Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə65/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   61   62   63   64   65   66   67   68   ...   97

141 
 
    Aşokaya  gəldikdə  isə,  onun  dövründə  ölkədə  həm  də  çox  sayda  buddizm 
monastırları  yarandı.  Aşokanın  öz  nümunəsi  ilə  adamlar  arasında  vegetarianlığın 
populyarlığına  nail  olundu.  Hindistanın  XX  əsrin  birinci  yarısındakı  görkəmli  lideri 
Mahatma Qandi də ömrünün əksər hissəsində vegetarian olmuşdu. Lakin sonralar öz 
ölkəsinin  qızmar  istisində  bunun  bədənin  müqavimət  qüvvəsini  zəiflətdiyini  əsas 
gətirərək, ona riayətdən və bu pəhrizin təbliğindən uzaqlaşmışdı. Qandi bunu həm də 
bir sosial aspekt hesab edirdi.  
Aşoka 37 il hökmranlıq etdikdən sonra öldü. Ölümündən bir az əvvəl o, buddist 
rahibinə çevrilmişdi. O, deyirdi ki, “bütün adamlar mənim uşaqlarımdır”.  
Onun ediktlərində drahmanın başlıca prinsipləri olan zorakılıq etməmək, bütün 
sektalara və rəylərə dözümlülük, valideynlərə qulaq asmaq, din xadimlərinə hörmət, 
dosta  qarşı  alicənablıq  göstərmək  təsbit  edilirdi.  İngilis  yazıçısı  Herbert  Uells  onun 
haqqında  belə  yazırdı:  “Tarixin  səhifələrindəki  on  minlərlə  monarxların  arasında 
Aşokanın  adı,  demək  olar  ki,  tənha  ulduz  kimi  işıq  saçır.  Volqadan  Yaponiyayadək 
hər  yerdə  onun  adı  şərəflə  əhatə  olunmuşdur.  Çin,  Tibet,  hətta  onun  təlimindən 
uzaqlaşan  Hindistan  onun  böyüklüyü  barədəki  rəvayətləri  unutmur.  Onun  xatirəsinə 
ehtiramla qoruyub saxlayan adamlar, kimdənsə eşitdikləri Konstantin və Böyük Karl 
barədə  nəsə  bilənlərdən  sayca  xeyli  çoxdur.”  Ancaq  Hindistanda  hinduizm  dini 
yayıldıqca,  vətəni  sayılan  və  oradan  Çinə,  Yaponiyaya  yayılan  buddizm  burada  öz 
təsirini itirməyə başlamışdı. 
 
         Spartak və “nəcib imperatorlar” 
 
Qədim  Romada  b.e.ə.  74-71-ci  illərdə  qul  üsyanına  başçılıq  edən  Spartak 
özünün böyük igidlikdən xəbər verən mübarizəsində heç nəyə nail olmasa da, tarixdə 
görünməmiş şöhrət qazandı. Spartakın yandırdığı azadlıq məşəli bir sıra xalqların və 
milyonlarla  insanların  qəlblərinə  işıq  salıb,  onları  mübarizəyə  çağırdı.  Spartak 
frakiyalı  qul  olmaqla  Kapuya  şəhərindəki  qladiator  məktəbində  qılıncla  döyüş 
müəllimi  idi  və  digər  qullarla  birgə  hazırladığı  qəsdin  üstü  açıldıqda,  onlar  qaçıb 
Vezuvi dağında özlərinə dayaq yeri düzəltmişdilər. Az müddətdə Spartakın ordusu 70 
min quldan ibarət oldu və üsyan Cənubi İtaliyanı bütünlüklə bürüdü. Qul ordusu bir-
birinin ardınca döyüşlərdə qələbə çalırdı. Lakin sonra ordu parçalandı.  
Spartak İtaliyanı tərk etmək üçün Şimala getsə də, oradakı təbii çətinlikləri də 
nəzərə alıb, geri qayıtmağı qərara aldı. Onun ordusunda artıq 120 min adam var idi. 
Cənuba gəlib çıxan Spartak ordusu Krassın qurduğu tələyə salındı. Son böyük döyüş 
b.e.ə. 71-ci ildə Apuliyada getdi və bu qızğın vuruşda Spartakın ordusu məğlub oldu. 


142 
 
Əsir götürülən 6 min qul Kapuyadan Romaya gedən Appi yolu boyu çarmıxa çəkildi. 
Spartakın  özü  döyüşdə  həlak  olsa  da,  romalılar  onun  meyidini  tapa  bilmədi.  O, 
qəhrəman  olsa  da,  əvvəldən  də  böyük  uğura  ümid  edə  bilməzdi.  Romanın  qüdrəti 
qarşısında  qul  üsyanı  zəif  bir  cəhddən  o  qədər  uzağa  getmirdi.  Lakin  tarixdə  onun 
qalibi olan Krass elə bir şöhrətə sahib ola bilmədi, b.e.ə. 53-cü ildə isə parfiyalılarla 
vuruşda  həlak  oldu.  Teatrda  qədim  yunan  faciəsinin  tamaşası  göstərilərkən,  onun 
kəsilmiş  başı  düşmənləri  tərəfindən  qələbə  müjdəsi  kimi  səhnədə  dığırlandırıldı. 
Spartak isə özünə ölməzlik haləsi, əbədi şöhrət qazandı. 
     Bizim  eranın  I  əsrinin  sonundan  Qədim  Romada  beş  imperatorun  hakimiyyət 
illərini əhatə edən “nəcib imperatorlar” dövrü gəlir. Onlardan Trayan və Mark Avreli 
daha görkəmli şəxsiyyətlər hesab olunurlar. Bir çox tarixçilərə görə Pax Romana-ya 
(“Roma sülhünə”) bir əlamət kimi I əsrin sonu, II əsrin üç rübü ərzindəki imperiyanın 
inkişafı  aiddir,  bunlar  Roma  idarəçiliyinin  başlıca  faydalarından  ibarət  olmaqla, 
həmin  “nəcib  imperatorların”  fəaliyyəti  ilə  bağlıdır.  Bu  hökmdarlar  idarə  edən 
siniflərə  hörmətlə  yanaşır,  senatla  əməkdaşlıq  edir,  edamlara  əsasən  son  qoyur, 
imperiyada  sülhü  bərqərar  edir  və  daxili  siyasətdə  çox  hallarda  imperiyaya  xeyirli 
olanları  dəstəkləyirdilər.  Mütləq  monarx  olmalarına  baxmayaraq,  onlar  öz 
tolerantlıqları və diplomatiyaları ilə fərqlənirdilər.  
96-cı  ildə  hakimiyyətə  gələn  Nerva  özünün  qoca  yaşda  olduğunu  nəzərə  alıb, 
Kapitoliyə  çıxaraq,  qışqıra-qışqıra  dedi:  “Mənim  ən  yaxşı  uğurum  Roma  senatına, 
xalqına və özümə xidmət etməkdir. Bununla yanaşı, mən Mark Ulpi Trayanı özümə 
oğulluğa  götürürəm”.  Onun  özünün  oğlu  yox  idi.  Trayan  98-117-ci  illərdə 
imperatorluq etmişdi. O, bacarıqlı bir adam olmaqla, ordu tərəfindən də yaxşı qəbul 
edilmişdi.  Ən  başlıcası  isə  o  idi  ki,  özünə  və  başqalarına  qarşı  tələbkar  idi.  O, 
İspaniyada  bir  qədim  Roma  nəslində  dünyaya  gəlmişdi  və  İtaliyadan  kənarda 
doğulmuş ilk imperator idi. 
Trayan  Romaya  qayıdıb,  senatda  imperator  səlahiyyətlərini  qəbul  etmək 
əvəzinə,  bir  ilə  yaxın  müddətdə  Reyn  və  Dunay  çaylarının  üstündə  qaldı,  Dakiyaya 
müdaxilə  etmək  kampaniyasına  hazırlıq  gördü.  Şəhərlərin  adətən  yeni  seçilmiş 
imperatora  göndərdikləri  qızılı  İtaliyaya  və  əyalətlərə  bağışladı.  Onun  ilk  böyük 
işlərindən  biri  o  vaxtlar  hüquqi  ittihamçı  kimi  çıxış  edən  çuğulçuların  azğınlığına, 
soyğunçuluğuna son qoyması idi. Bu çuğulçulara müttəhimdən müsadirə edilən var-
dövlətin  bir  hissəsi  çatdığından,  onlar  saxta  ittihamlara  daha  maraqla  girişirdilər. 
Trayan onların hamısını yığdırıb, tələsik qayırılmış, sınıq-salxaq bir gəmiyə oturdub, 
dənizin quduz dalğalarının amansız sərəncamına buraxdı. Roma əhalisi son dövrlərin 
ən böyük qarətçilərindən bu yolla xilas olundu.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə