Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Onun idarəetməsi dövründə Afina çox inkişaf etmişdi. Onun ən böyük xidməti öz 
şəhərində demokratiyanın geniş tətbiq etməsi olmuşdu. Perikl Afinanın orta və yoxsul 
təbəqələrini dövlətin idarə edilməsinə cəlb etdi. Avropa tarixində ilk dəfə dövlətdə həqiqi 
demokratiya – xalqın hakimiyyəti meydana gəldi. Perikl vəzifəlilərin məsuliyyətini 
artırmaq üçün onlara maaş verilməsini tətbiq etdi. Lakin vətəndaşların siyasi hüquqlarına 
az adam malik idi, demokratiya şəhər əhalisinin heç də bütün yaşlı hissəsini əhatə etmirdi. 
Baş rolu ali qanunvericilik orqanı olan Xalq yığıncağı oynayırdı, onda isə 315 min sakindən 
yalnız 45 mini iştirak edirdi. Vətəndaş cəmiyyətindən kənarda qadınlar, meteklər 
(kənardan gələn azad sakinlər) və qullar qalırdılar.  
Afinannın demokratiya təcrübəsindən geniş istifadə edən Romada isə hələ b.e.ə. 
494-cü ildə pleybeylər (yoxsul təbəqə) Xalq yığıncağına öz nümayəndələrini – xalq 
tribunlarını seçmək hüququ əldə etmişdilər. Onlar vetonun köməyi ilə istənilən qanunun 
icrasını dayandıra bilərdilər və qanunvericilik təşəbbüsünə malik idilər. Lakin hakimiyyət 
patritsilərin (torpağa sahib olan aristokratiyanın) əlində idi, ali hakimiyyət orqanları – 
senat və magistraturalar məhz onlardan ibarət idi. Senat isə müharibə və sülh məsələlərini 
həll edir, maliyyə işlərini aparırdı.  
Afina dövlətə xidmətdə qüsurlara yol verənləri ostrakizmə məruz qoyurdu. Ən 
sınanmış dövlət xadimləri və qalibiyyətli sərkərdələr də bu və ya daha ağır cəzadan yayına 
bilmirdilər. Afinada yeni səsvermə qaydası – ostrakizm meydana gəldikdə Xalq yığıncağı 
iştirakçılarının yarıdan çox səsini öz əleyhinə almış adamlar 10 il müddətinə şəhərdən 
qovulurdu. Siyasətçi Hipparx onun ilk qurbanı oldu. Bəzi dövlət xadimləri başqa ölkələrə 
qaçırdılar. Görkəmli dövlət xadimi Alkiviad b.e.ə. 415-ci ildə Siciliyaya yürüşün 
təşkilatçılarından biri olmuşdu. O, üzüb getməmişdən əvvəl allah Hermesin təsvirini qırıb 
dağıtmaqda ittiham edilmiş və edamdan xilas olmaq üçün Spartaya qaçmışdı. O, 
spartalılarla Persiya satrapı arasında Afinaya qarşı vasitəçilik etmişdi. 
Afinada oliqarxlar dövlət çevrilişi etdikdən sonra Alkiviad Afina donanmasının 
komandanı, sonra isə strateq seçildi, lakin məğlubiyyətdən sonra hakimiyyətdən 
uzaqlaşdırıldı. Bu dəfə spartalıların qisasından xilas olmaq üçün Persiya satrapı 
Farnabazın yanına qaçdı, lakin satrap onu öldürməyi əmr etdi.  
Hərbi xadim Femistokl Salamin döyüşündə Persiya donanmasını darmadağın 
etmişdi. Lakin intriqa nəticəsində onu dövlətə xəyanətdə ittiham edib, ölüm hökmünə 
məhkum etdilər. O, Persiya çarının yanına qaçdı və sonra özünü intihar etdi.  
Qədim yunanların elmə ən böyük töhfəsi fəlsəfədir. Bu ölkədə fəlsəfə çiçəklənmə 
dövrünü yaşadı. Mifoloji təfəkkürdən əsl fəlsəfi, elmi təfəkkürə keçilməsi baş verdi.  
Qədim filosofları kosmosun quruluşu, insanın məişəti və yeri məsələləri 
maraqlandırırdı. Naturfəlsəfə ilə yanaşı, etika da inkişaf edirdi. Belə ki, qanunlar artıq 
allahların vəhyi kimi hesab olunmurdu, onları müzakirə etmək və dəyişdirmək olardı. 
İnsan, dünya ilə qarşılıqlı əlaqəni düzgün anlamaq əsasında əxlaqi qaydada hərəkət edə 
bilər və etməli idi. İlk dialektika filosofu olan Zenon Eleyli əşyaların hərəkətinin və 
çoxluğunun mümkün olmaması barədəki təlimin həqiqiliyini sübut etməyə çalışırdı. Onun 
Axill barədə bir misalı məşhurdur: Axill ondan əvvəl hərəkətə başlayan tısbağaya çata 


bilməz. Zenonun müəllimi Eleydən olan Parmenid ilk olaraq hissiyyatı və təfəkkürü bir-
birindən ayırmışdı. Yalnız axırıncı həqiqətə gətirib çatdıra bilər. Empedokl «Təbiət 
haqqında» poemasında dörd əsas element – od, su, hava, torpaq barədəki təlimi inkişaf 
etdirmişdi. Elementar hissələrin birləşməsi və ayrılması hesabına hadisələr dünyası 
mövcud olur. Birləşmənin səbəbi – məhəbbət, ayrılmanınkı isə nifrətdir. Protaqor isə (b.e.ə. 
480-415-ci illər) daha məşhur sofist idi. «İnsan hər şeyin ölçüsüdür» hikməti ona 
məxsusdur. Anaksaqor isə materiyanın strukturunu öyrənirdi, bütün cisimlər onlara 
bənzəyən çox kiçik hissəciklərdən ibarətdir. Günəşi, Ayı, ulduzları və meteoritləri o, ilahi 
quvvə deyil, yanıb qızarmış daş kütlələri hesab edirdi. 
Avropa ədəbiyyatında ilk görkəmli komedioqraf Aristofan onlarla əsərin müəllifi 
olmaqla, həyatı dərk etməkdə heç də filosoflardan geri qalmırdı, komediyadan siyasi silah 
kimi istifadə edirdi. Onun komediyaları müharibəyə qarşı etiraz və dinc həyat arzusunu 
ifadə edirdi. «Lisistrata» əsərində o, göstərirdi ki, qadınlar müharibəyə son qoymaq 
vasitəsini icad etmişlər. Bu icad isə ondan ibarət idi ki, onlar ərləri müharibəyə son 
qoymayana qədər onlarla intim yaxınlıq etməyəcəklərinə söz vermişdilər.  
Yunan qadını Sapfo  (b.e.ə. VII əsrdə yaşamışdır) qədim dövrün ən məşhur şairəsi 
sayılırdı. Antik erada Platonun onun nəğmələri toplumuna yazdığı epiqramda deyilirdi: 
«Muzaların doqquz olduğu hesab edilir, lakin onlar çoxdur: axı Lesbos adasından olan 
Sapfo da muzaya çevrildi. Onunla birlikdə indi onlar ondur».  
Sapfonun doqquz kitabından yalnız parçalar qalmışdır. Onların arasında şairənin 
qardaşına, qızlarına yazdığı şeirlər, nikah nəğmələri olan epitalamiyalar vardır. Sapfo 
əsasən başçılıq etdiyi kult birliyinə – fiasa müraciət edir. Afroditaya həsr olunmuş bu 
birlikdə qızlar ərə getməyə hazırlaşırdılar. Sapfonun şeirlərində məhəbbət və həsrət 
motivləri çoxluq təşkil edir, hadisələr parlaq və şən təbiət qoynunda baş verir. Şairənin 
düşüncəsində məhəbbət «ondan müdafiə» olunması mümkün olmayan şirin-acı əjdahadır. 
Qədim yunan filosofları arasında Platon xüsusi yer tutur. Onun fəlsəfəsi Avropa 
mədəniyyətində dərin iz qoyub getmişdir. B.e.ə. 428-ci ildə Afinada anadan olan Platon 
gəncliyində Sokratın tələbəsi olmuşdu və onun görüşlərini öz əsərlərində nəql etmişdi. 
Sokratın b.e.ə. 399-cu ildəki ölümündən sonra Platon məşhur Meqar fəlsəfi məktəbinə 
yollanmışdı. Xeyli səfərlərdən sonra Afinaya qayıdıb, öz bağında akademiya adını alan 
məktəb açmış və orada pulsuz qaydada fəlsəfəni öyrətmişdi. O, öz təlimini 15 əsərində 
izah etmişdi. Onların hamısı dialoq şəklindədir. Platon Protaqorun insan haqqındakı 
məşhur tezisinə əks çıxaraq, belə bir fikir irəli sürmüşdü ki, insanın fikirlərinin və işlərinin 
ümumi ölçüsü əbədi ideyalarla qoyulur, Platona görə, ideyalar həqiqi reallıqdır. İnsan 
ideyanı dərk edə bilər və ya daha dəqiq deyilsə, onları xatırlaya bilər, belə ki, ölməz ruh 
anadan doğulan andan ideyalar dünyasında yaşayır. Bu ideyalar dünyasında ən yüksək 
fayda – xeyir, ləyaqətdir (müdriklik, ədalət, ağıllılıq, mərdlik), ləyaqətə isə ən ali davranış 
sənəti kimi istənilən adamı öyrətmək olar.  
Platon siyasi quruluşun utopik idealını «Dövlət» dialoqunda yaradır. Platonun 
dövlətini filosoflar idarə edir, bu dövlət vətəndaşların mənəvi gücünə əsaslanır, lakin həm 
də dəqiq təbəqə bölgüsünə malikdir.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə