bunların əməli və tarixi əhəmiyyətini nəzərə alıb Dünya azərbaycanlılarının
birinci qurultayının keçirilməsi vacibdir.
* * *
Azərbaycan Respublikası Elmlər Akademiyası Milli Münasibətlər
İnstitutu fəaliyyətə başladığı ilk günlərdən xarici ölkələrdə yaşayan
soydaşlarımız ilə əlaqə yaratmağa cəhd göstərmiş xarici ölkələrdə
yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətlərinin işi ilə
maraqlanmışdır.
Bu bir tərəfdən həmin mərkəz və cəmiyyətlərə müəyyən kömək əli
uzatmaq məqsədi ilə bağlıdırsa, digər tərəfdən istəyirik ki, yaxın gələcəkdə
respublikamızdan kənarda fəaliyyət göstərən milli mədəniyyət ocaqlarımız,
onların fəalları vətənpərvər oğullarımız haqqında ayrıca kitab hazırlayıb
nəşr etdirmək olmuşdur. Bu məqsədlə dünyanın bir çox ölkələrinə, o
cümlədən, keçmiş Sovetlər ittifaqının ayrı-ayrı respublika və şəhərlərinə
göndərdiyimiz məktublara cavablar almışıq. Belə məktubların içərisində
sevindirici xəbərlərlə yanaşı, təəssüf doğuran, ürək ağrıdıcı sətirlərə də tez-
tez rast gəlirik. Və məlum olur ki, Vətənimizin böyük bir ərazisi düşmən
təcavüzünə məruz qaldığı bir dövrdə doğma Azərbaycanımızdan min
kilometrlərlə uzaqlarda hər bir imkandan istifadə edərək, respublikamızın,
xalqımızın başını uca edən oğullarımızla yanaşı, yalnız öz cibini və
mənafeyini güdüb hər cür əmələ qoşularaq, millətimizə, torpağımıza ləkə
gətirən üzdəniraq “oğullarımız” da az deyil. Sonuncuların əməlləri barədə
eşidərkən xəcalət təri tökürsən.
İstər-istəməz fikirləşirsən ki, məhz belələridir Moskvada, Sankt-
Peterburqda, Riqada, Tallində, Samarada, Tümendə, Xabarovskda və neçə-
neçə başqa şəhərlərdə antiazərbaycanlı (alverçi-azərbaycanlı, ruşvətxor-
Azərbaycanlı, cinayətkar azərbaycanlı) obrazı yaratmaq üçün canfəşanlıq
edən düşmənlərimizin əlinə əsas verənlər. Onsuz da xalqımızın
demokratiya və müstəqillik yollarında qazandığı uğurların, suveren
Azərbaycanımızın dünya miqyasında atdığı addımlarının paxıllığını
çəkənlər az deyildir. Hətta iş o yerə çatıb ki, bu gün istər yaxın, istərsə də
uzaq xarici ölkələrdə Qafqazdan olan hər hansı bir millətin nümayəndəsi
cinayət törədirsə, yöndəmsiz iş tütursa, kobudluq edirsə, onu mütləq
azərbaycanlı kimi qələmə vermək üçün, azərbaycanlının ayağına yazmaq
üçün dəridən-qabıqdan çıxırlar. Belə olduğu halda biz azərbaycanlılar
harada olursa-olsun istər Şimali Qafqazda, istər Rusiyada, istər Baltikyanı
ölkələrdə, istər Orta Asiyada, istər Avropanın və Amerikanın bu və ya
başqa ölkələrində daha həssas, daha ehtiyatlı, daha tədbirli davranmalı, öz
hərəkətlərimizə diqqət yetirməliyik.
* * *
Oxuculara təqdim olunan bu kitab xarici ölkələrdə fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinin, mədəniyyət mərkəzlərinin və
assosiasiyalarının fəaliyyətini əks etdirən ilk təşəbbüsdür.
Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin hələ istənilən səviyyədə
öyrənilməməsi, indiyə kimi bu sahədə aparılan araşdırmaların zəifliyi
kitabın tam əhatəli olmasına imkan verməmişdir. Xatırladaq ki, hazırki
kitabın rus və ingilis dillərində də nəşri nəzərdə tutulmuşdur. Bu kitabın
həmin dillərdə çap olunmasına qədər hörmətli oxucularımızın təklif və
qeydlərini nəzərə alacaq, kitabın mövzu dairəsini daha da genişləndirməyə
çalışacağıq. Müəlliflər gələcəkdə bu istiqamətdə öz tədqiqatlarını davam
etdirəcək, soydaşlarımızın xaricdəki cəmiyyətləri, mədəniyyət mərkəzləri
və digər təşkilatları haqqında məlumatları zənginləşdirməyə, onun daha
əhatəli olmasına cəhd göstərəcəklər. Və, nəhayət, bu kitab üzərində
işlərkən bizə öz köməyini əsirgəməyən “Vətən” və “Yurddaş!”
cəmiyyətlərinin, habelə Milli Münasibətlər İnstitutunun bəzi əməkdaşlarına
öz minnətdarlığımızı bildiririk.
Bizdə belə bir inam var ki, xarici soydaşlarımızın ədəbi, mədəni və
ictimai fəalliyyətinə həsr olunmuş bu kitab həm geniş oxucu kütləsi, həm
də ədəbi və elmi ictimaiyyətimiz tərəfindən Azərbaycan Elmlər
Akademiyası Milli Münasibətlər İnstitutunun kiçik tövhəsi kimi qəbul
ediləcəkdir.
AVSTRALİYA
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Sidney)
Avstraliyanın Sidney şəhərində yaradılmış “Azərbaycan Mədəniyyət
mərkəzi”nin məqsədi respublikamızda baş verən ictimai siyasi,
demokratik prosesləri açıqlamaq, geniş ictimaiyyəti onların mahiyyəti ilə
tanış etməkdir. Mərkəz Azərbaycanla əlaqələri möhkəmlətməklə,
respublikanın mürəkkəb ictimai siyasi vəziyyətini, xüsusən erməni
təcavüzü nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstraliyada
yaşayan həmvətənlərimizə çatdırmaqda xeyli iş görür. Mərkəzin sədri
Cəmşid Qızılbaş ötən ilin payızında həyat yoldaşı Əfsanə xanımla Bakıda
qonaq olduğu dövrdə Avstraliya televiziyasının sifarişi ilə bir saatlıq
“Azərbaycan bu gün” filmi üçün material toplamış, Azərbaycanla milli
demokratik hərəkatın gedişi ilə, demokratik qüvvələrin hakimiyyətə gəldiyi
dövrdən həyata keçirilən dəyişikliklərlə dövlət quruculuğu məsələləri ilə
yaxından tanış olmuşdur. Mərkəz Azərbaycandan Avstraliyaya musiqiçilər
dəstəsinin, alimlərin, yazıçıların və dövlət xadimlərinin dəvət olunması
sahəsində də
səmərəli fəaliyyət göstərir. Avstraliya ilə iqtisadi əlaqalərin
yaradılmasında, Sidneydə Azərbaycan mədəniyyəti sərgilərinin təşkili
işində yaxından köməklik göstərir.
C.Qızılbaş doğma vətəni Azərbaycanla müntəzəm olaraq maraqlanır,
onun hazırkı dövrdə ictimai-siyasi həyatı barədə geniş təbliğat aparır.
Xüsusən, bir telejurnalist kimi. Son altı ay ərzində C.Qızılbaş ağır
cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq. Azərbaycan haqqında
düzgün və obyektiv məlumatlar yaymaq məqsədilə İsveçdə, Hollandiyada,
Almaniyada, Fransada, İngiltərədə, Kanadada və ABŞ-da səfərlərdə olub.
Bu ölkələrdəki həmkarları, dostları vasitəsilə xeyli iş görüb. İstər sənədli
lentlərin, istərsə də əyani vəsaitlərin - kitab, jurnal, qəzet və s. köməyi ilə
C.Qızılbaş Azərbaycanın bugünkü həyatı, Qarabağ həqiqətləri haqqında
qiymətli telereportac və məqalələri ilə tez-tez dünyanın müxtəlif
telekanallarına, mətbuat səhifələrinə çıxır. Sidney şəhərindəki Siyasi
Elmlər Universitetinin məzunu olan C.Qızılbaşın peşəkar siyasətci kimi
dünya miqyasında Azərbaycanın təbliği ilə bağlı geniş yaradıcılıq planları
vardır.
Dostları ilə paylaş: |