VəLİyev dünyamali əMİr oğLU


Emaledici sənaye sahələrinin yenidənqurulması - müasir mərhələdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin aparıcı xətti kimi



Yüklə 7,05 Mb.
səhifə19/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

5. 3. Emaledici sənaye sahələrinin yenidənqurulması - müasir mərhələdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin aparıcı xətti kimi
Biz Azərbaycanda çox güclü sənaye­ləşmə siyasəti aparırıq və bu sahəyə diqqət günü-gündən artır.

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan iqtisadiyyatının XXI əsrdə inkişafı qlobal iqtisadi sistemə səmərəli in­teqrasiyasını, sovet dövründə bilavasitə bazarın deyil, Ümumittifaq xalq təsərrüfatı kompleksinin tə­ləb­lərinə uy­ğun olaraq formalaşmış iqtisadi strukturun köklü şəkildə trans­for­ma­si­yasının konstruktiv şəkildə davam etdirilməsini tələb edir. Qloballaşma fazasına daxil olmuş Qərb bir neçə iqtisadi və ida­rə­çilik inqi­lab­larını - texnoloji, struktur, informasiya, təşkilati-idarə sıçrayışlarını keçmiş, key­fiyyətcə yeni mərhələyə daxil olmuşdur. Azərbaycanın iqtisadi in­kişafının mü­vəffəqiyyəti tarixin bu çağırışına necə cavab verəcəyi­mizdən asılıdır. Öl­kədə iqtisadi struk­turun transformasiyası məhz bu tələblərə uyğun həyata keçirilməsini tələb edir.

Azərbaycan Respublikası xarici investisiya cəlb et­mək əsasında neft hasilatını və xaricə neft məh­sullarının ixracını fəal sürətdə artırır. Əsas neft mü­qavilələri real nəticə ver­mə­yə başladıqdan sonra bu sa­hə­də artım özünü daha ciddi şə­kildə göstərməyə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında qeyd etmişdir: «Əlbətdə, Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə veriləndən, Azərbaycanda neft hasilatı ildə 50 milyon ton təşkil edəndən sonra əldə olunan faiz və gəlirlərin hesabına Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Amma biz buna indidən hazır olmalıyıq. İki-üç ildən sonra daxil olacaq böyük məbləğdə vəsait gərək səmərəli şəkildə xərclənsin. Ona görə də müxtəlif sosial iqtisadi proqramlar indidən hazırlanmalıdır. İlk növbədə, infrastrukturun inkişaf etdirilməsi üçün proqramlar təqdim olunmalıdır». [21a]

Ölkə iqtisadiyyatının tarazlı inkişafı İlham Əliyevin iqtisadi strategiyasının əsasını təşkil edir. Bu strategiyanın həyata keçirilməsi üçün aparıcı iqtisadiyyat sahələrinin inkişafı strateji inkişaf proqramları əsasında istiqamətləndirilir. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr edilmiş konfransda uzunmüddətli sənaye inkişaf konsepsiyası və proqramının hazırlanması vəzifəsini də qarşıya qoymuşdur.

Dövlət başçısının fikrinə görə, Sovet İttifaqı vaxtında tikilmiş böyük müəssisələr öz səmərəsini itiribdir. Keçmişdə onlarda istehsal olunmuş məhsullar artıq lazımi standarta cavab vermir. Bununla yanaşı o, nəhəng müəssisələr Sovet İttifaqının bütün tələbatını ödəmək üçün nəzərdə tutulurdu. İndi o bazarlar da əldən gedib, bazara girməkdə çox böyük problemə çevrilibdir. Ona görə Azərbaycanın yeni, müasir sənaye inkişafı proqramı işlənməli və qəbul edilməlidir. Orada göstərilməlidir ki, hansı sənaye infrastrukturu yaradılmalıdır, dövlət hansı formada öz dəstəyini verməlidir. Deyilənlər qarşıda duran problemlərə müasir biliklərə malik professional iqtisadçı yanaşmasının bariz təzahürüdür.

Məlum olduğu kimi, müasir mərhələdə iqtisadi inkişafın sürətlənməsində neft amili əsas rol oynayır. Ölkəmizdə xarici investisiya cəlb edilməklə neft hasilatı və xaricə neft məhsullarının ixracı fəal sürətdə artır. Cənab İlham Əliyev təbiətin Azərbaycan xalqına bəxş etdiyi neft amilindən məharətlə istifadə etməyi bir vəzifə kimi qarşıya qoyur.

Strateji inkişaf proqramlarının təhlili göstərir ki, onların həyata keçirilməsi nəticəsində Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının intensiv mənim­sənilməsi nəticəsində əldə edəcəyi irimiqyaslı maddi mənfəət istər hasilat sənaye­sinin, istərsə də onunla əlaqədar olan emaledici sənaye sahələrinin və bütövlükdə qeyri-neft sektorunun inkişafına sürətli təkan verəcəkdir. Dünya dövlətlərinin təcrübəsi göstərir ki, ölkəmizin qlobal proseslərə səmərəli qoşulmasının təmin edilməsi əhəmiyyətli dərəcədə həmin mənfəətin «iqtisadiyyatın diversifikasiyası» deyilən çoxşaxəliliyinin təmin olunmasına və qeyri-neft sektorunun sürətli inkişafına yönəldilməsindən asılıdır.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində vurğulamışdır ki, “qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahib­karlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda İqtisadi İnkişaf Planı hazır­lanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcək. Bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürət­ləndirilməsi tədbirləri haqqında” Fərmanda Azərbaycan Respublika­sının Nazirlər Kabinetinə tapşırılmışdır: “İqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olmaq məqsədilə qeyri-neft sektorunun sürətli inki­şafını təmin edən işlər görsün, bu sahəyə investisiyaların cəlb edil­məsinin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirsin”.

Tarixi əhəmiyyətli bu qətiyyətli addım geniş beynəlxalq dəstək almışdır. Belə ki, Nobel mükafatı laureatı, Kolumbiya Universitetinin professoru, Birləşmiş Ştatların iqtisadiyyat üzrə Müşavirlər Şurasının keçmiş sədri Cozef Stiqlits AzərTAc-ın müxbiri ilə müsahibəsində demişdir: «Neft və qaz sektorunda həyata keçirilən layihələrdən Azərbaycana daha çox vəsait daxil olacaqdır və ÜDM-in artımı sürətlənəcəkdir. Lakin bir sıra problemləri çözmədən bu artımı davamlı etmək olmaz. Azərbaycan hökuməti yeni iş yerləri açmalı, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın sürətli inkişafını təmin etməli, yoxsulluğun azaldılması sahəsində təsirli tədbirlər görməlidir. Çalışmaq lazımdır ki, qeyri-neft sektoruna daha çox sərmayə yönəldilsin və ÜDM-in artımında bu sahənin payı daha çox olsun. Əgər bu tədbirlər həyata keçirilməzsə, ölkənin iqtisadiyyatı təkcə neft amilindən aslı olarsa, günlərin birində böhranla üzləşə bilərsiniz». («Respublika» qəzeti 22. 11. 2003. ) Cozef Stiqlits Azərbaycan Dövlət İqtisad Universitetində «Qlo­bal iqtisadiyyat və Azərbaycan» adlı məruzəsində yuxarıdakı fikirlərə əlavə olaraq göstərdi ki, Azərbaycan üçün ciddi olan sosial problemlər, hər şeydən əvvəl vergi mexanizminin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması hesabına həll edilməlidir. Neft gəlirləri isə, ilk növbədə qeyri-neft sektorunun hərtərəfli və sürətli inkişafına yönəldilməlidir. Dünya şöhrətli alimin fikirləri də son dövrlərdə Respublikamızda qəbul edilmiş proqram sənədlərində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Przidenti İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasında vurğulamışdır: «Fondun əsas məqsədi neftdən əldə olunan gəlirləri çox etibarlı şəkildə saxlamaq, onları artırmaq, gələcək nəsillər üçün gözəl iqtisadi baza yaratmaq, eyni zamanda, Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli layihələrdə iştirak etmək, onları maliyyələşdirməkdir…Əlbəttə, hesab edirəm ki, fondun vəsaitlərini büdcənin ümumi xərclərinin içərisində əritmək düzgün siyasət deyildir». [21]

Ölkə iqtisadiyyatının dinamik inkişafı getdikcə sürətlənir. Bazar iqtisadiyyatı yolunda həyata keçirilən tədbirlərin, istehsal münasibətlərində aparılan köklü dəyişiklərin müsbət nəticələri indi daha çox hiss olunur. Yeni dövrün tələblərinə uyğun yaradılmış bir sıra sənaye sahələrində rəqabətqabiliyyətli məhsul istehsalı, mövcüd investisiya fəallığı, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarının möhkəmlənməsini və beynəlxalq aləmə inteqrasiya prosesini sürətləndirir. Regionlarda iqtisadi fəallığın getdikcə güclənməsi, yeni istehsal sahələrinin yaradılması da ümumi inkişaf prosesinə təkan verir.

Qeyri-neft sektorunda ikirəqəmli iqtisadi artım 2007-ci ildə də davam etmişdir. Belə ki, kənd təsərrüfatı və sənaye sahələri əvvəlki illə müqayisədə mü­vafiq olaraq 4% və 7, 9% artmışdır. Qeyri-neft sektorunda ikirəqəmli artım tempi mehmanxana və restoran (35, 7%), rabitə (32%), tikinti (16%), ticarət (15, 3%) və nəqliyyatda (13, 5%) müşahidə edilmişdir. Ümumilikdə isə, 2007-ci ildə qeyri-neft sektorunun bütün alt sahələrində müsbət artım tempi qorunub saxlanılmışdır.

Qeyri-neft sektoru üzrə ÜDM-də ticari sektorun payı əvvəlki illə müqayisədə 2, 5% bəndi azalaraq 25, 8% təşkil etmişdir. Ümumilikdə qeyri-ticari sektorun bütün alt sahələrinin (nəqliyyat istisna olmaqla) ÜDM-dəki payı yüksəlmişdir. Belə ki, nəqliyyat istisna olmaqla, qeyri-ticari sektorun payı əvvəlki ilə nisbətən 4, 6% bəndi artaraq 62, 9% təşkil edir.

Həyata keçiriləçək islahatlar çərçivəsində qeyri-neft sektorunda ən böyük potensiala malik olan aqrar sahəyə dövlət dəstəyinin daha da artırılması, o cüm­lədən, “Aqrolizinq” səhmdar cəmiyyətinin fəaliyyətinin daha yeni mexa­nizmlərlə təkmilləşdirilməsi, yeni yardım üsullarının tətbiqi nəzərdə tutulur. Bundan başqa, komunal islahatların sürətləndirilməsi, o cümlədən, burada bazar prinsiplərinin inkişaf etdirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi davam etdiriləcəkdir ki, bu da göstərilən xidmətin həcminin və keyfiyyətinin artırılmasına olduqca müsbət təsir göstərəcəkdir. Bütün bunlarla yanaşı, Dövlət İnvestisiya Şirkəti tərəfindən başlanmış layihələrin reallaşdırılması istiqamətində ciddi işlər görülür. Sahibkarlığın dəstəklənməsi sahəsində güzəştli kreditlərin verilməsi ilə bərabər, vençur mexanizminin tətbiqi, xüsusi zonaların, sənaye şəhərciyinin, biznes-inku­ba­torlarının, yeni biznes-tədris mərkəzlərinin yaradılması istiqamətində real addımlar atılır. Bu zaman Azərbaycandan dünya bazarına rəqabətqabiliyyətli malların çıxarılmasını təmin etmək üçün müqayisəli üstün sahələrin inkişafına xüsusi diqqət yetiriləcək, maliyyə imkanlarının artması ilə əlaqədar olaraq dövlət bu proseslərdə daha fəal iştirak edəcəkdir. 2007-ci ildə bir sıra yeni müasir müəssisələrin, o cümlədən, “Dimes Qafqaz” şikəti tərəfindən Bakı şəhərində inşa edilən meyvə şirələri fabriki, “Telli” MMC tərəfindən Bakı şəhərində inşa edilən nar şirəsi fabrikinin, Goranboy rayonunda gibs zavodunun, Gəncə şəhərində 5 ulduzlu meh­manxananın, Ağstafada yüksək vitaminli yem zavodunun, Sumqayıtda “Dizayn GENAY-Azərbaycan” şirkətinin plastik boru istehsalı müəssisəsinin və digərlərin istismara verilməsidir. Bununla yanaşı, sement zavodunun, eləcə də Bakı şəhərində tullantıların emalı zavodunun inşasına hazırlıq işləri başa çatdırılmaq üzrədir. Gəncə şəhərindəki alüminium, polad və kənd təsərrüfatı maşınlarının istehsalı üzrə zavodların tikilməyə başlaması qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Beləliklə hazırda əsas vəzifə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli in­teqrasiyası, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi əsasında uzun­müddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın da­vam­lılığını təmin etməkdir. Bu başlıca məqsədlərin reallaşması tədbirləri qəbul edilmiş dövlət proqramları çərçivəsində sistemli şəkildə həyata keçirilir. Ge­nişmiqyaslı iqtisadi islahatların nəticəsində hazırda Azərbaycanda sahibkarlığın davamlı inkişafına əlverişli zəmin yaranmışdır.

Beləliklə, Azərbaycanın dünya bazarına sabit rəqabətqabiliyyətli məhsul ixrac edə bilməsinin əsasında emaledici sənayenin hər vasitə ilə inkişaf etdirilməsi dayanır.

Respublikamızda uzun illər emaledici sənayenin aparıcı sahəsi maşınqayır­ma sənayesi olmuşdur.

Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı ona əsas xidmət sahə­lə­rin­dən biri olan neft maşınqayırma avadanlıqları istehsalının inkişafına da təkan ver­di. Azərbaycan neft-maşınqayırma sənaye sahəsinin əsası XIX əsrin son­la­rın­da me­xaniki-təmir sexlərinin yaradılması ilə qoyulmuş və XX əsrdə sürətlə inkişaf etmişdir.

Sovet dövründə, xüsusən 1970-80ci illərdə Azərbaycanda cənab Heydər Əliyevin rəhbərliyi ilə maşınqayırma sənayesi sürətlə inkişaf etmişdir. Ölkəmiz neft-qaz hasilatı üçün maşın və avadanlıq istehsalı üzrə SSRİ-də əslində inhisarçı mövqeyə malik olmuşdur. Həmin kompleksin maşın və avadanlığa olan ehtiyacının 70%-i Azərbaycanda is­tehsal edilirdi. Respublika ərazisində neft və qaz avadanlığı istehsal edən 16 za­vod kompakt şəkildə yerləşdirilmişdir. 90-cı illərin əvvəllərində Respublikanın ma­şınqayırma kompleksində güclü istehsal, əmək və elmi potensial toplanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərmişdir: “… Əgər ötən əsrin 70-ci illərində yenə də cənab Heydər Əliyev tərəfindən Azərbaycanda müasir neft infrastrukturu yaradılmasaydı, yəqin ki, 1993-cü ildə başlanan yeni neft strategiyasını həyata keçirmək o qədər də asan olmazdı. Məhz o illərdə Azərbaycanda qazma qurğular tikilibdir, Dərin Özüllər Zavodu istifadəyə verilibdir ki, öz növbəsində, həmin zavodda indi yeni platformalar quraşdırılır”. [21]

İqtisadiyyatın texniki cəhətdən yenidənqurulmasında, elmi-texniki tərəq­qi­nin və ümumiyyətlə ölkənin sosial-iqtisadi inkişafının sürətləndiril­məsində maşın­qa­yırma həlledici rol oynayır. Maşın­qayır­manın dirçəldilməsi və inkişafının təmin edil­məsi bazar mü­nasibətləri mexanizmində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın maşınqayırma sənayesi hal-hazırda 26 ixtisaslaşmış sahə və istehsalı birləşdirir. Onun tərkibinə Respublikanın qocaman sahəsi olan neft­ma­şın­qayırma sənayesi, habelə 70-ci illərdə sürətlə inkişaf etməyə başlayan elekt­ron, priborqayırma, avtomobil, dəzgahqayırma sənayesi, kənd təsərrüfatı maşın­qa­yırma və s. sənaye sahələri təmsil edilmişdir. [203, s. 18].

Lakin müstəqillik əldə edildikdən sonrakı ilk illərdə maşınqayırma sənayesi ölkədə özünü göstərən dərin iqtisadi böhranın dağıdıcı təsirinə ən çox məruz qalan sahə­dir. Rusiya bazarı üçün ixtisaslaşmış olan bu sahə, iqtisadi əlaqələr kəsil­dik­dən sonra iflic vəziyyətinə düşdü. Ənənəvi bazarlara məhsul satışının kəskin azal­dığı, yeni bazarlar üçün isə rəqabətqabiliyyətli məhsullar çıxarılmasının həmin dövrdə qey­ri-mümkünlüyü yaradılmış nəhəng istehsal güclərinin böyük əksəriyyətinin istifa­də­siz qalması və ya başqa məqsədlər üçün istifadə edilməsi ilə nəticələndi. Öl­kə­də daxili və xarici kapital qoyuluşu imkanlarının əsas etibarilə yanacaq energetika kom­plek­sinin inkişafına yönəldilməsi maşın­qayırma sahəsinə investi­siya qoyu­luş­la­rı­nın ümumi investisiyalara nisbətən 0, 4%-ə qədər azalmasına səbəb olmuşdur. Bu isə mövcud istehsal güclərinin keyfiyyət göstəricilərinin pisləş­mə­sinə, sahə­nin istehsal-texniki bazasının kritik vəziyyətə düşməsinə səbəb olmuşdur. Nəticədə Azərbaycanın ixracatında maşınqayırma və metal ema­lı məhsullarının xüsusi çəkisi kəskin sürətdə azalma meyli göstərmiş və 1991-ci il­də 17, 7%-dən 1994-cü ildə 14, 9%-ə, 1999-cu ildə 3, 7%-ə və 2005-ci ildə isə 1, 5%-ə qədər azalmışdır. Şübhəsiz 1999-cu ildən sonrakı bu nisbi azalma neft məhsulları ixracının sürətli artımı ilə əlaqədardır. Lakin qarşıya qoyulan vəzifələr bu nisbətin optimallaşmasını tələb edir.

Ölkənin maşınqayırma sənayesi sahəsində müasir dövrdə elə ciddi məsə­lə­lər durur ki, onların həlli mülkiyyət və idarəçilik üsullarının, is­teh­salın təşkilinin daha da təkmilləşdirilməsini, hər bir alt sahənin inkişaf strategiyasına ciddi diqqət yetirilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanında iqtisadiyyatın idarə edilməsi sistemində islahatların başa çatdırılması qarşıya qoyulur. Həmin sənəddə eyni zamanda İqtisadi İnkişaf Nazir­liyinə tapşırılmışdır: «Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq özəlləş­dirməyə açıq elan olunmuş dövlət müəsisələrinin özəlləş­dirilməsini və idarəetməyə verilməsini sürətləndirsin». [12a].
Bizim fikrimizcə qloballaşma prosesləri nəzərə alın­maq­la maşınqayırma sənayesinin xüsusi inkişaf strategiyasının hazırlanması vacibdir. Bu stra­te­gi­ya maşınqayırma sənayesi məhsullarının daxili və dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasına yönəldilməsi günün təxirəsalınmaz məsələlərin­dəndir. Ona görə də adı çəkilən Fərmanda Nazirlər Kabinetinə tapşırılmışdır: «Müəssi­sələrdə beynəl­xalq standartlara cavab verən məhsul istehsalını və onların dünya bazarına ixracını stimullaşdıran müvafiq tədbirlər görsün». [12]

Geniş mənada yanacaq-enerji kompleksi, xüsusi halda isə neft-maşın­qa­yırma və metallurgiya sənaye sahələrinin bir-birini tamamlayan istehsal zənciri Azər­baycan iqtisadiyyatının inkişaf etdirəcəyi əsas istiqamətlərdəndir.

Neft sənayesi və maşınqayırma kompleksinin birgə fəaliyyəti təkcə isteh­salın aşağı düşməsinin qarşısını almaq, istehsal güclərinin optimal yüklənməsi, iş­sizliyin aradan qaldırılması kimi çox vacib istehsal-iqtisadi məsələnin həlli de­yil, həm də xarici maşın və avadanlıqların idxalından imtina etməklə külli miq­dar­da valyutaya qənaət etmək deməkdir.

Dünya bazarına çıxarılan Azərbaycan neftinin həcminin sü­rətlə artdığı bir şəraitdə neft-maşınqayırma sahəsində uzun illər boyu yaradılmış istehsal, elmi, intel­lektual potensialdan səmərəli istifadə edilməsi günün təxirəsalınmaz məsələ­lərindəndir.

Azərbaycanda neft maşınqayırma sənayesi yüksək inkişaf etdiyi halda, eyni sözləri maşınqayırmanın digər sahələrinə aid etmək olmaz. Belə ki, res­pub­li­ka­nın ma­şınqayırma zavodlarında Azərbaycanda istifadə edilən nəqliyyat vasi­tə­lə­ri­nin, kənd təsərrüfatı və digər maşınların istehsalı keçmişdə kifayət qədər təşkil edilməmişdir. Ma­şınqayırmanın özə­yi sayılan, bütün istehsal proseslərini birləş­dirən, maşınlar sis­te­mini əmələ gə­ti­rən yeni texniki vasitələrin yaranmasını müəy­yən edən dəz­gah­qa­yırma inkişaf et­mə­mişdir. Müstəqillikdən sonrakı ilk on ildə istehsal olunmuş bütün maşın və ava­dan­lıqların yalnız 3-5%-i dünya standartına uyğun gəlmişdir. Maşınqayırma məh­sul­larının rəqabət qabiliy­yə­tinin aşağı olması onların respublikadan ixracına imkan vermir.

Onu da nəzərə almaq lazımdır ki, hələ SSRİ dövründə istehsal edilən maşın­ların əksəriyyəti ölkənin və respublikanın ehtiyaclarına tam cavab vermirdi. İs­teh­sal edilən avtomobil, kənd təsərrüfatı maşınları, dəzgahlar və digər texnikanın strukturunda nəhəng maşınlar üstünlük təşkil edirdi, kiçik maşınların istehsalına isə əhəmiyyət verilmirdi. Ona görə də çox vaxt kiçik həcmli yüklər qeyri-səmərəli şəkildə nəhəng avtomobillərdə daşınırdı. Hal-hazırda kiçik müəssisələrin və fer­mer təsərrüfatlarının sayının və əhəmiyyə­tinin artması ilə əlaqədar olaraq kiçik həcmli maşınlara da xaricdə olduğu kimi tələbat sürətlə çoxalmaqdadır. Maşın­qa­yırma sənayesinin inkişaf perspektivində bu cəhət nəzərə alınmalıdır. [320, 1998, s. 16].

Qlobal təsərrüfata səmərəli şəkildə inteqrasiyanı təmin etmək məqsədilə maşın və avadanlıq istehsalını modernləşdirməklə, ölkəni xammal ixracat edən ölkə du­ru­mundan çıxarmaq üçün bütün imkanlar vardır. Maşınqayırma məhsulları üzrə va­hid dünya bazarına çıxmaq üçün həmin imkanların reallaşdırılması iqtisadiyyatın tərəqqisi üçün böyük imkandır. Yeni tex­nika və yeni idarəçilik üsul­larını ardıcıl olaraq tətbiq etmək dövrümüzün təxirə­sa­lınmaz tələblərindən biridir. Bu zaman maşınqayırmada inteqrasiya prosesləri in­kişaf etmiş ölkələrin texniki vasitələrinin tipləri ilə ümumilik və harmonlaşdırma şəklində vəhdət yaradan istiqamətdə getməsi prosesinin sürətləndirilməsi olduqca vacibdir.

Görülən tədbirlər nəticəsində maşın və avadanlıqların istehsalının ümumi həcm indeksi 2000-ci ilə qədər azalsa da sonrakı illərdə xeyli artmış və 2006-cı ildə 158 %(bənd) təşkil etmişdir. Maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələri və avadanlıqların istehsalını həyata keçirən müəssisələrdə istehsal həcmi 2007-ci ildə artmaqda davam etmişdir. Belə ki, iontan armaturu, quyu nasosları ilə istismar olunan quyuların quyuüstü avadanlığı, minik avtomobilləri üzrə məhsul buraxılışı 2006-cı il səviyyəsini xeyli üstələmişdir. Metallurgiya sənayesində məhsul istehsalının fiziki həcm indeksi də sürətlə artmaqda davam edir. Əgər 1995-ci il səviyyəsini 100 götürsək həmin indeks 2000-ci ildə 41, 7 bəndə düşsə də sonrakı illərdə sürətlə artmışdır. (2006-cı ildə 8 dəfə)

Maşınqayırma sənayesinin məhsulları 2007-ci ildə 2006-ci ilə nisbətən 58,7% artmışdır. “AzNeftKimyaMaş” ASS-in müəssisə və institutlarında 2007-ci ildə İSO-9001 və APİ beynəlxalq standartlarının tələblərinə cavab verən 138 adda neft mədən avadanlığı istehsal edilmişdir. Onların 70%-ə qədəri ixrac olunur.

Azərbaycan Respublikasında kimya və neft-kimya sənayesinin inkişafı üçün la­zım olan zəngin xammal bazası mövcuddur. Ölkəmizdə sənaye miqyaslı kimya is­tehsalının yaranmasına da neft emalı sənayesinin inkişafı təkan vermişdir.

Sovet dövründə ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi ki­mi kim­ya sənayesi sürətlə inkişaf etdirilməyə başladı. Həmin sahənin sürətli in­ki­şa­fı 60-70-ci illərə təsadüf edir. Məsələn, 1960-1975-ci illərdə Respublikada kim­ya və neft-kimya sənayesi məhsullarının orta illik artım sürəti sənayenin orta illik ar­tım sürətindən iki dəfə yüksək olmuşdur. [251, s. 249]. Nəticədə sənaye məhsu­lunun tər­ki­bin­də həmin sa­hənin xüsusi çəkisi 1960-cı ildə 2, 9%-dən 1980-ci ildə 7,5%-ə yük­səldilmişdir. [207, s. 48]. Kim­ya və neft-kimya sənayesi əsas etibarilə Sumqayıtda SSRİ tə­lə­batının ödə­nil­mə­si üçün cəmlənmişdir. Vəziyyətin düzəl­dilməsi külli miqdar­da kapital tələb edir.

SSRİ dağıldıqdan sonra res­publika imperiyadan bu sahəyə məxsus güclü istehsal potensialı miras al­dı. Zən­gin xammal bazası və ucuz işçi qüvvəsi həmin sahəyə böyük miqyasda bey­nəl­xalq rəqabət üstünlüyü verir. Həmin potensialdan daxili bazarın tələbatının ödə­nil­mə­si və xarici bazarlara çıxmaq üçün istifadə edilməsi günün vacib məsələ­lərindəndir.

Lakin ənənəvi bazarların itirilməsi, yeni bazarlara çıxışın ləng getməsi bu sahə­də satış problemini olduqca kəskinləşdirdi. 1994-cü ildən bu­rada canlanma özünü göstərsə də, bir çox problemlər yenə də qa­lır. [38, s. 19]. Sahə məhsullarının fiziki həcmi 2005-ci ildə 1995-ci il səviyyəsinin cəmi 5 %-ni təşkil etmişdir [41, 2006 s. 67]. Fondverimi bu sahədə 1996-cı ildə 1990-cı ilə nisbətən 20% səviy­yəsinə en­miş, 1996-2005-ci illərdə də bu azalma meyli səngisə də, müəyyən dərə­cədə davam etmişdir. [38, s. 118-122]. Hə­min sahədə mövcud olan istehsal fond­ları sürətlə qocaldığı halda investisiya qo­yu­luşlarının az olması nəticəsində yenilənmə dərəcəsi aşağı səviyyədə qal­maq­da davam edir. 2007-ci ilin 1-ci rübündə enerji daşıyıcılarının qiymətinin artması kimya sənayesinin fəaliyyətinə mənfi təsir göstərmişdir. Bütün bunların nəticəsində kimya və neft-kimya sənayesinin xa­ri­ci ticarət əlaqələri azalmışdır. İdxalatda onun xüsusi çəkisi 1991-ci ildə 19%-dən 2002-ci ildə 5%-ə, ixracatda isə 17, 7%-dən 1, 6%-ə düşmüşdür. 2005-ci ildə həmin məhsullar cəmi idxalatın 6, 9 %-ni, ixracatın isə 4, 7 %-ni təşkil etmişdir.

Kimya və neft-kimya sənayesi müəssisələri respublikaya həddən artıq gəlir gə­­tir­mək üçün böyük ehtiyatlara malikdir. Mütəxəssislər hesab edirlər ki, bu sa­hə­­lərin əsas vəzifəsi daxili və xarici kapitalı cəlb etməklə xammal emalının artı­rıl­ma­­sı, az ener­ji və material tutumlu tullantısız texnologiyanın tətbiqi, mənəvi cəhətdən aşın­mış isteh­sal­la­rın sıradan çıxarılması, xammal və materialların kompleks istifadəsi və ətraf mühitin mü­hafizəsindən ibarətdir. Həyati əhəmiyyətli istehsal güclərini istifadəyə ver­mək, məhsulun keyfiyyətini yaxşı­laşdırmaq lazımdır. Mövcud istehsal güclərində istehsal olunan məhsullar indiyə qə­dər böyük xərc hesabına başa gəlir və xeyli zərər gətirir.

Kimya məhsullarının istehsalını artırmaq üçün ekoloji cəhətdən təmiz tex­no­lo­giya tətbiq etməklə biz yeni istehsallar yaratmalı və məhsulların çeşidini artırmalıyıq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilən yeni neft strategiyasının reallaşması ölkəmizdə neft-kimya sənayesinin dinamik inkişafı üçün böyük perspektivlər açmışdır. Yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya komplek­sinin yaradılması üzrə işlər Azərbaycanın elmi-texniki potensialının daha da artırılmasına başlanmışdır. Son dövrlərdə dünyada neft-kimya və kimya məhsulla­rına tələbatın durmadan artması, ölkəmizdə iqtisadiyyatın sürətlə inkişafı, geniş vüsət almış tikinti-quruculuq işləri və daha yüksək idarəçilik sayəsində istehsal olunan məhsullara tələbat çoxalmaqdadır.

Bununla əlaqədar Azərbaycanın yeni neft-kimya kompleksinin optimal variantının seçilməsi, layihənin texniki-iqtisadi göstəricilərinin müəyyən edilməsi, xammal və enerji daşıyıcılarından səmərəli istifadə, məhsulun çeşidinin genişlən­dirilməsi, məhsulların istehlak xassələrinin və istehsalatın ekoloji göstəricilərinin yaxşılaşdırılması, satış imkanlarının artırılması və s. məqsədi ilə Texniki İqtisadi Əsaslandırma (İƏT) sənədlərin hazırlanması üçün bu sahə üzrə dünya şöhrətli peşəkar şirkətlərin iştirakı ilə Azərikimya Dövlət Şirkəti tərəfindən elan olunmuş beynəlxalq tender keçrilmişdir.

Tenderin ən yüksək beynəlxalq tələblərə uyğun əsas şərtlər toplusunda göstərilən meyarlara uyğun ən sərfəli sayılan tender təklifini təqdim etmiş ABŞ-ın Nexant şirkəti tenderin qalibi olmuşdur. Dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq bu yeni neft-kimya kompleksi Azərbaycan Respublikasını regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirəcək, qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaqdır. Bu isə öz növbəsində respubli­kanın yüksək templə inkişaf edən iqtisadiyyatının digər sahələrində - tikinti, səhiyyə, cihazqayırma, kənd təsərrüfatı, maşınqayırma, avtomatika və məişət avadanlığının istehsalı üçün ölkəmizdə ən müasir, dünya standartlarına cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılmasına, çoxprofilli iş yerlərinin açılmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.

Respublikada plastik kütlədən hazırlanan məmulatlara böyük ehtiyac du­yu­lur, eyni zamanda bu cür məhsulları daha çox istehsal etmək imkanımız var. Tex­nologiyanın sadəliyi və enerji tutumunun aşağı olması işsizlərin çox olduğu ki­çik sahələrdə plastik kütlədən məmulatların hazırlanması üçün kiçik müəs­si­sə­lə­rin yaradılmasına imkan verir. Kimya sənayesini daha çox məişət kimyası mal­la­rının istehsalına yönəltmək, Mingəçevir qeyri-parça materialları istehsalı za­vo­du­nun məişət məmulatlarının buraxılışını, Sumqayıt fosfat gübrələr istehsalı za­vo­dunda makroelementlərin əlavəsi ilə gübrələrin istehsalını artırmaq lazımdır. [54, s. 54]

Azərbaycanda neft-yanacaq sektorundan sonra valyuta problemləri ilə sıx əlaqəsi olan sənaye sahəsi xalq üçün geniş istehlak malları istehsal edən yüngül və yeyinti sənayesidir. Həmin sahələr istər kifayət qədər tutumlu olan daxili bazarın tələblərinin milli istehsal hesabına ödənilməsində və istərsə də xaricə mal ixrac edilməsində mühüm əhəmiyyətə malikdirlər.

Hələ XIX əsrin axırlarından başlayaraq Azərbaycan ümum Rusiya bazar­la­rı­nın tələblərinə uyğun olaraq neft hasilatı və emalı, toxuculuq xammalı olan - pam­bıq, yun, ipək və digər yeyinti məhsullarının istehsalı sahəsində ixtisas­laş­mış­dır. Toxuculuq xammalı istehsal edən sahələrin inkişafı onların ilkin emalının təş­kilini də zəruri etmişdir. Sovet dövründə yüngül sənaye Azərbaycan iqtisa­diy­ya­tının sürətlə inkişaf edən mühüm sahələrindən birinə çevrilmişdir. Yüngül sə­na­ye məhsullarının ümumi həcmi 1940-cı ilə nisbətən 1960-cı ildə 2, 4, 1970-ci il­də 3, 8 və 1986-cı ildə isə 10, 4 dəfə artmışdır.

1960-1990-cı illər arasında Azərbaycan sənayesinin dəyişməz olaraq 1/5-i yün­­gül sənaye məhsullarından ibarət olmuşdur. Lakin iqtisadi yüksəlişin mühüm gös­­təricisi olan əmək məhsuldarlığı yalnız inkişaf etmiş ölkələrə görə deyil, Res­pub­­li­ka sənayesinin ümumi səviyyəsindən də geri qalırdı. Yüngül sənaye res­pub­li­ka iq­ti­sa­diyyatının çox əməktutumlu sahələrindən biri sayılır. Həmin sahə so­vet döv­ründə əsa­sən kənd təsərrüfatı xammalının ilkin emalına yönəldilmişdir və yalnız SSRİ miq­ya­sında xammal və yarımfabrikat - pambıq mahlıcı, barama, gön-dəri xammalı ixrac et­məyə qadir olmuşdur. Yüngül sənaye məhsulları daxili ba­zarın tə­ləb­lərini də ödəyə bil­mirdi. Belə ki, Respublikada əhaliyə satılan xalq is­tehlakı, o cüm­lədən yüngül sə­naye məhsullarının cəmisi 50%-i yerli istehsal he­sabına ödənilirdi. [207, s. 47].

Lakin müstəqillik əldə edildikdən sonrakı ilk illərdə məlum obyektiv və subyektiv səbəblərlə əla­qə­dar olaraq bu sahədə ciddi dönüş hiss olunmurdu və əksinə sənaye is­teh­sa­lı­nın struk­tu­runda və ixracatda bu mühüm sahənin payı davamlı olaraq azalırdı. Mü­tə­xəs­sislər haqlı olaraq hesab edirlər ki, əhali tərəfindən daha çox tələb olunan mə­mulatları is­teh­sal edən sənaye sahələrində bazara uyğunlaşa bilən yeni və müx­təlif formalı struk­turlar yaradılmalıdır. Bu zaman alıcılıq tələbinin dəyişmə mey­li və inkişaf qa­nu­na­uyğunluğu nəzərə alınmalıdır. Yüngül sənayenin pers­pek­tiv strukturu for­ma­laş­dı­rılarkən əhalinin istehlakının həcmi və strukturunun düz­gün müəyyən edilməsi, onu xarakterizə edən real proses və meyllərin müntəzəm öyrənilməsi olduqca vacibdir. [71, s. 174].

Respublikada mövcud olan zəngin xammaldan hazır məhsul istehsal üçün lazımi şəraitin yaradılması və yeni texnologiyanın tətbiqi ilə onların rəqabət qabiliyyətinin yüksəldilməsi çox vacib məsələlərdən biridir. Hesab edirik ki, Respublikanın yüngül sənayesi hazır paltarın və əl ilə toxunan xalçaların buraxılışı üzrə daha az kapital tutumlu, daha çox əmək tutumlu sahələrin (tikiş və trikotaj sahələri) inkişafına yönəldilməlidir.

Sovet dövründə Azərbaycan özünün sənaye potensialına uyğun olaraq müəy­yən dərəcədə inkişaf etmiş yeyinti sənayesinə malik olmuşdur. Res­pub­li­ka­da yeyinti sənayesi şəkər istehsalından başqa bütün yarım sahələrlə təmsil olun­muş­dur. Lakin onlardan ət və süd sənayesi möhkəm xammal bazası olmadığın­dan zəif inkişaf etmişdir. SSRİ-nin dağılması dövründə Res­publikada 350-ə ya­xın müəssisə fəaliyyət göstərirdi və ölkə sənayesinin əsas kapitalının 1/10 his­sə­si­nə qədəri cəmləşdirilmişdir. Sahənin mövcud çatışmaz­lıqlarına baxmayaraq, bu proses kənd tə­sərrüfatı ilə yanaşı respublika əhalisinin maddi rifah vəziyyətinə bilavasitə təsir gös­tərirdi. Lakin sovet dövründə inzibati-amirlik sistemi şəraitində, başlıca olaraq da­xili bazarda əslində rəqabətsiz fəaliyyət göstərən və zəif texniki bazaya malik olan bu sahə, müstəqillik əldə edildikdən sonra dünya bazarı ilə təmasa girərkən də­rin tənəzzül vəziyyətinə düşdü. Yeyinti sənayesi Azərbaycan sənayesində mü­hüm mövqeyini (ikinci yeri) itirməyə başlamışdır. Bu sahədə geriləmə bü­töv­lük­də sənaye istehsalına nisbətən daha çox olmuşdur. Belə ki, 1999-cu ildə 1990-cı ilə nisbətən yeyinti sənaye məhsulunun fiziki həcm indeksi 12, 4%-ə enmişdir. Nəticədə, ümumi sənaye məh­su­lu istehsalında yeyinti sənaye məhsullarının xüsusi çəkisi 1990-cı ildə 26, 6%-dən 1995-ci ildə 10, 8 %-ə, 2005-ci ildə isə 3, 5 %-ə düşmüşdür. [41, 2006, s. 66-68]. Bir sıra mühüm yeyinti sə­nayesi məhsulları - ət, kərə yağı, süd məhsulları sahəsində 1995-ci ildən baş­la­yaraq artım özünü göstərir. Digər əsas növ yeyinti məhsulları is­teh­sa­lı-çörək və çörək məmulatları, makaron, qənnadı məhsulları, üzlü pendir, bitki ya­ğı, kolbasa məmulatları, balıq məmulatları, meyvə-tərəvəz konservləri və sairə müt­ləq natural göstəricilər baxımından zəif inkişaf edir. 1995- ci ildən sonra içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı əvvəlcə sabitləşmiş, sonra isə dinamik inkişaf etməyə başlamışdır. Belə ki, həmin məhsulların fiziki həcm indeksi 1995-ci ildə 100 qəbul edilərsə, 2006-ci ildə 85, 8 bənd olmuşdur. 2006-cı ildə bu sahədə artım 4, 6% olmuşdur.

Kənd təsərrüfatı xammalının emalı və yeyinti məhsullarının istehsalı sahəsində 2007-ci ildə əvvəlki illə müqayisədə müəyyən irəliləyişlər olmuşdur. Belə ki, qida məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,0% artmışdır. 2007-ci ildə 26 rayonda yeni emal müəssisələri yaradılmış, o cümlədən İmişlidə sutkada 5, 5 ton gücündə çörək məmulatları istehsal edən çörək zavodu, Salyanda ildə 30 ton süd məhsulları istehsal edən süd zavodu, Göyçayda ildə 200 min şərti butulka nar şirəsi istehsal edən konserv zavodu, Qəbələdə ildə 1 milyon şərti banka konserv məhsulları istehsal konserv zavodu tikilib istifadəyə verilmişdir.

Sahə üzrə istehsalın 99, 5 %-i qeyri-dövlət təşkilatlarının payına düşür. 2007-ci ildə əvvəlki illə müqayisədə 10, 2 min ton ət (7, 6%), 5, 8 min ton duru bitki yağları (25, 9%), 30, 5 min ton şəkər və şəkər tozu (28, 8%), 1, 4 min ton makaron məmulatları (43, 5%) və 2, 4 milyon dekalitr (10, 2%) mineral və qazlaşdırılmış sular və sair alkoqolsuz içkilər çox istehsal edilmişdir.

Bütün iqtisadiyyatda olduğu kimi yeyinti sənayesində də istehsal münasi­bət­ləri kökündən dəyişir. Geniş miqyaslı özəlləşdirmə bu sahədə uzun illər möv­cud olmuş dövlət mülkiyyətinin hökmranlığına son qoymuşdur.

Yuxarıda göstərildiyi kimi ölkənin həyati əhəmiyyət kəsb edən valyuta prob­lemində də yeyinti sənayesi müstəsna rol oynayır. Bu sahə daxili bazarın mü­hüm ərzaq məhsullarına olan tələbatını ödəyə bilərsə, həmin malların xa­ric­dən bahalı idxalını ixtisar etməklə külli miqdarda valyutaya qənaət etmək imkanı ya­ranır. Zəngin xammal bazasına, ucuz işçi qüvvəsinə və geniş istehsal-texniki ba­zaya malik olan Azərbaycanın yeyinti sənayesi geniş ixrac potensialına malikdir.

1991-ci ildə yeyinti sənayesi məhsullarının 93, 9%-i SSRİ tərkibində olan res­publikalara ixrac edilirdi. Həmin respublikalardan idxal isə cəmi idxalın 80, 9%-i təşkil edirdi. Məlum səbəblərə görə sonralar həmin ölkələrdən idxal və ix­rac kəskin sürətdə azaldı. Azərbaycan yeni ticarət tərəfdaşları ilə xarici ticarət əla­qələrini aparmağa başladı. 2006-ci ildə Azərbaycanın yeyinti sənaye məh­sul­ları dünyanın 35 ölkəsinə ixrac edilir. Azərbaycan dünyanın 61 ölkə­sin­dən yeyinti sənaye məhsullarını idxal edir.

Azərbaycanın müasir yeyinti sənayesinin intensiv qloballaşma dövrünün tə­ləb­lə­rinə uyğunlaşdırılması üçün nəzərdə tutulmuş konstruktiv sənaye siyasətinin davam etdirilməsi ol­duq­ca va­cibdir. Bu siyasətin mərkəzi xəttini dövlətin bu sahədə tənzim­lə­mə­lə­ri­nin sə­mə­rə­liliyinin artırılması təşkil edir. Yeyinti sənaye məhsullarının rəqa­bət qa­bi­liy­yə­tinin yüksəldilməsi bunun üçün sahənin yeni texnika və texno­lo­gi­ya­nın tətbiqi əsa­sında istehsal-texniki bazasının yeniləş­dirilməsi, innovasiya fəaliy­yə­tinin ge­niş­lən­dirilməsi daim diqqət mərkəzindədir. İxracatın hərtərəfli döv­lət tədbirləri əsasında təşviq edilməsi, idxalın əvəzetmə siyasəti stra­te­gi­ya­sı­nın hazırlanması yeyinti sənayesinin qlobal təsərrüfata optimal inteqrasiyasının əsasını təşkil edir.

2007-ci ildə ölkə sənayesinin sahə strukturunda aşağıdakı dəyişikliklər baş vermişdir:


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə