Milli Kitabxana
10
Bəlkə asi düşən bəy ərənləri
Qarğışı tutubdur Dədə Qorqudun?
Gözdə qalan murad, deyilməyən sirr,
Kim sənə vurubdur belə kor düyün?
Bilsəm ki, bu daşlar danışa bilir,
Dönüb daş olaram danışmaq üçün.
Hay sallam, yayılar səsim hər yana,
Daşlar səda verər, danışmaz fəqət.
Ey mənə əzəldən dil verən anam,
Mənə Qobustanın dilini öyrət!
Bilim, o yurdumun şərəfi, şanı,
Bilim, – o yurdumun dərdi yasıdır.
Oxuyum: – Qobustan – Azərbaycanın
Daşlaşan imzası, əlifbasıdır.
SAXSI QIRIĞI ÜSTƏ YAZI
Mən bir kasa idim, bütöv bir kasa,
Yadın qılıncıyla paralanmışam.
Bir xalqa ad idim, bir yurda imza,
Zamanın hökmüylə qaralanmışam.
Toy ilə, yas ilə dolu yolların,
Düşüb kənarına palçığa batdım.
Üstündən keçəndə ulu yolların
Düşmən ayağını dəlib qanatdım.
Yağı təpik vurdu kəsik başıma,
Hayıma hay verən olmadı, neynim?
Yağdı zaman-zaman toz yaddaşıma,
Çox şey xatirimdə qalmadı, neynim?
Yaşadım mən odu sönmüş bu qəmlə,
Milli Kitabxana
11
Dərd üstə kökləndi kamanım, sazım.
Qurumuş mürəkəb, sınıq qələmlə,
Qırılmış qol ilə yazılıb yazım.
Mən qolça qopuzun qırıq simiyəm,
Toxunma, sızlaram... quruyar qanın.
O taylı, bu taylı Vətən kimiyəm,
Məni sinənə sıx, isinsin canım.
Bir qırıq saxsıya döndüm,ey insan,
Döyüş meydanında xeyirlə şərin.
Dünyada hər şeydən şirindir,inan,
Şirindir bütöblük,bütövlük – şirin!
7avqust 1982
YAŞAMAĞIN SİRRİ
Babək ölmək istəmirdi.
İstəsəydi,əyib baş,
axıdıb yaş,
ləliyərdi.
Xəlifənin ayağını,
ətəyini,əllərini
yalayardı.
Əyilərdi burnu yerə
dəyənəcən.
Gözləyərdi ta xəlifə
– Günahınız əfv olundu, –
deyənəcən.
– Elim sənə qurban olsun,
Dilim sənə qurban olsun.
Deyəmmirdi.
Onda belə dil yox idi.
Babək ölmək istəmirdi,
Ölmək üçün yol çox idi.
Bundan ötrü qul olmağa
Milli Kitabxana
12
dəyərdimi?
Xilafətdə mükafatlı,
fəxri adlı
qul çox idi.
Babək ölmək istəmirdi,
Çalındıqca qulağında
qara zurna,
Döyüldükcə nağaralar.
Deyirdilər: – Yaşa! – ona.
Hələ dili “la ilahə illəllaha”
uyuşmayan Vətənin var.
Xəlifə də düşünürdü,
Düşündükcə üşünürdü.
– Dırnaqları,barmaqları
kəsildikcə,
Əli,qolu kəsildikcə,
Qızıl qanı bulaq kimi
fışqıracaq.
Canı qızıb, – Aman ana,
Öldüm! – deyə qışqıracaq.
Babək ölmək istəmirdi,
Yaşamağa yol bir idi.
Bu,sirr idi.
Bu sirri də o bilirdi.
Buna görə,
Hamı öldü,
o dirildi.
QILINC
Sən ulu babamın yadigarısan,
Səbrin illər yorub,əsrlər yorub.
Nənəmin sehirli nağıllarısan,
Adın cinlər qovub,tilsimlər qırıb.
Milli Kitabxana
13
Bir namərd əlini qoydu döşünə,
Min namərd düşmənə əydi başını.
Sıxıldı babamın dişi dişinə,
Saxlaya bilmədi o,göz yaşını.
Sənə iki damla göz yaşı düşdü,
Düz iki yerindən oyuldun,qılınc.
İki qatlananlar qabağa keçdi,
Sən də öz qınına qoyuldun,qılınc.
Qoroğlu “Koroğlu” oldu həyatda,
Ayağı yer tutdu Keçəl Həmzənin.
“Qır”deyə qoyuldu lağa Qorat da,
Babamın köksünü deşən nizənin
Ucu kürəyimdən çıxdı,qılıncım.
Söndü bu yerlərin Günəşi,odu,
Daha ulduz-ayım yoxdu,qılıncım.
Bu dərd Cünun etdi Dədəm Qorqudu.
Bir aşıq anaynan,bir aşıq bacı
Bayatı söylədi illərdən bəri.
Gəzdi yad başında Vətənin tacı,
Əlimiz göynədi səndən ötəri.
Qaldın arasında orun-odunun,
Gah da boy tirindən asıldın,qılınc.
Yetim uşaq kimi Fatma Dodunun
Tumanı altına qısıldın,qılınc.
Olub əl yaylığı,ellər gülüncü
Əyildik burnumuz dəyincə yerə.
Ərəbin qılıncı,Misrin qılıncı
Yaltaq tərifiylə tutuldu zərə.
Gör nələr işlədi zaman,təbiət,
Yerin dilovdumu,yük dalıydımı?