72
Xəyalımda canlandıqca yaddaş tarixim,
keçir fikir süzgəcimdən illər qatarla.
Öz sözünü deyənləri vaxt adlı hakim
yazmış ölməz yaddaşına bir iftixarla.
Daha bir də yer üzünə peyğəmbər gəlməz,
mələklər də nazil olub görünməz, yəqin.
Bu min ilin seçilmişi kim olacaq bəs,
bu min ilin seçilmişi olmaq çox çətin?
Hələ nə çox keşməkeşlər gözlər insanı,
xəyal gizli məqamları yozur min yerə.
İndi Adəm övladının milyarddır sanı,
indi kosmos silahlanır kiməsə görə.
Günü-gündən böyüdükcə təfəkkürümüz,
əməlimiz yer üzünə meydan oxuyur.
Bircə tükdən asılıdır indi ömrümüz,
atom, raket sınaqları ölüm qoxuyur.
Bəşər indi ağlasığmaz kəşflər önündə,
bir günümüz keçmişin yüz ilindən mühüm.
Dünya əgər dağılmasa min il içində,
açılacaq bizə gizli sirlər büsbütün.
Bəlkə elə yaxınlaşır sonu dünyanın,
bəlkə bu cür milyon illər ötuşəcəkdir?
Kim bəşəri qovğalardan qoruya bilsə,
bu min ilin tarixinə o duşəcəkdir!
Bəlkə elə xoşbəxtlərin xoşbəxti bizik,
yeni ili, yeni əsri qarşılayırıq.
İki mini yola salıb, ilayrıcında
yeni gələn minilliyi alqışlayırıq!
73
QARIŞDIRMA
Eyni adlı şeirin müəllifi, xalq şairi Qabil İmamverdiyevə.
Ruhu şad olsun!
Tərif ilə mədhiyyəni,
lovğalıqla fəxriyyəni,
rüşvət ilə hədiyyəni,
rütbə ilə səviyyəni
qarışdırma.
Qanun ilə ədaləti,
təqib ilə ədavəti,
xəta ilə cinayəti,
məhbəs ilə əsarəti
qarışdırma.
Məhəbbətlə ülviyyəti,
ünsiyyətlə rəsmiyyəti,
ləyaqətlə şan-şöhrəti,
çətinliklə məşəqqəti
qarışdırma.
Kəmiyyətlə keyfiyyəti,
sakitliklə əmniyyəti,
etirazla şikayəti,
sərbəstliklə hürriyyəti
qarışdırma.
Hidayətlə məsləhəti,
vacibliklə əhmiyyəti,
öyüd ilə nəsihəti,
nisgil ilə vəsiyyəti
qarışdırma.
Böyüklüklə əzəməti,
hökumətlə səltənəti,
kütlə ilə cəmiyyəti,
inad ilə qətiyyəti
qarışdırma.
74
Bayram ilə təntənəni,
adət ilə ənənəni,
sevinc ilə şənlənməni,
kədər ilə qəmlənməni
qarışdırma.
Səfər ilə ziyarəti,
günah ilə qəbahəti,
sürgünlüklə səyahəti,
möminliklə ibadəti
qarışdırma.
Şadlıq ilə səadəti,
yardım ilə səxavəti,
etibarla sədaqəti,
kişilklə şücaəti
qarışdırma.
Durğunluqla sükunəti,
tənbəlliklə ətaləti,
rəvayətlə hekayəti,
rəvanlıqla şeiriyyəti
qarışdırma.
GÖRÜNMƏYƏN BÖYÜKLÜK
Ağac yarpaq-yarpaq böyüyür,
meşə ağaclarıyla.
Çaylar yağmurla böyüyür,
dəryalar çaylarıyla.
Günəş içindəki nurla işıqlanır,
kainat Günəşin şəfəqləriylə.
Hər şeyin böyüklük ölçüsü, gücü
hesablanır əhatəsiylə, varlığıyla.
Təkcə insandır böyüyən
görünməyən ölçüsüylə -
idrakıyla, ağlıyla.
75
QOCALAR EVİ
Övladları onları yola vermədikləri üçün qocalar evini öz halal
od-ocağından üstün tutub ömrünün sonunadək bu kimsəsizlər yur-
dunda yaşamağa qərar verən zavallı, pənahsız insanları sakit, emo-
siyasız dinləmək olmur.
Nə qədər ağrılı və acı görüş!
Başın batsın, nankor övlad!
Ölümün olumundan daha əfzəl!
Salam verib hər vaxtınız xeyir, – söylədim,
aqibətin xeyir olsun, oğul, – dedilər.
Mənə ömrün qürubuna xeyir dilədi
aqibəti qara gəlmiş bu nisgillilər.
Aqibəti xeyir olmaq, nə uğurlu yol,
hansımıza qismət olar, qalıb baxtabaxt.
Od-ocaq qur, övlad böyüt, sonra da qovul,
sən həyatın təzad dolu min üzünə bax!
Qırış kəsmiş çöhrələri xiffətdən solar,
nurdan düşmüş gözlərində qəm yuva salar.
Hər gün qüssə, qəhər ilə ürəyi dolar
yuxusunda övlad, nəvə görən qocalar.
Bu ixtiyar yaşlarında sərgərdan olub
doğmalardan uzaq düşmək nə qədər ağır.
Nə arabir bir günlüyə qayıda bilir,
nə yurd-yuva, nə qonşular yadından çıxır.
Gecə-gündüz lənətləyib qara baxtını,
kimlərisə yada salar, səssiz ağlayar.
Hələ hərdən nəyəsə sərf edər vaxtını,
hələ hərdən kimə isə ümid bağlayar!
Hərdən fikir neçəsini çəkər uzağa,
xəyalında nəvəsinə nağıl danışar.
Keçər oğul günahından bu qəlbi yuxa,
övladının təhqirini udar, barışar.
76
Lakin gəlməz övladlardan quru təklif də,
göz yaşıyla dərdlərini yayındırarlar.
Boş arzuyla, xam xəyalla qalıb təklikdə
bu tənhalar bir-birini ovundurarlar.
Daha daim fikri məchul, qaşı çatılar,
günü-günə, ayı-aya satan qocalar.
Sanki kədər ümmanına lövbər atarlar
dəryalarda gəmiləri batan qocalar.
Aman, Allah, nə sitəmdir qocalar çəkir,
bu cür dərdə nə baş dözər, nə ürək dözər.
Qaçqınların, köçkünlərin gününə şükür,
övlad, nəvə didərgini olmaqdan həzər.
Bir yerdə ki, valideynə ehtiram olmaz,
batsın o yurd, uçsun o ev, sönsün o ocaq.
Vətənə də vətəndaş yox, ləkədir ancaq,
anasına, atasına xor baxan alçaq!
Bu gərəksiz vücuduna de, nə ad verək,
gözümüzdə cılızlaşan, ay arsız oğul?
Südünümü, zatınımı, nəyini deyək,
nankor övlad, naqis xələf, qürursuz oğul?
Övlad gərək kəfəninə bürünüb gedə,
valideyni ölümə də onu çağırsa.
Ulu Tanrım, sənin səbrin nə vaxt daşacaq,
oğlu qoca anasını evdən qovursa?!
Dünya həm şər meydanı, həm hünər meydanı,
kim nə bilir, əkdiyini kim biçəcəkdir?
Bu ağacın acı dadan meyvələrindən
övladların sənə də pay göndərəcəkdir.
Cahil insan, düz yolundan sapdığın yetər,
şərəfin san valideynçün diz çökməyi sən.
Tanrı-əcəl körpüsündən keçməzdən əvvəl
öz övladlıq borclarını ödəməlisən!
Dostları ilə paylaş: |