288
SƏNSƏN
Mən səni görəndən hüsnünə heyran,
sən mənim əzizim, mehriabınmsan.
Sən mənə duyğumu bəxş edən insan,
sən mənim ikinci yaradanımsan.
Sən mənim qəlbimdə ilahi istək,
fikir-xəyalımda gəzdirdiyim tac,
ay məni eşqində sınayan mələk,
mən sənin bir adi sözünə möhtac.
Bu sevgi qəlbimdən əskilməz bir dəm,
gündə yüz yol alan canımı sənsən.
Dövrümün ən bədbəxt kişisi mənəm,
dünyanın ən gözəl xanımı sənsən.
BAĞIŞLA
Mobil Babayev musiqi bəstələmişdir.
Bəlkə də çox sevdiyinçün məni sən,
gördün eşqin min hicranın, bağışla.
Sən bu yolda qəza vuran gəmisən,
bu gəminin kapitanın bağışla.
Hərdən çılğın aparmışam özümü,
ürəyini sındırmışam, bağışla.
Hərdən soyuq, daşüşüdən baxışla
ümidini dondurmuşam, bağışla.
Hərdən mənə güc gələndə xoş həvəs,
olub, səni duymamışam, bağışla.
Hərdən sənin qəlbindəki müqəddəs
hisslərinlə oynamışam, bağışla.
289
Olub, hərdən bir işvəli gözəlin
gülüşündən keçməmişəm, bağışla.
Hərdən səni, ayağının tozuna
dəyməyəndən seçməmişəm, bağışla.
Hüzurunda dayanmışam, müqəssir,
etirafım günahımdan aşağı.
O hisslərin qarşısında mən əsir,
ay eşqimin müqəddəs göy qurşağı,
bu günahkar aşiqini, bağışla!
GƏLƏCƏYƏM, GƏL – DESƏN
Xumar Qədimova və Mobil Babayev musiqi bəstələmişdir.
Fikrim yenə tamam sənin yanında,
uça-uça gələcəyəm, gəl – desən.
Səndən ayrı bir həsrət var canımda,
yuxuma gir, öləcəyəm, öl – desən.
Bundan sonra görüşümüz bir güman,
bizi üzüb yetişəcək dərd kama.
Mənim kimi sən də orda ağlama,
göz yaşımı siləcəyəm, sil – desən.
Baxtı mənə sən yazırsan, neyləyim?
nə ömürdən, nə yaşdandır gileyim.
Qismətiylə barışarmı taleyim,
sənsiz keçən günlərimə il – desən?
Sən gedəli artan ancaq göynəyim,
ruhdan qeyri qalmayıbdı heç nəyim.
Görsəm səni çox incidir ölməyim,
öləndə də güləcəyəm, gül – desən,
yuxuma gir, öləcəyəm, öl – desən!
290
HƏSRƏT
Yük olub asılıb kirpiklərimdən
sənsizlik adlanan bir dəli həsrət.
Gözlərim ağrıyır gördüklərimdən,
çəkibdir altından sürməni həsrət.
Sən onun çaldığı havasına bax,
verdiyi dərdinə, dəvasına bax.
Qəlbimdə qurduğu yuvasına bax,
fikir-xəyalımın həmdəmi həsrət.
Səndən ayrılalı könül həmdəmim,
dolur gözlərimə dünyanın qəmi.
Xəyal ümmanında azdırır məni
bu tufan ayrılıq, bu gəmi həsrət.
Necə doymamışam bal söhbətindən,
«yox, getmə, yanımda qal» – söhbətindən.
Çəkil gözlərimin səltənətindən,
gəlib ürəyimə yar dəmi, həsrət!
Kərəmi yandıran o Qara keşiş
neçə ümidimi puç edib yemiş.
Nə böyük qüdrətin sahibi imiş
bizim ayrılığın dərd-qəmi həsrət.
Qalmayıb əvvəlki o şıltaq həvəs,
nə eynim açılmaz, nə üzüm gülməz.
Sevgilim, bu sirri ayrısı bilməz,
mənə dost edibdi ələmi həsrət.
291
SƏNİ SEVMƏMƏK OLMAZ
Zamiq Əliyev musiqi bəstələmişdir.
İlahi varlığımsan,
əbədi səadətim.
Ay mənim şan-şöhrətim,
ay mənim ülviyyətim,
səni sevməmək olmaz.
Səsim sənsən, ünüm sən,
gecəm sənsən, günüm sən.
Yazda zərif bənövşəm,
qışda qızılgülümsən.
səni sevməmək olmaz.
Həm ümidsən, həm güman,
həm bəxş edən, həm uman,
bir gülüşlə məst edən,
bir baxışla can alan,
səni sevməmək olmaz.
Sənsiz bu dövran ağır,
sən şahzadə, mən fağır.
gözləyirəm müntəzir,
təki məni sən çağır,
səni sevməmək olmaz.
Sən ey müqəddəs insan,
bir təbəssüm et ehsan.
Sənə ürəyim möhtac,
sənə gözlərim heyran,
səni sevməmək olmaz.
Tək sən məni duyarsan,
tək sən məni anarsan,
dünya sənsiz yeknəsək,
nə yaxşı ki, sən varsan,
səni sevməmək olmaz.
292
Səninlədir hər uğur,
səninçündür çal-çağır.
Hər qıyğacı baxanda
qaşın altdan Ay doğur,
səni sevməmək olmaz.
Sənsiz heçəm gülüm, mən,
bir iş gəlmir əlimdən.
Heç çıxmırsan başımdan,
heç düşmürsən dilimdən,
səni sevməmək olmaz.
Ay başına dönüm mən,
kaş eşqinlə ölüm mən.
Sevgim səcdəgahımdır,
sərgəşdəyəm gülüm, mən.
Səni sevməmək olmaz -
sevib ölməmək olmaz!
Səni Tanrım bilim mən,
qoy yolunda ölüm mən!
RUHUNLA YAŞAYIRAM
Xumar Qədimova musiqi bəstələmişdir.
Elə bilmə unudulub o günlər,
hər xatirən bir sehrdir, tilsimdir.
Mizrabından ayrı düşmüş siməm mən,
köklənmərəm, çalınmaram, ha dindir.
Kaş, görəydim sən yaşayan yeri mən,
bəxtəvərmiş kölgə kimi sürünən.
Bu sənsənmi gözlərimə görünən?
Qulağıma gəlir doğma səs indi.
293
Ruhundurmu yenə çıxan qarşıma,
ürəyimdə başlar həzin oxşama?
Səba kimi saçlarımı oxşama,
gözlərimdən ürəyimə əs indi.
Daha məndən xəyal qədər uzaqsan,
yolu bağlı mahal qədər uzaqsan,
Bir müqəddəs vüsal qədər uzaqsan,
əzab dolu ümidimi kəs indi.
Bəlkə ömrün yox mənası kədərsiz,
mən arvadsız indi heçəm, sən ərsiz.
Hərdən qəlbin bir kimsədən xəbərsiz
məni deyib döyünürsə, bəsimdir.
SƏNİN ÜRƏYİNDƏN NƏ KEÇİR GÖRƏN
Yenə fikrim dalğın, xəyalımda sən,
sıxır ürəyimi səssiz səksəkən.
Ayrıla bilmirəm xatirələrdən,
sevgim həmənkidir, istəyim həmən,
sənin ürəyindən nə keçir, görən?
Unuda bilmirəm bircə an səni,
çıxara bilmirəm yuxumdan səni.
Mənə dərdmi verib Yaradan səni?
Kaş bir yol gələsən, üzünü görəm,
sənin ürəyindən nə keçir, görən?
Həsrətin yolları əlçatmaz, uzaq,
həsrətin qucağı çovğunlu, sazaq,
cismim can versə də, ruhum uçacaq,
ay mənim ruhuma qol-qanad verən,
sənin ürəyindən nə keçir, görən?
Dostları ilə paylaş: |