AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI
MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU
VAQİF ARZUMANLI
ADİL HÜSEYNOV
AZƏRBAYCAN
ÜNVANLI...
(XARİCİ ÖLKƏLƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN
AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ VƏ
CƏMİYYƏTLƏRİ)
BAKI – 1994
Redaktor: Filologiya elmləri doktoru, professor
TEYMUR ƏHMƏDOV
Arzumanlı Vaqif
Hüseynov Adil
Azərbaycan ünvanlı... B.: Qorqud, 1994, 110 s.
Bu kitabda dünyanın qabaqcıl ölkələrində yaşayan azərbaycanlıların
təşkil etdikləri cəmiyyət, dərnək və mədəniyyət mərkəzləri haqqında
oxuculara ilkin məlumat verilir. Azərbaycan ünvanlı Azərbaycan
diasporunun əməli fəaliyyətinin, vətən qayğısının və gələcəkdə görəcəkləri
xeyirxah işlərin təbliği kitabın başlıca qayəsidir.
ÖN SÖZ
Tariximiz və taleyimiz elə gətirmişdir ki, Azərbaycanın bir çox oğul
və qızları müxtəlif səbəblər üzündən öz doğma torpaqlarından uzaqlaşmış,
ucsuz-bucaqsız dünyamızın müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva
salmışlar. Soydaşlarımız doğma torpaqlarından nə qədər uzaq olsalar da,
onlar Vətən məhəbbətini, vətən təəssübkeşliyini nəsildən-nəslə ən qiymətli
miras olaraq saxlamışlar. İllər ötdügcə, bir nəsil o birini əvəz etdikcə vətən
hissiyatı öz ilkin qüvvəsini itirmək qorxusuna məruz qalmışdır. Ölkələr və
xalqlar arasında çəkilmiş keçilməz səslər, görünməz pərdələr uzun müddət
vətən övladlarının yadlaşma qorxusunu artırmışdı.
Son illər şahid olduğumuz ictimai-siyasi hadisələr demokratik
dəyişiklər həyatımızın gündəlik ahənginə öz yenilik təravətini
gətirməkdədir. Şimali Azərbaycanda gedən demokratik hərəkatın və milli
dirçəlişin realları artıq dünya ictimaiyyətinin marağına səbəb olmuşdur.
Bu tarixi reallıqlar keçmiş imperiya imtiyazlarının bərpasına çalışan
qüvvələrin fitnəkarlığı və erməni millətçilərin Azərbaycana qarşı
açıqcasına hərbi təcavüzünün çulğaşdığı bir zamanda baş verməkdədir.
Şimali Azərbaycanda baş verən demokratik proseslər, kövrək müstəqillik
addımlarımız vətəndən uzaq yaşayan soydaşlarımızın milli qürur hisslərini
artırmışdır. İndi onlar Azərbaycanı keçmiş sovet imperiyasının özəlləşmiş
bir parçası kimi yox dünya siyasətində hələlik öz ilıq nəfəsi seçilən bir
dövlət kimi görürlər.
Xaricdə yaşayan həmvətənlərimizlə həmrəyliyin əsas təminatı
Azərbaycan Respublikasının müstəqil xarici siyasətindən çox asılıdır.
Məlumdur ki, Azərbaycan bütün ölkələrlə dinc yanaşı yaşamaq mübahisəli
məsələlərdə zorakılığa yol verməmək, bir-birinin daxili işlərinə
qarışmamaq, hərtərəfli əməkdaşlıq və qarşılıqlı yardım əsasında
münasibətlər qurmaq prinsiplərinə əməl etməsi çox mühüm şərtdir. Son
vaxtlar Azərbaycan Respublikasının bir çox dövlətlərlə iqtisadi və siyasi
əməkdaşlığı, birbaşa diplomatik əlaqələr yaratması və beynəlxalq
təşkilatlarda təmsil olunması xaricdəki soydaşlarımızla əlaqələrin
genişlənməsinə xeyli kömək etmişdir.
Müasir dünyamızın mürəkkəb və ziddiyyətli bir dövründə müstəqillik
yolunda ilk addımlar atan Azərbaycan Respublikası onun hüdudlarından
kənarda yaşayan soydaşlarımızın qayğı və problemləri ilə yaxından
maraqlanmağı, onların hüquq və azadlıqlarını qorumaq
üçün əməli
fəaliyyət göstərməyi özünə borc sayır. Eyni zamanda, indi ki mərhələdə
Azərbaycanın erməni təcavüzünə qarşı mübarizəsində onların yardımına,
maddi və mənəvi köməyinə ciddi ehtiyac vardır. Bütün bunlar doğma
Azərbaycanımızın müharibə od-alovundan qurtarmasına, onun
müstəqilliyinin möhkəmlənməsinə yönəlməsi ilə yanaşı soydaşlarımızın öz
milli varlıqlarından, tarixlərindən və mədəniyyətlərindən uzaq
düşməməsinə də xidmət edir. Taleyin hökmü ilə doğma vətənlərindən uzaq
düşmüş soydaşlarımıza müstəqil Azərbaycan Respublikasının tam hüquqlu
vətəndaşları kimi yanaşılması günün reallıqıdır. İndi elə bir dövrdür ki,
onların da Azərbaycana yaxından qayğı göstərmələrinə, doğma
vətənlərinin dərd-sərinə yanmalarına böyük və mənəvi tələbat vardır.
Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli
dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcədə
mühüm olan bir sahədir. Son illər xaricdəki Azərbaycan cəmiyyətlərinin,
milli-mədəni mərkəzlərin, assosiasiyaların sayı xeyli artmış, onların
fəaliyyət dairəsi genişlənmişdir. Şübhə yoxdur ki, xarici ölkələrdəki
azərbaycanlı icmaların hamısı heç də arzu olunan səviyyədə fəaliyyət
göstərmək imkanına malik deyildir. Onların bir qismi qədim etnik
torpaqlarda, bir çoxu isə keçmiş sovet respublikalarının ərazisində
məskunlaşmışlar. Dünyanın bütün qitələrinə səpilmiş azərbaycanlı icmaları
ictimai, siyasi və iqtisadi zəmində fəaliyyət göstərirlər. Azərbaycan
icmaları ilə, onların yaratdıqları cəmiyyətlərlə, milli-mədəni mərkəzlərlə
hərtərəfli sıx əlaqələrin yaradılması çox vacibdir və bu zaman milli-mənəvi
dəyərlərin qorunub saxlanılması, təbii, coğrafi, tarixi, milli-psixoloji,
iqtisadi və digər amillər mütləq nəzərə alınmalıdır.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan
cəmiyyətləri və mədəniyyət mərkəzləri ana dilimizin, mədəni irsimizin,
adət-ənənələrimizin qorunub saxlanılması, təbliğ olunması sahəsində
olduqca xeyirxah, əvəzsiz fəaliyyət göstərirlər. Bu günkü Azərbaycan
Respublikası azərbaycanın ictimai-siyasi həyatı, burada baş verən
demokratik proseslər barədə nəinki soydaşlarımız, eyni zamanda, bu və ya
başqa ölkənin geniş ictimaiyyəti arasında obyektiv məlumat yaymaqda
həmin cəmiyyətlərin və mədəniyyət mərkəzlərinin səmərəli işi
təqdirəlayiqdir. Onlar son illərdə torpaqlarımıza təcavüz etmiş erməni
millətçilərinin işğalcılıq əməllərinin, haqsız ərazi iddialarının, sərsəm