Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

- Bizim qohum sən olarsan? - dedi. 
- Bəli, - deyən kimi qollarını açıb məni qucaqladı. Öpüşüb kövrəldik. Niyə 
kövrəldik, bu günədək özüm də bilmirəm. Onun od kimi isti, xəstəhal nəfəsini indi 
də üz-gözümdə hiss edirəm. Şair bir addım geri atıb mənə başdan-ayağadək bir də 
baxdı: - Ayə, - dedi, - sən elə mənim gəncliyimsən ki, qoca Səməd Vurğunla 
üzbəüz durubsan. 
Qonaqları Hidayət müəllimin evinə apardıq. O, əvvəlcədən hazırlıq 
görmüşdü. Mən də bərayi-ehtiyat balaca bir hazırlıq eləmişdim. Çünki Hidayət 
müəllim mənə demişdi ki, sizin ailə ilə çox maraqlanır, ananla görüşmək istəyir. 
Mən nisbətən cavan olduğumdan onlarla çox da həmsöhbət ola bilmirdim. Yemək-
içmək başlandı. Elə birinci badələr qaldırılanda Səməd Vurğun hiss elədi ki, bizim 
evdə deyil. Onda dedi: 
- İçin, nuş olsun. Belə çıxır ki, mən buraya Hidayətin evini görməyə 
gəlmişəm, qohumumun yox... 
Durub bizə gəldik. Anamla görüşüb öpüşdü. Yanaşı oturub xeyli söhbət 
elədi. 
- Ay Fatma xanım, - dedi, - bilirsən sən kimə oxşayırsan? 
- Bilirəm, niyə bilmirəm. sənin nənən, mənim də xalam Aşa qarıya. 
- İcazə ver, səni bir də öpüm. Səni gördüm elə bil rəhmətlik nənəmlə 
görüşdüm. Torpağı sanı yaşayasan, - sonra üzünü məclisdəkilərə tutub: - Hə, 
dostlar, - dedi. - Allaha şükür ki, özümün ağalıq evinə qonaq gəldim. İndi özümü 
burada rahat hiss edirəm. 
Bizim raykom katibi Səmədə qıyğacı baxıb, kinayə ilə: 
- Nə ağabazlıqdır, - dedi, - yoldaş Vurğun, ağaynan, bəynən çoxdan 
qurtarmışıq. 
Səməd təfərünclə ona baxa-baxa: 
- Yoldaş, - dedi, - sən hansı vəzifədə işləyirsən? 
Bir yaltaq dərhal: 
- Bizim raykom katibidir, - dedi, - Səməd müəllim. 
Səməd Vurğun iti və sərt baxışlarını katibdən yayındırmadan: 
- Danışığından və hərəkətlərindən demaqoq adama oxşayırsan. Təsadüfən 
bizim ağalığımızı yuxarılara yazmazsan ki... 
- Yazardım, şair, nə qabiliyyətim, nə də dəftər-qələmim yoxdu. 
Səməd Vurğun gur və şaqraq səslə: 
- Ayə, onda çalın oynayaq, - dedi, - raykom katibiniz savadsız çıxdı. 
Bu, Səməd Vurğunun bizə birinci və axırıncı gəlişi oldu. 
 
* * * 
 
Daşdəmir ağanın ana babası Həsən Əfəndiyev 1905-ci ildə Sankt-
Peterburqda universitet bitirir. Rus qızı ilə evlənib Salahlıya qayıdır. 
Atası Musa əfəndi oğlunun gavur qızına evləndiyidə bərk əsəbiləşir. Övlad 
kimi onu vərəsəlikdən məhrum edir. Hirslənən ata: 


- Çıx, - deyir, - mənim evimdən, kəndimdən. Sən mənim pak evimə qara 
ləkə saldın. Eldə-obada məni rüsvay elədin.   
Oğlu Həsən yalvar-yaxarla bircə gecə qalmağa rüsxət isxəyir. Allahın 
qəzəbindənmi, yoxsa tərslikdənmi gecə ot tayası uçur, arıq bir camış altda qalıb 
ölür. 
Musa əfəndi haray salıb:  
- Oğlum kafir qızı aldığına görə evimə bəla gəldi, - deyib Həsəni evdən 
qovur, 
Türkmənistana gedən Həsən 1908-ci ildə ilk dəfə Aşqabadda rus-tatar 
məktəbi açır. 1937-ci ildə Ali Təhsil Nazirliyində yüksək vəzifədə işləyən Həsəni 
nəslən ağa olduğuna görə güllələyirlər. Onun üç oğlu - Aman, İsgəndər və Cavad 
indi də Aşqabadda yaşayırlar. Nəslin bir qolu da orada davam edir, 
 
Aprel, 1993 
 
 
BİR ŞƏKİL, BİR DƏ XATİRƏ... 
 
Cəlal müəllim rəngi saralmış qovluqları stolun üstünə qoydu. Ehmalca 
onların üstündəki tozu sildi. Eynəyini gözünə taxıb, ehtiyatla vərəqləməyə başladı. 
- Bu qovluqlarda çox adamların fotoşəkilləri, əlyazmaları və xatirələri var. 
Birini də siz götürün, birlikdə axtaraq, - deyə üzünü mənə tutdu. 
Xalq rəssamı Cəlal Qaryağdı müharibədə qəhrəmanlıqla həlak olmuş, yaxın 
dostu, heykəltəraş Məmməd Yusifovun şəklini axtarırdı. Qovluqdakı köhnə qəzet 
parçalarına, əlyazmalarına, fotoşəkillərə baxdıqca adam istər-istəməz keçən günləri 
xatırlayırdı. 
...Gözlərimə inana bilmirəm. Nadir bir fotoşəkil. Şəklin üzünü Cəlal 
müəllimə tutub: 
- Bu, olmaya Səməd Vurğundur? - deyə həyəcanla soruşdum. 
- Özüdü ki, var, axı, biz dost idik. 
- Şəkil harada, neçənci ildə çəkilib? 
- Müharibə illərində “Kommunist” qəzetində rəssam işləyirdim. Yaxşı 
xatırlaya bilmirəm, cəbhəyə gedənləri yola salırdıq, yoxsa qayıdanları 
qarşılayırdıq. Onda Səməd şer oxudu. Fotoqraf dostumdan xahiş elədim ki, onun 
şəklini şer deyən zaman çəkib mənə versin. 
O vaxt mən Səmədin heykəlini hazırlamaq haqqında fikirləşirdim. Onun 
qəzet və jurnallarda verilən şəkillərini yığırdım. Ən çox xoşuma gələn də bu şəkil 
oldu. İstəyirdim ki, şairin heykəlini məhz o vəziyyətdə, gördüyünüz şəkildəki kimi 
düzəldim. 
Mənim sərgilərdəki təzə əsərlərimi görəndə və ya onlar haqqında eşidəndə 
deyərdi: 
- Ayə, allahsız, a Qaryağdı, bə mənim heykəlimi nə vaxt hazırlayacaqsan? 
Səməd büstünu nəzərdə tuturdu. Əlini sinəsinə çəkib deyirdi ki, ayə, muzey-
zad üçün yox, elə-belə burdan yuxarı düzəlt, evə qoyacam. 


Düzü, onun büstünü düzəltməyə əlim gəlmirdi. Bilirsiniz niyə? Mənə elə 
gəlirdi ki, belə bir nəhəng şairin surətini balaca büstə sığışdıra bilmərəm. Axı, mən 
onu heç vaxt balaca təsəvvür edə bilmirdim. 
Neçə il dostluq elədik, bir dəfə də olsun mənə Cəlal demədi. Həmişə 
Qaryağdı - deyə çağırardı. Bir gün gileyləndim: 
- Səməd, insafın olsun, heç olmasa bir dəfə də adımı çağır. 
- Ayə, bilirsən, nə var? Qaryağdı deyəndə əmin Cabbar gəlib gözümün  
önündə durur. Mən onu xatırlamaqdan ləzzət alıram. Musiqidə o kişinin yeri 
əvəzsizdi. 
Muğana, Bəndovana, Samur və Pirsaat sahillərinə ova gedərdik. Bir dəfə 
Qusar tərəfə getmişdik. Yanında bir cavan alim də var idi. Oğlan çox rəsmi 
danışırdı. Səməd bir dinmədi, iki dinmədi. Birdən: 
- Ayə, yekə kişisən, - dedi, - bu meşədə nə “siz, biz” salıbsan. Mən 
Səmədəm, o da Qaryağdı, vəssalam. 
Rəsmiyyətçiliyi sevməzdi. Həmişə ovdan pay-piyada evə qayıdanda: 
- A Qaryağdı, bir ağız cəh-cəh vur görək, - deyərdi. - Mən deyəndə ki, 
Səməd, vallah, əlimdən gəlmir, hirslənərdi: 
- Sənin yaradanın qaçmasın, ayə, Şuşalı deyilsənmi, Qaryağdının nəvəsi 
kimdi bə? 
Sonra özü dodaqaltı zümzümə eləyərdi. 
- Calal müəllim, yəqin ki, elə-belə özü üçün oxuyardı, eləmi? 
- Yox, yox, nə zarafat, uşaqsanmı? Pəsdən, bir az da kədərli oxuya-oxuya 
baxışları uzaq çölləri dolanardı. Könülaçan səsi vardı. Ən çox da “Çoban 
bayatısı”nı oxuyardı. 
Calal müəllim susdu. Bir müddət dinmədi. Gödək barmaqları arasındakı 
“Avrora”nın tüstüsü qıvrıla-qıvrıla tavana doğru can atırdı. Kim bilir, keçən 
günlərin acılı-şirinli xatirələri onu çəkib hara aparmışdı, hansı obanın qonağı 
eləmişdi... 
- Belə vaxtlarda Səmədi dindir - dinməzdi, çağır - eşitməzdi. Həmişə də 
kövrək, qəmli mahnılar oxuyardı. Hərdən doluxsunmağı da vardı. Uca bir qayanın 
başına çıxan kimi oturub, dincini alar, aşağılara baxıb əli çənəsində susardı. Ova 
çox vaxt dan sökülməmiş gedərdi. Deyirdi ki, gecənin səssizliyindən xoşum gəlir. 
Yaxın dost idik. Bir-birimizin evinə gedib-gələrdik. O illərdə mən Cənubi Sovet 
meydanının yanında yaşayırdım. Bir gün bilmirəm harasa getmişdim. Evə 
qayıdanda qonşum Qurban Yusifzadə saatına baxıb dedi: 
- Calal, hardasan? Səməd səni düz qırx dəqiqə gözlədi. Nə qədər elədim evə 
də gəlmədi. Dedi Muğana gedirəm, Calala de ki, özünü yetirsin, hara gəlmək lazım 
olduğunu bilir. 
Saatlıda bir qoca dostumuz vardı. Səmədi onun evində tapdım. 
Kəndlərdə onu görən kimi qoca-cavan yığışardı başına. Şerdən, sənətdən 
danışmaqdan yorulmazdı. Qoca kişilərlə dost idi. Çöldə göy otluğa uzanıb, evdə 
mütəkkəyə söykənib qocaların dədə-baba söhbətlərinə qulaq asmaqdan ləzzət 
alardı. Mən onun heykəlini işləməyə başlayanda xəstə idi. Bir gün məni yanına 
çağırtdırmışdı. Getdim. Məni görən kimi yastığa dirsəkləndi. Öpüşdük. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə