Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

 
24 
əhəmiyyətini itirdi. Senturiya komitsialarında bütün vəzifəli şəxslərin (magistratların) 
seçkisi gedirdi. Tribut komitsialarında əsas qanunlar qəbul edilirdi və xalq tribunları 
seçilirdi.  Bu  komitsialar  ən  demokratik  orqan  hesab  olunurdu.  Çünki  onların  işində 
mənşəyindən  və  əmlak  senzindən  asılı  olmayaraq  Roma  xalqının  hamısı  -  Populus 
Romanus iştirak edirdi.  
Bütün  respublika  vəzifələri  (magistraturalar)  qısa  müddətli,  bir  qayda  olaraq 
illik  və  kollegial  olmaqla,  onlara  heç  bir  maaş  verilmirdi.  Magistratlar  yüksək  və 
aşağı  dərəcələrə  bölünürdü.  Yüksək  magistratulara  konsullar,  pretorlar,  xalq 
tribunları  və  s.  daxil  idi.  Xüsusi  hallarda  və  qısa  müddətə  qeyri-adi,  fövqəladə 
magistratlar  təyin  edilirdi.  Bura  diktator  və  onun  müavini  -  süvari  dəstə  rəisi  və 
fövqəladə komissiyalar daxil idi. Diktator və onun müavini yalnız dövlətə ciddi hərbi 
təhlükə yarandıqda, altı ay müddətinə təyin edilirdi.  
Roma  respublika  quruluşunun  üçüncü  tərkib  hissəsi  senat  idi.  Bu  orqan 
nəsillərin ağsaqqallar şurası kimi meydana gəlmişdi. Əvvəlcə 100 nəfərdən, sonra isə 
300  nəfərdən  ibarət  oldu.  Sulla  diktaturası  dövründə  senatın  üzvlərinin  sayı  600-ə, 
Sezar diktaturası vaxtı isə 900-ə çatdırıldı.  
Roma  respublikasının  dövlət  quruluşunu,  onun  hakimiyyət  institutlarını  səthi 
də olsa təhlil etdikdən sonra, biz çarlığın məhv edilməsi və respublika quruluşunun 
təşəkkül  tapmasına  qayıtmalıyıq.  Əgər  Romul  Romanın  əsasını  qoymuşdusa,  Lutsi 
Yuni Brut onun çiçəklənməsinə yol açan yeni quruluşu meydana gətirdi. Bu quruluş 
dövründə  Roma  dünya  dövlətinə  çevrildi,  özünün  ən  qüdrətli  rəqibləri  olan 
Karfageni,  Yunanıstanı,  Makedoniyanı  demək  olar  ki,  eyni  vaxtda,  m.ə.  146-cı  ildə 
məğlub etməklə, Aralıq dənizini  romalıların "bizim dəniz" adlandırdığı öz göllərinə 
çevirdilər. Sonralar, XVII əsrdə isə kral XIV Luinin – Günəş Kralın vaxtında qüdrətli 
fransızlar da Aralıq dənizini öz gölləri hesab edirdilər.  
Brut  həmçinin  Romada  tiraniyanın  qarşısını  aldı,  onun  nəinki  çiçəklənib 
meyvə verməsinə imkan vermədi, hətta bu ağacı kökündən çıxarıb atdı. Qeyd etmək 
lazımdır ki, qədim Yunanıstanda da tiraniya uzun sürmədi, qısa ömürlü oldu. Burada 
dövlət idarəetmə forması kimi tiraniya elə Roma ilə bir dövrdə m.ə. VI əsrin sonunda 
çıradan çıxdı və demək olar ki, bütün yunan şəhərlərində bu quruluş məhv edildi. Bu 
da  bir  rəmzi  təsadüfdür  ki,  Afina  və  Romada  tiraniya  eyni  ildə  -  m.ə.  510-cu  ildə 
süqut etmişdi. Lakin respublika çarlıqdan bəzi şeyləri əxz etdi. Buna qullar institutu 
misal göstərilə bilər.  
Ümumiyyətlə, qədim yunanların Romaya təsiri, təkcə Likurqun Spartada tətbiq 
etdiyi dövlət quruluşunu romalıların əxz etməsi ilə bitmir. Qədim yunan mədəniyyəti 
daha yüksək və daha yaşlı olduğundan Roma mədəniyyətini mayalandırmışdır. Digər 
ölkələrdə olduğu kimi Romaya da ellin mədəniyyətinin təsiri böyük olmuşdu. Əgər 
şərq  ölkələrində  bu  təsir  Makedoniyalı  Aleksandrın  istilaları  ilə  əlaqədar  idisə, 
Romada əksinə ellin təsiri, məhz Roma Yunanıstanı hissə-hissə işğal etdikdən sonra 
gücləndi. Yunan şairinin çox sərrast dediyi kimi, öz mədəniyyəti ilə "məğlub edilmiş 
Yunanıstan, özünün sərt işğalçısını işğal etdi". Yunan mədəniyyəti daha inkişaf etmiş 
olduğundan  Roma  ondan  faydalanmağa  başladı.  M.ə.  146-cı  ildə  Romanın 
Yunanıstan  və  Makedoniya  üzərində  hərbi  qələbəsi  yunanların  mədəniyyətinin 
Romanı  öz  təsiri  altına  almasını  daha  da  gücləndirdi.  Romalılardan  fərqli  olaraq 
yunanlar  bu  cansız,  dinc  mübarizədə  qalib  gələrək  göstərdi  ki,  ellin  mədəniyyətinin 


 
25 
Şərqdə  olduğu  kimi  yunan  qılıncının  köməyinə  ehtiyacı  yoxdur,  elmə,  biliyə, 
mədəniyyətə can atan bir xalqı özünün qeyri-adi, mənəvi silahı ilə öz "əsarəti" altına 
ala  bilir.  Yunan  mədəniyyəti  hələ  "çar"  dövründən  və  ilkin  respublika  dövrlərindən 
Romaya  ayaq  açmışdı.  Romalılar  hələ  m.ə.  V  əsrdə  Afinaya,  Solonun  qanunlarının 
üzünü  köçürməyə  yollanmışdılar.  Ellin  mədəniyyətinin  güclü  təsiri  isə  romalılar 
miladdan  əvvəl  III  əsrdə  Pirrə  qalib  gəldikdən  və  Cənubi  İtaliyadakı  yunan 
şəhərlərini özlərinə tabe etdikdən sonra hiss olunmağa başladı. Bu dövrdən etibarən 
Romanın kübar dairələri arasında yunan dili geniş yayıldı. Dillə birlikdə bura yunan 
biliyi də daxil olmağa başladı. Şəhərdə yunan ritorlarının və filosoflarının sayı xeyli 
artdı.  
Ellin  mədəniyyəti  vasitəsilə  Romaya  Şərqin  mədəni  təsiri  də  yayılmağa 
başladı,  çünki  ellin  mədəniyyətinə  Şərq  də  müəyyən  qədər  qarşılıqlı  surətdə  nüfuz 
etmişdi.  Roma  dövlət  xadimləri,  sərkərdələri  Homeri,  Hesiodu,  Esxili,  Sofoklu 
bilmələri  ilə  öyünürdülər.  Roma  fəlsəfi  fikri  stoiklərin  və  epikurizmin  təməli 
üzərində  inkişaf  edirdi.  Roma  natiqləri  latın  dilində  çıxış  etdikləri  kimi,  yunan 
dilində də nitq söyləyə bilirdilər. Bir sözlə yunan mədəniyyəti Roma üçün aparıcı rol 
oynayırdı.  Tsitseron  özünün  "Dövlət  haqqında"  kitabında  haqlı  olaraq  yazırdı  ki, 
"Axı bizim şəhərimizə Yunanıstandan elmin və incəsənətin kiçik çayı deyil, bol sulu 
çayı  axırdı".  Sonradan  Roma  özü  dünya  sivilizasiyası  üçün  belə  nəhəng  çayın 
mənbəyinə çevrildi.  
 


 
26 
MÜHARİBƏLƏR VƏ ROMANIN ÖZÜNÜTƏSDİQİ 
 
Erkən  respublika  dövrü  Roma  üçün  arası  kəsilməyən  müharibələr  dövrü  idi. 
M.ə. V-III əsrlərdə Roma ətrafdakı  şəhərlərlə çoxlu müharibələr aparır. Əlbəttə, bu 
dövrdə  Romanın  başlıca  rəqibi  etrusklar  idi.  Etrusklar,  Herodotun  yazdığına  görə, 
Kiçik  Asiyadan  gəlmişdilər.  Lakin  etrusklar  dəniz  kənarında  deyil,  Apennin 
yarımadasında  sahildən  xeyli  aralıda  məskunlaşmışdılar.  Etrusk  şəhər-dövlətlərinin 
qüdrəti m.ə. VII-VI əsrlərdə xeyli güclənmişdi. Etrusk şəhərləri İtaliyanın şimalında 
və  cənubunda  müstəmləkəçilik  siyasəti  aparır  və  öz  ağalığını  bütün  yarımadaya 
yayırdılar.  M.ə.  VI  əsrdə  isə  onların  ekspansiyası  materikdən  kənara  çıxır  və  onlar 
Korsika  adasını  işğal  edirlər.  Bu  qərbi  yunanlarla  etruskların  toqquşmasına  səbəb 
olur. Etrusklar Karfagenlə ittifaqa girərək, 535-ci ildə yunanlarla adanın yaxınlığında 
dəniz döyüşü apararaq, Korsikanı bütünlüklə ələ keçirdilər. Elə bu dövrdə etrusklar 
Romaya müdaxilə etməyə başladılar. Yuxarıda gördüyümüz kimi, üç etrusk mənşəli 
çar  -  Tarkvini  Prisk,  Servi  Tulli,  Məğrur  Tarkvini  Romada  hökmranlıq  etmişdilər. 
Romanın  şəhər-dövlət  kimi  təşəkkül  tapmasında  etrusklar  da  az  rol  oynamamışlar. 
Onlar  romalıları  tez-tez  sınağa  çəkirdilər.  Axı  yerə  basdırılmış  dirəyi  tərpətdikcə, 
daha  da  möhkəmlənir.  Təkcə  etrusklarla  rəqabət,  Romanın  öz  qüdrətini  artırmağa 
ciddi qayğı göstərməsinə səbəb olmuşdu. Bundan başqa etrusk şəhərləri bir-birilə də 
mübarizə  aparırdılar.  M.ə.  474-cü  ildə  Kum  ətrafındakı  dəniz  döyüşündə  etrusklar 
Sirakuza tiranı Hieron tərəfindən məğlub edilir. Bu məğlubiyyət güclü dəniz dövləti 
olan  Etruriyanın  nüfuzuna  mənfi  təsir  göstərməyə  bilməzdi.  Romalılar  da 
gücləndikcə etrusk şəhərlərini tuturlar, bu şəhərlərə Roma kolonistləri köçürülür və 
romalıların  təsiri  qalib  gələrək,  nəinki  həyat  tərzini  dəyişdirir,  etruskların  adət  və 
ənənələrinin, hətta bu xalqın dilinin unudulmasına gətirib çıxarırdı.  
Etruskların  romalılara  mədəni  təsiri  daha  mühüm  rol  oynamışdır.  Etrusklar 
ümumilikdə  Mərkəzi  İtaliyaya,  xüsusilə  romalılara  sivilizasiya  gətirmişdilər.  Buna 
misal  olaraq,  bu  gün  dünyanın  xeyli  hissəsinin  istifadə  etdiyi  əlifbanı  romalılar 
etrusklardan götürmüşdülər. Etrusklar isə bunu m.ə. 700-ci ilə yaxın Yunanıstandan 
əxz  etmişdilər.  İndi  də  etrusk  mədəniyyətinin  yeri  və  onun  mənbələri  barədə 
mübahisələr  gedir.  Bəziləri  şərq  sivilizasiyasının  İtaliyaya  daxil  olmasında  onların 
böyük rolunu qeyd etməklə yanaşı, etrsukların hər hansı bir orijinallığını inkar edir. 
Digərləri isə bir çox qiymətli ixtiraları etrusk sənətkarlarının adına çıxırlar.  
Etrusk mədəniyyəti başlıca cəhətlərində yunan sivilizasiyasınnı gücünün necə 
məhsuldar olduğunu göstərir. Mütəxəssislər sübut etmişlər ki, etrusk adam və allah 
adları daha çox hind-avropa sözlərinin etrusk sözləri ilə qarşığından ibarətdir. Etrusk 
heykəltəraşlığı  m.ə.  VII  əsrin  son  onilliyində  inkişaf  etməyə  başlamışdır.  Etrusk 
rəngkarlığı  nümunələri  əsasən  Tarkviniyadakı  yeraltı  qəbirlərdə  qalmışdır.  Həm 
heykəltaraşlıqda, həm də rəssamlıqda yunan təsiri özünü göstərir. Etrusk memarlığı 
şərq ruhunun və yerli uyğunlaşmanın qarışığı kimi özünü biruzə verirdi. Etruskların 
divar  rəsm  üslubları  indiyədək  Peruciyada  və  Volterrada  qalır.  Qapılarda  və 
qəbirlərdə  alaqapılardan  və  qübbələrdən  istifadə  olunurdu.  Bunlar  m.ə.  III  əsrdən 
etibarən romalılar tərəfindən istifadə edilməyə başlandı. Məbədlər yunan üslubunda 
sütunlarla tikilirdi və yunan qaydasında bəzənirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə