VəLİyev dünyamali əMİr oğLU


-ci ildə Azərbaycən Respublikasında ÜDM-in tərkib göstəriciləri



Yüklə 7,05 Mb.
səhifə20/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

2007-ci ildə Azərbaycən Respublikasında ÜDM-in tərkib göstəriciləri

( milyon manat )




2007


2006


2006-cı

ilə

nisbətən

( faizlə)

Ümumi daxili məhsul


25228, 1

18746, 2

125, 0


Məhsulların istehsalı

18293, 0

13506, 5

129. 0

ondan:










sənaye

14926, 1

10731, 8

135, 0

kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı

1564, 5

1329, 3

104, 0

Tikinti

1802, 4

1445, 4

116, 0

Xidmətlərin istehsalı

5094, 6

4215, 3

112, 5

ondan:










nəqliyyat

1054, 8

872, 2

113, 6

rabitə

470, 6

370, 6

132, 0

topdan və pərakəndə ticarət,

avtomobillərin, məişət

məmulatlarının və şəxsi istifadə

əşyalarının təmiri


1325, 6

1005, 8

115, 3


mehmanxana və restoranlarda

xidmət göstərilməsi


159, 0

100, 8

135, 7


sosial və digər xidmətlər

2084, 6

1865, 9

105, 4

Məhsula və idxala xalis vergilər

1840, 5

1024, 4

111, 2

Deflyator


107, 7


111, 3






5. 4. Azərbaycanın kənd təsərrüfatının qlobal iqtisadi mühitə adaptasiyasının aktual problemləri.
Postsovet respublikalarının, o cümlədən Azərbaycanın müstəqil inkişaf təcrübəsi göstərir ki, qapalı iqtisadi sistemin açıq iqtisadiyyat modeli ilə əvəz olunması, dünya bazarı ilə intensiv inteqrasiya tərəqqi üçün geniş perspektivlər açmaqla yanaşı, insanların alışmadığı və gözlmədiyi tamamilə yeni proseslərin, yeni çətinliklərin və yeni problemlərin üzə çıxması ilə müşaiyət olunur. Ona görə də iqtisadiyyatın ən qapalı sahəsi olan kənd təsərrüfatının qloballaşmanın tələblərinə necə cavab verdiyinin və həmin mühitə necə adaptasiya etdiyinin nəzərə alınması böyük aktuallıq kəsb edir.

Qabaqcıl təcrübə göstərir ki, əhalinin ərzaqla və aqrar sənaye kompleksinin xammal ilə təmin olunmasında müstəsna rol oynayan aqrar bölməyə iqtisadiyyatın yenidən qurulması strategiyasında milli prioritet kimi cəmiyyət və dövlət tərəfindən ciddi diqqət ayrılır.

Ənənəvi olaraq əvəllər bir çox ölkələrdə kənd təsərrüfatına passiv, tabeli rol ayrılırdı. Qərb ölkələrinin təcrübəsinə əsaslanaraq hesab edilirdi ki, iqtisadi inkişafın zəruri şərti təsərrüfatın aqrar strukturunun sənayeyə xidmət edən inkişaf etmiş sahələrinin sürətlə yenidən qurulmasıdır. İqtisadi inkişaf strategiyalarının əsas vəzifəsi iqtisadiyyatın “lokomotivi” hesab edilən sənayenin artımı hesab edilirdi, kənd təsərrüfatına isə ucuz ərzaq və işçi qüvvəsinin təchizatçısı kimi baxılırdı. Bu sahədə ən geniş yayılmış nəzəriyyələrdən biri Nobel mükafatı laureatı Artur Lyuns tərəfindən 50-ci illərdə əsasandırılmış 2 sektorlu inkişaf modelini göstərmək olar. Bu nəzəriyyə ucuz işçi qüvvəsi bol olan iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuşdur. Bu model Qərb ölkələrinin tarixi inkişaf yolunu əks etdirsə də, keçid iqtisadiyyatı ölkələrinin iqtisadi tələbatı və reallıqlarına cavab vermir. Başqa sözlə, kənd təsərrüfatına tabeli və passiv rol ayrılması qloballaşma dövründə reallıqdan uzaqdır. Çünki ərzaq təminatının kəskinləşərək qlobal problemə çevrilməsi bütün dünyada kənd təsərrüfatı istehsalına diqqəti olduqca artırmış və onun köklü surətdə yenidən qurulmasını ön plana çəkmişdir. Bəşəriyyət tarixində ilk dəfə olaraq XX əsrin ortalarından başlayaraq elmi - texniki tərəqqinin bilavasitə təsiri altında aqrar iqtisadiyyatda intensiv modernləşdirmə prosesi gedir ki, bu da öz ifadəsini keyfiyyətcə yeni istehsal növünün yaradılmasında tapmışdır. Həmin prosesin mahiyyəti kənd təsərrüfatında ictimai əməyin sənaye formasının tətbiqində (ənənəvi, sənayedən əvvəlki formasının əvəzinə) və ona uyğun sosial təsisat formasının yaranmasında tapmışdır. İnkişaf etmiş ölkələrdə meydana gəlmiş “yaşıl inqilab” adlanan texniki irəliləyiş 60-cı illərin ikinci yarısından sonra Asiya, Afrika və Latın Amerikası ölkələrində kənd təsərrüfatı, hər şeydən əvvəl ərzaq üzrə yeni hibrid çeşidlərinin yaranmasında tapır ki, bunlar da yalnız gübrə, kimyəvi maddələr, texnika və texnologiyadan səmərəli istifadə olunması və işçi qüvvəsinin ixtisas səviyyəsinin yüksəldilməsi əsasında mümkündür. “Yaşıl inqilab” bir sözlə kənd təsərrüfatında intensivləşdirmə və səmərəlilik göstəricilərini tarixdə görünməmiş bir səviyyəyə qaldırmışdır.

70-90-cı illərdə dünyada iqtisadi inkişafın dərk edilməsində daha əhəmiyyətli dəyişikliklər baş verdi və aparıcı mütəxəssislər artıq hesab edirlər ki, kənd təsərrüfatı inkişafın aparıcı həlqələrindən birinə çevrilməli, onun dayanıqlı inkişafı təmin edilməlidir. Kənd təsərrüfatının dayanıqlı inkişafı dedikdə isə təbiət hadisələrindən kəskin sürətdə asılı olan həmin sahənin hər bir istehsalat tsiklində geniş təkrar istehsalı imkanlarının ardıcıl olaraq artırılması nəzərdə tutulur.

Bütün dünyada, ilk növbədə inkişaf etmiş sənaye ölkələrində kənd təsərrüfatında baş verən inqilabi xarakterli dəyişikliklərin əsasını bu sahədə həyata keçirilən genişmiqyaslı dövlət tənzimləmələri təşkil edir. Araşdırmalar göstərir ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə aqrar bölmə intensiv dövlət tənzimləmələrinin həyata keçirildiyi az sayda sahələrdən biridir, daim siyasi iradənin diqqət mərkəzindədir, ciddi təşkilatçılıq səyləri və nəhəng maliyyə vəsaiti tələb edir. Yalnız onu göstərmək kifayətdir ki, hələ keçən əsrin sonlarında kənd təsərrüfatının dəstəklənməsi üçün orta hesabla hər il bütün dünyada təxminən 350 milyard dollar vəsait xərclənirdi.

Kənd təsərrüfatına güclü dövlət müdaxiləsini və genişmiqyaslı tənzimləmələri zəruri edən amillər bunlardır:

1. xarici ticarətlə əlaqədar olan amillər;

2. kənd təsərrüfatı subyektlərinin gəlirlərinin sabitləşdirilməsi və müəyyən səviyyədə saxlanılması zəruriliyi;

3. kənd ərazilərinin inkişaf etdirilməsi zəruriliyi;

4. ekologiya və təbiətin mühafizəsi ilə əlaqədar olan amillər;

Beləliklə, kənd təsərrüfatı məlum olduğu kimi, maddi istehsalın təbii-iqlim hadisələrindən bilavasitə asılı olan xüsusi bir sahəsidir. Geniş bir ərazidə yerləşən kənd təsərrüfatı istehsalçılarının iş şəraiti qeyri-bərabərdir. Təbii iqlim parametrlərinə, torpağın məhsuldarlığına istehsal və sosial sturukturunun inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Onlar daşqın, quraqlıq və ziyanvericilərin hücumuna məruz qalaraq böyük risklə əlaqədardırlar. Bundan başqa mütəxəssislər hesab edirlər ki, kənd təsərrüfatı istehsalının sabit və dinamik inkişafı bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının əsasını təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi inkişafına öz töhfəsini verən kənd istehsalçıları torpağın kapital-torpağa çevrilməsi üçün qeyri - mütənasib məsrəflər etməyə məcburdurlar. Ona görə də sahibkarlıq fəaliyyətinə başlamaq və geniş təkrar istehsalını həyata keçirmək üçün nisbətən böyük həcmli kapital tələb olunur. Onların gəlirləri isə, bir qayda olaraq, başqa sahədə çalışan sahibkarlara nisbətən aşağı səviyyədədir. Nəhayət fermerlər və digər kənd təsərrüfatı istehsalçıları bazarda daha sərt rəqabətlə qarşılaşırlar, istehlak etdikləri məmulatları isə adətən bazar hökmranlığının mövcud olduğu sahələrdən alırlar. Kənd təsərrüfatı məhsullarının istehlakçısı olan aqrar - sənaye kompleksinin sahələrində isə adətən inhisarçılar hökmranlıq edirlər.

Bütün bu deyilən və deyilməyən amillər mürəkkəb şəraitdə fəaliyyət göstərən aqrar bölmənin ciddi dövlət dəstəyinə ehtiyacı olduğunu göstərir.

Hesab edilir ki, aqrar sənaye istehsalının dayanıqlı inkişafı çoxsaylı amillərdən yalnız kompleksli, sistemli istifadə edilməsi yolu ilə mümkündür.

Dünya dövlətlərinin təcrübəsi göstərir ki, aqrar bölmədə dövlət tənzim­lənmələri sistemi olduqca genişdir. Dünyanın aparıcı alimləri hesab edirlər ki, müasir dövrdə kənd təsərrüfatının hərtərəfli inkişafını nəzərdə tutan dövlətin iqtisadi inkişaf strategiyası ən azı üç əsas ünsürü özündə birləşdirməlidir: 1) istehsa­lın artım sürətinin, hər şeydən əvvəl xırda fermer təsərrüfatlarında yeni texnika və texnologiyanın tətbiqi, iqtisadiyyatın idarəetmə strukturunun təkmil­ləşdirilməsi və qiymət siyasəti nəticəsində xırda fermer təsərrüfatlarının məhsuldarlığının artırılması hesabına təmin edilməsi; 2) şəhərlərdə məşğulluğun artırılması yolu ilə kənd təsərrüfatı məhsullarına daxili tələbin artırılması; 3) kənd yerlərində kənd əhalisinə xidmət edən və kənd təsərrüfatına əsaslanan qeyri-aqrar əmək tutumlu istehsalın şaxələndirilməsi.

Qabaqcıl dünya dövlətlərinin çoxunda dövlət tənzimləmələri sistemində kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların inkişafının hərtərəfli dəstəklənməsi mühüm yer tutur. Torpağın birgə becərilməsi, maşın və texnikadan birgə istifadə edilməsi, qarşılıqlı yardım, inhisarlara qarşı birgə mübarizə aparılması məqsədilə kənd əmtəə istehsalçılarının kooperativlərdə könüllü birləşməsi geniş yayılmışdır. Kooperativlər bəzən yalnız istehsal sahəsində əməkdaşlıq etmək məqsədilə deyil, həm də daha geniş məqsədlərlə (istehsal funksi­yası təchizat-satış, istehsal-xidmət, kənd təsərrüfatı məhsullarının emalı) yaradılır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Çünki kənd təsərrüfatı istehsalının və fermerlərin rəqabət mübarizəsində qeyri-sabitliyi burada istehsalın səmərəliliyinin aşağı olması, elmi-texniki inqilabın tələblərinə uyğunlaşmanın zəruriliyi xırda və orta əmtəə istehsalçılarını birləşməyə vadar edir. Bu birləşmədə bəzən qohumluq əlaqələri əsas olur. Maşınlardan birgə istifadə edilməsi üzrə də kooperativlər geniş yayılmışdır. Kənd təsərrüfatı kooperativlərinin hərtərəfli inkişafı bir çox ölkələrdə dövlətin aqrar siyasətinin əsasını təşkil edir.

Yerli kənd təsərrüfatı istehsalçılarının yüksək dərəcədə dəstəklənməsində klassik nümunə kimi həmişə Yaponiyanın təcrübəsi misal göstərilir. 80-cı illərin ortalarından bu məsələdə ciddi dönüş baş verdi. Belə ki dünya ölçülərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsal olunmasında torpağın az olduğu və xırda kəndli təsərrüfatının üstünlük təşkil etdiyi bir şəraitdə ölkənin ərzaqla özü-özünü təmin etmək probleminin həlli işində ciddi çətinliklər özünü göstərdi. Belə bir şəraitdə Yaponiya daxili bazarda dayanıqlı tələbatın mövcud olduğu ərzaq məhsulları istehsalının beynəlxalq diversifikasiyası modelinə keçdi. Müştərək müəssisələrin yaradılması, aqrar bölməyə irimiqyaslı investisiyalar qoyulması və yeni texnolo­giyanın tətbiq edilməsi, “üçüncü dünya” ölkələrinin kənd təsərrüfatı istehsalına kapital ixrac edilməsi yolu ilə Yaponiya dövləti ölkənin ərzaqla təmin olunmasında və xarici konyukturadan asılılığının azaldılmasında ciddi irəliləyişə nail oldu.

İkinci dünya müharibəsindən sonra Yaponiyada kənd təsərrüfatının yenidən qurulmasının mərkəzi məsələlərindən biri torpaqlar kəndlilərin mülkiyyətinə verilən zaman kooperasiyaların sürətli inkişafı olmuşdur. Bu dövrdə Yaponiya hökuməti Amerika məsləhətçilərinin, xırda mülkiyyətçilərin öz müqəddəratını özlərinin müəyyən etməsi haqqında verdikləri təklifi qəbul etmədi.

Ölkədə Amerika mütəxəssislərinin təkliflərinin əksinə olaraq istehsalçılar koopereativlərdə geniş miqyasda birləşməyə başladılar. Bütün dünyada olduğu kimi kooperativin üzvləri özləri üçün idarə orqanlarını seçdilər və ümumi səsvermə yolu ilə öz fəaliyyətlərinin bir çox məsələlərini həll etməyə başladılar. Lakin dövlət də özü üçün təsiretmə mexanizmi yaratdı. Kooperativləri bir neçə vergi növünün ödənilməsindən azad etdi onların inkişafı üçün vəsait ayıraraq, kooperativ­lərin yaradılması, buraxılması, birləşməsi, bölünməsi, nizamnamələrinin dəyişdiril­məsi prosesində dövlət yaxından iştirak etməyə başladı. Dövlət orqanları kooperativ­lərin işləri haqqında məlumat ala bilər, vəzifəli şəxslərin yenidən seçilməsini təşkil edə bilərdi. 80-ci illərin ortalarından ölkənin aqrar siyasətində təshihlər edilməyə başlandı. Belə ki, əgər əvvəllər iqtisadi yardım istisnasız olaraq hamıya edilirdisə, indi bu yardımlar nisbətən irimiqyaslı, yüksək rentabelli təsərrüfatlara yönəldilir. Onların sürətlə səmərəli və rəqabətqabiliyyətli təsərrüfat­lara çevrilməsi vəzifələri qarşıya qoyulmuşdur.

Dövlətlərin əksəriyyətində aqrar - ərzaq bölməsinin dövlət tərəfindən tənzimlənməsi sistemində kənd istehsalçılarının gəlirlərinin sabitləşdirilməsi və artırılması aparıcı mövqelərdən birini tutur. Bu tədbirlər arasında kənd təsərrüfatı məhsulları bazarında təklifin tənzimlənməsi, kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən satın alınması, istehsalçılara qiymətlə əlaqədar birbaşa subsidiyaların verilməsi, ticarət tədbirləri vasitəsilə kənd təsərrüfatı məhsullarına olan tələb və təklifin tənzimlənməsi mühüm yer tutur.

Bunlardan başqa kənd təsərrüfatında istehsal xərclərinin aşağı salınmasına yönəldilmiş tədbirlər sistemi də ayrıca həyata keçirilir. Burada əsas mexanizm aqrar istehsal üçün ehtiyatlara subsidiyalar verilməsidir. Subsidiyalaşdırma üsulları çoxdur: istehsalçılar satın alınan hər vahid ehtiyat (məsələn: mineral gübrə) üçün qəti müəyyən edilmiş subsidiya yaxud həyata keçirilən hər hansı bir fəaliyyət növü (məsələn: meliorasiya işləri) üçün və yaxud da güzəştli kredit mənbəyi yaradılmaqla subsidiyalar ala bilərlər.

İstehsal məsrəflərinin azaldılmasına yönəldilmiş siyasət aqrar istehsalın subsidiyalaşdırılması mexanizminin əsas alətidir. Bu siyasət kənd istehsalçılarının mənfəətinin artırılmasına ucuzlaşdırılmış ehtiyatlara tələbin çoxalmasına, məhsul təklifinin artırılmasına, digər ehtiyatlara tələbin yüksəlməsinə səbəb olur. Satışdan əldə edilən gəlirlərin artırılması və istehsal xərclərinin azaldılmasına yönəldilən tədbirlər kənd təsərrüfatı istehsalçıları və ayrı-ayrı qrupların hamısına fayda verir.

Avropa Birliyinin 2007-ci ilə büdcəsi 105 mlrd Avrodur. Onun təxminən yarısı kənd təsərrüfatına yönəldilir. Kəndlilərin dəstəklənməsinə ən çox vəsaiti Fransa 9, 4 mlrd, sonra İspaniya 6, 3, Almaniya 8, 1, İtaliya isə 5 mlrd Avro ayırır. Rumıniyada təsərrüfatların 86, 4 %-i yardım alır. Onların əksəriyyəti xırda və orta təsərrüfatlardır ki, hər biri 1250-20000 Avro məbləğində yardım alırlar. İri təsərrüfatların yalnız 11, 1%-i yardım alır. Yardımın böyük əksəriyyəti taxıl və ət istehsalçılarına verilir.

Dotasiyaların tərkibini nəzərdən keçirdikdə məlum olur ki, məsələn, Finlandiyada onun 42%-i AB-nin büdcəsindən, 58%-i isə milli büdcədən maliyyələşir. Bu dotasiyalar da üç qrupa bölünür. Vahid kənd təsərrüfat dotasiyaları (bitkiçilik və heyvandarlıq məhsullarına), əlverişsiz hava şəraiti və habelə ətraf mühitin qorunması üçün verilən dotasiyalar. AB-dən alınan vahid kənd təsərrüfatı dotasiyalarının böyük əksəriyyəti satış fəaliyyəti ilə əlaqədardır. Dotasiyalar ölkə daxilində regiondan regiona fərqlənir.

Bunlarla yanaşı hökumət struktur siyasəti də həyata keçirir. Bu siyasət isə adətən fermerlərin sayının azaldılmasına və onların orta həcminin artırılmasına, yəni təmərküzləşməyə yönəldilir.

Rusiyada kənd təsərrüfatında dövlət tənzimləmələri “aqrar - sənaye istehsalının dövlət tənzimləmələri haqqında” qanuna əsasən həyata keçirilir. Qanunla dövlət tənzimləmələrinin aşağıdakı istiqamətlərli müəyyən edilmişdir: kənd təsərrüfatı məhsullarından ibarət xammal və ərzaq bazarının formalaşması və inkişafı, kənd təsərrüfatının maliyyələşməsi, kreditləşdirilməsi, sığortası, güzəştli vergi alınması, xarici iqtisadi fəaliyyətdə kənd istehsalçılarının maraqlarının qorunması, aqrar-sənaye istehsalında elmi fəaliyyətin həyata keçirilməsi və inkişaf etdirilməsi, kənddə sosial sferanın inkişaf etdirilməsi və s.

Rusiya Federasiyası hökuməti bu yaxınlarda “Kənd təsərrüfatının inkişafı haqqında” yeni qanun layihəsinin konsepsiyasını təsdiq etmişdir. Qanun layihəsin­də aqrar - ərzaq siyasətinin əsas prinsipləri müəyyən edilmiş, kənd istehsalçılarının bütün kateqoriyalarının genişmiqyaslı dəstəklənməsi üçün dövlət tərəfindən tədbirlər sistemi hazırlanmışdır.

Kənd təsərrüfatı istehsalçıları gəlirlərinin sabitləşdirilməsi və artırılması üçün qiymətlərə dövlət müdaxilələri inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Bu siyasət XX əsrdə “yaşıl inqilabın” həyata keçirilməsində mühüm rol oynamışdır.

Azərbaycanda aqrar bölmənin dövlət tərəfindən dəstəklənməsi və kompleksli dövlət tənzimləmələrinin həyata keçirilməsi zəruriliyi ümumdünya və spesifik ölkədaxili problemlərin kəsişmə nöqtəsindən irəli gəlir.

Məlumdur ki, Azərbaycanda hələ qədim dövrlərdən kənd təsərrüfatı istehsalı sahəsində zəngin ənənə mövcuddur. Aqrar bölmə Azərbaycanın ictimai-iqtisadi həyatında öz mühüm rolunu bu gün də qoruyub saxlamaqdadır. Belə ki, Azərbaycan əhalisinin yarısı (48,3%-i) kəndlərdə yaşayır; iqtisadiyyatda məşğul olan əhalinin isə 40% qədəri kənd və meşə təsərrüfatında çalışır; başqa sözlə aqrar sektor həcminə görə əhalini işlə təmin edən ikinci bölmə sayılır. Hal - hazırda ümumi daxili məhsulun 5, 9%-i bu sahədən qaynaqlanır. Respublika əhalisinin gəlirlərinin böyük hissəsi isə yeyinti və kənd təsərrüfatı məhsullarının alınmasına sərf edilir. Beynəlxalq əmək bölgüsü baxımından qısa tarixi ekskurs edildikdə məlum olur ki, kənd təsərrüfatı sovet dövründə daha qapalı xarakter daşımış və onun “beynəlxalq əlaqələri” yalnız SSRİ məkanı daxilində cərəyan etmişdir. Bu əlaqələr isə birtərəfli formalaşır, əlverişli torpaq və iqlim şəraitinə malik olan Respublika kənd təsərrüfatı ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi və onun ehtiyaclarına uyğun aqrar xammal bazası kimi inkişaf edirdi. Belə ki, Respublikamızın kənd təsərrüfatı SSRİ-nin hərbi-sənaye kompleksinin ucuz pambığa, nəhəng spirtli içkilər sənayesinin xammala (üzüm) və iri sənaye mərkəzlərinin meyvə-tərəvəzə olan ehtiyaclarının ödənilməsi sahəsində ixtisaslaşırdı.

Siyasi istiqlaliyyət əldə edildikdən sonra ölkəmizdə aqrar sektor məlum obyektiv və subyektiv amillərin təsiri altında mürəkkəb bir şəraitdə formalaşmağa başlamışdır. Sovet dövründə qapalı və birtərəfli inkişaf etmiş iqtisadi struktur “hazır” və nəhəng sovet bazarı ilə əlaqələri pozulduqdan və dünya bazarı ilə ilk təmasdan sonra iflasa uğradı. Bu özünü kənd təsərrüfatı sahəsində daha qabarıq göstərdi.

Belə ki, əgər 1990-ci il səviyyəsini 100% götürsək, 1994-cü ildə ümumi daxili məhsulun real fiziki həcmi 47, 8%-ə, sənaye istehsalı 38, 3%-ə, kənd təsərrüfatı istehsalı isə cəmisi 56, 4%-ə çatırdı. Avropa Komissiyası ekspertlərinin gəldiyi qənaətə görə 1992-1994-cü illərdə Azərbaycan dərin və iqtisadi böhran keçid bu dövrü və iqtisadiyyatdakı vəziyyət üzərindəki nəzarət itirilmişdir. Bu dövrdə Azərbaycanda aqrar böhran dövrünü yaşayan digər ölkələrə nisbətən daha dərin olmuşdur. Məsələn, 1990-1995-ci illərdə kənd təsərrafatı istehsalının ümumi həcmi Rusiyada 33%, Bolqarıstanda 23%, Macarıstanda 27%, Polşada 18% aşağı düşdüyü halda Azərbaycanda 43, 6% azalmışdır. Bunun başlıca səbəbləri yeni müstəqillik əldə etmiş respublikamızın müharibə şəraitində olması, torpaqlarının 20 %-nin erməni işğalçıları tərəfindən işğal edilməsi, idarəçilik təcrübəsinin olmaması, xarici iqtisadi əlaqələrin kəsilməsi, ölkədə hiperinflyasiyanın və siyasi qeyri-sabitliyin hökm sürməsi, iqtisadiyyatın sürətlə liberallaşdırılması və təsərrüfat həyatından dövlətin tədricən kənarda qalmağa başlaması, yeniləri yaradılmadığı və ya ləng yaradıldığı bir şəraitdə köhnə idarəçilik, maliyyə kredit, qiymət və vergi mexanizminin sürətlə ləğv edilməsi idi. Bir çox kənd təsərrüfatı məhsullarının (üzüm, tütün, çay yarpağı, pambıq) istehsalında acınacaqlı vəziyyət yaranmışdır. Bu dövrdə istehsalın davamlı azalması ilə yanaşı həm müharibə, həm də siyasi və iqtisadi qeyri-sabitliklə əlaqədar olaraq ölkənin kənd təsərrüfatının aqroiqtisadi potensialının dağıdılması prosesi başlamışdır. Bu müstəqil dövlətimiz tərəfindən aqrar potensialın bərpası işini xeyli mürəkkəbləşdirmişdir.

Belə bir şəraitdə dünya birliyinin bərabərhüquqlu üzvü olmaq kimi strateji xətt prioritet bir vəzifə olaraq qarşıya qoyulduğu üçün həyat kənd təsərrüfatı istehsalında tənəzzülün qarşısının alınması və inkişafında ciddi dönüş yara­dıl­masını bütün kəskinliyi ilə tələb edirdi. Bazar iqtisadiyyatı şəraitində aqrar sek­torun yenidən qurulması kənd təsərrüfatı istehsalının dayanıqlı və dinamik inkişafının təmin olunması üçün vacib şərtlərdən biridir.

Bu prosesin uğurlu olması əhəmiyyətli dərəcədə dövlət tənzimlənmələri sayəsində dünya təcrübəsinin öyrənilməsi və respublikamızın reallıqlarına uyğun­laşmasından asılıdır. Böyük bir imperiyanın tərkibindən ayrılan respublika­mızda müstəqil dövlət quruculuğu, inzibati-amirlik sisteminin buxovlarından azad olunması, bazar mexanizminin yaradılması və dünya birliyinə inteqrasiyanın başlanması prosesləri istər ölkənin bütün təsərrüfat mexanizmində, istərsə də onun tərkib hissəsi olan kənd təsərrüfatında keyfiyyətcə tamamilə yeni iqtisadi mühitin meydana gəlməsinə səbəb oldu. Bazar iqtisadiyyatının əsaslarının qoyulması dönməz bir prosesə çevrilmiş respublikamızda aqrar islahatların və müstəqil torpaq siyasətinin formalaşması və həyata keçirilməsi prosesi başlandı. Bütün bunlar imkan verdi ki, müasir aqrar bölmənin yaradılması və inkişaf etdirilməsi iqtisadi inkişaf strategiyasında mühüm vəzifələrdən biri kimi qarşıya qoyulsun.

Beləliklə, müstəqil siyasi-iqtisadi inkişafa keçid prosesində aqrar-sənaye kompleksinin düşdüyü tənəzzül vəziyyətindən çıxarılması vəzifələri ciddi kompleks tədbirlərin həyata keçirilməsini zəruri etmişdir. Həmin tədbirlər kompleksi sistemində aqrar-sənaye istehsalının dövlət tərəfindən tənzimlənməsi və bu tənzimləmə mexanizminin bazar münasibətləri prinsiplərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Lakin belə tənzimlənmə zamanı sovet dövründə olduğu kimi inzibati deyil, iqtisadi təsir və təşviqetmə vasitələrindən istifadə olunmağa aqrar bölmə iqtisadi amillərlə geniş miqyasda dəstəklənməyə başlandı. Ona görə də dövlətin fəal rolu əsasında bazar münasibətlə­rinin iqtisadi mexanizminin yaradılması aqrar siyasətin üstün istiqamətlərindən biri oldu.

Kənd təsərrüfatında mülkiyyət formalarının transformasiyasında «Aqrar islahatlar haqqında qanun» (18. 11. 1995) və «Sovxoz və kolxozların islahatı haq­qında qanun»lar (18. 11. 1995) müstəsna rol oynamışdır. [ Bakı2001, s. 291-297]

Aqrar islahat haqqında qanunda göstərilir ki, bu sahədə islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırmaqdır. Aqrar islahatın çoxtərəfli aparılması nəzərdə tutulmuş və onun əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

– aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması;

– torpaq meliorasiya və su təsərrüfatının islahatı;

– müxtəlif növlü təsərrüfatların yaradılması;

– aqrar bölmənin dövlət təminatı.

Qanunda aqrar islahatların prinsipləri aşağıdakı kimi müəyyən edilmişdir:

- dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşdırılması;

- islahatın aparılmasında sosial ədalətin və könüllülüyünün təmin edilməsi;

- əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına

- sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi;

- respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması;

- ətraf mühitin mühafizə olunmasına əməl edilməsi;

- kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi.


Respublikamızda həyata keçirilən aqrar siyasətin mərkəzi xəttini torpaq islahatları təşkil etmişdir. Qanunda torpaq islahatının əsas istiqamətləri kifayət qədər dəqiqləşdirilmişdir.

İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Qanunla torpaq mülkiyyətçilərinə tor­pağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq sahəsində geniş hüquqlar verir. Meliorasiya və su təsərrüfatı obyektlərinin üzərində də mülkiyyət münasibətlərini dəyişmək və suyun pullu istifadəsini tətbiq etməklə sudan istifadənin səmərəliliyinin artırılması kimi olduqca əhəmiyyətli tədbirlər də nəzərdə tutulmuş və həyata keçirilir.

Milli Məclis «Torpaq bazarı haqqında», «Girov haqqında» qanunları qəbul edərək torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin əsaslarını müəyyən etmişdir. Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlığın tələbatının ödənilməsi və inkişaf etdirilməsi üçün 2564, 4 min hektar yay və qış otlaq sahəsi ayrılmışdır ki, bu da respublikanın ümumi torpaq fondunun 36, 7% təşkil edir. Torpaq islahatlarının həyata keçirilməsi, qiymətlər üzərindən nəzarətin götürülməsi, istehlakçılara və zərərlə işləyən istehsalçılara subsidiyaların ləğv edilməsi, ərzaq məhsullarının emalı və bölgüsü, kanallarının sərbəstləşdirilməsi və yenidən qurulması yolu ilə aqrar sənaye kompleksi bazar sisteminə yaxınlaşdırılmağa başlamışdır.

Bütün bu köklü dəyişikliklər öz əksini kənd təsərrüfatı məhsullarının təsərrüfat kateqoriyaları üzrə strukturunda da tapmışdır. Belə ki, əhali və kəndli (fermer) təsərrüfatlarının payı ümumi kənd təsərrüfatı məhsullarının istehsalında 1991-ci ildə 38, 5%-dən artıq 1999-cu ildə 95, 6%-ə (o cümlədən) bitkiçilikdə 92, 8%-ə və heyvandarlıqda 98, 7%-ə çatmışdır. Hal-hazırda aqrar bölmədə qeyri dövlət sektorunun payı 95, 7% təşkil edir.

Müasir şəraitdə əsas diqqət bütün təsərrüfat formalarının səmərəli işləyə bilməsi üçün şərait yaradılmasına yönəldilmişdir. Dövlət bazarın işləməsi üçün hüquqi bazanı yaratmış, tənzimləyici orqana çevrilmişdir.

«Aqrar islahatlar haqqında» qanunda göstərilir ki, aqrar bölmə iqtisadiyyatın vacib sahələrindən biri kimi dövlətin himayəsindədir. Belə himayə investisiya qoyuluşunun stimullaşdırılması, məqsədli dövlət proqramlarının tətbiqi, müəyyən məqsədlərə dövlət vəsaitinin ayrılması, mühüm kənd təsərrüfatı məhsullarının qiymətləri ilə onların istehsalında istifadə olunan maşın-mexanizmlərin, yanacaq-sürtkü materialları mineral gübrə, kimyəvi maddələrin qiymətləri arasında mütənasibliyin təmin edilməsi yolu ilə həyata keçirilir.

ASK- nın əsasını təşkil edən kənd təsərrüfatı istehsalının sabit və dayanıqlı inkişafının təmin edilməsi hər şeydən əvvəl torpaq ehtiyatlarından səmərəli istifadə edilməsindən, torpağın məhsuldarlığının artırılmasından, onun təkrar istehsalının təmin edilməsindən asılıdır.

Torpaqdan istifadənin yaxşılaşdırılması sahəsində dövlət tərəfindən görünən tədbirlər Respublikamızda aparılan müstəqil aqrar siyasətin aparıcı istiqamətlərindən biridir.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və genişmiqyaslı dövlət tənzimləmələri 90-cı illərin ikinci yarısından aqrar bölmənin tənəzzül vəziy­yətindən çıxması və inkişafının sürətlənməsi üçün zəmin yaratdı. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə kənd təsərrüfatının ümumi məhsulu 1995-2000-ci illər ərzində 48, 8%, 2000-2007-ci illər ərzində isə 118, 7% artmışdır. Həmin dövrdə müvafiq olaraq bitkiçilik məhsulları 47, 0 və 110, 7%, heyvandarlıq məhsulları isə 50, 0 və 129, 1% artmışdır. 1996-2004-cü illərdə kənd təsərrüfatının ümumi məhsulu orta hesabla ildə 7% (1997-ci il istisna olmaqla) artmışdır. [44, 2005, s. 551-556]. Bu sahədə artım 2005-ci ildə 7, 5, 2006-cı ildə 0,9 və 2007-ci ildə 4, 0% olmuşdur. Bir sıra həyatı əhəmiyyətli kənd təsrrüfatı məhsullarının istehsalı dinamik şəkildə sürətlə artır. Belə ki, əhali və ailə kəndli təsərrüfatlarında taxıl istehsalı 1995-ci ildə 32, 6 min tondan (təmiz şəkildə), 2007-ci ildə isə 1951, 1 min tona, kartof istehsalı 1995-ci ildə 146, 8 min tondan 2007-ci ildə 1036, 1 min tona, mal-qara və quş əti - 65, 5 min tondan 147, 3 min tona, süd istehsalı 742, 7 min tondan 1331 min tona çatmışdır. Əsas kənd təsərrüfat malları olan taxıl, buğda unu və tütünün xaricdən idxalı kəskin sürətlə azalmış, ət məhsullarının idxalında da azalma meyli özünün göstərir. Ərzaq məhsullarına olan tələbatın böyük əksəriyyəti daxili istehsal hesabına ödənilməyə başlamışdır.

Bir sıra kənd təsərrüfatı məhsullarının ixracında canlanma meyli yaranmışdır.

Məhsuldarlıq sahəsində son on il ərzində özünü göstərən davamlı irəli­ləyişlər xüsusilə ümidvericidir. Belə ki, 1995-2007-ci illər ərzində ümumi yığım sahəsinin məhsuldarlığı (sent/ha) müvafiq olaraq aşağıdakı kimi olmuşdur: taxıl 15,1 və 27,1, pambıq 13, 0, tütün 14, 6 və 25, 7, şəkər çuğunduru 54, 8 və 235, kartof 97 və 150, üzüm 32, 6 və 83, 6. Heyvandarlıq məhsulları üzrə də eyni təmayül müşahidə olunur.

Aqrar bölmənin inkişafının mühüm nəticələrindən biri odur ki, ölkədə istehlak mallarının tərkibində yerli məhsulların xüsusi çəkisi hiss olunacaq şəkildə artmışdır. Bu o deməkdir ki, yerli məhsullar daxili bazarda ucuz xarici mallarla rəqabətə dözür və bir çox hallarda qalib gəlir. Bəzi kənd təsərrüfatı məhsullarının ixracında müşahidə olunan artım məhz bunun nəticəsidir.

Bununla yanaşı kənd təsərrüfatı kimi ağır bir istehsal sahəsinin çoxdan yığılıb qalmış köklü problemlərinin qısa müddət ərzində həll edilməsini düşünmək sadəlövhlük olardı. Hələ sovet dövründə iqtisadiyyatın ən qapalı sahəsi olan kənd təsərrüfatı bütün SSRİ miqyasında əsas göstəricilər baxımındın orta dünya standartlarından xeyli aşağı idi. 90-cı illərin əvvəllərində isə vəziyyət daha da pisləşdi. Son on ildə özünü göstərən əhəmiyyətli irəliləyişlərə baxmayaraq, aqrar bölmənin inkişafında bir sıra sistem xarakterli problemlər hələ də qalmaqda davam edir. Kənd təsərrüfatı istehsalının artım surəti ümumi iqtisadi inkişaf surətindən xeyli dərəcədə geri qalmaqda davam edir. Belə ki, 2000-2007-ci illər ərzində sənaye məhsullarının ümumi həcmi 2, 3 dəfə artdığı halda kənd təsərrüfatı məhsulları 118% artmışdır. Nəticədə ümumi daxili məhsulda kənd təsərrüfatının payı 1995-ci ildə 25, 3%-dən 2000-ci ildə 14, 7%, 2007-ci ildə isə 5, 9%-ə enmişdir. Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi və maddi-texniki təchizatı sahəsində məlum problemlər mövcuddur. Əkin sahələrinin məhsuldarlığı orta dünya göstəriciləri ilə müqayisədə xeyli aşağıdır. Kənd təsərrüfatı ilə iqtisadiyyatın digər sahələri arasında əmtəə mübadiləsində qeyri-ekvivalentlik birincinin ziyanına qalmaqda davam edir. Belə ki, enerji daşıyıcıları və digər maddi-texniki ehtiyatların qiymətləri kənd təsərrüfatı məhsullarının qiymətlərinə nisbətən sürətlə artır. Kənd təsərrüfatı işçilərinin orta aylıq əmək haqqı digər sahələrə nisbətən xeyli aşağıdır. Kənd təsərrüfatı istehsalına investisiya və kredit qoyuluşlarının xüsusi çəkisi də aşağıdır. Təsadüfi deyildir ki, kənd təsərrüfatı istehsalının əhəmiyyəti orada yaranmış mövcud vəziyyət və inkişafında ciddi dönüş yaradılması üçün yollar axtarılması zəruriliyi Azərbaycan dövlətinin siyasi və təsərrüfat rəhbərlərinin daim diqqət mərkəzindədir.

«Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli Fərmanında göstərilirdi: «Aqrar sahədə mövcud olan istehsal münasibətləri bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmır. Mövcud olan problemlərin elmi təhlili aparılmır, bunun nəticəsində aqrar sahədə planlaşdırılmış maliyyə, kredit, bank, vergi, qiymət, daxili bazarın qorunması tədbirlərini nəzərdə tutan proqram indiyə qədər hazırlanmamışdır» [94, s. 277].

02. 03. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 640 №-li Sərəncamı ilə təsdiq edilmiş ərzaq təhlükəsizliyi haqqında proqramda göstərilirdi: «Ərzaq məhsullarının istehsalı mövcud potensialdan və imkanlardan aşağıdır. Bunun əsas səbəbi istehsalın xarakterində lazımi şəraitin (gübrələrin və maliy­yənin) olmaması və ya onlardan səmərəsiz istifadə olunması, suvarma sisteminin köhnəlməsi, istehsalçıların maddi-texniki bazasının zəif olması, kənddə emal, saxlama və qablaşdırma müəssisələrinin olmaması və mövcud avadanlıqların yararsız hala düşməsi, maliyyə vəsaitinin olmaması, suvarma suyunun çatışma­ması, daxili bazarın qorunmasını, qiymət və kredit siyasətində uyğunsuzluqların olması, eyni nailiyyətlərin istehsal sahələri ilə uzlaşdırılması və s. problemlərdən irəli gəlir. Bu səbəbdən həmin sahədə məhsuldarlığın və rentabelliyin səviyyəsi aşağıdır.»

Həmin sənəddə daha sonra qeyd edilirdi: «Son illər kənd təsərrüfatı sahəsində torpaq islahatı, təsərrüfatların emal sənayesi və xidmət müəssisələrinin özəlləşdirilməsi kimi mühüm tədbirlər həyata keçirilmişdir. Lakin bu sahədə muəyyən problemlər indi də mövcuddur. Birinci, ayrılan torpaq sahələri sahib­karlara əsasən onların özlərinin ehtiyaclarını təmin etmək imkanı verir.

İkincisi, dövlət təsərrüfatlarından və kolxozlardan miras qalmış əmlak yararsız və ya qismən yararlı haldadır. Maşın və mexanizmlər köhnəlmiş, tikililər və qurğular, suvarma sisteminin bir hissəsi yararsız hala düşmüşdür. »

Azərbaycanın kənd təsərrüfatında mövcud olan problemlərin təxirəsalın­madan və köklü sürətdə həll edilməsi zəruriliyi bu sahədə dövlət tənzimləmələrinin daha da intensivləşdirilməsini və əhatə dairəsinin genişləndirilməsini tələb edir. Təsadüfi deyildir ki, həmin məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Çünki məlum olduğu kimi ölkəmizin dünya birliyinə inteqrasiyası neft müqa­vilələrinin reallaşmağa başlaması ilə və Bakı - Ceyhan neft kəmərinin işə düşməsi özünün keyfiyyətcə yeni mərhələsinə yuksəlmişdir. Avropa Birliyi ölkəmizi yeni qonşuluq strategiyasına daxil etmişdir. GUAM ölkələri ilə inteqrasiya prosesində yeni keyfiyyət dəyişiklikləri özünü göstərməyə başlamışdır. Bakı-Ərzurum qaz kəməri ilə Bakı-Qars Dəmiryolu çəkilməyə başlamış və ölkəmizin Qərb ölkələri ilə inteqrasiyasında mühüm rol oynayacaqlar. Bütün bunlar iqtisadi, o cümlədən aqrar siyasətdə daha geniş əks olunmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18. 11. 2003-cü ildə ke­çiril­miş ilk iclasında cənab İlham Əliyev xüsusi vurğulamışdır: «Kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlamalıdır.» Belə bir mühüm müd­dəanın məqsədini o, elmi və praktik cəhətdən belə əsaslandırılmışdır: «Bizim də məqsədimiz budur ki, Azərbaycanda yerli istehsal inkişaf etsin, idxal azalsın və Azərbaycan öz daxili bazarını ölkəmizdə istehsal olunan məhsullarla təmin etsin. » 17. 11. 2006-ci ildə o, həmin müddəanı daha da inkişaf etdirərək qeyd etmişdir: «İndi iqtisadi sahədə Azərbaycanın qarşısında bir neçə önəmli məsələ durur. Onlardan biri qeyri-neft sektorunun, kənd təsərrüfatının, infrastrukturun inkişafı və nəqliyyat infrastrukturunun inkişafıdır. . . Mən həmişə deyirəm, əgər hər bir kəndin problemi həll edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar. »

Nazirlər Kabinetinin 2006-cı ilin I-ci rübünün yekunlarına həsr olunmuş iclasında isə aqrar bölmədə yaranmış vəziyyətin onu narahat etdiyini vurğulamış və icra orqanlarının diqqətini ona yönəltmişdir: «Kənd təsərrüfatında daha da ciddi artım olmalıdır. İndi burada səsləndi artım 2, 5%-dir. Bu əlbəttə, böyük göstərici deyildir. »

Məlum olduğu kimi bazar iqtisadiyyatı şəraitində dövlət bir qayda olaraq, sahibkar kimi bilavasitə təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Ona görə də, kənd təsərrüfatı sahəsində dövlət tənzimləmələri arasında kənd yerlərinin (ərazilərinin) inkişaf etdirilməsinə yönəldilən məqsədyönlü proqramlar xüsusi yer tutur. Bu tədbirlərə kənddə istehsal və sosial infrastruktrunun inkişafına yönəldilmiş tədbirlər; kənd yerlərində qeyri-kənd təsərrüfatı sferasında məşğulluğun artırılması, gəlirləri müəyyən həddən aşağı olan fermelərə birbaşa ödəmələr və s. daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18. 11. 2003-cü il tarixli ilk iclasında cənab İlham Əliyev qeyd etmişdirr: «Azərbaycanın hərtərəfli inkişafa nail olmaq üçün regional proqramlar həyata keçirilməlidir. Sizə bildirməliyəm ki, Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşıbdır. Bu onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Əlbəttə bunun da obyektiv səbəbləri vardır. Amma bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir. »

Həqiqətən, iqtisadiyyatın ikinci mühüm sahəsi olan aqrar bölmənin inkişafı problemlərinin həlli kompleksli yanaşma tələb edir. Bu baxımdan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» müstəsna əhəmiyyət kəsb edir. Həmin proqramın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11. 02. 2004-cü il tarixli Fərmanına görə, hökumət orqanları qarşıdakı illər ərzində yerlərdə kənd təsərrüfatının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların sonunda yeni iş yerlərinin açılmasını təmin etməlidir. Sənədin əsas məqsədi əsasını kənd təsərrüfatı istehsalı təşkil edən regionlarda sahibkarlığın inkişafını sürətləndirmək, və oradakı əmək ehtiyatlarından optimal dərəcədə səmərəli istifadə etməklə dinamik iqtisadi inkişafa, məhsuldarlığın yüksəldilməsinə, məşğulluğun artırılmasına nail olmaqdan ibarətdir.

2008-ci ilin dövlət büdcəsi layihəsində hökumət regionlarda yolların çəkilməsi, enerji və qaz təchizatının yaxşılaşdırılması, xəstəxana və məktəblərin tikilməsi və yenidən qurulması üçün dövlət investisiyalarının kəskin sürətdə artırılmasını nəzərdə tutmuşdur. Çünki kənd yerlərində infrastrukturun ciddi şəkildə yaxşılaşdırılması orada əlverişli investisiya mühitinin vacib şərtidir.

Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının ikinci ilinə həsr edilmiş konfransda cənab İlham Əliyev göstərmişdir: «Bütün bu ilki il ərzində görülmüş işlər onu göstərir ki, istiqamət düzgün seçilmişdir, prioritetlər düzgün müəyyən edilmişdir və proqramın icrasında da müsbət meyllər kifayət qədərdir. Amma problemlər də var, çatışmayan cəhətlər var və biz bunları vaxtlı-vaxtında araşdırmalıyıq, tədbirlər görməliyik ki, bu proqram 2008-ci ilə qədər nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilsin. » Elə həmin konfransda o xüsusi vurğulamışdır ki, «Aqrar sektora daha böyük diqqət göstərilməlidir».

Çünki Azərbaycanın dünya birliyi ilə inteqrasiyasının sürətlənməsi kənd təsərrüfatında bazar iqtisadiyyatı prinsiplərinin ardıcıl olaraq tətbiqi, aqrar bölmədə yeni mühitin yaranması və inkişafı kənd əhalisinin əvvəllər alışdığı yeni problemlər, yeni çətinliklər meydana gəlmişdir. Bu hər şeydən əvvəl kənd istehsalçılarının maddi-texniki və maliyyə ehtiyatları ilə təminatı məsələsində özünün qabarıq şəkildə göstərir.

Aqrar bölmənin inkişafında ciddi dönüş yaradılması əhəmiyyətli dərəcədə bu bölmənin sənaye sahələri və istehsal infrastrukturunun bəzi alt sahələri ilə inteqrasiyasından asılıdır. Təbiidir ki, iqtisadiyyat sahələrinin qarşılıqlı əlaqədar olan vahid sistemdə birləşdirilməsi bazar iqtisadiyyatı şəraitində olduqca mürəkkəbdir. Bunun həyata keçirilməsi kənd təsərrüfatı və sənayenin bütün təkrar istehsal həlqələrində - istehsal, mübadilə, bölgü və istehlakda bir tam şəkildə birləşdirilməsindən asılıdır. Başqa sözlə, bütün sahələr proporsional mənfəət əldə etməklə yüksək keyfiyyətli məhsul istehsal edilməsinə xidmət etməlidirlər. Aqrar-sənaye istehsal sahəsində strateji kursun əsasını məhz bu müddəa təşkil etməlidir.

Ölkəmizdə kənd təsərrüfatında müxtəlif mülkiyyət və təsərrüfatçılıq formaları fəaliyyət göstərir. Torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları isə Azərbaycan reallığında yenilikdir və böyük perspektivə malikdir. Ona görə də, həmin təsərrüfat sahiblərinə qabaqcıl dünya dövlətlərində olduğu kimi hərtərəfli dövlət dəstəyi olduqca vacibdir.

Azərbaycanın aqrar bölməsinin dünya təsərrüfatı sisteminə inteqrasiyanın perspektivi ilk növbədə kənd təsərrüfatı istehsalının səmərəliliyindən asılıdır. «Yaşıl inqlab» mərhələsini artıq çoxdan keçmiş dünya kənd təsərrüfatı bazarına ancaq istehsalın yüksək səmərəliliyini təmin etməklə bərabərhüquqlu subyekt kimi daxil olmaq olar. Çünki kənd təsərrüfatı müəssisələrinin əsas istehsal vasitələri ilə təmin edilməsi və onlardan səmərəli istifadə edilməsi təsərrüfat fəaliyyətinin nəticələrinə (kənd təsərrüfatı işlərinin tam və vaxtında yerinə yetirilməsinə, kənd təsərrüfatı məhsullarının istehsal həcminə, onun maya dəyərinə, müəssisənin maliyyə vəziyyətinə) əhəmiyyətli təsir göstərən mühüm amildir. Lakin məlum olduğu kimi, SSRİ-də, o cümlədən Azərbycanda kənd təsərrüfatı istehsalında məhsuldarlıq səviyyəsi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı idi. İstehsalın səmərəliliyinin artırılması isə kənd təsərrüfatında yalnız maddi-texniki təchizatın yaxşılaşdırılması yolu ilə mümkündür. Lakin məlum olduğu kimi, müstəqillik illərində məlum obyektiv və subyektiv amillərin təsiri altında kənd təsərrüfatının aqrotexniki və kimyəvi təchizatı sahəsində vəziyyət mürəkkəbləşmişdir. Keçid dövründə olan bir sıra ölkələr kimi, son dövrlərdə ölkəmizin kənd təsərrüfatında da müasir maşın və mexanizmlərin tətbiqi miqyası ixtisar olunmuş, onların çoxu köhnəlmişdir. Ona görə də Kənd təsərrüfatının texnika və mineral gübrələrlə təchizatı sahəsində dövlət dəstəyi ciddi artırılmışdır və bu sahədə dönüş yaradılması tələb olunur.

Azərbaycanın sosial-iqtisadi həyatı üçün həyatı əhəmiyyət kəsb edən aqrar bölmənin dövlət tərəfindən dəstəklənməsi maliyyə, kredit və qiymət mexanizminin tətbiqi ilə genişmiqyaslı tətbirlər sisteminin həyata keçirilməsini tələb edir. Burada ərzaq istehsalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinə yardım müstəsna əhəmiyyətə malikdir. Çünki ərzaq istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin təsərrüfat fəaliyyətinin rentabelliyi hazırda aşağı səviyyədədir. Bu məsələnin həlli üçün hökumət kənd təsərrüfatına genişmiqyaslı yardım tədbirləri paketinin həyata keçirilməsinə başlamışdır.

Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə cənab İlham Əliyev demişdir: “Bizim indi maddi imkanlarımız var ki, bu sahəyə diqqət daha da güclü olmalıdır. Dotasiyalar verilməlidir. İndi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatına dotasiya verilir. Biz də bunu edirik-yanacaq almaq üçün ayrılan vəsait, ucuz enerji daşıyıcıları. Azərbaycanda satılan qaz dünya qiymətindən 8-10 dəfə ucuzdur. Bütün bunlar dotasiyalardır. Bütün bunların qiymətlərinin biz ona görə aşağı səviyyədə saxlayırıq ki, həm ölkə əhalisi, həm də sənaye və kənd təsərrüfatı bundan bəhrələnsin. ”

“Kənd təsərüffatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq kənd təsərüfatı məhsulları istehsalçılarına güzəştlərin edilməsi üçün dövlət büdcəsindən 80milyon manat vəsait ayrılmışdır. Bu sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 Fevral tarixli qərarı ilə həmin vəsaitin kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə bir hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağın və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən təmin edilməsi üçün müvafiq olaraq 40 və 26 manat yardımın verilməsi müəyyənləşdirilmişdir.

Eyni zamanda, respublikada buğda istehsalının stimullaşdırılması, taxılçıların maddi marağının artırılması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehsalçılara səpilən hər hektar buğda sahəsinə görə 40, indi isə 80 manat yardım verilməsi nəzərdə tutulmuşdur. Bunun nəticəsidir ki, 2007-ci ilin məhsulu üçün buğda səpini 2006-cı ilə nisbətən 127, 2 hektar artıq olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və qida məhsulları ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə paytaxtın 7 rayonunda 10 yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir. 2007-ci ildə 154 yarmarka keçirilmişdir və respublikanın 42 rayonundan yarmarkalara 55 adda 30528, 3 ton kənd təsərrfatı, o cümlədən 12 adda tərəvəz, 17 adda meyvə, 4 adda konserv, 8 adda ət və süd məhsulları gətirilərək bazar qiymətlərindən aşağı qiymətə əhaliyə satılmışdır.

Hökumətin aqrar bölmədə siyasətinin əsas məqsədi investisiyaların səmərəliliyini artırmaq və digər məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalında yüksək rentabelliyi təmin etməkdən ibarətdir.

Rentabelliyə və rəqabətqabiliyyətinə nail olmaq, dövriyyə kapitalını əldə etmək üçün ərzaq məhsulları istehsalçılarının modernləşdirməyə yönəldilmiş investisiyalara, habelə texniki və istehsal innovasiyalarına ehtiyacları vardır.

Azərbaycanda aqrar siyəsətin qısamüddətli dövr ərzində aparıcı istiqaməti kənd təsərrüfatında geniş təkrar istehsal üçün daha əlverişli iqtisadi şəraitin yaradılması və aqrar bölmədə təsərrüfat vahidlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması təşkil edir.

2007-ci ildə lizinqə verilən kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların dəyərinin ödənilmə müddəti 5 ildən 10 ilə uzadılmış, sığortalanan kənd təsərrüfatı bitkilərinin növləri 1-dən 8-ə qədər və sığorta haqqının dövlət tərəfindən ödənilən hissəsi isə 25 faizdən 50 faizə qədər artmışdır.

Həmin ildə dövlət büdcəsindən ayrılmış 37, 4 milyon manat hesabına 1468 ədəd müxtəlif növ kənd təsərrüfatı maşınları, o cümlədən 530 ədəd (onun 382-si ölkə daxilində yığılmış “Belarus MTZ” markalı) traktor və 62 min ton mineral gübrələr alınmış, 12 ədəd emal müəssisəsi üçün texnoloji avadanlıqlar gətirilib quraşdırılmışdır.

İstehsalçılara texniki servis xidməti göstərən rayon müəssisələrinin sayı 56-ya çatdırılmış və 70 mexanikləşdirilmiş dəstə yaradılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalında toxumçuluq və tingçiliyin xüsusi rolunu nəzərə alaraq, 2007-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlar ölkədə bu problemi həll etməyə geniş imkanlar yaratmışdır. Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan yüksək reproduksiyalı toxum və tinglərə görə subsidiyaların ödənilməsi işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş kvota əsasında həyata keçirilir.

Göründüyü kimi, dövlət lizinq xidməti əsasında kənd təsərrüfatının texnika və gübrə ilə təchiz olunmasına diqqəti xeyli artırmışdır. Bu tədbir kənd istehsalçılarına əhəmiyyətli maliyyə dəstəyi hesab olunmalıdır.

Dövlət büdcəsi vəsaiti hesabına texnika və gübrənin alınaraq fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artımına əhəmiyyətli təsir göstərmişdir.

Kənd təsərrüfatı istehsalının artımını stimullaşdırmaq məqsədilə qarşıdakı illərdə hökumət tərəfindən ünvanlı subsidiyalaşdırma və digər mexanizmlərin tətbiqi nəzərdə tutulur. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da yalnız ün­vanlı deyil, onun digər növlərinin də tətbiqi aqrar siyəsətdə mühüm istiqamət­lərdən birinə çevrilərsə, aqrar bölmənin dayanıqlı inkişafının təmin olunmasında mühüm addım ola bilər.

Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində kənd istehsalçılarının uğurlu fəaliyyəti əhəmiyyətli dərəcədə istehsal olunan məhsulların satılması ilə əlaqədardır. Başqa sözlə, satış probleminin bu sahədə böyük rolu vardır. Təbiət - iqlim şəraitindən ciddi asılı olan kənd istehsalçıları bütün ölkəyə səpələnmişlər, dağınıqdırlar, şəhərlərdə toplanmış bazarlar isə kompaktdırlar. Dağınıq istehsalçılar istər-istəməz bazar inhisarçılığı ilə üzbə-üz dayanırlar. Bu inhisarçılıq həm satışda, həm də kənd təsərrüfatı texnikası və gübrələrin alınmasında özünü göstərir. Belə bir şəraitdə kənd təsərrüfatı məhsulları qiymətlərinə dövlət müdaxiləsi, bu məhsulların qiymət mexanizmi vasitəsilə dəstəklənməsi bütün dünyada aqrar sektorun dayanıqlı inkişafının əsasını təşkil edir. Belə müdaxilənin həyata keçirilməsi üçün inkişaf etmiş ölkələrdə hökumət orqanları bir sıra iqtisadi göstəriciləri, ilk növbədə ixtisaslaşdırılmış təsərrüfatlarda istehsal xərclərinin səviyyəsi (Avropa Birliyi ölkələrində), istehsal növləri (ABŞ-da), sənaye və kənd təsərrüfatı məhsulları qiymətləri arasındakı nisbətin, ferma və istehsal sahələrində gəlir səviyyəsini diqqətlə izləyirlər. Bu göstəriciləri izləmək üçün dövri olaraq xüsusi hesabatlar tərtib edilir və dərc edilir. Onlar diqqətlə öyrənilir və cari dövrdə kənd təsərrüfatı məhsullarının qiyməti sahəsində yeridilən qiymət siyasətinin əsasını təşkil edir.

Qiymətlərə müdaxilə mexanizmi müxtəlif dövlətlərdə müxtəlif şəkildə həyata keçirilir. Perspektivdə Azərbaycanda da belə müdaxilənin inkişaf etdirilməsi zəruriliyini nəzərə alaraq qabaqcıl ölkələrdə həmin təcrübə haqqında ətraflı məlumat verilməsini məqsədəuyğun hesab edirik. ABŞ-da qiymət siyasəti iki növ qiymət mexanizmi vasitəsilə həyata keçirilir: 1) məqsədli (zəmanətli), 2) girov qiymətləri.

Məqsədli qiymətlər ən mühüm məhsul növlərinə tətbiq edilir. Bu qiymətlər fermer təsrrüfatlarının istehsal xərclərinin ödənilməsi (istehsal xərclərinin tərkibinə fermer kapitalı üçün orta mənfəət norması və torpaq rentası daxil edilir) və onlar tərəfindən əlavə gəlir əldə edilməsini təmin etmək məqsədini güdür. Fermerlərin istehsal etdikləri məhsullar bazar qiymətləri ilə satılırlar. Bu qiymətlər məqsədli qiymətlərdən yuxarı, aşağı və onlara bərabər ola bilər. Əgər məhsulun bazarda satış qiyməti məqsədli qiymətlərdən aşağı olarsa fermerlərə dövlət tərəfindən bu fərq ödənilir.

Girov qiymətləri tətbiq edilərkən bu qiymətlər satış qiymətindən aşağı olduqda fermerlər özünün bütün əmtəəlik məhsulunu girov müqabilində əmtəə - kredit korporasiyasına (ƏKK) təsbit edilmiş girov qiymətləri ilə təhvil verir. Bu halda girov qoyulmuş məhsul 9 ay ərzində fermerlər tərəfindən satın alına bilər. Əgər bu baş verməzsə məhsul ƏKK-nin mülkiyyətinə keçir, fermer isə girov qiymətləri ilə (saxlanılma xərcləri çıxılmaqla) pul kompensasiyası alır. Girov qiymətləri kənd təsərrüfatı məhsullarına zəmanətli qiymətlərin aşağı həddidir.

Avropa Birliyi (AB) ölkələrində kənd təsərrüfatı məhsulları qiymətlərinə dövlət müdaxiləsi hələ bu Birlik yaranmamışdan öncə milli səviyyədə həyata keçirilməyə başlamışdır. AB yarandıqdan sonra bu müdaxilə təkmilləşdirilərək, özünün keyfiyyətcə yeni yüksək mərhələsinə yüksəlmişdir. Hal - hazırda Birlikdə belə bir mexanizm mövcuddur: məqsədli qiymətlər - orta və iri təsərrüfatlara müəyyən gəlir səviyyəsinə zəmanət verir. Müdaxilə qiymətləri isə minimum qiymət funksiyasının yerinə yetirir: dövlət tədarük təşkilatları əvvəlcədən təsbit edilən həmin qiymətlərlə kənd təsrrüfatı məhsullarını fermerlərdən satın alırlar.

Beləliklə, inkişaf etmiş qabaqcıl ölkələrdə aqrar - sənaye istehsalında qiymətin formalaşması sistemi kənd təsərrüfatında hazır məhsul qiymətləri, məsrəflər və gəlirlərin istehsal vasitələri qiymətlərinin dinamikasını daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Spesifik qiymət mexanizmi vasitəsilə onlar arasında optimal əlverişli nisbət yaradılmağa çalışılır.

Qiymət - bazar iqtisadiyyatının əsas elementlərindən biridir. Aqrar - sənaye istehsalında qiymətlərin dövlət tərəfindən tənzimlənməsi mürəkkəb və ziddiyyətli bir məsələ olmaqla, kənd təsərrüfatı istehsalının sabitləşdirilməsi və geniş təkrar istehsalının təmin edilməsi, əhalinin ərzağa, sənayenin isə xammala olan tələbinin ödənilməsi üçün olduqca vacibdir. Dünya təcrübəsinin öyrənilməsi imkan verir ki, Azərbaycanın spesifik xüsusiyyətləri nəzərə alınmaqla daha səmərəli qiymət siyasəti həyata keçirilsin. Kənd təsərrüfatı məhsullarının tədarükü bu sahədə mövcud strukturların təkmilləşdirilməsi və yenilərinin yaradılması işinin dünya ölkələrinin təcrübəsinə uyğunlaşdırılması vacibdir. Qiymətlərin dövlət tərəfindən dəstəklənməsi üçün qiymət fondlarının yaradılması məsələsinin də nəzərdən keçirilməsi məqsədəuyğundur.

Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan yarmarkaların təşkili bu məhsulların müvafiq qiymətlə əhaliyə çatdırılması işində mühüm addımdır. Bununla yanaşı 2006-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda Kənd təsərrüfatı naziri İ. Abbasovun göstərdiyi kimi “Regionda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanların heç də hamısı öz məhsullarını respublikanın iri şəhərlərində satışa çıxarmaq imkanına malik deyillər. Odur ki, şəhər əhalisinin ilboyu meyvə-tərəvəzlə təminatını yaxşılaşdır­maq, məhsul itkisinin və bazarlarda möhtəkirliyin qarşısını almaq məqsədi ilə regionlarda soyuducu anbar və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə təchiz edilmiş topdansatış və tədarük bazalarının yaradılması məqsədəuyğundur.” Bu fikir ciddi şəkildə dəstəklənməlidir.

Qeyd etmək lazımdır ki, 90-cı illərin I-ci yarısının böhranı dövründə ciddi sürətdə dağılmış maşın-traktor parkının bərpası və modernləşdirilməsi bu sahədə köklü dönüş yaradılması üçün yalnız lizinq kifayət deyildir. Ona görə də aqrar bölmədə dayanıqlı geniş təkrar istehsalın təmin olunması üçün kreditə böyük ehtiyac vardır. Müasir şəraitdə kənd istehsalçılarının yalnız qısamüddətli kreditə deyil, həm də daha çox uzunmüddətli kreditə ehtiyacı böyükdür. Çünki gənc fermer təsərrüfatların ilkin əsas kapitala və dövriyyə kapitalına tələbi çoxdur. Ona görə də Azərbaycan Dövlətinin müasir dövrdə aqrar siyasətində kredit mexanizmindən geniş istifadə edilir, onun təşkilati strukturu yaradılmış, bu məqsədlə müvafiq kredit resursları ayrılmışdır.

Lakin müasir mərhələdə kənd təsərrüfatı müəssisələrinin kreditə böyük ehtiyacı olduğu halda mövcud bank-kredit təşkilatları bu ehtiyacı kifayət qədər ödəyə bilmək imkanına malik deyildir. Fermer təsərrüfatlarına və emal müəssisələrinə kredit yalnız girov qoyulan əmlakın sığorta olunduğu halda verilir. Lakin yüksək sığorta tarifləri riskin səviyyəsini əks etdirərək fermer təsərrüfat­larının kredit almaq imkanlarını məhdudlaşdırır. Ona görə də kənd təsərrüfatına verilən kreditlər iqtisadiyyat sahələrinə yönəldilən kreditlərin hələlik 5-6%-i səviyyəsindədir. Ziyanla işləyən təsərrüfatların sayı çox olduğu halda kreditlər üzrə faizlər yüksəkdir. Hökumətin kredit siyasəti kənd təsərrüfatı və emal müəs­sisələrinin kredit almaq imkanlarının daha da genişləndirilməsinə yönəldil­mişdir. Nəzərə almaq lazımdır ki, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşır. Həmin təşkilat isə kənd təsərrüfatı istehsalına subsidiyaların artırılma­sına imkan vermir. Ona görə də fermerlərə yaxın gələcəkdə kredit mexanizmi vasitəsilə yardımın artırılması daha da aktuallaşacaqdır.

Qlobal iqtisadiyyata sürətlə inteqrasiya etdiyimiz bir şəraitdə aqrar bölmədə dayanıqlı inkişafın təmin edilməsi böyük investisiya qoyuluşarı ilə əlaqədardır. Təsadüfi deyildir ki, həmin sahəyə cəmi investisiya qoyuluşları ölkəmizdə 2000 - 2005-ci illər ərzində 5 dəfədən çox, 2005-2007-ci illər ərzində isə 5, 4 dəfə artmışdır. Həmin dövrdə ümumi investisiyaların tərkibində kənd təsərrüfatının payı 0, 7%-dən 3, 2%-ə qədər yüksəlmişdir. Kənd təsərrüfatına qoyulan investisiyalar 2007-ci ildə iqtisadiyyata yönəldilən cəmi kapital qoyuluşlarının yalnız 0, 7%-ni təşkil etmişdir.

Bununla yanaşı kənd təsərrüfatına kapital qoyuluşlarının ciddi sürətdə artırılması və ölkənin zəmanətli ərzaq təhlükəsizliyinin yaradılması əhəmiyyətli dərəcədə aqrar bölmənin özünün daxili imkanlarından daha səmərəli istifadə edilməsindən, bu imkanların hərəkət mexanizminin təkmilləşdirilməsindən asılıdır.

Aqrar biznesdə təsərrüfat fəaliyyətinin nəticələri böyük ölçüdə istehsalın ixtisaslaşması və təmərküzləşməsi ilə əlaqədardır. Kənd təsərrüfatı istehsalında ixtisaslaşma və təmərküzləşmə iki təmayülün qarşılıqlı vəhdətindən asılıdır: bir tərəfdən, ictimai əmək bölgüsünün dərinləşməsi daha dar ixtisaslaşmaya yardım edir, digər tərəfdən isə, kənd təsərrüfatı istehsalının xüsusiyyətləri (mövsümiliyi, torpağın müstəsna rolu ilə bitkiçiliklə heyvandarlığın sıx qarşılıqlı əlaqəsi və s. ) çoxsahəli müəssisələrin inkişafını tələb edir. Sovet dövründə kolxoz və sovxozlar çoxşaxəli idilər. Hal-hazırda bazar iqtisadiyyatı şəraitində isə dar ixtisaslaşma əsasında yaradılan təsərrüfatların (toyuq fabrikləri və s. ) sayı sürətlə artır. Onlar arasında optimal nisbətin yaradılması vacibdir.

Məlum olduğu kimi qloballaşma şəraitində, istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda ərzaq bazarı uğrunda rəqabət mübarizəsi olduqca kəskinləşmişdir. Bu mübarizədə o ölkələr qalib gəlirlər ki, orada təmərküzləşmə getmiş və iri kənd təsərrüfatı müəssisələri, fermerlər, birliklər yüksək məhsuldarlığa malik texnika və texnologiyadan geniş istifadə edir və məhsuldarlığı ciddi sürətdə artırırlar. Nəzərə almaq lazımdır ki, ABŞ-da 8%-dən ibarət təsərrüfat subyektləri kənd təsərrüfatı məhsullarının 73,5%-ni əlində cəmləşdirmişdir. [181, s.88]. Ona görə də müasir dövrdə ərzaq bazarında xırda təsərrüfatlar deyil, məhz iri birləşmələr uğurlu rəqabət mübarizəsi apara bilərlər. Onların investisiya cazibə­darlığı da yüksəkdir. Ölkəmizdə də iri təsərrüfat subyektləri aqrar bölmənin daxili imkanlarının üzə çıxarılmasını, əmək üçün az məsrəflə əlverişli şərait yaradılmasını təmin edə bilər, insanların məişəti və mədəniyyətinin yüksəldilmə­sində mühüm rol oynaya bilər. Lakin keçid iqtisadiyyatı şəraitində ölkəmizdə bir kəndli (fermer) təsərrüfatına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi orta hesabla 10 hektardan aşağıdır. Ona görə də iri aqrar-sənaye birliklərinin yaradılması üçün özəl kapital ilə yanaşı dövlət dəstəyinin həyata keçirilməsi aqrar siyasətin tərkib hissələrindən biri olmalıdır. Nəzər almaq lazımdır ki, Avropa ölkələri və ABŞ-da belə birliklərin maliyyələşməsinə ayrılan vəsaitlər onların istehsal xərclərinin təxminən 40%-ni təşkil edir.

Kənd təsərrüfatı istehsalının müasir tələblərə uyğunlaşdırılması və dayanıqlı inkişafının təmin olunması, onun xarici əlaqələrinin səmərəliliyinin artırılması beynəlxalq iqtisadi inteqrasiya qanunları və şərtlərinə daha çox uyğunlaşdı­rılmasından asılıdır.

Ölkəmizdə ardıcıl olaraq «açıq iqtisadiyyat» inkişaf modelinin tətbiq edildiyi və dünya birliyinə inteqrasiya prosesləri sürətləndiyi bir şəraitdə kənd təsər­rüfatının və aqrar-sənaye bölməsinin səmərəli fəaliyyət göstərməsi üçün həm daxili, həm də xarici əlverişli iqtisadi mühit daha da yaxşılaşdırılmalıdır.

Digər keçid iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının xarici əlaqələri, son illərdə ciddi müsbət dəyişikliklər baş verməsinə baxmayaraq hələlik zəifdir. Kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi xarici ticarətin cəmisi 2%-ni təşkil edir. Təsadüfi deyildir ki, müqayisəli üstünlüklər prinsipi əsasında xarici ticarət siyasəti ilə bu sahənin himayə edilməsi demək olar ki, bütün dövlətlərin iqtisadi siyasətinin əsasını təşkil edir. Hal-hazırda ən mükəmməl iqtisadi inteqrasiya birliyi olan Avropa Birliyində inteqrasiya prosesləri ilk növbədə aqrar siyəsətin uzlaşdırılması ehtiyacından doğmuşdur. Mütəxəssislər hesab edirlər ki, bu birlikdə inteqrasiya proseslərinin müvəffəqiyyəti ilk növbədə bu uzlaşdırmanın uğurlu nəticələri ilə əlaqədardır.

Hal-hazırda Azərbaycan intensiv surətdə bir neçə regional inteqrasiya birləşmələrinə (EKO, GUAM, MDB, Avropa ilə yeni qonşuluq siyasəti) qoşulur. Dünya miqyasında inteqrasiya prosesləri isə ÜTT-na yaxın gələcəkdə qoşulduğundan sonra daha da sürətlənəcəkdir. Bütün bu inteqrasiya proseslərində aqrar bölmənin xüsusi rolu və ehtiyaclarının daim diqqət mərkəzində olması çox vacibdir.




Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə