Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə19/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

 
86
 
Həm tədbir tökəndir, həm uzaqgörən
tərifdən məst olan, mədh üçün ölən. 
Oğrunu, qulduru rəhbər eyləyən, 
dövlət azarına tutulan millət. 
 
Xudpəsəndliyindən uyanda hərdən, 
başına ulduzlar tökülür göydən. 
İndi də dahilik keçir könlündən, 
şöhrət azarına tutulan millət. 
 
Vaxtı yox, qızıldır güya hər anı, 
Paris, London, Dubay tez-tez ünvanı. 
Gəzir eyş-işrətlə bütün dünyanı, 
şəhvət azarına tutulan millət. 
 
Danışar arxayın, dindirsən haçan, 
deyir ki, bəs, ona işləyir zaman. 
Vaxt gələr, dünyanı qoyacaq heyran, 
heyrət azarına tutulan millət. 
 
Qaçqını, köçkünü tacir, sahibkar
ay-hay, bu minvalla erməni qaçar. 
Bilmir “atəşkəsi” bitəcək haçan, 
möhlət azarına tutulan millət. 
 
Son illər yüz yerə yazırlar “milli”, 
banklar, institutlar, bazarlar “milli”, 
qulp qoyub çox işi yozurlar “milli”, 
millət azarına tutulan millət. 
 
Təki öz-özündən yarıya bilsin, 
açıq yarasını sarıya bilsin. 
Barı qeyrətini qoruya bilsin 
qəflət azarına tutulan millət, 
şöhrət azarına tutulan millət! 


 
87 
 
 
MÜASİR ADAM 
 
Çoxdan tanıdığım bir insan 
təsadüfən görüşdüyümüz zaman 
bir xeyli özündən danışdı. 
Gördüm ki, keyfi çox yaxşıdı. 
Son illər vəzifəsi neçə dəfə artıb, 
indi mühüm məqamlarda qərar tutub. 
Odur ki, danışığı, oturuşu, duruşu dəyişib, 
kişi siyasət yollarında əməlli “bişib”. 
Həm də diqqəti artıb 
lazımlı, lazımsız hər şeyə. 
Həmişə nəzakətli, itaətkardır, 
fəqət özündən məqamı yüksəyə. 
Asılı olduğu adamları hər yerdə öyür
hətta onlar üçün utanmadan deyir: 
– Rəhbər adama hər söz deyə bilər, 
rəhbər adamı, lap istəsə, söyə, döyə bilər. 
Bundan heç vaxt inciməzlər, 
bunu ayrısına heç giley kimi də deməzlər. 
İşdə müdirin də rəhbərindir, 
onu başında oturt, boynunda gəzdir. 
O, sənin üçün həmişə ixtiyardır, 
çünki əlində səlahiyyətləri vardır... 
Dostum çox sadə ömür sürdüyümü də sezdi, 
onu imkanlı gördüyümü də sezdi. 
Odur ki, bu günkü mövqeyimi, 
durumumu o ki var, pislədi, 
məni nəsihətlə yolumdan döndərmək istədi. 
O danışdıqca mən onun donuq gözlərinə baxırdım, 
ürəyim sıxılırdı, yanıb-yaxılırdım. 
Sən demə, bu cür manqurtların hesabına 
illərdir düşürük dilənçi, kölə halına. 
Bu, sapı özümüzdən olan baltalar 


 
88
hələ neçə qürurlu insanın inadını baltalar. 
Ah, kişiliyi, sınmazlığı 
özlərinə yük bilən ağalar. 
Nə deyim, ürəyim soyusun, 
sizi doğan analar... 
Beləsini dinləyib qurtardıqdan sonra 
bilmirsən üzünü döndərəsən hara. 
Az qalır tüpürəsən 
bu, ləyaqətdən uzağın cəmdəyinə. 
Allah adamı çətində möhtac eləməsin 
beləsinin köməyinə. 
 
 
 
SƏRHƏDÇİ DÜŞÜNCƏLƏRİ 
 
Vətən, sənin göylərinin aydın olsun səması, 
Vətən, sənin sərhədlərin üfüq qədər uzansın. 
Sərhəd boyu dirəklərdə quşlar yuva bağlasın, 
şir biləkli oğulların keşiyində dayansın. 
 
 
Çiçəklənsin, qüvvətlənsin Azərbaycan dövləti, 
sərhəddindən bəlli olur hər ölkənin qüdrəti. 
Dövlət güclü ola bilməz, qorunmasa sərhədi
sərhəd ilə qoşa durur vətəndaşlıq qeyrəti. 
 
Biz rəqibə bac vermərik, biz bu yurda sipərik, 
qarı düşmən qapımızın kandarında qarımış. 
Biz igidik, biz qorxmazıq, biz zəfərə qadirik, 
zaman-zaman bu torpağı XƏTAİLƏR qorumuş. 
 
Biz əsgəri and içəndə əl basmışıq Qurana, 
bu torpağın hər qarışı candan əziz, müqəddəs. 
Yol vermərik zəif, gücsüz sıramızda dayana,  
türk əsgəri şəhid olar, türk əsgəri yenilməz. 
 


 
89 
TƏSKİNLİK 
 
Tanrı da yaradandı, təbiət də, 
hər ikisi tükənməzdi, nəhayətsizdi 
sevgidə, səxavətdə. 
Təbiət Tanrının yerdəki elçisidirmi, 
Tanrı təbiətin göydəki yönəldicisidirmi? 
Hər ikisi bənzərsiz qüdrətdi. 
Gör, nə qədər mərhəmətə, nemətə 
qərq edib məxluqatı, hər kəsi.  
Odur ki, ömrümüzün hər günü 
dəyərlidi, şükürlüdü, 
istər yaxşısı olsun, istər pisi. 
İnsan yaşa dolduqca, müdrikləşdikcə 
daha aydın anlayır hikməti. 
Ürək duyğulandıqca, üzüldükcə 
daha dərindən duyur heyrəti. 
Bu ötəri hiss deyil
bu, söz xətrinə deyilən söz də deyil. 
Bu da bir yaranışdı, 
bunun da sahibi var. 
O sahib ki, beyində hikmət yaradar, 
ürəkdə duyğu oyadar. 
Heçdən heç nə yaranmır, 
heçdən kainat da yaranmazdı. 
Sahibsiz olan qorunmur, 
sahibi olmasaydı 
kainatın ahəngi qurulmazdı, 
nizamı qorunmazdı. 
Şükür ki, möhtacsız qoruyanımız var, 
şükür ki, qayğıya bürüyənimiz var. 
Bu çətin gündə budur ən böyük 
təskinlik, pənah: 
Nizamlı kainat, 
qüdrətli təbiət və  
sevgisində təmənnasız Allah. 


 
90
RUHİ POZUNTU, YOXSA MİSKİN QISQANCLIQ 
 
Z.Qodmanlının qəbirüstü abidəsi önündə düşüncələr 
 
Mirzə Fətəlini yerdən götürməyə qoymayanlar
Mirzə Sabirin nəşini məzardan çıxardanlar, 
Zülfüqar Qodmanlının da qəbirüstü abidəsini qırdılar. 
Bu bir nadan oyunudu, bu bir gədə hikkəsi. 
Doğrudanmı ağrıtmır 
bu ruhu pozulmuşların, 
ağlı dayazların miskin hərəkəti 
bu boyda kənddə heç kəsi?! 
Paxıllıqdanmı, xəbislikdənmi, 
acizlikdənmi ya hərislikdənmi 
yaranır bu qısqanclıq? 
Qəbir daşı sındırmağın, 
məzar eşməyin adı ancaq 
nakəslik, nakişilik, alçaqlıq. 
Kimdir götürən bu adı? 
Bu əclaf anlamırmı görən, 
onun da vardır ölənləri- 
əzizləri, doğmaları, soyadı. 
Və haçansa əməlindən xəcalət çəkəcək övladı. 
Nə deyəsən bu əsilsiz, məsləksiz 
xisləti murdara? 
Bu cür hərəkət hara
qonşuluq, yaxınlıq, insanlıq hara?... 
 
Bakıda Əliağa Vahidin 
heykəlini sökənlər, 
Əylisdə Əkrəm Əylislinin 
evini yandıranlar, 
Qodmanda Zülfiqar Qodmanlının 
qəbirüstü abidəsini sındırırlar indi. 
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, 
bu da Azərbaycanın 
daha bir “Danabaş kəndi”. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə