Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

 
29 
Döyüşdə hər iki tərəf böyük itgilər verdi, lakin romalılar rəqibin daha çox itki 
verməsi gümanı ilə gecə etrusklara hücum etdi və onları məğlubiyyətə uğratdı. Valeri 
bu  qələbəyə  görə  triumfa  layiq  görüldü  və  o,  həlak  olmuş  yoldaşının  dəfn 
mərasimində parlaq bir nitq söylədi.  
Lakin  bir  azdan  sonra  xalq  arasında  Valeriyə  qarşı  paxıllıq  yarandı,  bu  da 
onunla əlaqədar idi ki, xalqın təkid etməsinə baxmayaraq, Brut təkbaşına hakimiyyəti 
öz  üzərinə  götürməmişdi,  iki  dəfə  özünə  konsul  yoldaşı  seçmişdi.  Valeri  isə  şəhəri 
təkbaşına  idarə  edirdi.  O,  çox  dəbdəbəli  bir  evdə  yaşayırdı.  Dostları  bunu  ona  irad 
tutduqda,  o,  nəinki  incimədi,  bir  gecənin  içində  həmin  evi  sökdürdü  və  dostunun 
evində  yaşamağa  başladı.  O,  şəhər  vətəndaşları  içərisində  yaxşı  hörmət  qazandı  və 
ona  "Poplikola"  -  "Xalqın  dostu"  ləqəbini  verdilər.  23  əsr  sonra  Böyük  Fransa 
inqilabının  rəhbərlərindən  biri  olan  Marat  "Xalqın  dostu"  adlı  qəzet  nəşr  etdiyinə 
görə, Parisdə onu bu ləqəblə çağırırdılar.  
Valeri  bir  konsul  kimi    senatın  tərkibini  tamamladı,  axı  Tarkvini  senatorların 
bir  hissəsini  edam  etmişdi,  digərləri  isə  son  döyüşdə  həlak  olmuşdular.  Senata 
yarıdan  çox  -  164  yeni  üzv  cəlb  olundu.  Sonra  o,  bir  neçə  qanunlar  çıxardı.  Bir 
qanuna  görə  məhkum  olunanlara,  konsulların  qərarından  xalq  qarşısında  şikayət 
vermək  hüququ  verilirdi.  Kasıb  vətəndaşlar  vergidən  azad  olundu  ki,  onlar 
sənətkarlıqla  daha  ciddi  məşğul  olsunlar.  Bu  dövrdə  əsas  sərvət  mal-qara  hesab 
olunurdu.  Ona  görə  də  əmlak  "pekulium"  adlanırdı,  bu  da  xırda  buynuzlu  mal-qara 
mənasını verir. Ailələr də uşaqlarına Kaprari, Portsi adlarını verirdi, "kapra" latınca 
"keçi", "porkus" isə "donuz" deməkdir.  
Valeri belə bir qanun verdi ki, kim çar hakimiyyətinə can atırsa, hər kəsin heç 
bir  məhkəməsiz  onu  öldürmək  hüququ  vardır.  Onun  dövründə  kvestor  vəzifəsi  də 
yarandı ki, bu vergi yığmaqla və xəzinə məsələləri ilə məşğul olurdu. Bundan sonra 
o,  özünə  konsul  yoldaşı  seçdirdi  və  bu  vəzifəni  Lukretsiyanın  atası  tutdu.  Bir  neçə 
gündən sonra bu qoca adam öldükdə, yeni konsul seçmək lazım gəldi.  
Lakin Tarkvini yenə sakit dayanmırdı. O: etruskları Roma ilə yeni müharibəyə 
sövq  edirdi.  O,  Kluzidə  güclü  İtaliya  çarlarından  biri  olan  Porsenaya  özü  barədə 
xahişlər etdi. Çar Romaya elçilər göndərdi ki, taxtı Tarkviniyə qaytarsınlar, romalılar 
buna rədd cavabı verdilər. Bu vaxt Porsena romalılara müharibə elan  etdi. Döyüşdə 
Poplikola  yaralandı  və  oradan  çıxarıldı.  Sonra  Porsena  Romanı  mühasirəyə  aldı  və 
şəhərdə  aclıq  başlandı.  Bu  vaxt  Roma  vətəndaşı  Mutsi  görünməmiş  bir  igidlik 
göstərdi.  O,  Porsenanı  öldürmək  üçün,  etrusk  paltarında  onun  düşərgəsinə  girməyə 
müvəffəq  olddu  və  onu  tanımadığından,  onun  əvəzinə  çarın  yanındakı  adamı 
öldürdü.  Onu  tutub  sorğuya  başladılar.  Bu  vaxt  o,  sağ  əlini  sacayaqda  yanan  odun 
üstünə tutub qolunun əti yanana qədər sakitcə saxladı. Çar onun bu fədakarlığından 
heyrətə  gəlib,  onu  buraxdırdı  və  ona  qılınc  verdi.  Mutsi  qılıncı  sol  əli  ilə  götürdü. 
Ona  görə  də  ona  "Stsevola"  -  "solaxay"  ləqəbi  verdilər.  Mutsi  dedi  ki,  o,  Porsena 
qarşısında  qorxuya qalib  gəlmişdi,  lakin  çarın  ruhunun  böyüklüyü  ilə  məğlub  oldu. 
Onun  bu  alicənablığı  qarşısında  əzab  veriləndə  açmadığı  sirri,  minnətdarlıq  əlaməti 
olaraq açdı: "Üç yüz romalı onun kimi düşərgənin ətrafında dolaşırlar ki, Porsenanı 
öldürsünlər.  İlk  püşk  ona  düşmüşdü.  Mən  taleyimdən  gileylənmirəm,  çünki  mənə 
namuslu  adamı  öldürmək  qismət  olmadı,  belə  bir  adam  romalıların  düşməni 
olmaqdansa,  onun  dostu  olmalıdır".  Porsena  bu  igidlikdən  və  sözlərdən  sonra  sülh 


 
30 
bağlamağa  meyl  etdi.  Poplikola  da  Porsena  ilə  dostluq  etməyi  vacib  sayırdı.  Sülh 
müqaviləsinə görə romalılar Etruriyada işğal etdiyi torpaqlardan əl çəkməli, əsirləri 
qaytarmalı, bundan başqa etrusklara nəcib mənşəli on oğlan və on qız verməli idi. Bu 
qızların içərisində konsulun qızı Valeriya da var idi.  
Etruskların  yanında  girov  kimi  yaşayan  qızlar  çayda  çiməndə  onlardan  biri 
qaçmağı təklif etdi və qızlar üzüb çayı keçdilər. Onlar Poplikolanın yanına gəldikdə, 
Porsenanın romalıları xəyanətkarlıqda ittiham edəcəyi gümanına görə o, qızları geri, 
etruskların  yanına  qaytardı.  Qızlar  Porsenanın  yanına  qayıtdıqda,  çar  onlardan 
qaçmağın  təşəbbüsçüsünün  kim  olduğunu  soruşduqda,  Kleliya  adlı  qızı  göstərdilər. 
Çar öz atlarından birini ona verdi və qız at üstündə çayı üzüb keçdi. Sonralar Porsena 
Roma ilə sülh müqaviləsi məsələsində özünü çox alicənab apardı.  
Brut  və  xoşbəxtlikdən  onun  davamçısı  Poplikola  təkcə  Roma  respublikasının 
möhkəm  təməlini  qoymadılar,  həm  də  onu  bir  çox  sınaqlardan  ləyaqətlə  çıxardılar. 
Bu  əməlləri  ilə  onlar  göstərdilər  ki,  çarlıq  bir  də  Romaya  qayıtmayacaqdır. 
Respublikanın  bəxti  onda  gətirdi  ki,  onun  bünövrəsini  qoyanlar  nəcib  şəxsiyyətlər, 
mərd,  dönməz  adamlar  idilər.  Onlar  dəqiq  tarixi  şəxsiyyətlər  olmasa  da,  onların 
haqqında daha çox rəvayətlər söhbət açsa da yüksək mənəviyyat, sarsılmaz iradələri, 
zülm  və  rəzalət  qarşısında  boyun  əyməmələri,  onlara  qarşı  yüksək  ehtiram  və 
məhəbbət hissləri yaradır.  
 


 
31 
RESPUBLİKA HAKİMİYYƏTİ VƏ ROMA QANUNVERİCİLİYİ 
 
Monarxiyanın  sonu  ilə  respublika  quruluşu  tədricən  öz  formasını  almağa 
başladı. Romalıların praqmatizmi onlara hakimiyyətlərin bütöv seriyasını yaratmağa 
imkan  verdi.  Bu  yolla  onlar  bir  hakimiyyətin  digəri  ilə  tarazlığını  yaradırdılar  ki, 
dövlət  öz  fəaliyyətində  maksimum  səmərə  əldə  etsin.  Hakimiyyət  senat,  xalq 
yığıncağı  və  müxtəlif  dərəcəli  əhəmiyyətə  malik  olan  magistratlar  arasında 
bölünürdü. Mahiyyətcə oliqarxik respublika quruluşu öz formasını aldı, burada idarə 
edən sinif olan nobilitet ardıcıl olaraq özünün üstün mövqelərini saxlayırdı.  
Çarlıq  devrildikdən  sonra  ilk  dəfə  ali  hakimiyyətin  qolu  kimi  Böyük  Pretor 
Mark Horatsi bu vəzifəni 509-cu ildə Kapitoli məbədində qəbul etdi. Tezliklə Böyük 
Pretor yolu kollegial sistemə güzəştə getdi. Bu sistemdə seçilən iki konsul bir illiyyə 
imperiuma  şərik  oldu.  Kollegiallıq  və  xidmət  müddətinin  məhdudlaşdırılması 
respublika    quruluşu  üçün  xarakterik  idi  və  tiraniya,  ya  mütləqiyyətin  yenidən 
meydana çıxmasının qarşısını səmərəli qaydada alırdı.  
Göründüyü  kimi plebeylər əvvəldən konsulluqdan kənar edilməmişdilər, lakin 
patritsilər tezliklə rütbələri tutdular və yüksək magistrata kiminsə çıxmasını müstəsna 
dərəcədə çətinləşdirdilər.  
V    əsrin  ortalarında  plebeylərin  təzyiqi  nəticəsində  patritsilər  magistrat 
hakimiyyəti  olan  hərbi  tribunatı  yaratmağa  məcbur  oldular.  Bu  vəzifə  plebeylərə 
magistrat  yönlü  hakimiyyət  yolunu  açırdı.  IV  əsrin  ortalarına  qədər  konsulat  isə 
yalnız  patritsilər  üçün  açıq  qaldı.  Bu  vaxt  qanun  qəbul  edildi,  bu  qanuna  görə  iki 
konsuldan  biri  plebey  olmalı  idi.  Lakin  həmin  vaxtlar  patritsilər  və  plebeylər 
arasındakı  qədim  fərq  aydın  nəzərə  çarpmırdı,  bir  qədər  malalanmışdı  və  yeni 
nobilitet siyasi səhnənin qabaq hissəsini tutub, öz inhisarına aldı.  
Milli  fövqəladə  hadisə  vaxtı  ikili  konsulluqdan  əl  çəkilirdi  və  onun  yerini 
diktator tuturdu. Faktiki olaraq Senatın təşəbbüsü ilə iki konsuldan biri diktator təyin 
olunurdu  və  o,  digər  magistratlara    qoyulan  məhdudiyyətlərdən  azad  idi.  Diktator 
imperiumu  qeyri-məhdud  idi,  yalnız  altı  aylığa  ona  etibar  edilirdi.  Bundan  sonra  o, 
öz  hakimiyyətini  təhvil  verirdi.  Tsinsinnat  barədəki  əhvalatda  olduğu  kimi,  ekvlərə 
qarşı müharibə vaxtı o, diktator təyin edilmişdi, müharibə başa çatdıqdan sonra isə öz 
fermasına  qayıtmışdı.  Diktator  öz  seçimi  ilə  təyin  edilən  süvari  komandanına 
arxalanırdı.  O  da  diktatorla  eyni  vaxtda  vəzifəsindən  istefa  verirdi.  Bu  xüsusi 
magistrat formasından nadir hallarda istifadə olunurdu.  
Pretor  şəhərdə  ədliyyə  inzibatçılığı  üçün  cavabdeh  idi.  III  əsrin  ikinci 
yarısından  Romanın  böyüməsi  və  işğallar  digər  pretorları  da  əmələ  gətirdi.  Onlar 
əyalətlərdə hüquq məsələləri  üzrə inzibatçılıq edirdilər.  
Çar  Servi  Tullinin  vaxtında  ilk  dəfə  olaraq  vətəndaşların  və  onların 
mülkiyyətinin siyahıya alınması keçirildi. 433-cu ildən başlayaraq bu məqsədlə hər 5 
ildə  iki  senzor  seçilirdi.  Onlar  həm  də  əxlaq  məsələləri  ilə  məşğul  olurdular.  Bu 
onları, hörmət edilən və mühüm şəxsiyyətlərə çevirirdi. 
Dörd edil kolleqası şəhərdə ictimai qaydanı bərpa edirdi, həm də abidələrlə və 
oyunların təşkili ilə məşğul olurdu.  
Respublika  Romasının  siyasi  həyatında  Senat  xalq  yığıncağından  və 
magistratlardan  əlavə  üçüncü  elementi  təmsil  edirdi.  Onun  nüfuzu  çox  yüksək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə