Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə4/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   2   3   4   5   6   7   8   9   ...   184

 

11

O, pillələri yuxarı qalxıb divardan asılmış cədvələ yaxınlaşdı. Təzədən lotereya 



biletlərini bir-bir yoxlamağa başladı. 13910 dərəcəli 191 nömrəli bileti bir manata 

düşdü;  əgər nömrəsi iki rəqəm də artıq olsaydı, «LUÇ» qızıl qol saatı udacaqdı. 

«LUÇ» qızıl qol saatı yüz altmış manata idi. Əlbəttə, yüz altmış manat bir manatdan 

daha artıq yerinə düşərdi – olacağa çarə yoxdur – gedib kassadan bir manatını aldı. 

Bu manatın bir tərəfi balaca cırılmışdı, papiros kağızı ilə yapışdırmışdılar. Manatı 

portmanatının içinə qoyub əmanət kassasından çıxdı. 

Indi də o başa iyirmi üç addım, bu başa otuz bir addım. 

Siqaretdən bir-iki qullab vurub gözucu pianinoya baxdı və qalxıb pillələri aşağı 

düşdü. Qapıdan ötəndə gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzinə, 

yana-yana, az qala, ağlamsına-ağlamsına dedi ki, buna bir bax, bunun da gücü mənə 

çatır. 

Bir yağış yağırdı ki, gəl görəsən. 



Cavan bəstəkar S.Qayıblı pencəyinin boynunu qaldırıb divarların dibi ilə becid-

becid evinə tərəf üz tutdu; necə hava olursa-olsun, ömründə trolleybusa minməzdi, 

necə ki, tramvaydan da, avtobusdan da zəhləsi gedirdi; guya ki, bu, eyniliklərə qarşı 

bir üsyan idi – eyni marşrutlar, eyni dayanacaqlar, hərçənd bu üsyan da indi öz 

növbəsində bir eynilik olmuşdu. 

Qəfil yağış küçələrə  tənhalıq, sükunət gətirmişdi, küçələri bozartmışdı, boş 

küçələrin addım həsrətini də öldürmüşdü. Bu tənhalıqda bir az da xof qatışığı var 

idi, adamın canına üşütmə salırdı, adamın əti ürpəşirdi, elə bil qurbağa atıblar içinə. 

S.Qayıblının otağı səkkizinci mərtəbədə idi, özü də küncdə. Belə yağışlı, küləkli 

axşamlarda, xüsusən, gecələrdə otağın içi küçədən daha artıq uğuldayırdı. 

S.Qayıblının üstündə, yəni doqquzuncu mərtəbədə cavan bir şair olurdu, daha 

doğrusu, gənc  şair Fərhad Xoşbəxt. Onun da otağı S.Qayıblınınkının eyni idi, 

hərçənd külfət sahibi idi. 

Hə, bu Fərhad Xoşbəxt öz otağına kayut deyirdi, S.Qayıblı da indi yorta-yorta 

öz kayutuna gedirdi. 

Otaq həmişəki kimi idi, eyni miz, eyni şifoner, eyni kitab dolabı, eyni divan

«Riqonda» markalı eyni radioqəbuledici, Ü.Hacıbəyovun divardan asılmış eyni 

fotosu, eyni pəncərə, eyvana açılan eyni qapı, bu otağın eyni spesifik tənhalığı. 

Bu cür yağışlı, küləkli axşamda belə bir eynilik cavan bəstəkar S.Qayıblı üçün 

ən ağır bir ərəfə idi: təpədən dırnağacan boşluq ərəfəsi. 

Radio uşaqlar üçün nağıl deyirdi, axırda da uşaqlara  şirin yuxu dilədi. Sonra 

konsert başladı, kim isə – təzə bir müğənni «Şur»un «Zəminxarə»  şöbəsini 

oxuyurdu. S.Qayıblı radionu söndürdü. 

Külək, yağışı şarappıltı ilə pəncərəyə vururdu, su çərçivənin arasından süzülüb 

damcı-damcı parketin üstünə tökülürdü. Fərhad Xoşbəxt öz pəncərə  çərçivələrinin 

arasını pambıqla tıxamışdı və S.Qayıblıya da belə bir məsləhət vermişdi. 

Külək bayırda elə qıy vurdu ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən 

yerə düşsün. Qoğalları Novruz bayramı üçün anası  kənddən göndərmişdi, indi 

quruyub qaxaca dönmüşdülər. Elə yerə düşsəydilər pis olmazdı, çilik-çilik olardı bu 

boşqab, içindəkiləri də tullayardı, nə vaxta qədər elə-beləcə mizin üstündə qalacaq? 

Başının üstündə  Fərhad Xoşbəxtin ayaq səsləri eşidildi, zalım ayağını yerə 

basanda divarlar titrəyir. Bu addımlar da bu gecənin yeknəsəq ritmi idi.  

Həmişəki kimi bir qəhvə də dəmləyib qəndsiz içmək lazımdı ki, bu gecənin bu 

yeknəsəqliyi lap bütöv olsun, tam kvadratda; eyni fikirlər də öz-özünə  gələcək, 

istəsə də, istəməsə də. 



 

12

Mətbəxə keçib qazı yandırdı, səhər su gələndə doldurduğu çaydanı qazın üstünə 



qoydu. 

Bu mətbəxdən haçan mətbəx iyi gələcək, bu soyuq iysizlik, divarlara, tavana, 

döşəməyə hopmuş bu buz kimsəsizlik nə vaxt çəkiləcək? Qulağının dalını görəndə? 

Doğrudan da, heç vaxt isinməyəcək bu mətbəx, bu otaq, bu mənzil? Niyə 

isinmir? Yaz keçər, yay keçər, payız keçər, qış  gələr, ocaqçı  Məmmədağa həftə 

səkkiz, mən doqquz, adambaşı bir manat yığa-yığa buxarlığı qızdırar, bu mənzil də 

isinər onda. S.Qayıblı fikirləşdi ki, bu hazırcavablığın heç yeri deyil və  qəhvəyi 

rəngli linoleum çəkdiyi döşəməyə baxdı. Ayaqqabılarından bir az kənarda, zibil 

yeşiyinin yanında cırılmış bir lotereya bileti var idi.  

Cavan bəstəkar S.Qayıblı  əyilib cırıq lotereya biletini döşəmənin üstündən 

götürdü, sonra ayağı ilə zibil yeşiyinin qapağını qaldırdı; qalan lotereya biletlərinin 

hamısı ortadan bölünmüşdü və hamısı da vedrənin içində idi. Sonra gedib 

arakəsmədəki asılqandan asılmış pencəyinin döş cibindən portmanatını  çıxartdı: 

kənarı papiros kağızı ilə yapışdırılmış birmanatlıq portmanatın içində idi. 

Onun qəndsiz qəhvə içmək həvəsi də öldü və o, ilk dəfə həmin qəribə gecənin 

həmişəki yeknəsəqliyini pozdu – çaydanın altını keçirtdi. 

Yenə  də  Fərhad Xoşbəxtin addımları divarları titrətdi, o da otaqdan mətbəxə 

keçmişdi, sonra da nə isə döyəcləməyə başladı, Allah bilir, nə qayırırdı. Fərhad 

Xoşbəxtin əla planları var idi: gah blokun pilləkənlər qurtaran hissəsini kəsib evinə 

qatmaq istəyirdi, gah eyvanını uşaq otağı eləmək istəyirdi, gah tavandan qapı açıb 

otağından binanın taxtapuşuna nərdivan düzəltmək istəyirdi ki, taxtapuşda özünə bir 

otaq qayırsın. Amma bütün bunlar hamısı da, plan olaraq qalırdı və cavan bəstəkar 

S.Qayıblı çox gözəl bilirdi ki, plan olaraq da qalacaq, yoxsa ki, bu gecə bu cür 

yeknəsəq olmazdı. 

S.Qayıblı belə düşünürdü. 

O, eyvana çıxdı. Bütün binada onun eyvanı yeganə azad eyvan idi: nə boş 

şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə 

ayağından iplə dəmir barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək 

üçün zivə, nə də başqa bir şey. Amma bu azadlıqda bir tənhalıq var idi və bu azadlıq 

eyni idi; əslində  həmin tənhalığı da yaradan bu eynilik idi; eyni əşyasızıq, eyni 

genişlik. 

S.Qayıblı siqaret yandırıb eyvanın sürahisinə dirsəkləndi. Yağış yaman yağırdı, 

başının üstündə  Fərhad Xoşbəxtin eyvanı olmasaydı, onu su aparardı. Amma bu 

yağış da həmişəki yağış idi, bu mənzərə  də  həmişəki mənzərə idi: qarşıdakı axar-

baxarın üçdə iki hissəsini tutmuş böyük qara bina, yuxarıda təzə tikilmiş  və bir-

birinin eyni olan binaların boz siluetləri, axar-baxarın qalan bir hissəsini təşkil edən 

xırda evlər və içi çəkmə təmiri emalatxanası olan köhnə məscid; həmişəki qaranlıq 

və tək-tək adamların həmişəki kimi yağışdan qaçışması. 

Qarşıdakı böyük qara binanın üçüncü mərtəbəsində yaşayan qız yenə  də 

həmişəki kimi pəncərələrinin pərdəsini aralayıb S.Qayıblının eyvanına baxdı. Bu da 

Fərhad Xoşbəxtin addım səsləri kimi bu gecəki yeknəsəqliyin özünü ifadə 

tərzlərindən biri idi. Sonra qız pərdəni örtdü, həmişəki kimi, guya ki, utandı. 

Düz iki ildir beləcə utanır, amma bir şey çıxmır. On dəqiqədən sonra yenə 

pərdəni aralayıb S.Qayıblının eyvanına baxacaq. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə