Şeirsiz yaşamaq olmayan yerdə


HAQQIN DƏRGAHINA GEDƏN YOL İLƏ



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

 
110
HAQQIN DƏRGAHINA GEDƏN YOL İLƏ 
 
Haqqın dərgahına gedən yol ilə 
gedirik görünməz sabaha doğru. 
Cahillik, nadanlıq etsək də hələ, 
bilirik, axirət bu yolla bağlı. 
 
Haqqın dərgahına gedən yol ilə 
hər gedən inamla, ümidlə getməz. 
Hamı bu hikməti anlamaz hələ,  
hamının imanı cücərməz, bitməz. 
 
Haqqın dərgahına gedən yol ilə 
hərdən istəsək də, gedə bilmirik. 
Daha nə İbrahim, nə İsmayıl var, 
imana can qurban edə bilmirik. 
 
Haqqın dərgahına gedən yol ilə 
abidlər axirət dalınca gedər. 
Ömrü ibadətsiz keçirənlərin, 
sanarlar hər iki dünyası hədər. 
 
Haqqın dərgahına gedən yol ancaq 
Məbədə, Kəbəyə gedən yol deyil. 
Səndən keçməlidir hər şeydən öncə, 
batinin yoxdursa, olmazsan kamil. 
 
Haqqın dərgahına gedən yol öncə 
Vətəni, milləti sevmək yoludur. 
Əsl doğmalıqla, ürəklə, məncə 
hər bir soydaşına kömək yoludur. 
 
Haqqın dərgahına gedən yol, elə 
həqiqət yoludur, düz, kəsə, doğru. 
Hərdən yolumuzu azsaq da belə, 
məslək – amalımız bu yolla bağlı. 


 
111 
 
HARDAN BAŞLANIR VƏTƏN 
 
Ayaq basdım bu müqəddəs torpağa, 
məzarıstan, müşk-ənbərə batan yer. 
Vətən oğlu, getmə burdan uzağa, 
bu məkandır əcdadımız yatan yer, 
deməmişkən, burdan başlanır Vətən. 
 
Bir tilsim var torpağında, daşında, 
vurulmuşam kələ-kötür hüsnünə. 
Ovucla, qoy ürəyimin başına, 
ovucla, qoy gözlərimin üstünə, 
deməmişkən, burdan başlanır Vətən. 
 
Yaddaşında yaşadır yüz qərinə, 
soykökümüz görünür bu güzgüdə. 
Cavanlıqda varmasaq da fərqinə
yaş artdıqca artıq ona sevgi də, 
deməmişkən, burdan başlanır Vətən. 
 
Əgər varsa əbədiyyət, axirət, 
demək burda «yaşayırlar» ölənlər. 
Ən müqəddəs borcdur onu ziyarət, 
qoy eşitsin bizdən sonra gələnlər, 
deməmişkən, burdan başlanır Vətən. 
 
Axıtdıqca qanımızı torpağa, 
ruhumuzu çəkənlər var sınağa. 
Qan qardaşım, canım sənə sadağa, 
qoyma onu yad tapdağı olmağa, 
deməmişkən, burdan başlanır Vətən! 
 
 
 
 


 
112
 
VƏTƏN 
 
İstəsə canını, ver, sevgili yarındır Vətən, 
qırılar sınsa əgər, çünki vüqarındır Vətən. 
 
Başa tac, qəlbə fərəh bil onu hər anın üçün, 
ən müqəddəs qürurun, namusun, arındır Vətən. 
 
Onun məğrurluğunu gözlə yox, qəlbində ara
ucalardan ucadır, zirvədə qarındır Vətən. 
 
Doğmalar doğmasıdır, daim dolan dövrəsində, 
öz evindir, öz elindir, öz diyarındır Vətən. 
 
Həm gözəllik, həm fəxarət, həm bol nemətdir sənə, 
əsl cənnət bağıdır, güllü baharındır Vətən. 
 
O da bir cür Yaradan, gah qaldırar, gah endirər, 
Fəxrəddin, qıl səcdəsin, hər ixtiyarındır Vətən! 
 
 
 
EY VƏTƏN 
 
İlham Abdullayev musiqi bəstələmişdir 
 
Hələ tərifini verməsəm də mən, 
sənsiz olmamışam bir an, ey Vətən. 
Mən sənin sinəndə məskən salmışam, 
sən mənim qəlbimdə, inan, ey Vətən. 
 
Hələ can borcumu verməmişəm mən, 
hələ borcum nə çox önündə, Vətən. 
Hələ xidmətimi görməmisən sən, 
ölərəm bir çətin günündə, Vətən. 
 


 
113 
Məni darda sına, çətində sına, 
haqqım yox adını danam, ey Vətən. 
Mən sənin sıravi bir övladınam, 
sən mənim müqəddəs anam, ey Vətən. 
 
Mənim Kəbəm də sən, Mədinəm də sən, 
bir daşın bəs eylər min heyrət üçün. 
Bir ovuc torpağın yetər, ey Vətən 
yüzlərlə zəvvara ziyarət üçün. 
 
Hissimsən, duyğumsan, şirin canımsan, 
tükənməz sevgindən yaranmışam mən. 
Sən mənim ən ali komandanımsan, 
farağat əmrində dayanmışam mən! 
 
 
 
MƏRDİ QOVA-QOVA NAMƏRD EDƏNLƏR 
 
Bilərəkdən 
       qara ilə ağa, 
               təpə ilə dağa, 
                            ayran ilə yağa 
                      fərq qoymayanlar 
mərdi qova-qova namərd edirlər. 
 
Özlərininkidir deyə 
          əyrini düzdən, 
                  astarı üzdən, 
                     eynəyi gözdən 
                          dəyərli sayanlar 
mərdi qova-qova namərd edirlər. 
 
Dünya malından gözləri doymayanlar, 
xeyri gələn yeri əldən qoymayanlar, 
dövlətinə qıyıb, sərvətinə qıymayanlar 
mərdi qova-qova namərd edirlər. 


 
114
 
Ömür-günümüzə zəhər qatanlar
hər yerdə hamıya atanlar. 
Vətəni hərraca qoyub satanlar 
mərdi qova-qova namərd edirlər. 
 
Bu Stalin dövrünün 
beriyaları, mikoyanları, 
indi də prezident, nazir əyanları. 
Dövrümüzün çoxbilmiş nadanları 
mərdi qova-qova namərd edirlər. 
 
Böyüyüb biznesmen olmuş baqqallar, 
şəxsi mülk, minik kolleksiyası yığan naqqallar, 
bu canavar qiyafəli çaqqallar 
mərdi qova-qova namərd edirlər. 
 
Daha özündən müştəbeh “ərənlər”,  
həyatının mənasını rüşvətdə görənlər, 
nütvəsində də haram göyərdənlər 
mərdi qova-qova namərd edirlər. 
                                                       1992 
 
 
 
DÜNYA BAŞDAN-BAŞA VƏTƏN OLACAQ 
 
Ona qəlbimizdə sevgi yaşatsaq, 
dünya başdan-başa Vətən olacaq. 
Əgər dağıtmasaq, qurub-yaratsaq, 
dünya başdan-başa Vətən olacaq. 
 
Adəm övladıyıq, Həvva övladı, 
vardır üstümüzdə peyğəmbər adı. 
Daim uca tutsaq torpağa andı, 
dünya başdan başa Vətən olacaq. 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə