ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Qraf hiddətlə:  
– Müsyö! – deyə bağırdı. 
– Hirslənmə, Rudolf. Müsyö Puaro həqiqətləri bir az amansız şəkildə ifadə edir. 
Ancaq sözlərini inkar edə bilmərik. 
– Bunu belə rahatlıqla etiraf etmənizə sevinirəm, madam. İndi mənə 
pasportunuzdakı adınızı dəyişdirmənizin səbəbini izah edə bilərsinizmi? 
Qraf araya girdi:  
– O, tamamən mənim günahım üzündən olub.  
Helena üsulluca:  
– Müsyö Puaro, hər halda, səbəblərini təxmin edə bilirsiniz, – dedi. – Öldürülən bu 
adam bacım oğlunun – körpə balanın qatiliydi. Bacımın ölümünə səbəb olmuş, 
yeznəmin həyatını məhv etmişdi. Dünyada ən çox sevdiyim üç adamın düşməniydi 
o. Ailəmin, bütün dünyam olan üç adamın! – Səsi həyəcanla titrədi. 
Geniş tamaşaçı kütləsini ağladan o böyük aktrisanın qızı olduğu məlum olurdu. 
Sonra daha sakit bir səslə davam etdi.  
– Qatardakı bütün yolçuların içində o adamın ölməsini ən çox mən istərdim. 
– Ancaq onu siz öldürmədiniz, eləmi, madam?  
– Müsyö Puaro, sizə and içirəm. O adamı öldürməyi çox istəməyimə baxmayaraq, 
ona heç bir zərər verməmişəm. Ərim də bunun belə olduğunu bilir. O da and içə 
bilər. 
Qraf:  
– Namusuma and olsun, – dedi. – Helena dünən gecə kupedən heç çıxmadı. Daha 
öncə də söylədiyim kimi, yuxu dərmanı içdi. O, tamamən günahsızdır bu məsələdə.  
Puaro bir ona baxdı, bir gənc qadına. Qraf təkrarladı:  
– Namusuma and olsun.  


Puaro başını xəfifcə yellədi:  
– Ancaq buna baxmayaraq, pasportdakı adı dəyişdirdiniz? 
Qraf ürəkdən gələn həyəcanlı səslə:  
– Müsyö Puaro, – dedi. – Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. 
Arvadımın adının çirkin bir hadisədə hallanmasına dözə bilərdimmi? O 
günahsızdır. Bunu bilirdim. Ancaq söylədiyiniz də doğruydu. Armstronq ailəsiylə 
olan əlaqəsi üzündən ondan o saat şübhələnəcəkdilər. Onu istintaqa çəkəcək, bəlkə 
də, tutacaqdılar. Pis bir təsadüf Retçettlə eyni qatara düşməyimizə səbəb olmuşdu. 
Artıq əlimizdən heç bir şey gəlməyəcəkdi. Sizə yalan söylədiyimi etiraf edirəm, 
müsyö. Bir şeydən başqa. Arvadım dünən gecə, həqiqətən də, kupedən heç 
çıxmadı.  
İnanmamaq çətin olan bir səmimiyyətlə danışırdı. Puaro ağır-ağır:  
– Sizə inanmadığımı söyləmədim, müsyö, – dedi. – Sizin çox qədim və şərəfli bir 
ailədən olduğunuzu bilirəm. Arvadınızın pis bir hadisədə adının hallanması sizin 
üçün çox böyük dərd olardı. Bu baxımdan sizi anlayıram. Ancaq arvadınızın 
dəsmalının ölən adamın kupesində tapılmasına nə deyəcəksiniz? 
Qrafinya:  
– O dəsmal mənim deyil, müsyö, – dedi. 
– “H” nişanına baxmayaraqmı? 
– Nişana baxmayaraq. Buna bənzər dəsmallarım var. Ancaq tam bu şəkildə olanı 
yoxdur. Mənə inanmayacağınızı bilirəm, əlbəttə. Ancaq əmin olun, bu, bir 
həqiqətdir. O dəsmal mənim deyil. 
– Bəlkə, dəsmalı kupeyə günahı sizin üzərinizə yıxmaq istəyən biri atıb. 
Gənc qadın xəfifcə gülümsədi.  
– Yəni axırda, heç nəyə baxmayaraq, dəsmalın yenə də mənim olduğunu mənə 
etiraf etdirmək istəyirsiniz? Əmin olun, dəsmal mənim deyil. 
– Madam dəsmal sizin deyildi, o halda pasportdakı adı nəyə görə dəyişdirdiniz? 


Bu suala qraf cavab verdi.  
– Çünki üzərində “H” markası olan bir dəsmalın olduğunu eşitdik. Dindirilməyə 
çağırılmamışdan əvvəl bu məsələni öz aramızda danışdıq. Helenaya adının “H” 
hərfiylə başladığı ortaya çıxacağı təqdirdə onu çox çək-çevirə salacağınızı 
söylədim. Bu iş o qədər sadə idi ki, Helenanı Elenaya asanlıqla çevirdik. 
Puaro ifadəsiz bir səslə:  
– Sizdə cinayətkara xas olan bütün başlanğıc əlamətlər var, qraf, – dedi. – Parlaq 
zəkanız və qanunları pozmaqda amansız əzmkarlığınız varmış. 
– Aa, xeyr, xeyr. – Gənc qadın önə doğru əyildi. – Müsyö Puaro, ərim sizə hər şeyi 
olduğu kimi danışdı. – Fransızcadan ingiliscəyə keçdi. – Qorxdum. Çox qorxdum, 
başa düşürsünüzmü? Keçmişdə çox faciəli günlər keçirmişdik. Və indi hər şeyi 
yenidən yaşamaq istəmədim. Üstəlik, məndən şübhələnəcək, hətta bəlkə də, məni 
həbs edəcəkdilər. Çox qorxdum, müsyö Puaro. Bunu başa düşürsünüzmü?  
Səsi çox gözəl idi. Aşağı tonlu, sinədən gələn, yalvarış dolu bir səs. Aktrisa Linda 
Ardenin qızı olduğu özünü göstərirdi. 
Puaro ciddi nəzərlərlə ona baxdı:  
– Sizə inanmağımı istəyirsinizsə, o zaman mənə yardım etməlisiniz, madam. 
– Sizə yardım etməkmi? 
– Bəli. Cinayətin səbəbi keçmişdə gizlənib. Yuvanızı dağıdan, sizi sarsıdan o 
fəlakətlə bağlıdır. Məni keçmişə aparın, madam. Beləcə, hər şeyi açıqlayacaq o 
düyünü tapmaq istəyirəm. 
– Sizə nə danışa bilərəm? Hamısı öldü. – Dərin iztirabla təkrarladı. – Öldülər. 
Hamısı öldü. Robert, Sonya, sevgili Deyzi. O qədər şirin, o qədər xoşbəxt idi... elə 
gözəl qıvrım saçları vardı ki. Hamımız da ona heyran olmuşduq. 
– Bir qurban daha vardı, madam. Dolayı bir şəkildə qurban olan bir adam. 
– Yazıq Susannanımı deyirsiniz? Bəli, onu unutmuşdum. Polis onu sorğu-suala 
çəkmişdi. Susannanın hadisəylə bir əlaqəsi olduğundan şübhələnirdilər. Bəlkə də, 
əlaqəsi vardı, amma pis niyyətlə deyil. Deyəsən, kiminsə yanında boşboğazlıq 


etmişdi, ona Deyzinin nə zamanlar küçəyə çıxdığı haqqında məlumat vermişdi. 
Zavallı qızcığaz hadisədən sonra çox sarsılmışdı. Onu günahkar hesab etdiklərini 
fikirləşirdi. – Bədənindən bir titrətmə keçdi. – Özünü pəncərədən atdı. Ah! 
Qorxunc bir şey idi bu. – Əlləriylə üzünü qapatdı. 
– Hansı millətdəndi o, madam? 
– Fransızdı. 
– Soyadı nəydi? 
– Çox qəribədir, amma xatırlaya bilməyəcəyəm. Hamımız onu “Susanna” – deyə 
çağırırdıq. Gülərüzlü, gözəl bir qızdı. Deyziyə də çox bağlıydı. 
– Uşaq otağına baxırdı, elə deyilmi? 
– Bəli. 
– Yaxşı, bəs dayə kim idi? 
– Diplomlu bir tibb bacısı. Familiyası Stenqelberq idi. O da Deyziə çox bağlıydı. 
Bacıma da. 
– İndi, madam, sualıma cavab verməzdən əvvəl yaxşıca düşünmənizi istəyirəm. Bu 
qatara mindiyinizdən bəri tanıdığınız bir adamla qarşılaşdınızmı? 
Gənc qadın ona heyrətlə baxdı.  
– Mənmi? Xeyr, heç kimsəylə qarşılaşmadım. 
– Bəs knyaginya Draqomirova? 
– Ah, omu? Onu tanıyıram, əlbəttə. Mən sizin o... o hadisədən bir adamı nəzərdə 
tutduğunuzu sandım. 
– Mən də bunu nəzərdə tuturam elə. İndi yaxşı düşünün. Unutmayın, aradan illər 
keçdi. Bu, kişi, ya da qadın olsun, görkəmini dəyişdirmiş ola bilər. 
Helena dərin-dərin düşündü. Sonra da,  
– Xeyr, – dedi. – Belə bir adamın olmadığından əminəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə