Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə5/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   2   3   4   5   6   7   8   9   ...   184

 

13

S.Qayıblı siqareti tullayıb otağa keçdi, divanda uzanıb səhər aldığı «Bakinski 



raboçi» qəzetinin dördüncü səhifəsinə baxdı: lotereya cədvəlindən aşağıda hava 

haqqında məlumat var idi, yazılmışdı ki, axşam mülayim şimal küləyi  əsəcək, 

havanın hərarəti müsbət on beş-on altı dərəcə olacaq. Artıq bu təzad da adama təsir 

etmirdi, çünki bu təzadlar da eyniyyət şəklini almışdı. 

Qəzeti kənara atıb gözlərini tavana zillədi, sonra ayağa qalxdı:  şəhərə  çıxıb 

yağışın altında islanmaq lazım idi əməlli-başlı, bu otaqdan qaçmaq lazım idi 

müvəqqəti. 

Həmin gecəni cavan bəstəkar S.Qayıblının bütün ömründə  ən  əlamətdar gecə 

edən o qeyri-adi, qəribə hadisə də bu zaman baş verdi. 

S.Qayıblının neçə il bundan qabaq sarı  məxmərdən tikdirdiyi məşhur bir 

pencəyi var idi. Məşhur idi ona görə ki, yay-qış həmişə əynində olardı və qəribədir 

ki, S. Qayıblının özünün də bu pencəkdən zəhləsi gedirdi, fəqət bu qızılı çalarlı sarı 

pencək əynindən əskik olmazdı; ona görə yox ki, başqa pencəyi yox idi – yox, var 

idi, elə bu yaxınlarda yaxşı bir krep-baston kostyum tikdirmişdi və bu gün günorta 

da həmin kostyumu geymişdi, çünki nəşriyyata gedəcəkdi: kitabçasının redaktoru 

çox zəhmli bir qadın idi və srağagün onun bu sarı məxmər pencəyinə elə bir sarsıdıcı 

nəzər salmışdı ki, S.Qayıblı öz-özünə söz vermişdi – bir daha sarı pencəkdə bu 

qadının gözünə görünməsin; ona görə bu sarı pencək əynindən əskik olmazdı ki, bu 

pencək onun yaşayışının ayrılmaz tərkib hissəsi olmuşdu, bu pencək  ən bütöv 

yeknəsəqlik rəmzi idi. 

S.Qayıblı  şifoneri açıb sarı pencəyi götürdü və  cəld  əyninə geydi ki, otaqdan 

qaçsın. O, otağın işığını keçirib arakəsməyə  çıxdı  və heyrətlə arakəsmədəki 

güzgünün qarşısında dayandı: qızılı çalarlı  məşhur sarı  məxmər pencək  əynində 

deyildi, əynindəki... başqa pencək idi. S.Qayıblı gözlərini güzgüdən ayırıb əynindəki 

pencəyə baxdı,  əlləri ilə pencəyin yaxasını yuxarı qaldırıb lap diqqətlə baxdı: 

ömründə onun bu rəngdə belə bir parçadan pencəyi olmamışdı, əynindəki pencəyin 

rəngi yaşıl idi. O, otağa girib işığı yandırdı  və  şifoneri açdı: bayaq sarı pencəyini 

götürdüyü asqı boş idi və hələ də tərpənirdi. S.Qayıblı əynindəki bu qəribə pencəyi 

çıxartdı və... o, yenə də qızılı çalarlı məşhur sarı məxmər pencəyi əlində tutmuşdu. 

Cavan bəstəkar S.Qayıblını soyuq tər basdı, bir neçə an sarı pencəyə baxdı və 

arakəsmədəki güzgünün qarşısına keçib ehtiyatla, yavaş-yavaş sarı pencəyi  əyninə 

geydi.  Əyninə geydikcə  də sarı pencək gözgörəsi rəngini dəyişdi: indi tünd göy 

rəngli idi, nazik ağ milləri var idi. 

S.Qayıblı yenə  də gözlərini aynadan çəkib  əynindəki pencəyə baxdı, guya ki, 

arakəsmədəki güzgü onu aldadırdı, sonra keçib otağın işığında baxdı, sonra mətbəxə 

keçib mətbəxin işığında baxdı, sonra vanna otağına girib vanna otağının işığında 

baxdı: tünd göy rəngli miləmil pencək idi. Cavan bəstəkar S.Qayıblının ömründə 

belə pencəyi olmamışdı. Yenə arakəsmədəki güzgünün qarşısına gəldi, gözlərini 

güzgüdən çəkməyərək  əynindəki pencəyi çıxartdı  və pencək onun gözlərinin 

qabağında rəngini dəyişdi, sarı məxmər pencəyə çevrildi. 

S.Qayıblı otağa keçdi, əlindəki sarı  məxmər pencəyi  şifonerə qoydu, bir neçə 

dəqiqə dinməz-söyləməz sakitcə divanda oturdu. Başı gicəllənirdi, gözləri də 

qaralırdı elə bil. 

Sonra mətbəxə getdi, səhər su gələndə doldurduğu  şüşəni götürüb əlüzyuyana 

əyildi və suyu başına, boynuna tökdü, üzünü yudu. Əl-üzünü, başını qurulamayıb 

məhrəbanı boynuna saldı, otağa keçib bir siqaret yandırdı və divanda oturub siqareti 

axıra qədər çəkdi.  



 

14

Hər şeyi başından çıxartmaq istəyirdi, hər şeyi; dünyada heç nə yox idi, bir o idi, 



bir də əlindəki siqaret, vəssalam. 

Sonra qalxıb əl-üzünü, başını quruladı, məhrəbanı bir tərəfə atıb, şifoneri açdı və 

sarı məxmər pencəyi götürüb bir göz qırpımında əyninə geydi və bir göz qırpımında 

da sarı pencək dəyişdi: qəribə bir parçadan çox yaraşıqlı bir pencək idi, elə bil 

əyninə biçilib-tikilmişdi, boz rəngdə, özündən də küknarvarı milləri var idi, həm də 

çıraq kimi yanırdı pencək. 

S.Qayıblı arakəsmədəki güzgünün qabağına gəldi.  Əynindəki pencək o qədər 

yaraşıqlı idi ki, cavan bəstəkar S.Qayıblı bu yaraşıqdan vahiməyə gəldi.  

O, qapının zənginə diksindi, elə bil yuxudan ayıldı, fəqət yuxu deyildi bu, 

həqiqət idi. Əynindəki pencəyi çıxardıb qapını açmaq istədi, amma əynindəki 

yaraşıqlı pencəyi çıxara bilmirdi, pencək elə bil yapışqan idi, bədənindən ayrılmırdı, 

düymələri də.  Əslinin donunun çalğaşıqlı düymələri kimi, bir düymə qalıncaya 

qədər açılır, sonra öz-özünə düymələnirdi. Zəng bir də çalındı və S.Qayıblı qapını 

açdı. 


Fərhad Xoşbəxt idi, salamlaşıb soruşdu ki, bir-iki mismar lazımdır, yoxundur? 

Sonra da S.Qayıblının əynindəki pencəyə baxıb dedi ki, mübarəkdir təzə pencəyin, 

əcəb pencəkdir, amma bilmirəm bunları neyləyirsən, onsuz da sarı pencəyi əynindən 

çıxartmırsan, sonra da soruşdu ki, sənə  nə olub belə, gözümə birtəhər dəyirsən? 

S.Qayıblı dodaqaltı nə isə dedi, heç özü də bilmədi nə dedi, sonra mətbəxdən bir-iki 

paslı mismar tapıb Fərhad Xoşbəxtə verdi və Fərhad Xoşbəxt yuxarı – öz kayutuna 

qalxdı. 

S.Qayıblı Fərhad Xoşbəxtin ardınca qapını bağladı və yenə də pencəyi əynindən 

çıxartmağa çalışdı, amma pencək əynindən çıxmırdı. S.Qayıblı nə qədər çalışdısa da 

özündən küknarvarı milləri olan bu yaraşıqlı boz pencəyi əynindən çıxara bilmədi; 

bu pencək içi vakuum bir model kimi onun bədənindən ayrılmırdı. S.Qayıblı heç 

işıqları da keçirtməyə macal tapmadı, səkkizinci mərtəbədəki kayutundan baş 

götürüb qaçdı. Qapının ingilis kilidi «çık» eləyib bağlananda o, artıq küçədə idi – elə 

sürətlə düşmüşdü pillələri. 

Yağış dayanmışdısa da küçədə bir çovğun var idi. Külək boş küçələr boyu 

uğuldayırdı. Bakı küçələri heç vaxt həmin gecə kimi boş və kimsəsiz olmamışdı. 

Cavan bəstəkar S.Qayıblı gedirdi və hara getdiyini özü də bilmirdi. Elə bil 

səkkizinci mərtəbədəki kayutundan deyil, özü özündən qaçırdı, içindən qovurdular 

onu. Küçələrdəki bu uğultu onun içinə  də dolmuşdu, beynini də qupquru 

qurutmuşdu; fikirsizliyin, boşluğun içində idi beyni. 

Sövq-təbii əlini pencəyinin cibinə salıb bir siqaret çıxartdı, qarşıdakı binalardan 

birinin girişində küləkdən daldalanıb siqareti yandırdı. Dumanlı şəkildə yadına saldı 

ki, bu pencəkdən xəbəri yoxdur, birinci dəfədir geyir bu pencəyi və heç vaxt bu 

pencəyin cibinə  nə kibrit, nə  də siqaret qoyub. Ona elə  gəldi ki, əvəz-əvəz olsun 

deyə, bu siqareti də, bu kibriti də onun cibinə bayaqkı gözətçi qoyub. 

Kim isə onun üstünə  qışqırdı ki, ay yoldaş, yavaş ol, niyə ayağının altına 

baxmırsan yeriyəndə, üstümüzə çıxmayacaqsan ki. O diksindi və yalnız indi özünü 

hansı bağda isə xudmani bir guşədə qalanmış balaca ocağın qarşısında gördü; az 

qalmışdı ocağın üstünə yerisin. Bura hansı bağ idi, indi də yadında deyil. Ola bilsin 

ki, dənizkənarı park idi, çünki havadakı uğultuya elə bil dəniz səsi də qatışmışdı. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə