277
Ovsunsan, sehrsən, istəksən, səndən
bir addım uzağa qaça bilmirəm.
Məni bezdirsən də, üzsən də hərdən,
dərdimi kimsəyə aça bilmirəm.
Sən mənim canımsan, can sirdaşımsan,
düşmürsən heç zaman dilimdən, ümid.
Sən mənim ömürlük yol yoldaşımsan,
dardayam, gəl, yapış əlimdən, ümid.
Mənə dözüm gətir, mətanət gətir,
qoy səni qəlbimdə qoruyum, ümid.
Mənə qüvvət gətir, qətiyyət gətir,
çatsın dörd tərəfə harayım, ümid.
Qəlbimdə, gözümdə tutsan da qərar,
yenə xəyal qədər uzaqlardasan.
Gəl, yetiş, səbrimi kəsdi intizar,
hardasan, hardasan, ümid, hardasan?
BİR NÖVRƏSTƏ GÖZƏLƏ
Sən hələ ləçəklərinin şehi
qurumamış çiçəksən
ətri, təravəti ətrafını
məst edən çəməndə.
Sən hələ duyğusu oyanmamış
bir sakit ürəksən,
bir azdan yüz nəğməyə
yer olacaq sinəndə.
Sən hələ əyarı çox yüksək olan
zinətsən,
Səndə cəmlənir zəriflik axtaranların
diqqəti.
278
Sən hələ saflığa, paklığa verilən
qiymətsən,
hansı sərrafın gözünü tutar
qüdrətin,
hansı aşiqin ağlını alar
heyrətin?
Bununçündürmü qəlbindən gözünə
yol eyləyən xiffətin?
Hər halda, Allah böyükdür, gözəl,
ya qismət söyləyək, ya qismət,
tapılsın layiqli qismətin!
DƏNİZ ETİRAFI
Tufanlı bir havada
dalğalar təpə-təpə qalxanda
bir gəmi dənizdə qərq oldu,
bu itki çoxlarına dərd oldu.
Kimi dənizi günahlandırdı,
kimi lənətlədi,
kimi qarğıdı.
Dəniz isə tufandan çıxmışdı,
sakit idi, yorğun idi, ağrıyırdı.
Bütün bu deyilənlərə də
sanki heç nə olmayıbmış kimi baxırdı.
Bu sakitliyi ilə də
hamını yandırıb-yaxırdı.
Quzu kimi mehriban, sevilməli olmuşdu,
zəif, zərif ləpələri ilə
sahilə sürünürdü,
daşları, qumları doğma balası kimi
yalayırdı dəniz.
Həzin, hüznlü səsi ilə
sanki ağlayırdı dəniz.
Mən həmişə belə sakitəm,
mehribanam, qərəzsizəm – deyirdi.
279
Gözəllikdə, insanlara yarınmaqda
əvəzsizəm-deyirdi.
Sinəm üfüq qədər geniş,
ürəyinizcə seyr edin, gəzin, üzün.
İçim tükənməz xəzinə,
balığım, yosunum, neftim,
hamısı da sizin.
Tufan, qasırğa olmasa,
külək suyumu göyə sovurmasa,
dalğalarım şahə qalxmaz,
məndən bir kimsə qorxmaz,
əlimdən bir pislik gəlməz,
məndən olsa, suyumda bir balıq da ölməz.
Məni yerimdən oyadan qüvvə var – təbiət,
ondandır hər bəla, ondadır hər hikmət.
YAXŞILIQ
Qayğısız günlərimin birində,
şeirin ab-havası ürəyimdə,
Yığışıb balıq ovuna getdim.
Dərin sularına qırmaq atdım,
dəryadan bir balıq tutdum.
Gözlərindən yaş suzulə-süzülə,
dünyadan əli üzülə-üzülə,
pənahsız uşaq kimi
ağız dolusu çətin nəfəs ala-ala,
ağlayıb yalvarırdı biçarə.
Çırpılıb ayağıma düşməkdən
qalmamışdı bədənində halı.
Bir tikə yemin güdazına gəlmişdi
bu başıbəlalı zavallı.
Öz məzlumluğu ilə
deyəsən yumşaltmışdı
məni də əməlli-başlı,
280
bu, ağlı hələ bərkiməyən,
insanları tanımayan
balaca balıq.
Ürəyim ağrıdı titrəyişinə,
yalvarışına.
(Bir balıqla varlanmayacaqdım ki.)
Gözləmədim yaxşılığımı bilə dərya,
duya
Xaliq.
Yenidən buraxdım onu intəhasız sulara.
Xırda üzgəcləri ilə
minnətdarlıqla əl edə-edə,
üzürdü dərinə, böyük balıq gücü ilə,
suları yara-yara.
O gündən yığışdırıb qırmağı
qoydum
kənara,
axı, mən hara, balıq ovu hara?!
TƏKLİYİ SEVİRƏM
Təkliyi, tənhalığı sevirəm,
ömrün bəzi anlarında
ən çox ehtiyacım onadır.
Çünki tənha olanda
iç dünyama qapılıram,
xəyala dalıram,
öz-özümlə danışıram.
Təfəkkürüm və savadım çərçivəsində
aləmi anlamağa,
dünyanı duymağa çalışıram.
Dağdan enib dərədən çıxıram.
Sonsuz səmaya,
ucu görünməyən torpağa,
axıb qurtarmayan sulara baxıram.
Bütün gözəllikləri ürəyimə sıxıram.
Duyğumun, istəyimin zirvəsinə qalxıram.
281
Təkliyi, tənhalığı sevirəm,
tənha olduğum zaman
külək kimi əsirəm,
yağış kimi yağıram.
Günəşi şəfəq-şəfəq
gözlərimə sıxıram.
Ən uzaq ulduzlara yaxından baxıram.
Meracdan da yüksəkliyə qalxıram.
Təkliyi, tənhalığı sevirəm,
çünki tənha olmuram,
ilhamla üz-üzə qalıram.
Bir gözəl misramı yazarkən
ruhumun ekstazında oluram.
Mən tənha qalanda
fikir fəzasında dolaşıram,
söz alovunda alışıram,
aramsız axtarıram, çalışıram.
Tənhayamsa, demək güclüyəm,
dözümlüyəm, bahadıram.
Mən özümə qapılanda
vaxtı öldürmürəm,
yaşadıram,
yaşayıram!
ÇİÇƏKLƏYİR
Yazın gəlişiylə aləm oyanır,
min-min bağ-bağatda bar çiçəkləyir.
Al-əlvan geyinir çəmən, çöl-bayır,
harda ki, nəbatat var, çiçəkləyir.
Sən demə, hər şeyin qisməti, payı,
gülün günü vardır, meyvənin ayı.
Bölən düzmü bölüb bu haqqı-sayı,
alça yeyiləndə nar çiçəkləyir?
Dostları ilə paylaş: |