Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

 
272
XƏNDAN OLMUŞAM 
 
Ustad sənətkarımız Alim Qasımov qızının toyunda bir qəmli  
qəzəl oxuyub ağladı və bütün məclisi kövrəltdi. 
 
Sən ey pərişan olanım, mən də pərişan olmuşam, 
canı canımdan olanım, sənsiz canımdan olmuşam. 
 
Bilməm nə hissdir sinəmdə, salmış ruhumu kəməndə, 
sən bu dünyaya gələndə, sanırdım Sultan olmuşam. 
 
Şəkərim, balım, noğulum, elə bil dünən doğuldun, 
sən mənə qız yox, oğuldun, xanəsi talan olmuşam. 
 
Nə yaman tez ötdü zaman, oldun bir növrəstə cavan
Allahım, bu nə imtahan, bəlkə peşiman olmuşam? 
 
Köçəri quştək uçursan, başında duvaq, köçürsən, 
sən vəfa andı içirsən, mən ruhu viran olmuşam. 
 
Qarışmış qışıma yazım, odur qəmlidir avazım, 
bu xoşbəxt günündə, qızım, əcəb şad-heyran olmuşam. 
 
Ananın gözləri nəmli, doğmalar verir təsəlli, 
valideyn olana bəlli, necə qəlbi qan olmuşam. 
 
İndi bildim, ey Yaradan, nələr çəkmiş atam, anam, 
bu imiş arzu, istək, kam, ürəyi şan-şan olmuşam? 
 
Ey mənim ruhi-rəvanım, sərvü-nazım, pasibanım, 
ey bu gün gəlin olanım, yolunda qurban olmuşam. 
 
Olma var-dövlət həvəsdə, baxtını Tanrıdan istə, 
sən indi təzə yol üstə, mən heydən – candan olmuşam. 
 
Kim deyil övlad əsiri, gəlsin, açsın, qoy bu sirri, 
anlayandan bu dərd-səri, Fəxrəddin, xəndan olmuşam. 


 
273 
ÜRƏK AĞRILARIM 
 
Ustad B.Vahabzadəyə 
 
Məsləkimi mövqeyimə satmadım, 
dedim yolum Tanrı yolu, haqq yolu. 
Heç arzumun mənzilinə çatmadım, 
qopdu tufan, yağdı yağış, qar, dolu. 
 
Min nalə var indi ürək dağımda, 
qocalıram sanki cavan çağımda. 
Vaxtsız solan neçə bağça-bağımda 
zərif, körpə nihallarım saç yolur. 
 
Dağıdırlar sərvətimi, varımı, 
daşıyırlar bağımdakı barımı. 
Sinəmdəki Araz boyda şırımın 
Həkəri də döndü oldu bir qolu. 
 
Yurd yerini atan gördün, görmədin, 
torpağını satan gördün, görmədin? 
Başçısını qaçan gördün, görmədin, 
ha öyünək torpaq ulu, xalq ulu? 
 
Bu hiyləgər, «uzaqgörən» ağalar, 
acı aca kömək bilən ağalar. 
Guya bizə yemək verən ağalar 
deyir qalsın çörək bütöv, küp dolu. 
 
Heç görmədik xoş gününü bir qulun, 
kimdir, görən başyığanı bu pulun? 
Nə əvvəli, nə sonu var bu yolun, 
fəlakətdi, nəhayətdi sağ-solu. 
 
Bu ocağın külü bizik, qoru kim? 
bu zirvənin ətəyi biz, qarı kim? 
Allah, bizi nahaq şərdən qoru ki, 
çırpa bilək başlarına bu pulu! 


 
274
MƏN DUYĞUMU YAZIRAM 
 
Mən dünyanı anlayandan gördüm yüz yasaq, 
gördüm əcəl amansızdır, ömür çox qısa. 
Mehr saldım, könül verdim qələm-kağıza, 
açıb-tökdüm ürəyimdə nəyim vardısa. 
Sirr sandığım sözlərimi, sayğımı yazdım, 
sevgilimə açmadığım sevgimi yazdım. 
Taleyimi, istəyimi, duyğumu yazdım, 
ürəyimdən qopub gələn yanğımı yazdım. 
Bu yanğını duyan kəslər başımın tacı, 
görən, məni duyursanmı, Əziz Oxucu?! 
 
 
 
ZƏKA TƏCƏSSÜMÜ 
 
Dəyərli ilahiyyatçı və dilçi alim,  
akademik V.Məmmədəliyevin 60 illik yubileyinə 
 
Nə şeyxdir, nə müctəhid,  
amma kamil imanı. 
Mübariz mürşididir 
Peyğəmbərin, İslamın. 
Odur aydınlaşdıran  
azəri türkcəsində  
incə məqamlarını  
həm dinin, həm Quranın. 
 
O öz idrakı ilə  
ərəb, fars, azərbaycan  
dillərində toxuyur  
möhtəşəm söz çələngi. 
O alimin qələmi,  
səlis, saf nitqi ilə  
hələ çox rəvanlaşar  
dilimizin ahəngi. 


 
275 
Zəka təcəssümüdür  
dövrümüzün seçilən  
bu dəyərli insanı – 
Vasim Məmmədəliyev. 
Hamının qəlbindəki  
ən qiymətli kitabın  
ən gözəl tərcümanı –  
Vasim Məmmədəliyev! 
 
 
 
DOĞMA HİSS 
 
Atam, dünyasını dəyişmiş atasını  
hər dəfə yuxuda görəndə ağlayırdı. 
Həmin günü axşama qədər sızlayırdı,  
atasına yas saxlayırdı. 
O vaxtlar uşaq idim,  
qayğısız idim. 
Bu cür zərif hissləri anlamırdım. 
Fikirləşirdim, burada  
böyük faciə var ki,  
babam yaşlı insan olub,  
qocalıb, ölüb. 
Atam niyə belə edir? 
Nə arvad, nə uşaq bilir,  
elə hey, gün uzunu kövrəliir. 
İllər ötdü, mən böyüdüm. 
Atam da yaşa doldu,  
qocaldı və öldü. 
Yaxın – uzaq qohumlar, dostlar  
mərasimə gəlməyi özlərinə borc bildilər. 
Gəlib hüzür götürdülər,  
təsəlli verdilər və getdilər. 
Qaldım tənha, kədərlə üz-üzə,  
atasızlıqla qoşa, ölümlə göz-gözə… 
Gördüm ağrını, acını,  


 
276
daddım ayrılığın dadını… 
İndi özüm hər dəfə  
atamı yuxuda görəndə 
həmin hissləri keçirirəm. 
Ancaq düşünürəm, nə yaxşı ki, övladlarım  
hələ balacadırlar,  
məni duymurlar, anlamırlar. 
Qoy hələ qayğısız yaşasınlar! 
Eh, ömrə vəfamı var,  
həyatı nə bilmək olar? 
Zaman gələr, 
qəm bir gün onların da qəlblərini dələr,  
gözlərini oyar. 
 
 
 
ÜMİD 
 
Sən mənim səsimi içimdə boğma, 
sən mənə arxa ol, dayaq ol, ümid. 
Sən mənə ən yaxın, sən mənə doğma, 
daim keşikçim ol, oyaq ol, ümid. 
 
Sən mənim ən şirin arzum, diləyim, 
sən mənim müjdəmsən, xoş xəbərimsən. 
Sən mənim çiynimdə gəzən mələyim, 
sən mənim sonuncu güvənc yerimsən. 
 
Sən mənim canımdan çox istədiyim 
bircə övladımsan, ciyərparamsan. 
Sən mənim uğursuz sevgim, sevdiyim, 
qəlbimi ağrıdan şirin yaramsan. 
 
Sənsiz bir günüm yox, bircə anım yox, 
sənsiz qəlbim dolu nisgil, qəm, qubar. 
Sənsiz mərhəmim yox, mehribanım yox, 
sənsiz qəlbim yanar, ruhum odlanar. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə