlimi atdöşü edib 

kürəyinə  həmən  simli  qamçı  ilə  bir-ikisini  çəkmişdi.  “Oy  dədə”  –  demişdi  Səlim. 

Camaat  bilməmişdi  “dədə”  deyəndə  kimdən  imdad  umur  binəva.  Öz  doğma 

atasındanmı,  yoxsa  atrıq  atası  zənn  etdiyi  Kəndxudadanmı.  Sonra  tütəyini  almışdı 

Səlimin,  dizində  iki    bölüb  atmışdı.  Kimsə  yerə  çömbəlib  hönkür-hönkür  ağlayan 

Səlimin  qolundan  tutub  qaldırmaq  istəyəndə  “Dəymə”  –  demişdi  İsfəndiyar  kişi  – 

“Fürsətdi, qoy ürəyini boşaltsın”. 

Səlimin  tütəyini  susdurmaq  elə  də  asan  deyildi.  O,  Kəndxudaya  “dədə”  deyə 

bilərdi, ancaq tütəksiz qala bilməzdi.  

Səlimin  təzə  düzəltdiyi  tütəyin  səsi  daha  çox  təsir  edirdi  adamlara.  O,  kəndin 

bütün  dərdlərinin  tərcümanı  idi.  Səsi  gəldimi,  insanlar  nəfəsini  qısıb  qulaq  asırdılar. 

Kəndin heyvanları da öyrəşmişdi bu səsə. Adamlar qarışıq bütün canlılar qulaqları ilə 

deyil,  bədənləri  ilə  eşidirdilər  Səlimi.  Tütəyin  səsi  ətinə-qanına  hopurdu  bütün 

canlıların. Hopurdu və onlara ilahi bir sakitlik gətirirdi. 

Bu  gün  Kəndxuda  da  hiss  edirdi  bu  rahatlığı,  ləzzətlə  qulaq  asırdı  Səlimə. 

Arada qəhərləndi də! 

Tütək  susan  kimi  ayağa  qalxdı,  kənd  idarəsinin  qarşısına  toplaşan  adamlara 

tərəf qışqırdı: 

“Səlimi bura gətirin!” 

 

*** 



“O günü idarənin qarşısına toplaşan adamlara nə demisən?” – Səlimin bozarmış 

şalvarına,  əzik-üzük  pencəyinə,  dağınıq  və  kirli  saçlarına,  həyəcandan  böyümüş 

gözlərinə ötəri nəzər yetirib soruşdu. 

Səlim başını aşağı salıb dinmədi. 

“Sənnənəm, qorxma, danış”. 

Səlim yenə dinmədi. 

“Danış, danış. Pul  verəcəm sənə, danış. Nə görmüsən o  günü, dedin keçilər  nə 

edirdi?”. 

“…” 

“Sənnənəm!”  –  Kəndxuda  əlini  balaca  yuxarı  qaldırdı,  Səlim  gözlərini  qırpıb 



boynunu qısdı – “Bax döyərəm səni, danışmasan”. 

Səlim yenə dinmədi. 

Kənd ağsaqqalı İsfəndiyar kişi içəri girdi, üzünü Kəndxudaya tutub narazı səslə 

dilləndi: 

“Nə istiyirsən uşaqdan? Bilmirsən, qaradinməzdi”. 

Səlimə yaxınlaşdı, mehribanlıqla başını tumarlayıb soruşdu: 

“Oğlum, dünən bizə danışdıqlarını yenə söylə, utanma”. 

Səlim  təntiyərək  İsfəndiyar  kişinin  üzünə  baxdı.  Həyəcandan  az  qala  gözləri 

yerindən çıxacaqdı: 



 

“Keçilərin….  hamısı…  bala  salır,  qoçların….  buynuzu  əyilib  öz  gözlərini 



çıxarır” – dedi və tələsik otaqdan çıxdı. 

Kəndxuda dərindən köks ötürdü: 

“Kəndin başının üstündə qəza var, İsfəndiyar kişi!” 

“Bu hardan çıxdı?” – ağsaqqal istehza ilə soruşdu. 

“Qəza var, görəcəksən”. 

İsfəndiyar  kişi  dinmədi,  ağ  saqqalını  ovuşdura-ovuşdura  təqvimdən  döşəməyə 

dammış qana baxdı. 

 

*** 



İdarənin  həyətində  səs-küy  qopmuşdu.  Kəndxuda  İsfəndiyar  kişi  ilə  bahəm 

həyətə çıxdı: 

“Nə olub, ay camaat!” 

Meşədən gələn bir dəstə adam az qala xorla qışqırdılar: 

“Yaş çökəyin altından adam səsi gəlir”. 

“Bu nə deməkdi, adam danışanda, qışqıranda səsi gələr də”. 

“Yox ey, yerin altından… ” 

Kəndxuda tutuldu. 

“Yerin altından?” – İsfəndiyar kişi təəccüblə soruşdu. 

“Həə…  Yerin  altından.  İsfəndiyar  dayı,  üstümdə  andın  yoxdu,  inanmırsan 

gedək özün qulaq as”. 

“Bu  nə  səfehlikdi,  məni  dolamısız?”  –  İsfəndiyar  kişi  heyrətdən  donub  qalan 

insanlara,  sonra  rəngi  ağappaq  olmuş  Kəndxudaya  baxdı,  özü  də  tutuldu.  Çiynindəki 

çuxanı düzəldə-düzəldə camaatın qabağına düşdü. 

 

*** 


Doğrudan da  yerin altından qarışıq səslər  gəlirdi. Onların  hansı dildə danışdığı 

bəlli  deyildi,  amma  insan  olduqlarına  şübhə  yox  idi.  İsfəndiyar  kişi  həyəcandan 

titrəyən  kənd  sakinlərinə  əli  ilə  “sakit  olun”  işarəsi  verdi  və  qulağını  yerə  söykəyib 

dinşəməyə başladı. Bir azdan ayağa qalxdı, hədəqəsindən çıxan gözlərini Yaş çökəyin 

nəm  torpağına  zillədi,  sonra  dalı-dalı  çəkildi.  Camaat  da  onun  kimi  geri  çəkilməyə 

başladı. İsfəndiyar kişinin dili batmışdı deyəsən. Kəndxuda onun qoluna  girdi, kişiyə 

su verdilər, tütün eşdilər. Hannan-hana özünə gəlib camaata baxdı: 

“Gələn ölülərimizin səsidi, onlar nədənsə narahatdılar!”. 

 

*** 


Bir  saat  çəkməmiş  meşədəki  ağacların  qara  çiçək  açdığı,  bulaqların  qan 

rəngində axdığı, qayaların döşü ilə gedən yolların öz-özünə uçub dağıldığı, kənddə bir 

qadının ölü uşaq doğduğu barədə xəbərlər gəldi. 

Kəndxuda yerində dayana bilmir, idarənin qabağında sağa-sola var-gəl edirdi. 

Həmişə olduğu kimi yenə də çıxış yolunu İsfəndiyar kişi tapdı: 

“Gedək Gərəhməzin yanına!” 

 

*** 



 

Gərəhməz  il  on  iki  ay  evdən  çölə  çıxmırdı.  O,  ömrünün  8  ilini  türmədə 



keçirmişdi.  Ərini  öldürdüyünə  görə…    Meşədə  odun  qırdıqları  yerdə  öldürmüşdü 

ərini.  Arxadan  balta  ilə  başına  iki  zərbə  vurmuşdu.  Ərini  öldürdüyünü  boynuna 

almırdı  Gərəhməz.  Deyirdi,  bir  şaxı  sürüyüb  maşın  ayağına  gətirdim,  geri  qayıdanda 

ərimin  qan  içində  çabaladığını  gördüm.  Qardaşları  evimizdəki  vara-dövlətə  yiyə 

durmaq üçün öldürtdülər onu, işi də mənim üstümə atdılar. 

Gərəhməzin  guşənişin  olmasının  səbəbkarı  da  ərinin  qohumları  idi.  Türmədən 

çıxanda  yanına  gələn  adamları  qovmuşdu  qapısından,  “Rədd  olun,  sizin  sifətinizi 

görmək istəmirəm!” – demişdi. 

Gərəhməzin  mərhum  ərinin  çoxlu  qızılı-pulu  varmış.  Mehriban  dolansalar  da, 

övladları  olmurmuş.  Danışırdılar  ki,  Gərəhməzi  qohumları  öyrədib.  Deyiblər  uşağın 

olmur,  o  var-dövlətdən  sənə  bir  qəpik  də  qalmayacaq,  ərini  öldür,  qızılları  da  götür, 

gəl, səni ürəyin istəyən cavan bir oğlana ərə verək, övladın da olsun, şad-xürrəm yaşa. 

İşin  üstü  açılmayıb  əvvəlcə.  Deyilənə  görə  mərhumun  qardaşları  əvvəldən 

Gərəhməzdən şübhələnibmişlər. Ona görə gözdən qoymurmuşlar onu. 

Dəfndən  bir  həftə  sonra  Gərəhməz  anasıgilə  getmək  üçün  icazə  alır.  Uzun  qış 

gecəsi  anası  ilə  ordan-burdan  söhbət  eləyən  Gərəhməz  axır  ki,  baş  verənləri  olduğu 

kimi  danışır.  Hətta  qohumlarının  onu  aldatmasından  gileylənir,  ərini  öldürdüyünə 

peşman  olduğunu  söyləyir.  Deyir  ki,  yazığa  birinci  baltanı  vuranda  üzüqoylu  yıxıldı, 

amma  tez  özünə  gəldi,  dedi,  Gərəhməz,  day  vurma  məni,  öldürmə,  onun-bunun  sözü 

ilə  özünü  də,  məni  də  məhv  eləmə,  səni  aldadırlar…  “Amma  gözümü  qan  örtmüşdü, 

eşitmədim  onun  dediklərini,  ikinci  baltanı  da  yerdə  ikən  vurdum,  canını  tapşırdı”  – 

guya Gərəhməz etiraf etmişdi. 

Bütün  bu  söhbətlərə  mərhumun  qardaşı  damın  bacasından  gizlicə  qulaq 

asırmış… 

Gərəhməzlə  bağlı  başqa  əhvalat  da  danışırdılar  kənddə.  Guya  türmədə  ikən 

yuxuda ona vergi verilib. Əvvəlcə qəbul etməyə gücü çatmırmış, ona görə ağlını itirib. 

Sonradan  qəbul  edib.  Hətta  bir  dəfə  cinlərin  köməyi  ilə  türmənin  hündür  divarından 

aşıb qaçmaq istəyirmiş… Güc-bəla ilə saxlayıblar. 

Gərəhməz  evdən  bayıra  çıxmadıqca  onun  barəsində  yaranan  əfsanələrin  sayı 

artırdı. Danışırdılar ki, gecələr cinlərlə söhbət edir, ölən qohumları  evinə qonaq gəlir. 

Guya  Gərəhməz  nəinki  cinlərin  və  ölülərin,  heyvanların,  quşların,  hətta  ağacların 

dilini bilir, onlarla söbət edirdi. Guya gecələr Gərəhməzin həyətindəki qarağacda ocaq 

yanır, o ocağın tüstüsündən iyləyən adam heç vaxt ölmür. 

Daha  bir  əhvalat  Gərəhməzin  uşaqlığı  ilə  bağlı  idi.  Guya  uşaq  ikən  cinlər 

dəyişmişdilər  onu.  Anası  gəlib  beşiyin  içində  gözəl-göyçək  körpəsinin  yerində 

eybəcər bir məxluq görəndə özündən gedibmiş. 

Onu  da  deyirdilər  ki,  Gərəhməz  gecələr  kəndin  bütün  yerlərini  gəzir,  meşəyə 

gedir,  yaylaqlara  qalxır.  Gecələr  kəndin  arasında,  örüşdə  bir  xəyalatın  dolandığını 

bilirdi hər kəs. Bu xəyalatın Gərəhməz olduğunu düşünüb sakitləşirdilər… 

 

*** 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə