Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə11/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

DOQQUZUNCU BÖLÜM

İkinci dünya müharibəsi illərində

beynəlxalq münasibətlər

Avropada müharibənin başlanması
1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum etdi. Buna cavab olaraq sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Elə həmin gün İngiltərənin bir sıra dominionları da müharibəyə qoşuldular. Almaniya müharibəni Avropa dövlətlərinə qarşı başladı. Müharibə elan etmələrinə baxmayaraq İngiltərə və Fransa Almaniyaya qarşı hərbi əməliyyatlara başlamaq istəmirdilər. Bununla onlar Polşa qarşısında öhdəliklərini yerinə yetirmədilər.

Polşanı məğlub etdikdən sonra Almaniya müharibənin aparılması üçün əlverişli şərait qazanmaqdan ötrü hərbi əməliyyatları dayandırmağa tərəfdar olduğunu, İngiltərə və Fransaya qarşı heç bir düşmənçilik münasibətləri olmadığını bildirdi. Almaniyanın bu təkliflərinin dərin siyasi məqsədləri var idi. O, bütün işğallarını və müstəmləkələrə olan iddialarını qəbul etdirmək istəyirdi. Lakin İngiltərə və Fransa hakim dairələri Almaniyanın bu təkliflərinin onların əleyhinə olduğunu başa düşərək imtina etdilər, Balkanlarda və Skandinaviyada geniş hərbi əməliyyatlara başlamağın müzakirəsinə başladılar.

Almaniyanın Polşaya hücum etməsindən sonra 1939-cu il sentyabrın 17-də SSRİ Qərbi Ukrayna və Qərbi Belarusiyanı işğal etdi.

Hərbi tədbirlərin görülmədiyini başa düşən Almaniya qərb ölkələrinə zərbə endirmək qərarına gəldi. Beləliklə, Fransa və İngiltərənin apardığı qəribə müharibə onların özlərinə qarşı çevrildi. Almaniyanın Norveçə və Danimarkaya hücumu, ingilis-fransız ordularının Qərbi Avropada məğlubiyyətə uğradılması Avropada kəskin diplomatik müzakirələrə səbəb oldu. Az müddət içərisində Belçika məğlubiyyətə uğradıldı. Vəziyyəti belə görən İngiltərə və Fransa diplomatiyası İtaliyanın rəhbəri Mussolininin vasitəçiliyi ilə kompromis axtarmağa bağladı. Lakin bu cəhdlərin elə bir nəticəsi olmadı. Əvəzində İtaliya hökuməti 1940-cı il iyunun 10-da Fransaya müharibə elan etdi. İngilis diplomatiyası Fransanın məğlub edilməsinə şübhə ilə yanaşmadığından mövcud vəziyyətdən öz xeyrinə istifadə etmək istədi. İngiltərə hökuməti vahid hərbi komandanlıq yaratmaq barədə təklif etdi. Lakin fransız hakim dairələri bu təklifləri rədd etdilər. Fransada Peten hökuməti Almaniyaya barışıq barədə müraciət edərək mübarizənin dayandırılmasının vacibliyini bildirdi. Şarl de Qoll isə Londonda çıxış edərək Almaniyaya qarşı mübarizənin davam etdirilməsinin zəruriliyini göstərdi. Fransanın düşmüş olduğu vəziyyətindən İngiltərə və ABŞ istifadə etmək, onun müstəmləkələrinə və donanmasına nəzarət əldə etmək istəyirdilər. Lakin bu da heç bir nəticə vermədi. Hitler Mussolini ilə görüşərək yaranmış yeni vəziyyəti müzakirə etdi. Hiitlerin əsas məqsədi Fransada faşistpərəst rejimi hakimiyyətə gətirmək, Avropada Almaniya başda oldmaqla yeni qayda yaratmaq, Fransanı bir sıra mülklərindən məhrum etmək, İngiltərə ilə əlverişli sülh bağlamaq yolu ilə üstünlük əldə etmək idi. Lakin İngiltərə Almaniya qarşısında güzəştə getmək istəmirdi. Bundan fərqli olaraq fransız diplomatiyası Almaniya qarşısında saziş bağlamağa tərəfdar idi. 1940-cı il iyunun 22-də Almaniya ilə Fransa Kompyen meşəsində dəmiryolu stansiyasındakı vaqonda Fransanın məğlub olması haqqında saziş imzaladılar. Paris hökuməti ağır barışıq şərtlərini qəbul etməyə məcbur oldu.

Bunun ardınca iyunun 23 - də Romada İtaliya - Fransa sazişi imzalandı. Barışıq şərtlərinə görə Fransa ərazisinin xeyli hissəsi işğal zonalarına bölünürdü. Ölkənin əsas sənaye rayonları işğal zonalarına düşürdü.Fransa yalnız 100 minlik ordu

saxlaya bilərdi. Fransız hərbi əsirləri sülh bağlanana qədər Almaniyanın əlində olmalı idi.

İtaliya Fransada işğal zonası ala bilmədi. Bununla belə Mussolini əslində Almaniyanın bütün tələblərinə tabe oldu.

Cənub-Şərqi Asiyada,

Sakit okeanda və Latın Amerikasında beynəlxalq münasibətlər
Qərb dövlətlərinin Avropadakı Münhen siyasəti Uzaq Şərqdə təcavüzkarı sakitləşdirmək siya-səti ilə yanaşı gedirdi. 1939-cu ilin iyulunda bağlanmış ingilis-yapon sazişi Çin əleyhinə yönəlmişdi. İkinci dünya müharibəsi başlayandan sonra İngiltərə Uzaq Şərqdə Yaponiyanı sakitləşdirmək xəttini davam etdirdi. Amerika diplomatiyası Uzaq Şərqdə baş verən bu hadisələri diqqətlə izləyirdi. Bununla belə, Yaponiya ilə ABŞ arasında Sakit okeanda kəskin ziddiyyətlər hökm sürürdü. ABŞ Uzaq Şərqdə və Sakit okean regionunda Yaponiyanın güclənməsinin əleyhinə idi. Bu ziddiyyətlərin əsas mövzusunu neft təşkil edirdi. Lakin ABŞ diplomatiyası Yaponiyanı Çinə qarşı yönəltmək istəyirdi. 40-cı ilin yayından başlayaraq Cənub Şərqi Asiyada Yaponiyanın təcavüzkarlıq hərəkətləri genişləndi.

İkinci dünya müharibəsinin başlanması Latın Amerikası ölkələrinin Avropa ilə təsərrüfat əlaqələrini zəiflətdi və qərb yarımkürəsində ABŞ-ın hökmranlığı üçün əlverişli şərait yaratdı. Müharibə başlayan kimi Panamerika ittifaqı sistemində yeni daimi xarici siyasət orqanı yaradıldı. Bu, Xarici işlər nazirlərinin məşvərət məclisi oldu. Məşvərət məclisinin 1939-cu il sentyabrın 23-də Panamada keçirilən birinci toplantısında Amerika qitəsi dövlətlərinin müharibədə bitərəfliyi haqqında bəyannamə qəbul edildi. Latın Amerikası dövlətləri hərbi əməliyyatların qitəyə buraxılmasına yol vermək istəmirdilər. Təhlükəsizlik zonası haqqında əsasnamə pozulardısa qitə dövlətləri fərdi və kollektiv tədbirlər görməli, fəaliyyətlərini əlaqələndirməli idilər. Avropada müharibə Almaniyanın Latın Amerikasındakı mövqelərini zəiflətdi. Latın Amerikası ölkələri daha çox ABŞ-a müraciət etməyə başladılar. Qitə dövlətlərinin ikinci məsləhət məclisi 1940-cı il iyulun 21-30-da Havanada keçirildi. Müşavirədə əsas məsələ Amerika qitəsində Avropa dövlətlərinin mülkləri barədə idi. Bu məsələ ilə bağlı iki sənəd qəbul edildi: Amerika qitəsindəki Avropa müstəmləkələrinin və mülklərinin müvəqqəti idarə edilməsi haqqında və əlavə konvensiya. Bu sənədlərə görə qitə dövlətləri üçün təhlükə olardısa onlar həmin ərazilərin idarə edilməsini Amerika dövlətləri arası ərazi idarəetmə komissiyasına verməli idilər.

Müşavirənin ikinci mühüm nəticəsi Amerika dövlətlərinin müdafiəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında bəyannamə idi. Bəyannamə məsləhətləşmələri, qarşılıqlı yardımı və ölkələrdə qayda- qanunun yaradılmasını nəzərdə tuturdu.

1940-1941-ci illərdə dövlətlər arasında qüvvələr nisbəti
1940-cı ilin ortalarında Almaniyanın Avstriya, Çexoslovakiya, Polşa, Danimarka, Norveç, Hollandiya, Belçika, Lüksemburq və Fransanı işğal etməsi ilə böyük silah cəbbəxanası, hərbi sənaye, metallurgiya və sənayenin digər mühüm sahələri onun əlinə keçdi. Almaniyanın Qərbi Avropada asan hərbi qələbələr qazanması bütün Avropa üzərində onun şəriksiz hegemonluq iddialarını gücləndirdi. Lakin Avropada tam hegemon olmaq yolunda Sovet İttifaqı və İngiltərə başlıca əngəl olaraq qalırdılar. Sovet İttifaqına qarşı müharibəyə hazırlıq tam məxfi şəkildə aparılırdı. Almaniya əvvəlcə Sovet İttifaqını məğlub etmək, sonra isə İngiltərə ilə problemlərini həll etmək niyyətində idi. Ona görə də Almaniya diplomatiyası İngiltərəyə 1940-cı il iyulun 19-da müharibəni davam etdirməmək və sülh bağlamaq barədə təklif etdi. İngiltərə bu təkliflərdən imtina edərdisə, Almaniya Britaniya imperiyasını tamamilə darmadağın və məhv etməklə hədələdi. Lakin İngiltərə diplomatiyası Almaniyanın bu hədələrini rədd etdi. Bundan sonra Almaniya Yaponiya və İtaliya ilə əlaqələrini daha da gücləndirdi. Almaniya 1939-cu ilin mayında İtaliya ilə bağladığı “Polad paktı”na uyğun olaraq Misirdə ingilis ordularına qarşı əməliyyatlar aparmağı İtaliyadan tələb etdi. Eyni zamanda Almaniya Yaponiya ilə də əlaqələrini sıxlaşdırmaq niyyətində idi. 1940-cı il sentyabrın 9-da Tokioda başlanan Almaniya-Yaponiya danışıqları sentyabrın 27-də Almaniya-Yaponiya-İtaliya hərbi paktının (Üçlər paktının) imzalanması ilə başa çatdı. Üç dövlət paktında Yaponiya Almaniya və İtaliyanın Avropada, İtaliya və Almaniya isə Şərqi Asiyada Yaponiyanın yeni qayda yaratmaq istəklərinə hörmət etməli idilər. Danışıqların gedişində bir sıra məxfi sazişlər də imzalandı və ümumi, hərbi və iqtisadi komissiyalar yaradıldı. Ümumi komissiya Tokioda, Berlində və Romada çalışmalı idi. Ümumi komissiyanın məqsədi üç ölkənin siyasətini əlaqələndirmək, hərbi və iqtisadi komissiyaların məqsədi isə müharibənin birgə aparılması və qarşılıqlı iqtisadi yardım problemlərini həll etmək idi. Üçlər paktının imzalanması təcavüzkar dövlətlərin hərbi blokunu tamamilə formalaşdırdı. Blokun əsas məqsədi dünya ağalığına sahib olmaq idi. Bolqarıstan 1940-cı il noyabrın 17-də(bu haqda məlumat yalnız 1941-ci il martın 1-də verildi), Macarıstan noyabrın 20-də, Rumıniya noyabrın 22-23-də, Slovakiya isə noyabrın 24-də Üçlər paktına qoşuldular. 1941-ci ilin sonunda Finlandiya da müharibədə Almaniya tərəfdən iştirak edəcəyini bildirdi.

Diplomatik mübarizədə İspaniyanın müharibədə kim tərəfindən iştirak etməsi mübahisəli məsələlərdən biri idi. İspaniya Cəbəllütariqin, fransız Mərakeşinin, Əlcəzairin bir hissəsinin İspaniyaya veriləcəyi və hərbi-iqtisadi yardım göstəriləcəyi şərtlər əsasında müharibəyə qoşulmağa razı idi. 1941-ci ildə İspaniya Almaniya tərəfdən müharibədə iştirak etməyə razılıq verdiyini bildirdi.

1941-ci il martın 25-də Vyanada Yuqoslaviyanın Almaniya blokuna qoşulması haqqında protokol imzalandı. Lakin baş verən dövlət çevrilişindən sonra aprelin 6-da Almaniya Yuqoslaviya və Yunanıstana hücum edərək onları işğal etdi. Yuqoslaviya bölüşdürüldü.

Diplomatik mübarizədə Türkiyəni öz tərəfinə çəkmək və Balkanlara sahib olmaq xüsusi yer tuturdu. 1941-ci il iyulun 18-də Almaniya ilə Türkiyə arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalandı. Bu müqavilə ilə Almaniya özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin etdi. Almaniya Türkiyədən kifayət qədər ərzaq və digər strateji xammal almağa başladı.

1940-cı il dekabrın 5-də Almaniya rəhbərliyi SSRİ-yə hücum planını müzakirə etdi. 1941-ci ilin sonunda SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında qərar qəbul olundu. Dekabrın 18-də “Barbarossa planı” adlanan bu planı Hitler təsdiq etdi. Almaniyanın Yuqoslaviyaya hücumu ilə əlaqədar olaraq SSRİ-yə qarşı müharibəyə başlanması iyunun 22-nə keçirildi.

Almaniyanın Avropadakı hərbi uğurları və Yaponiyanın Asiyadakı təcavüzkarlığı qüvvələr nisbətini dəyişdirdi. Fransanın məğlub olması ilə İngiltərə özünün başlıca müttəfiqini itirdi. Bu dövrdə İngiltərə iki yol qarşısında qalmışdı: ya Almaniya ilə kompromisə getmək, ya da ABŞ-la əməkdaşlıq edib müharibəni davam etdirmək. ABŞ-la əməkdaşlıq etmək üçün İngiltərə bir sıra güzəştlərə getməli idi. İngiltərə ABŞ-la əməkdaşlıq yolunu tutdu. Lakin ABŞ Almaniyaya qarşı mübarizədə İngiltərəyə yalnız maddi və hərbi kömək etdi, donamasından hərbi gəmiləri onun ixtiyarına verdi. 1941-ci martın 11-də ABŞ konqresi lend-liz haqqında qanun qəbul etdi. Bu qanun prezidentə silahları, hərbi materialları və ərzağı icarəyə vermək, müdafiə məsələlərində digər dövlətlərə kömək etmək hüququ verdi. Bundan sonra ABŞ-İngiltərə əlaqələri daha da genişləndi. 1940-ci ilin birinci yarısı-1941-ci ilin ikinci yarısında Avropada mövcud olan vəziyyət antifaşist hərəkatı üçün mühüm şərait yaratdı.

Almaniyanın Avropada təcavüzünün genişlənməsi ilə paralel olaraq SSRİ 1940-cı ilin iyununda Litva, Latviya və Estoniyanı işğal etdi.

1941-ci il iyunun 22-də səhər tezdən Almaniya SSRİ üzərinə hücum etdi. Onunla bərabər müttəfiqləri olan Rumıniya, Finlandiya, İtaliya, növbəti gün Slovakiya, iyunun 27-də isə Macarıstan Sovet İttifaqına qarşı müharibəyə qoşuldular. Sovet İttifaqına qarşı müharibənin başlanması İngiltərə və ABŞ-da pis qarşılandı. Onlar faşizmə qarşı mübarizədə Sovet İttifaqına kömək edəcəklərini bəyan etdilər. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə Almaniyaya qarşı müharibədə birgə fəaliyyət haqqında iki maddədən ibarət saziş imzaladılar. Bundan sonra sovet-ingilis münasibətlərində Avropada ikinci cəbhənin açılması mərkəzi məsələyə çevrildi. İyulun 18-də və sentyabrın 3-də Sovet İttifaqı ikinci cəbhənin açılması məsələsini Böyük Britaninyanın qarşısında qaldırdı.

Amerika Birləşmiş Ştatları müharibə başlayandan sonra 1937-ci il avqustun 4-də imzalanmış sovet-amerikan ticarət sazişinin müddətini uzatdı.

İkinci dünya müharibəsi ərəfəsində Almaniya İranda ciddi mövqelər tuturdu. SSRİ üzərinə hücumdan sonra bu mövqelər daha da möhkəmləndi. Almaniya SSRİ-nin cənub sərhədləri üçün təhlükə törətməyə başladı. Belə vəziyyət SSRİ və Böyük Britaniyanı Almaniya təhlükəsinə qarşı birgə tədbirlər görməyə sövq etdi. Verilən bəyanatlardan sonra 1941-ci il avqustun 25-də qoşunlar İrana daxil oldu. Yalnız 1942-ci il yanvarın 29-da SSRİ-İngiltərə-İran müqaviləsi imzalandı. Müqaviləyə görə SSRİ və İngiltərə İranın suverenliyini və müstəqilliyini qoruyacaqlarını və ona iqtisadi yardım göstərəcəklərini bildirdilər. Bu müqavilənin böyük əhəmiyyəti var idi. O, antihitlerçi koalisiya ilə İranın əlaqələrini genişləndirdi.

1941-ci ildən başlayaraq ABŞ və İngiltərənin xarici siyasətində ciddi dəyişiklik əmələ gəldi. 1941-ci il avqustun 9-12-də Nyufaundlend adasında Ardcentiya buxtasında ABŞ prezidenti Ruzvelt və Böyük Britaniyanın baş naziri Çerçil konfrans keçirtdilər. Avqustun 14-də Atlantika xartiyası deyilən bir sənəd qəbul edildi. Bu sənəddə milli siyasətin bəzi ümumi prinsipləri elan edildi: bu dövlətlər ərazi iddialarına can atmırlar; hər hansı ərazi sərhəd dəyişikliklərinə imkan verməyəcəklər; bütün xalqların öz müqəddəratını təyin etmək hüququna tərəfdardırlar; faşist rejimi tam məhv ediləcəkdir; dövlətlər zor gücünə mübahisəli məsələləri həll etməyəcəklər; dənizlərdə və okeanlarda gəmilər sərbəst üzəcəklər; səmərəli əməkdaşlıq ediləcəkdir. Beləliklə, Atlantika xartiyasında dünyanın müharibədən sonrakı quruluşuna dair bir sıra demokratik və mütərəqqi prinsiplər əks olundu.

Bundan sonra SSRİ, ABŞ və İngiltərə münasibətləri daha da inkişaf etdi. 1941-ci il sentyabrın 29-u- oktyabrın 1-də Moskvada üç dövlət nümayəndələrinin konfransı keçirildi. Konfransda Sovet İttifaqına ABŞ və İngiltərə silahlarının, sənaye məhsullarının və ərzağınının göndərilməsi məsələsi müzakirə edildi və müvafiq protokol imzalandı. Moskva konfransı antihitlerçi koalisiyanın yaradılmasında mühüm rol oynadı.Bununla yanaşı olaraq Sovet İttifaqı 1941-ci il iyulun 18-də Londondakı mühacir çex hökuməti ilə, iyulun 30-da isə polyak hökuməti ilə sazişlər imzaladı.



Antifaşist koalisiyanın möhkəmləndirilməsi uğrunda mübarizə. 1942-ci ildə SSRİ-ABŞ-İngiltərə münasibətləri
1941-ci ilin dekabrında Moskva altında Almaniya ordu hissələrinin məğlub edilməsi antihitlerçi koalisi-yanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. 1941-ci il dekabrın 22-dən 1942-ci il yanvarın 14-dək Vaşinqtonda ABŞ və İngiltərə rəhbərlərinin görüşündə “Arkadiya” adı altında müharibənin birgə strateji planını işləyib hazırlamaq məsələləri müzakirə edildi. Konfransın nəticəsində tərəflər Almaniyanın bir nömrəli düşmən olaraq qaldığını təsdiq etdilər və “ox” dövlətlərinə qarşı birgə mübarizə aparmaq planının layihəsini işləyib hazırladılar.

1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 ölkənin nümayəndələri Birləşmiş Millətlərin bəyannaməsini imzaladılar. Burada göstərilirdi ki, ölkələrin hökumətləri faşist bloku dövlətlərinə qarşı özlərinin bütün iqtisadi və hərbi ehtiyatlarını birləşdirəcəklər.

1942-ci il mayın 26-da Londonda sovet-ingilis, iyunun 11-də isə sovet-amerikan müqavilələrinin imzalanması faşizmə qarşı mübarizədə ittifaqı möhkəmləndirdi.

1942-ci ildə ikinci cəbhənin açılması məsələsi ABŞ, İngiltərə və SSRİ münasibətlərində mühüm yer tutdu. Bu cəbhənin açılması müharibənin tez başa çatmasına kömək edərdi. 1941-ci il dekabrın 7-də ABŞ-ın müharibəyə qoşulması ilə Avropada ikinci cəbhənin açılması məsələsi üçtərəfli məna kəşf etməyə başladı. 1942-ci il aprelin 1-də ABŞ prezidenti Ruzvelt Qərbi Avropada hərbi əməliyyatlara dair strateji planı təsdiq etdi. Aparılan üçtərəfli yazışmalar 1942-ci ilin may -iyun aylarında V.M.Molotovun Vaşinqtona və Londona səfərləri zamanı müzakirə edildi. İkinci cəbhənin açılması məsələsinin müzakirəsi heç də rəvan getmirdi. Lakin sovet-amerika, sovet-ingilis bəyannamələrində tərəflər Avropada ikinci cəbhənin açılmasının vacibliyini göstərdilər.

Üçtərəfli münasibətlərdə SSRİ-yə ABŞ və İngiltərə yardımınının göstərilməsi mühüm yer tutdu. Bu yardım həm antihitlerçi koalisiyanı möhkəmləndirirdi, həm də sovet-alman cəbhəsindəki vəziyyəti müttəfiqlərin xeyrinə gücləndirirdi. 1942-ci ilin payızından ingilis və amerikan orduları şimali Afrikaya çıxarılmağa başlandı. Bu əməliyyatın böyük diplomatik siyasi əhəmiyyəti var idi. Afrikada maraqları olan Fransa müttəfiqlərə tərəf meyl edirdi. Şimali Afrikaya müttəfiqlərin soxulması Almaniya və İtaliyanın dayaqlarını sarsıtdı, onlar Fransanın Afrikadakı mülklərindən aldıqları xammaldan məhrum oldular. ABŞ və İngiltərənin birgə fəaliyyəti faşist blokunun böhranını dərinləşdirdi.

Eyni zamanda 1941-1942-ci illərdə Sakit okeanda hərbi əməliyyatlar aparan dövlətlərin diplomatik mübarizəsi kəskin idi. ABŞ və İngiltərə Sakit okeanda Yaponiyanın rolunu azaltmağa çalışırdılar. Bu məqsədlə 1941-ci il dekabrın 19-da ABŞ, İngiltərə və Çin hərbi nümayəndələrinin Çunçində keçirilən konfransında hərbi əməliyyatları əlaqələndirmək barədə razılığa gəlindi. Çin 1941-ci il dekabrın 9-da rəsmi şəkildə Yaponiya və Almaniyaya müharibə elan etdikdən sonra ilk dəfə olaraq əlverişli beynəlxalq şərait qazandı. Uzaq Şərq və Sakit okean regionunda Çan Kay-şi diplomatiysaının rolu artdı. Bununla yanaşı olaraq 1941-1942-ci illərdə Hindistan, Avstraliya və Yeni Zelandiyanın beynəlxalq münasibətlərdə nüfuzu gücləndi. Asiyanın dərinliklərinə doğru Yaponiyanın irəliləməsi İngiltərənin mənafelərinə zərbə vurduğundan ingilis diplomatiyasının bu region dövlətləri ilə əməkdaşlığı genişlənirdi.

1942-ci ilin sonu- 1943-cü ilin əvvəlində Stalinqrad ətrafında faşist qüvvələrinin məğlub edilməsi antihitlerçi koalisiyanı gücləndirdi. Almaniyanın müttəfiqlərindən olan İtaliya, Rumıniya və Macarıstanın separat sülh bağlamaq cəhdləri uğursuzluqla başa çatdı. Antihitlerçi koalisiyanın möhkəmləndirilməsində 1943-cü il yanvarın 14-24-də Ruzevlt və Çerçilin Kasablankada keçirilən görüşü əsaslı rol oynadı. Yüksək hərbi rəhbərlərin də iştirak etdiyi konfransda müzakirə edilən əsas məsələ müttəfiqlərin hərbi əməliyyatlarının perspektivləri idi. Konfransda siyasi problemlərə də diqqət yetirildi. Fransanı antihitlerçi koalisiyaya cəlb etmək və müqavimət hərəkatına yardım göstərmək müzakirə edildi. Şarl de Qollun Kasablankaya gəlməsi döyüşən Fransanın nüfuzunun artdığını göstərirdi. Konfransda Türkiyənin mövqeyi məsələsi də müzakirə edildi. Türkiyə İngiltərə və ABŞ-ın strateji planlarında mühüm yer tuturdu. Tərəflər Türkiyəni Almaniya bloku ölkələrinə qarşı müharibəyə qoşmaq barədə qərar qəbul etdilər. Konfransda müstəmləkələrin müharibədən sonrakı taleyi, Sakit okeanda müharibə və s. məsələlər müzakirə edildi. Müzakirələrəin nəticəsində bəyannamə qəbul edildi. Bəyannamədə tərəflərin birgə fəaliyyəti və hücum kampaniyasının planlaşdırılması barədə danışılır, faşist bloku ölkələrinin danışıqsız təslim olması prinsipi irəli sürülürdü.

İkinci dünya müharibəsində beynəlxalq münasibətlərdə 1943-cü il avqustun 14-24-də Kvebekdə “Kvadrant” şərti adı altında keçirilən konfrans mühüm yer tutur. Konfransda ABŞ(Ruzvelt), İngiltərə(Çerçil) və Çin(Sun Çzı-ven) və yüksək hərbi və siyasi xadimlər iştirak edirdilər. Konfransın əsas məsələsi 1944-cü ildə şimali Fransaya müttəfiq qoşunlarının çıxarılması idi. Konfrans qərargah rəislərinin birləşmiş komitəsinin yekun məruzəsini və “Overlod” əməliyyatının ilkin planını üç mərhələdən ibarət olmaqla bəyəndi. Əməliyyatın başlanması müddəti 1944-cü il mayın 1-i müəyyənləşdirildi. Konfransda Yaponiyaya qarşı müttəfiqlərin hərbi əməliyyatlar planı təsdiq edildi. ABŞ və İngiltərə rəhbərləri avqustun 19-da atom bombasının yaradılması haqqında gizli saziş imzaladılar. ABŞ və İngiltərə BMT-nin yaradılması haqqında ABŞ, İngiltərə, Çin və SSRİ-nin bəyannaməsinin mətnini hazırladılar. Konfransda Fransa milli-azadlıq komitəsinin bəyanatı, SSRİ, ABŞ və İngiltərənin xarici işlər nazirlərinin görüşü haqqında ilkin məsələ müzakirə edildi və prinsipcə bəyənildi. İtaliyanın təslim olması haqqında şərtlərə baxıldı.

1943-cü ildə Kursk altında alman-faşist qoşunlarının darmadağın edilməsi, iyulun 10-da ingilis-amerikan ordu hissələrinin Sicilyaya çıxarılması və İtaliyanın lideri Mussolinin devrilməsi beynəlxalq münasibətlərə ciddi təsir göstərdi. 1943-cü il sentyabrın 3-də Siciliya adasında Kassibilye adlanan yerdə İtaliya ilə qısa şərtlər imzalandı. Bundan sonra ABŞ və İngiltərənin İtaliya siyasətində dəyişiklik əmələ gəldi. İtaliya müttəfiqlərin strateji planlarında Balkan siyasətini həyata keçirmələrində əsas baza rolunu oynamağa başladı. 1943-cü il sentyabrın 29-da Malta adasında Eyzenhayer və Badalyo İtaliyanın təslim olmasının geniş şərtlərini imzaladılar. Oktyabrın 13-də İtaliya hökuməti Almaniyaya müharibə elan etdi. İtaliyanın müharibədən çıxaraq Almaniyaya müharibə elan etməsi ilə “Berlin-Roma oxu” iflasa uğradı, Almaniyanın hərbi və siyasi vəziyyəti pisləşdi və beynəlxalq aləmdə təcrid olunması gücləndi.

Uzaq Şərqdə hərbi əməliyyatların aparılmasında qərb dövlətlərinin strateji planlarında Çin özünəməxsus yer tuturdu. Antihitlerçi koalisiyanın üzvü olan dövlətlər Çinə xüsusi diqqət verirdilər. 1943-cü ilin noyabrın ikinci yarısında Qahirədə Uzaq Şərqdə müharibə aparılması ilə bağlı məsələləri müzakirə etməkdən ötrü Ruzvelt, Çerçil və Çan Kay-şi başda olmaqla nümayəndə heyətləri görüşdülər. Dekabrın 1-də üç dövlətin Qahirə bəyannaməsi elan edildi. Üç dövlətin məqsədi müharibənin gedişində Yaponiyanın işğal etdiyi Sakit okean adalarından onu məhrum etmək idi. Dövlət başçıları Atlantika Xartiyasının prinsiplərinə sadiq qaldıqlarını bildirdilər.



Tehran konfransı
İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransının hazırlanması, gedişi və nəticələri xüsusi yer tutur. Ruzvelt və Çerçil üç dövlət başçısının konfransının keçiriləcəyi yer kimi Alyaskada Ferbenksi, İraqda Bəsrəni, Bağdadı, Türkiyədə Ankaranı, Misirdə Qahirəni, Eritreyada Asmarı təklif etdilər. Konfransın keçiriləcəyi yer məsələsi mübahisələrə səbəb oldu. Bundan ötrü üç dövlətin xarici işlər nazirlərinin Moskvada müşavirəsini keçirtmək qərara alındı. Moskva konfransı 1943-cü il oktyabrın 19-30-da keçirildi. V.V. Molotov, K. Hell və A. İdenin iştirak etdiyi konfransda müharibənin müddətinin qısaldılması və ikinci cəbhənin açılması, müttəfiq dövlətlər arasında ümumi təhlükəsizlik haqqında bəyannamənin imzalanması, Almaniya, İtaliya, Avstriyanın taleyi, Avropa məsləhət komissiyasının təsis edilməsi və digər məsələlər müzakirə edildi. İkinci cəbhənin açılması haqqında məsələnin müzakirəsində müttəfiqlərin başlıca məqsədi müharibəni tezliklə başa çatdırmaq idi. Konfransda müharibədən sonra dövlətlərin əməkdaşlıq etməsi və Avropa məsləhət komisiyassının yaradılması barədə qərarlar qəbul edildi. Bu işdə Fransanın iştirakı zəruri sayıldı, Avropanın kiçik dövlətlərinin hər hansı formada birliyi haqqında layihələr ləğv edildi, hitlerçilərin törətdikləri vəhşiliklərə görə məsuliyyəti və ümumi təhlükəsizlik məsələləri haqqında bəyannamələr qəbul edildi.

Moskva konfransının qərarları üç dövlət başçısının birinci görüşü üçün şərait yaratdı.

Tehran konfransı 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Stalin, Ruzvelt və Çerçilin iştirakı ilə keçirildi. Konfransda dövlət başçıları ikinci cəbhənin açılması və müharibənin aparılması məsələlərini müzakirə etdilər. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini üzə çıxartdı. Çerçil ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çerçil planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overlord” adı altında Fransanın şimalından açmaq barədə qərar qəbul olundu.

Müttəfiq dövlətlər Türkiyənin antihitlerçi koalisiya tərəfindən müharibəyə qoşulması və Yuqoslaviya partizanlarına yardım göstərilməsinə dair tədbir görəcəkləri barədə razılığa gəldilər.

Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Stalin, Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.

Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı beş dövlətə- Prussiya; Hammver və Almaniyanın şimal-qərb rayonları; Saksoniya və Leypsiq; Hessen əyaləti, Darmştadt, Kessel, Reyndən cənuba olan rayonlar, Vestfaliyanın qədim şəhərləri, Bavariya, Baden, Vürtenberq bölməyi təklif edirdi. Bundan başqa Almaniyadan Hamburq və Kil kanalı rayonu ayrılmalı ya Birləşmiş Millətlərin, ya da dörd dövlətin idarəçiliyinə verilməli idi. Rur və Saar vilayətləri də Millətlər Təşkilatının nəzarətinə keçməli idi. Çerçil bu təklifi bəyəndi. Almaniya haqqında məsələ Avropa məsləhət komissiyasının müzakirəsinə verildi.

Konfransda Polşa haqqında məsələ də müzakirə edildi. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi. Həmçinin Keniqsberq və onun ətrafındakı rayonların SSRİ-yə verilməsi barədə prinsipcə razılıq əldə edildi. Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini göstərdi. Konfransın böyük tarixi əhəmiyyəti var idi. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.

Faşist blokunun böhranının dərinləşməsi və müttəfiqlərinin məğlub olması
Almaniyanın hərbi-strateji vəziyyəti pisləşdikcə onun müttəfiqi olan ölkələrdə müharibədən çıxmaq və Almaniya ilə əlaqələri kəsmək barədə çağırışlar eşidilməyə başladı. 1944-cü il sentyabrın 12-də Moskvada SSRİ, ABŞ və İngiltərə adından Rumıniya ilə barışıq imzalandı. Rumıniya antifaşist xətt götürdü.

1944-cü il sentyabrın 7-də Bolqarıstan Almaniya ilə münasibətləri rəsmi şəkildə kəsdiyini bildirdi. Sentyabrın 8-də isə ona müharibə elan etdi. Müttəfiqlər Bolqarıstanla oktyabrın 26-28-də Moskvada keçirilən danışıqlarda barışıq imzaladılar.

1944-cü il sentyabrın 14-dən 19-dək Moskvada müttəfiqlərin Finlandiya ilə keçirilən danışıqlarının nəticəsində barışıq imzalandı. Barışıqda Finlandiya ərazisinin hərbi cəhətdən işğalı nəzərdə tutulmamışdı. Barışıq şərtlərinə görə Finlandiya hökuməti öz qoşunlarını sovet-fin sərhəddindən geri çəkməli, ərazisindəki Almaniya silahlı qüvvələrini tərksilah etməli, bir sıra ərazilərini Sovet İttifaqına verməli və SSRİ-yə 300 milyon Amerika dolları həcmində təzminat ödəməli idi.

1945-ci il yanvarın 20-də isə Macarıstan barışıq haqqında saziş imzaladı. Barışıq şərtlərinə görə o, müharibədən çıxaraq, Almaniyaya müharibə elan edirdi, Çexoslovakiya, Yuqoslaviya və Rumıniya torpaqlarınının Macarıstan tərkibinə daxil edilməsi haqqında bütün əvvəlki qərarlarını ləğv edirdi, Macarıstan sərhədləri bərpa olunurdu və bütün müttəfiq hərbi əsirləri tezliklə azad edilirdi.

Beləliklə, faşist bloku süquta uğradı və Almaniya Avropadakı bütün müttəfiqlərindən məhrum oldu. Keçmiş müttəfiqləri faşist Almaniyasına müharibə elan etdilər.

Tehran konfransından sonra Çerçil və Ruzvelt 1943-cü il dekabrın 4-6-da Qahirədə görüşərək Avropa strategiyası ilə bağlı məsələləri müzakirə etdilər. Onlar “Overlord” və “Envil”(Cənubi Fransaya qoşun çıxarılmasının köməkçi əməliyyatı) əməliyyatlarını 1944-cü ilin başlıca hərbi əməliyyatları kimi qəbul etdilər. Onlar ABŞ generalı Duayt Eyzenhauerin Şimali Fransaya çıxarılacaq ümumi qoşunun komandanı kimi qəbul edilməsi qərarına gəldilər.

1944-cü il iyunun 6-da Fransanın şimalında Normandiya sahillərində ingilis-amerikan aviasiyası düşmənin müdafiə mövqelərini bombardman edərək desant çıxartdılar. İkinci cəbhənin açılması Almaniyanın beynəlxalnq mövqelərini sarsıtdı və antifaşist koalisiyanı gücləndirdi.

Krım konfransı
Krım konfransı “Arqonavt” adı altında Yaltada Livadiya sarayında 1945-ci il fevralın 4-11-də keçirildi. Konfransa gələrkən Ruzvelt və Çerçil fevralın 2-də Maltada görüşərək müzakirələr keçirtdilər. Konfransda məğlub edildikdən sonra Almaniya ilə davranmaq, beynəlxalq təhlükəsizlik təşkilatı yaratmaq, Polşa, Avropanın azad edilməsi haqqında bəyannamələr, Yuqoslaviya, hərbi məsələləri və b. müzakirə və qəbul edildi. Hərbi məsələlərin müzakirəsində müttəfiqlər cəbhələrdə vəziyyəti müzakirə edərək fəaliyyətin əlaqələndirilməsini vacib saydılar. Almaniya ilə bağlı məsələdə danışıqsız təslim olmanın şərtləri və məğlub edilmiş reyxlə davranmanın ümumi prinsipləri razılaşdırıldı. Avropa məsləhət komissiyası Almaniyanın danışıqsız təslim olması şərtlərini və ona nəzarət edilməsi məsələrini işləyib hazırlamalı idi. “Almaniyanın danışıqsız təslim olması” sənədində təslim olmanın şərtləri göstərilirdi. Almaniya işğal zonalarına bölünməli idi. Şərq işğal zonasını sovet, şimal-qərb zonasını ingilis, cənub-qərb işğal zonasını amerikan qoşunları tutmalı idi. İşğal dövründə Almaniyada ali hakimiyyət müttəfiq dövlətlərin silahlı qüvvələrinin ali baş komandanı olmalı idi. Almaniya üçün nəzarət şurası yaradılırdı. O, işğal zonalarında fəaliyyəti əlaqələndirməli, hərbi, siyasi və iqtisadi məsələləri həll etməli idi. Nəzarət şurasının nəzdində əlaqələndirmə komitəsi yaradılırdı. Nəzarət şurasında qərarlar yekdilliklə qəbul edilirdi.

Konfransda Almaniyanın işğalında və ona nəzarətdə Fransanın bərabər hüquqda iştirak etməsi barədə razılığa gəlindi. Britaniya və ABŞ -ın işğal zonaları hesabına Fransaya işğal zonası verildi.

Konfransda təzminatın alınması məsləsi müzakirə olundu. Almaniyanın ödəyəcəyi 20 mlrd. dollar təzminatın 10 mlrd. dolları Sovet İttifaqına çatmalı idi. Almaniya təzminatı üç formada- milli sərvətlərinin alınması və hərbi potensialının ləğv edilməsi; cari məhsullarının alınması; alman işçi əməyindən istifadə olunması yolu ilə ödəməli idi. Təzminat məsələsində fəaliyyəti əlaqələndirməkdən ötrü təzminata dair müttəfiqlərarası komissiya yaradıldı.

Konfransda üç dövlət başçısı Almaniyanın bölünməsi məsələsini müzakirə etdilər. Bu məsələni öyrənməkdən ötrü komissiya yaratmaq barədə qərar qəbul olundu.

Konfransda BMT-nin nizamnaməsini tam şəkildə işləyib hazırlamaqdan ötrü 1945-ci il aprelin 25-də San-Fransiskoda konfrans keçirtmək barədə razılıq əldə edildi. 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlərin bəyannaməsini imzalayan və 1945-ci il martın 1-dək ümumi düşmənə müharibə elan edən dövlətlərin konfransa dəvət olunması qərarı qəbul edildi. BMT Təhlükəsizlik Şurasında qərarların yekdilliklə qəbul olunması barədə Ruzveltin təklifi bəyənildi.

Krım konfransında Polşa məsələsi polyak hökuməti və Polşanın gələcək sərhədləri aspektində müzakirə edildi. Fikir ayrılıqlarına baxmayaraq üç dövlət başçısı Polşanın şərq sərhədlərinin Kerzon xətti boyunca getməsi və ona torpaqlar verilməsi barədə qəti qərar qəbul etdilər.

Konfrans “Avropanın azad edilməsi haqqında bəyannamə”ni bəyəndi.

Krım konfransı Yuqoslaviya haqqında məsələni müzakirə edərək yuqoslav hökumətinin yaradılmasını sürətləndirməyi vacib saydı.

Fevralın 11-də üç dövlət başçısı SSRİ-nin Yaponiyaya müharibə elan etməsinin şərtləri barədə sənəd imzaladılar. Yaponiyaya müharibə elan etməyin şərtləri belə idi: Monqolustan Xalq Respublikasında mövcud vəziyyətin saxlanılması; Saxalinin cənub hissəsi və ona bitişik adaların SSRİ-yə verilməsi, Dayren ticarət limanınının beynəlmiləlləşdirilməsi, Port-Arturun hərbi-dəniz bazası kimi icarəyə verilməsi, Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarının Çin və SSRİ tərəfindən birgə istifadə olunması; Kuril adalarının SSRİ-yə verilməsi. SSRİ Avropada müharibə qurtardıqdan iki-üç ay sonra Yaponiyaya müharibə elan edəcəyi barədə öhdəlik götürdü.

Krım konfransının böyük əhəmiyyəti var idi: o, antihitlerçi koalisiyada olan yekdilliyi nümayiş etdirdi; müharibədən sonrakı dünyanın demokratik quruluşuna dair proqramı işləyib hazırladı; gələcəkdə dövlətlər arasında məsləhətləşmələri zəruri saydı.



Yaxın və Orta Şərq, Latın Amerikası beynəlxalq münasibətlərdə
İkinci dünya müharibəsinin gedişində Yaxın və Orta Şərq rayonu “ox” ölkələri ilə antihilerçi koalisiya dövlətləri arasında gərgin mübarizə meydanı idi. Mübarizə başlıca olaraq neft hövzəsi bölgələrində gedirdi. Almaniya Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə xüsusi diqqət yetirirdi. SSRİ, İngiltərə və İran 1942-ci yanvarın 29-da müttəfiqlik haqqında müqavilə imzaladılar. 1943-cü il sentyabrın 9-da İran da Almaniyaya müharibə elan etdi. İranda müharibə dövründə sovet, ingilis və amerikan qoşunları var idi. Müttəfiq dövlətlərin Tehran konfransı İran haqqında üç dövlətin bəyannaməsini qəbul etdi. Bəyannamədə İrana yardım, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü nəzərdə tutulurdu.

Dövlətlərin Türkiyədə mənafeləri toqquşurdu. Hər iki blok dövlətləri Türkiyəni öz tərəfinə çəkməyə çalışırdılar. Türkiyənin mühüm strateji vəziyyəti onu önəmli edirdi. Kasablanka konfransındakı razılığa əsasən Çerçil 1943-cü il yanvarın 31-də Adana şəhərində Türkiyə prezidenti İsmət İnönü ilə görüşdü. Türkiyənin təhlükəsizliyini möhkəmləndirmək üçün ona ABŞ və İngiltərə yardımı göstərmək barədə razılıq əldə edildi. Görüşdən sonra Türkiyəyə hərbi nümayəndə heyətləri göndərildi.

1943-cü il dekabrın 4-6-da Ruzvelt və Çerçil Qahirədə İnönü ilə görüşdülər və Türkiyənin Almaniyaya müharibə elan etməsi barədə razılığa gəldilər. 1944-cü il avqustun 2-də Türkiyə Almaniya ilə, 1945-ci il yanvarın 3-də isə Yaponiya ilə diplomatik münasibətlərini kəsdi və fevralın 23-də onlara müharibə elan etdi.

İngiils ordularının tutmasından sonra 1941-ci il sentyabrın 27-də Suriyanın, noyabrın 26- da isə Livanın müstəqilliyinin elan edilməsi beynəlxalq münasibətlərə və antihitlerçi koalisiyanın güclənməsinə mühüm təsir göstərdi.

Ərəb dövlətləri cəmiyyətinin yaradılması Yaxın və Orta Şərqdə beynəlxalq münasibətlərdə əsaslı rol oynadı. 1945-ci iln fevral-martında Qahirədə Suriya, Livan, Transiordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misir Ərəb dövlətləri cəmiyyətini yaratdılar və martın 22-də nizamnaməsini imzaladılar. Yəmən konfransa nümayəndə heyəti göndərmədi, lakin sonralar onun nizamnaməsini imzaladı. Konfrans baş katibin rəhbərliyi ilə cəmiyyətin katibliyini təsis etdi. 1945-ci ilin mart-aprelində bütün yeddi ərəb dövləti cəmiyyətin yaradılmasını ratifikasiya etdi. Sənəd 1945-ci il mayın 10-da qüvvəyə mindi.

Cəmiyyətin yaradılması müsbət hal olub ərəb dövlətlərinin yaxınlaşmasına və faşizmin məğlub edilməsinə böyük kömək etdi.

İkinci dünya müharibəsi Latın Amerikası ölkələrində dərin dəyişikliklərə səbəb oldu. Áó äÿyişikliklər Avropa dövlətlərinin, xüsusən Almaniyanın, həmçinin Yaponiyanın mövqeləri zəiflədikdən sonra ABŞ-ın rolunun artması ilə səciyyələnirdi. Yaranmış şərait ABŞ-ın mənafelərinə uyğun idi. ABŞ-ın güclənməsi ilə paralel olaraq Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı da yüksəldi. Yaponiyanın Perl-Xarbora hücumundan və ABŞ-ın ona müharibə elan etməsindən sonra Latın Amerikası və Karib hövzəsinin bütün ölkələri (Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama, Salvador, Haiti, Dominikan respublikası və Kuba) 1941-ci il dekabrın 8-12-də Almaniya bloku dövlətlərinə müharibə elan etdilər. Dekabr ayında Venesuela, Kolumbiya və Meksika “ox” ölkələri ilə diplomatik münasibətlərini kəsdilər. Latın Amerikasının ən böyük ölkəsi olan Braziliya 1942-ci il avqustun 22-də Almaniya və İtaliyaya müharibə elan etdi. Latın Amerikası ölkələrinin hərbi əməliyyatlarda iştirak etmələrini arzulamalarına baxmayaraq ABŞ buna mane oldu. Hərbi əməliyyatlarda yalnız Braziliya və Meksika iştirak etdi. Qalan ölkələr isə döyüşən müttəfiqlərinin müharibə ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərdilər.

1942-ci il yanvarın 15-29-da Rio-de-Janeyroda Amerika dövlətlərinin xarici işlər nazirlərinin üçüncü məsləhət məclisi keçirildi. Məclisdə “ox” ölkələri ilə diplomatik münasibətlərin kəsilməsi barədə məsələ müzakirə edildi. Amerika qitəsində “ox” dövlətlərinin təxribatçılıq hərəkətlərinə qarşı fəaliyyət gücləndirildi. Ölkələrə gəliş və gediş ciddiləşdirildi. Bu qətnaməyə uyğun olaraq siyasi müdafiə üzrə fövqəladə məsləhət komitəsi yaradıldı. Müşavirədə Latın Amerikası ölkələrinin xammal bazası rolu oynaması bir daha təsdiqləndi. ABŞ Latın Amerikasınının 16 ölkəsi ilə kömrük rüsumlarını qarşılıqlı azaltmaq haqqında saziş imzaladı. Müşavirənin nəticəsində Amerikaarası müdafiə şurası yaradıldı. Müşavirədə müharibədən sonrakı dünya quruluşu məsələləri də müzakirə edildi. Beynəlxalq təhlükəsizlik məsələləri üzrə təşkilat yaratmaq tövsiyə olundu. Konfransdan sonra Latın Amerikasında ABŞ-ın rolu yüksəldi.



Almaniyanın danışıqsız təslim olması. Avropada müharibənin son mərhələsində müttəfiqlərarası münasibərlər. BMT-nin yaradılması
1945-ci iln əvvə-lində faşist Almani-yası tamamilə təcrid olunmuş vəziyyətə düşdü. Onun yega-nə müttəfiqi kimi yalnız Yaponiya qalırdı. Məğlub olmasını başa düşən alman diplomatiyası Avropa dövlətləri ilə separat sülh bağlamaq işinə girişdi. 1945-ci il aprelin 12-də Ruzveltin vəfat etməsi Almaniyanın separat sülh danışıqlarına olan ümidini artırdı. Lakin ingilis və amerikan hökumətləri belə danışıqların aparılmasını mümkünsüz saydılar. Hərbi əməliyyatların Almaniya ərazisində aparılması separat danışıqlar haqqında məsələni tamamilə arxa plana keçirtdi. 1945-ci il mayın 8-də Berlində Almaniyanın danışıqsız təslim olması haqqında akt imzalandı.

Müttəfiqlərin qələbəsi Aropada mürəkkəb xarici siyasət məsələlərinin həllini ön plana çıxartdı. İlk növbədə Almaniyanın danışıqsız təslim olması haqqında aktdan irəli gələn məsələləri həll etmək lazım idi. Müttəfiqlər arasında Almaniyada işğal rejimi və onun idarə olunması ilə bağlı fikir ayrılıqları üzə çıxdı. Fikir ayrılığı eyni zamanda Polşa məsələsində də mövcud idi.

1945-ci il iyunun 5-də SSRİ, ABŞ, İngiltərə və Fransa Avropa məsləhət komissiyasının hazırladığı danışıqsız təslim olmaq haqqında aktın şərtlərinə uyğun olaraq tərtib edilən “Almaniyanın məğlubiyyəti haqqında bəyannaməni” imzaladılar. Bəyannamə Almaniyanın təslim olması şərtləri haqqında baş sənəd idi. Bəyannaməyə görə mərkəzi hökumət ləğv edilirdi. Alman silahlı qüvvələri quruda, dənizdə və havada tamamilə məğlub edilmiş hesab olunurdu. Almaniyada hakimiyyət dörd dövlətin əlinə keçirdi. Onlar işğal zonalarını və nəzarət mexanizmini yaradırdılar.

SSRİ Şərqi Avropa ölkələrinə qoşun çıxartmaqla Çexoslovakiya, Polşa, Yuqoslaviya, Bolqarıstan, Macarıstan və Rumıniyada hakim rolu oynamaq və onları öz nəzarətinə salmaq istəyirdi. Bu ölkələrdə SSRİ-nin mənafeləri müttəfiqləri ilə toqquşurdu.

1945-ci il aprelin 25-də sülhü və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün San-Fransiskoda konfrans açıldı. Konfransın işində 1942-ci il 1 yanvar tarixli bəyannaməni imzalayan və sonradan ona qoşularaq Almaniyaya müharibə elan edən dövlətlər iştirak edirdilər. İştirakçı dövlətlərə dəvətnamə ABŞ, İngiltərə, SSRİ və Çin adından göndərilmişdi. Bütövlükdə konfransa əlli dövlət qatıldı. Konfransın sədrləri V.M.Molotov, E.Stettinius, A.İden, Sun Çzı-ven seçildilər. Konfransın gündəliyində bir məsələ -BMT nizamnaməsini işləyib hazırlamaq dururdu. Konfransın gedişində dörd komissiya yaradıldı: 1. Ümumi məsələlər üzrə. 2. Baş məclis, İqtisadi və Sosial şura, qəyyumluq şurası məsələləri üzrə. 3. Təhlükəsizlik Şurası məsələləri üzrə. 4. Beynəlxalq məhkəmə və digər hüquqi məsələlər üzrə. Bundan başqa nümayəndə heyəti başçılarının müntəzəm olaraq müşavirəsi də keçirilirdi. Məsələlərin müzakirəsi zamanı fikir müxtəlifliyi üzə çıxdı. Layihələrə düzəlişlər bir neçə qrupda sistemləşdirildi: birinci qrup düzəlişlər Baş məclisin hüquqlarının genişləndirilməsini tələb edirdi. İkinci qrup düzəlişlər Təhlükəsizlik Şurasının, onun daimi üzvlərinin hüquqlarının məhdudlaşdırılmasını və Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını nəzərdə tuturdu. Üçüncü qrup düzəlişlər beynəlxalq məhkəmənin hüquqlarının genişləndirilməsi barədə idi. Digər düzəlişlər texniki xarakter daşıyırdı. Konfrans iştirakçılarınını əsas diqqəti birinci iki qrup düzəlişlər ətrafında idi.

Təhlükəsizlik Şurasında səsvermə məsələsində Krım konfransında irəli sürülən daimi üzvlər arasında yekdillik prinsipi qəbul edildi. Qəyyumluq məsələsində dövlətlərin ümumi fikir birliyi əsasında himayədə olan ərazilərin əhalisinin inkişafı üçün qəyyumluq sistemi yaratmaq zəruri sayıldı. Konfrans beynəlxalq məhkəməni təsis etdi. BMT-nin iqamətgahının yerləşdiyi yer Nyu-York müəyyənləşdirildi.

1945-ci il iyunun 26-da BMT nizamnaməsnin qəbul edilməsi ilə San-Fransisko konfransı öz işini başa çatdırdı.

BMT-nin yaradılmasının böyük tarixi əhəmiyyəti var idi. O, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyan və əməkdaşlığı həyata keçirən beynəlxalq təşkilat funksiyasını yerinə yetirməyə başladı. BMT özünün mühüm prinsiplərini- dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması, beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli və b. elan etdi.



Potsdam konfransı
“Terminal” şərti adı altında keçirilən üç dövlət başçısının konfransı Berlinin 60 km-də yerləşən Potsdamda Sisilionxof sarayında (Babelsberq qəsəbəsi yaxınlığında) Stalin, Çerçil və Trumen başda olmaqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək keçirildi. Konfransın gedişində Çerçili seçkilərdə qələbə qazanmış leyborist partiyasının lideri K.Ettli əvəz etdi. Konfransda xarici işlər nazirləri də iştirak edirdilər.

Konfransda müharibədən sonrakı Avropanın quruluşu və keçmiş düşmən dövlətlərlə sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə edildi. Dövlət başçıları bu məqsədlə ABŞ, İngiltərə, SSRİ, Fransa, Çin Xarici işlər nazirlərinin şurasını təsis etdilər. Şuranın birinci vəzifəsi sülh müqavilələrini işləyib hazırlamaq idi. Şuranın yaradılması ilə Avropa məsləhət komissiyası öz fəaliyyətini dayandırdı.

Konfransda əsas yeri Almaniya məsələsi tuturdu. Müttəfiq dövlətlərin rəhbərləri Almaniya ilə davranmağın siyasi və iqtisadi prinsiplərini qəbul etdilər. Almaniyaya münasibətdə əsas prinsiplər onun demilitarizasiyası, demokratikləşdirilməsi və denasifikasiyası idi. Almaniya tam tərksilah olunmalı, hərbsizləşdirilməli, bütün hərbi sənayesi tamamilə ləğv edilməli, nasional-sosialist partiyası məhv edilməli, Almaniya həyatı demokratik əsasda dinc əmakdaşlıq üçün qurulmalı idi. Almaniyada nəzarət mexanizmini dörd dövlətin silahlı qüvvələrinin ali baş komandanları həyata keçirməli idi.

Konfransda Almaniyanın ödəyəcəyi təzminat məsələsi ətrafında kəskin mübahisələr getdi. Kompromisdən sonra Almaniyanın ödəyəcəyi təzminat barədə xüsusi saziş imzalandı. Bu məsələdə Krım konfransının qərarı əsas götürüldü. Bundan başqa SSRİ qərb zonasından da əlavə kömür, ərzaq və digər məhsullar almalı idi.

Konfransda Almaniyanın hərbi-dəniz və ticarət donanmasının bölüşdürülməsi barədə qərar qəbul edildi. Hərbi-dəniz gəmiləri 1946-cı il fevralın 15-dək bölüşdürülüb başa çatdırılmalı idi. Ticarət gəmilərinin verilməsi isə Yaponiyaya qarşı müharibə başa çatdıqdan sonra yerinə yetirilməli idi.

Potsdam konfransında Keniqsberq rayonu SSRİ-yə verildi. Konfransda müharibə canilərinin siyahısının elan edilməsi və törətdikləri cənayətə görə cavab vermələri barədə qərar qəbul olundu.

Konfransda Polşanın dövlət sərhəddi məsələsi həll edildi. Sərhəd Oder və Neyse çayları boyunca keçməli idi.

Potsdam konfransında Almaniya tərəfindən döyüşən Avropa dövlətləri ilə sülh bağlamaq və onları BMT-yə daxil etmək haqqında məsələ kəskin mübahisələrə səbəb oldu. Məsələnin müzakirəsi nəticəsində “Sülh müqavilələrinin bağlanması və BMT-yə daxil olma” adlı saziş imzalandı. Sazişə görə İtaliya, Bolqarıstan, Finlandiya, Rumıniya və Macarıstanla sülh müqavilələri bağlanmalı və onların BMT-yə üzvlüyü məsələsinə baxılmalı idi.

Konfransda Dunayda və Reyndə üzgüçülük məsələlərini həll etmək üçün müvəqqəti naviqasiya orqanı yaradılması haqqında təklif Xarici işlər nazirləri şurasının müzakirəsinə verildi.

Potsdam konfransında Stalinin Qara dəniz boğazlarına dair Montre konvensiyasını dəyişdirmək təklifi qəbul edilmədi. Belə qərara gəlindi ki, hər üç ölkənin hökumətləri Türkiyə ilə bilavasitə danışıqlar aparsınlar.

Potsdam konfransı Tancer beynəlxalq zonası, Avropada daxili nəqliyyat, İrandan qoşunların çıxarılması və başqa məsələləri müzakirə etdi.

Konfransda Çerçil və Trumen ABŞ-ın atom silahına sahib olması məsələsini iclasdan kənar görüşlərində müzakirə edərək Stalinə çatdırdılar.

Potsdam konfransının gedişində, iyulun 26-da ABŞ, İngiltərə və Çin Yaponiyanın tezliklə təslim olması haqqında bəyannaməni imzaladılar. Bəyannamənin bir surəti məlumat üçün SSRİ nümayəndə heyətinə göndərildi. Sovet hökuməti bu bəyannaməyə avqustun 8-də qoşuldu.

Potsdam konfransının nəticəsində avqustun 1-də üç dövlət başçısı protokol və Berlin konfransı haqqında məlumat imzaladılar. Potsdamda qəbul olunan əsas sazişlərə Fransa hökuməti də qoşuldu.

Konfransın böyük tarixi əhəmiyyəti var idi. O, Avropada təhlükəsizliyin başlıca şərti kimi alman militarizminin və nasizminin kökünün kəsilməsini irəli sürdü, dövlətlərarası münasibətlərin suverenlik, milli müstəqillik, bərabər hüquqluq və daxili işlərə qarışmamaq, demokratik prinsiplər əsasında qurulmasını zəruri saydı.


Müharibənin başa çatması mərhələsində Uzaq Şərqdə diplomatik mübarizə və Yaponiyanın danışıqsız təslim olması. İkinci dünya müharibəsinin başa çatması

1944-cü ilin sonu -1945-ci ilin əvvəlində Yaponiyanın vəziyyəti xeyli ağır idi. Müttəfiqlərin Sakit okeanda hərbi əməliyyatları genişlən-dirmələri, Filippin və Birma-nın azad olunması və Yaponiya üzərinə hava hücumları onun vəziyyətini kəskinləşdirirdi. Aprelin 1-də Okinava adasına amerikanlar desant çıxartdıqdan sonra Yaponiyada hakimiyyət dəyişkənliyi baş verdi. Yapon hakim dairələrinin gözlənilən hərbi əməliyyatların qarşısını almaq üçün sülh danışıqlarına başlamağa İsveç, İsveçrə və Portuqaliyanın vasitəsi ilə cəhd etmələri uğursuz nəticələndi. Müttəfiqlərin Yaponiyaya münasibətdə əsas prinsipləri aşağıdakılardan ibarət idi: Yaponiya təcavüzkar müharibələr nəticəsində işğal etdiyi əraziləri geri qaytarmalı idi; Yaponiya məğlub edildikdən sonra yapon hökuməti öz fəaliyyətini dayandırmalı idi; Yaponiyanın işğalında müttəfiq dövlətlər iştirak etməli idilər.

Avqustun 5-də SSRİ rəhbərliyi Potsdamdan Moskvaya qayıtdı. Avqustun 8-də SSRİ özünü avqustun 9-dan etibarən Yaponiya ilə müharibə vəziyyətində elan etdi.

Avqustun 6-da ABŞ 13 kilotonluq atom bombasını Xriosimaya, avqustun 9-da isə 17 kilotonluq atom bombasını Naqasakiyə atdı. Hər iki bomba bu şəhərlərin əhalisinin 55%-ni və ya 350 min nəfərini öldürdü.

Avqustun ikinci yarısında yapon ordularının darmadağın edilməsi İndoneziyada, Birmada və b. ölkələrdə milli-azadlıq hərakatını gücləndirdi. Yaponiyanın məğlub edilməsində Çin ordusunun da rolu oldu. Yaponiyanın danışıqsız təslim olması haqqında aktın rəsmi imzalanması sentyabrın 2-də ABŞ-ın Sakit okeandakı Missuri xətt gəmisində imzalandı. Yaponiyanın məğlub olması ilə ikinci dünya müharibəsi başa çatdı. Bu müharibədə xalqların və dövlətlərin antifaşist koalisiyası qələbə çaldı.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə