Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə10/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

YEDDİNCİ BÖLÜM

1924-1929-cu illərdə beynəlxalq münasibətlər


Avropada siyasi



vəziyyət. Daues planı
20-ci illərin ikinci yarısında Avropada beynəlxalq münasibətlərdə Fransa ilə Almaniya arasında kəskin diplomatik-siyasi vəziyyət aparıcı rol oynayırdı. Rur uğrunda səkkiz aylıq gərgin mübarizə Almaniyanın təslim olması ilə nəticələndi. İlk baxışda Fransa öz məqsədlərinə çatmış kimi görünürdü. Lakin fransızların inadkarlığı ingilislərin mənafelərinə cavab vermirdi. İngilis-fransız narazılığı isə Almaniyanın xeyrinə idi. 1923-cü il oktyabrın 1-də İngiltərənin baş naziri Stenli Bolduin və xarici işlər naziri lord Kerzon Fransanın mövqeyini kəskin şəkildə tənqid etdilər. Fransa Avropada hegemonluğuna gedən yolda maneə olan İngiltərə-ABŞ planlarını dağıtmağa səy edərək bundan ötrü müxtəlif metodlara əl atırdı. Belə metodlardan biri Reyndə və Bavariyada seperatçı hərəkatı müdafiə etmək idi. Əvvəllər Fransa ilə sıx əlaqələri olan Reyn və Vestfalın bir sıra şirkətləri yeni şəraitə uyğunlaşdılar. 1923-cü il oktyabrın 21-də separatçıların yaratdıqları “Müstəqil Reyn Respublikası” tezliklə Fransa tərəfindən tanındı. Separatçı hərəkat Bavariyada da gücləndi. Bavariya faktiki olaraq Almaniyadan ayrıldı. Belə vəziyyət İngiltərəni kəskin şəkildə narahat etməyə başladı.

Payızda Almaniyada gərgin daxili vəziyyət yarandı. Rur münaqişəsi alman xalqına infilyasiya və müflisləşmə gətirdi. Ölkədə gizli faşist təşkilatlarının fəaliyyəti gücləndi. 1923-cü il noyabrın 8-9-da Bavariyada (Münhen) qiyam baş verdi. Lakin alman sənayeçiləri qiyamçıları müdafiə etmədilər və qiyam iflasa uğradı.

Bu dövrdə fransız və Rur sənayeçiləri birgə konsern yaratmaq barədə danışıqlar apardılar. Danışıqlar 1923-cü il noyabrın 23-də müqavilə imzalanması ilə başa çatdı. Bu müqavilə ilk baxışdan Fransanın qələbəsi idi. Lakin Fransanın iqtisadi vəziyyəti nəinki düzəlmədi, əksinə getdikcə pisləşməyə başladı. Almaniya təzminatı ödəməkdən imtina etdi. Belə şəraitdə Fransa İngiltərəni və ABŞ-ı təzminata dair beynəlxalq ekspertlər komissiyasını çağırmağa razı saldı. 1923-cü il noyabrın 13-də ekspertlər komitəsini çağırmaq haqqında təzminat komissiyasının rəsmi məlumatı yayıldı. Komissiya ekspertlərin iki komitəsini yaratmaq barədə qərar qəbul etdi. Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı, ikinci komitə isə Almaniyadan xaricə çıxarılmış kapitalı geri qaytarmaq üçün vasitələr axtarmalı idi. Fransa ekspertlər komitəsinin işinə mane olmağa çalışırdı. Beynəlxalq ekspertlər komitəsinin iclası 1924-cü il yanvarın 14-də Londonda açıldı. Birinci ekspertlər komitəsinin sədri vəzifəsinə ABŞ nümayəndəsi, keçmiş vəkil, general və Morqan bank qrupu ilə bağlı olan Çarlz Daues seçildi. Komitənin diqqət mərkəzində təzminat məsələsi dururdu. Komitənin iclasında ekspertlər belə bir qərara gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası yalnız onun işğal edilmiş və işğal edilməmiş ərazilərinin yenidən iqtisadi və maliyyə cəhətdən birləşdirməsi yolu ilə mümkün ola bilər və Almaniyaya beynəlxalq istiqrazlar verilməsi lazımdır. 1924-cü il aprelin 9-da təzminat komissiyası işinin başa çatdığını bildirdi və ekspertlərin məruzəsinin mətnini təqdim etdi. Ekspertlərin məruzəsi Daues planı adlandırıldı. O, üç hissədən ibarət idi. Birinci hissə ekspertlərin ümumi nəticələri və komitənin mövqeyinə həsr edilmişdi. Ekspertlərin əsas məqsədi Almaniyaya qarşı cəza tədbirlərini tətbiq etmək deyil, borc vermək üçün yollar axtarmaq idi. İkinci hissə Almaniyanın ümumi iqtisadi və maliyyə vəziyyətinə həsr edilmişdi. Üçüncü hissə birinci iki hissəyə dair əlavələr idi. Daues planı Almaniya təsərrüfatını bərpa etməklə təzminatın alınmasını nəzərdə tuturdu. Almaniya büdcəsini və markasını sabitləşdirməkdən ötrü ona 800 mln. qızıl marka beynəlxalq istiqraz verilməsi nəzərdə tutulurdu. Almaniyanın bütün təsərrüfatı nəzarətə götürülürdü. Almaniya birinci il 1 mlrd. marka, sonrakı illərdə isə artaraq 1928-1929-cu illərədək ildə 2,5 mlrd. marka təzminat ödəməli idi. Təzminatı ödəmək üçün mənbələr, ağır sənaye və dəmir yollarından gələn gəlir, dövlət büdcəsi, vergilər və başqaları nəzərdə tutulmuşdu.

Daues planı daxilən çox ziddiyyətli idi. Bir tərəfdən bu plan Versal müqaviləsi çərçivəsində iqtisadi cəhətdən güclü və təzminatı ödəmək qabiliyyətində olan Almaniyanın bərpa etdirilməsini, digər tərəfdən isə onun iqtisadiyyatını nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almağı nəzərdə tuturdu.

Daues planı təzminat məsələsində bütün ziddiyyətləri aradan qaldırmadı. Bu plan Avropada hegemonluğa can atan Fransa üzərində ABŞ və İngiltərənin qələbəsi idi.

Bundan sonra Fransada hökumətin siyasətini tənqid edən çıxışlar çoxaldı. 1924-cü ilin may seçkilərində Raymond Puankare məğlubiyyətə uğradı və hakimiyyətə Eduard Errio başda olmaqla sol blok hökuməti gəldi. Prezident Milyeranın yerinə bu vəzifəyə Qaston Dumerq seçildi. Bundan sonra da İngiltərə ilə Fransa arasında ziddiyyətlərdə kərginlik hökm sürürdü. Belə şəraitdə İngiltərə Fransaya münasibətdə nisbətən sakitləşdirici mövqe tutmağa başladı. Belə mövqe E.Errio hökumətinə Fransanın milli nüfuzunu qaldırmağa, ingilis-amerikan blokunun təzyiqlərinə tab gətirməyə kömək etdi.

Almaniyanın ödəcəyi təzminat məsələsinə həsr edilmiş London konfransı 1924-cü il iyulun 16-dan avqustun 16-dək keçirildi. Konfransda əsas məqsəd Almaniyanın iqtisadi və maliyyə birliyini bərpa etmək və ona iri istiqrazlar verən kreditorlar üçün təminat yaratmaq idi. Konfransda sədrliyi İngiltərənin baş naziri R.Makdonald edirdi. Birləşmiş Ştatlar konfransda müşahidəçi deyil, rəsmi heyətlə iştirak edirdi. Konfransın işi komissiyalarda keçirilirdi. Birinci komissiyada Almaniyanın götürdüyü öhdəlikləri pozmaq imkanları olduqda tətbiq ediləcək sanksiyalar mübahisələrə səbəb oldu. Almaniyaya qarşı sanksiyalar yalnız ABŞ və İngiltərənin razılığı ilə tətbiq edilə bilərdi. Konfransın gündəliyində Rur hövzəsindən hərbi hissələrin çıxarılması məsələsi rəsmi şəkildə olmasa da mübahisələr yaratdı.Qəbul edilən qərara görə ordular Rurdan ən geci bir il müddətində çıxarılmalı idi. 1924-cü il avqustun 2-də London konfransının əsas komissiyaları öz işini başa çatdırdı. Yeddilər şurasında məsələlər müzakirə olunaraq qəbul edildi. 1924-cü il avqustun 16-da ekspertlərin məruzəsi təsdiq olundu. London konfransının qərarları beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ açdı. Konfransın yekunları başlıca olaraq aşağıdakılardan ibarət idi: Fransa tərəfindən təzminat məsələsinin müstəqil həlli metodu rədd edildi və bütün mübahisəli məsələlərin ABŞ nümayəndəsi başda olmaqla Antanta nümayəndələrinin arbitraj komissiyasında həlli qəbul edildi; Rurun işğalı rədd edildi, bu ərazinin təsərrüfat cəhətdən təcili, hərbi cəhətdən isə bir il müddətində boşaldılması zəruri sayıldı; hərbi müdaxilə rədd edildi; Almaniya üzərində maliyyə və təsərrüfat nəzarəti qəbul edildi; Fransanın daş kömür və digər sənaye məhsulları almaq hüququ qəbul edildi; Almaniya isə onun azaldılması haqqında arbitraj komissiyasına müraciət edə bilərdi; Almaniyaya İngiltərə və Amerikanın 800 mln. marka istiqrazı verildi. London konfransının qərarları və Daues planının qəbul edilməsi beynəlxalq aləmdə qüvvələr nisbətini dəyişdirdi. Fransanın yerinə ön plana İngiltərə -ABŞ bloku çıxdı.


Lokarno sazişi


Rur avantürasından sonra Avropada təhlükəsizilk üçün təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransa Avropadakı hüquqlarına dair ABŞ və Böyük Britaniyadan təminat almaq istəyirdi. Lakin Fransa ilə Britaniya arasında təminat paktı məsələsində fikir ayrılığı mövcud idi. Bu dövrdə Fransanın beynəlxalq vəziyyəti kifayət qədər əlverişli deyildi. Mərakeşin şimalında rif tayfalarına qarşı İspaniyanın apardığı müharibə və Suriyada fransızların hərbi əməliyyatları onun beynəlxalq vəziyyətini kəskinləşdirdi. Bundan istifadə edən İngiltərə İraq üzərindəki mandatını Millətlər Cəmiyyətinin xətti ilə 1924-cü il sentyabrın 27-də uzatdı. 1925-ci ildə Millətlər Cəmiyyəti Mosul rayonunu İraqa verdi. Lakin Türkiyə bununla razılaşmadı.

Təminat paktı məsələsində İtaliya aparılan müzakirələrdən sonra İngiltərənin təklifini qəbul etdi. Təklifə görə Reyn paktında İtaliya ikinci təminatçı olmalı idi. Beləliklə, Fransa diplomatiyası uğursuzluğunu qəbul etməli oldu.

Təminat məsələsinə həsr edilmiş Lokarno (İsveçrə) konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransın sədri Ostin Çemberlen idi. Konfransda Reyn təminat paktı müzakirə edildi. Başlıca mübahisə Millətlər Cəmiyyətinin 16-cı maddəsi barədə oldu. Bu maddəyə görə Cəmiyyətin nizamnaməsini pozan hər bir dövlətə qarşı sanksiyalar tətbiq edilə bilərdi.

Lokarno konfransının nəticəsində aşağıdakı sənədlər qəbul edildi: konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə Belçika arasında arbitraj sazişi; Almaniya ilə Fransa arasında arbitraj sazişi; Almaniya ilə Polşa arasında arbitraj sazişi; Almaniya ilə Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslavakiya arasında saziş. Sənədi imzalayan dövlətlər Versal sülhü ilə müəyyən edilmiş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirirdilər, bir-birinə qarşı müharibədən imtina edirdilər və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. Lokarno sazişi Almaniya ilə bərabərhüquqlu əsasda imzalandı və Almaniya Millətlər Cəmiyyətində daimi yer aldı. Lokarno sazişləri 1925-ci il dekabrın 1-də Londonda son olaraq imzalandı və iştirakçı dövlətlərin parlamentləri tərəfindən təsdiq edildi.

Lokarnodan sonra böyük dövlətlər, xüsusən İngiltərə ilə Fransa arasındakı ziddiyyətlər xeyli kəskinləşdi. Fransanın Avropada hegemonluğunun qarşısını almaqdan ötrü İngiltərə Almaniya və İtaliya ilə əməkdaşlığa üstünlük verdi. Belə şəraitdə İtaliya da İngiltərə ilə əlaqələr qurulmasına xüsusi diqqət yetirdi. 1925-ci ilin dekabrında Rapalloda Çemberlenlə Mussolinin görüşündə bir sıra sənədlər imzalandı. İtaliya və İngiltərə arasında qarşılıqlı etimad bərqərar oldu. 1926-cı il yanvarın 27-də İngiltərə ilə İtaliya daha irəli gedərək hərbi borclar məsələsinə dair saziş imzaladılar. Birinci dünya müharibəsi illərində İtaliya yaranan borclarını ödəməsində güzəşt əldə etdi. Bu, İtaliyanın maliyyə vəziyyətini yaxşılaşdırdı. İtaliya İngiltərə yaxınlaşmasını görən Fransa Rumıniya ilə müqavilələr imzaladı. Balkanlarda və Aralıq dənizində nüfuz dairəsi uğrunda mübarizə 1926-cı il mayın 30-da Fransa-Türkiyə, iyunun 5-də isə İngiltərə-Türkiyə dostluq konvensiyalarının imzalanmasına gətirib çıxartdı.

20-ci illərdə beynəlxalq münasibətlərdə İtaliyanın rolu artmağa başladı. O, Balkanlarda, Kiçik Asiyada və Şimali Afrikada yeni bazarlar ələ keçirtdi. İtaliyanın Aralıq dənizində hegemon mövqeyə nail olmaq istəklərinə İngiltərə kömək edirdi. Beləliklə, Lokarnodan sonra böyük dövlətlər arasında qruplaşmalar yarandı.

20-ci illərin ikinci yarısından başlayaraq beynəlxalq münasibətlərdə ən çox müzakirə edilən məsələlərdən biri Almaniyanın Millətlər Cəmiyyətinə daxil olması idi. Müttəfiqlər Almaniyanın Millətlər Cəmiyyətinə daxil olmasını və nizamnaməsində nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirməsini tələb edirdilər. Almaniya isə Millətlər Cəmiyyətinə daxil olmaqla digər dövlətlərlə bərabər hüquq almaq, Versal sülh müqaviləsinin hərbi maddələrini ləğv etmək və öz silahlı qüvvələrini leqallaşdırmaq istəyirdi. Almaniya Millətlər Cəmiyyətində daimi yer tələb edirdi. Bu məsələdə Almaniyanın mənafeləri həmin yerə iddiaçılar olan Polşa, İspaniya və Braziliya ilə toqquşurdu. İngiltərə uzun sürən diplomatik mübarizədən sonra Almaniyanın Millətlər Cəmiyyətinə daxil edilməsinə nail oldu. 1926-cı il sentyabrın 10-dan Almaniya nümayəndə heyəti Millətlər Cəmiyyətinin işində iştirak etməyə başladı.

20-ci illərin ikinci yarısının sonlarından beynəlxalq münasibətlərdə nüfuz dairələri, yeni xarici bazarlar və xammal mənbələri ələ keçirtmək uğrunda mübarizə kəskinləşdi. Almaniya, İtaliya və Yaponiya Versal sülh müqaviləsinə uyğun olaraq dünyanın bölüşdürülməsinin əleyhinə idilər. Yeni xammal mənbələri ələ keçirməyi daha çox Almaniya istəyirdi. Daues planı ilə Almaniyanın aldığı 800 mln. dollarlıq istiqraz, xarici kapital axını, markanın sabitləşməsi, əlverişli ticarət müqavilələrinin imzalanması və sənayenin texniki cəhətdən yenidən qurulması alman maliyyə kapitalının nüfuzunu gücləndirdi. 1927-ci ildə Almaniya məhsullarının ixracı müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Belə şəraitdə Almaniya açıq şəkildə müstəmləkələr və yeni bazarlar tələb etməyə başladı. 1928-ci ildən Almaniya Reyn vilayətindən müttəfiq ordularının çıxarılmasını və təzminatın məbləğinin aşağı salınmasını tələb etdi. Bu tələblər Fransa tərəfindən yaxşı qarşılanmadı. Lakin Fransa ilə bərabər İngiltərə də Almaniya-ABŞ yaxınlaşmasına yol verməmək üçün təzminat məsələsini müzakirə etməyə razı olduqlarını bildirdilər.


Yunq planı
1928-ci il dekabrın 22-də İngiltərə, İtaliya, Belçika, Fransa və Yaponiya təzminat məsələsinə dair ekspertlər komitəsini təsis etdiklərini rəsmi şəkildə bildirdilər. Komitənin ilk iclası 1929-cu il fevralın 11-də keçirildi. Komitənin tərkibinə Fransa, İngiltərə, İtaliya, Yaponiya, Belçika, ABŞ və Almaniyanın hər birindən iki nəfər olmaqla 14 nəfər daxil oldu. Komitənin sədri Daues planının müəlliflərindən biri olan ABŞ eksperti Ouen Yunq idi. Komitədə Almaniya, İngiltərə və ABŞ -la Fransa və Belçika ekspertləri arasında kəskin mübahisələr yarandı. Müzakirələr nəticəsində Yunq planı ekspertlər tərəfindən qəbul edildi. Son razılıq 1929-cu il iyunun 7-də əldə edildi. 37 il müddətində Almaniyanın ödəyəcəyi təzminatın orta məbləği ildə 1988 mln. marka olmalı idi. Bu məbləğə Almaniyanın 1924-cü ildə Daues planına əsasən aldığı istiqrazların ödənilməsi də əlavə edilirdi.

Yunq planı 1929-cu ildə Haaqada keçirilən beynəlxalq konfransda müzakirə olundu. Konfransda 12 dövlət- Fransa, İngiltərə, Almaniya, Belçika, İtaliya, Yaponiya, Çexoslovakiya, Yuqoslaviya, Polşa, Rumıniya, Yunanıstan və Portuqaliya iştirak edirdilər. Konfransda iki komissiya yaradıldı: maliyyə və siyasi. Reyn vilayətinin azad edilməsi məsələsində konfrans ilkin razılığa gəldi. Versal müqaviləsinə görə üçüncü zona yalnız 1935-ci ildə azad edilməli idi. Lakin İngiltərə bu işin 1929-cu ilin sonunda başa çatdırılmasını təklif etdi. Müzakirələr nəticəsində üçüncü zonanı 1930-cu ilin ortalarınadək azad etmək qərara gəlindi.

Yunq planı prinsipcə 1929-cu il avqustun 31-də protokol imzalanması ilə bəyənildi. Lakin son olaraq 1930-cu il yanvarın 20-də keçirilən ikinci Haaqa konfransında qəbul edildi. Yunq planı təzminatın ödənilməsində böyük dəyişikliklər etmədi. Bu plana görə Almaniya bütövlükdə 113,9 mlrd. marka, yaxın 37 il müddətində isə ildə 2 mlrd. marka təzminat ödəməli idi. Bu müddət qurtardıqdan sonra ödənişin məbləğinə yenidən baxıla və ya olduğu kimi saxlanıla bilərdi. Təzminatın ödənilməsi qaydası dəyişdirildi. Daues planınn müəyyənləşdirdiyi istiqraz vərəqələri sistemi ləğv edildi. Bundan sonra təzminat yalnız dəmir yolları və dövlət büdcəsindən gələn gəlir hesabına ödənilməli idi. Sənayedən gələn gəlirlər hesabına təzminatı ödəmək də ləğv edildi. Almaniyanın təsərrüfatına və maliyyəsinə nəzarət ləğv olundu. Bu isə Versal sisteminə ağır zərbə vurulması demək idi.

Yunq planı alman xalqı üçün irəliyə doğru addım olmasına baxmayaraq Almaniyada narazılıq yaratdı. Müharibədən sonrakı ərazi məsələlərinə yenidən baxmaq tələbləri Almaniyada eşidilməyə başladı. Almaniyada faşist təşkilatları öz fəaliyyətlərini gücləndirdilər. Polşada yaşayan alman milli azlıqlarının hüquqlarının qorunması, Dansiq və Memelin Almaniyaya verilməsi məsələləri qaldırıldı. 1930-cu ilin sentyabrında Reyxstaqa seçkilərdə nasional-sosialistlərin qələbə çalması vəziyyəti daha da ağırlaşdırdı. Bununla yanaşı olaraq 20-ci illərin sonlarında Almaniyanın hərbi cəhətdən güclənməsi də baş verdi. Əgər 1925-ci ildə Almaniyanın ordu və donanmaya çəkdiyi xərc 490,9 mln. marka idisə, 1928-1929-cu illərdə bu məbləğ 827 mln. markaya çatdı. Ordu və donanmanın texniki təchizatı sürətlə yaxşılaşdı.




Avropadan kənarda

böyük dövlətlər

arasındakı ziddiyyətlər
20-ci illərin sonunda Avropada hərbi qarşıdurma təhlükəsinin artması açıq-aşkar görünürdü. Eyni zamanda Avropadan kənarda da böyük dövlətlər arasında kəskin mübarizə gedirdi. Aralıq dənizi və Sakit okean problemləri öz həllini gözləyirdi. Asiya bazarları və ona gedən yollara sahib olmaq uğrunda mübarizə xeyli kəskin idi. Böyük dövlətlər Avropadan Asiyaya gedən ticarət yollarına sahib olmağa çalışırdılar. İngiltərə İran, Hindistan və Əfqanıstana hökmran olmaq, Aralıq dənizində donanmasının üstünlüyünü saxlamaq, Asiya və Afrikaya gedən yollarda üstün nüfuz qazanmaq istəyirdi. Bu dövrdə İngiltərə Fransaya qarşı İtaliyanı qızışdıraraq iki ölkə arasında hakim rolunu oynamağa çalışırdı. İtaliya da İngiltərənin köməyi ilə Tancer limanı məsələsini öz xeyrinə həll etmək istəyirdi. Fransa ilə İtaliya arasında mübahisəli olan bu məsələni həll etməyə həsr olunmuş konfrans 1928-ci il iyulun 25-də Parisdə keçirildi. Konfransda Fransa, İngiltərə, İtaliya və İspaniya iştirak edirdi. Konfrans Tancer limanının statusunu İtaliyanın xeyrinə dəyişdirdi. Tancerin idarə edilməsində İtaliya bərabər hüquq aldı. İtaliyanın bu dövrdə eyni zamanda Suriya, Fələstin, İraq və Misirdə də üstün hüquqlar tələb etməsi isə artıq İngiltərənin mənafelərinə cavab vermirdi. Buna cavab olaraq İngiltərə 1927-ci il dekabrın 14-də İraqla müqavilə bağlayaraq onu müstəqil dövlət kimi tanıdı. Çətinliklə olsa da İngiltərə ilə Misir arasında 1928-ci ildə müqavilə imzalandı. Lakin Misir parlamenti bu müqaviləni təsdiq etmədi.

20-ci illərin sonunda Sakit okeanda ağalıq uğrunda Yaponiya, ABŞ və İngiltərə arasında kəskin mübarizə başladı. Yaponiya Vaşinqton sistemini ləğv etmək və Sakit okeanda üstün hüquqlar əldə etməyə çalışırdı. Bu məqsədlə o, 1927-ci il Cenevrə və 1930-cu il London konfranslarında iştirak etdi. 1927-ci ildən Yaponiyada hakimiyyətə gələn general Tanaka Yaponiyanın xarici siyasəti barədə öz xəttini elan etdi. Bu xətt Tanaka memorandumunda əks olundu. Memorandum Yaponiyanın regionda nüfuzunun güclənməsinə yönəlmişdi. Lakin Yaponiyanın Sakit okeandakı iddiaları ABŞ tərəfindən narazılıqla qarşılandı.


Tərksilah məsələsi
20-ci illərin ortalarından hərbi təhlükənin artması bütün ölkələrdə sürətlə silahlanmaya təkan verdi. Dövlətlərin hərbi büdcələri artdı və orduların sayı çoxaldı. Təkcə 1929-cu ildə Avropada silahlanmaya 524 mln. funtsterlinq xərcləndi. Ordular texniki cəhətdən təkmilləşdirildi. Rumıniya, Polşa, Yuqoslaviya və Çexoslovakiya Fransa istiqrazları ilə öz ordularını yenidən qurdular. Sürətlə silahlanmanın getməsi Millətlər Cəmiyyətini narahat etdi. Hələ 1925-ci il sentyabrın 25-də Millətlər Cəmiyyəti silahların azaldılması və məhdudlaşdırılmasına dair konfransı hazırlamaq haqqında qətnamə qəbul etmişdi. 1927-ci ilin payızında Cenevrədə tərksilaha dair məsələ müzakirə edildi. Millətlər Cəmiyyətinin sessiyasında təhlükəsizlik komitəsi yaradıldı. Komitəyə tərksilah və təhlükəsizlik problemləri ilə məşğul olmaq tapşırıldı. Müzakirələrdə ümumi tərksilah tələb edilsə də o, qəbul olunmadı.


Brian-Kelloq paktı


20-ci illərin sonunda milli siyasətdə müharibələrdən imtina edilməsi xüsusi əhəmiyyət kəsb etdi. Fransanın xarici işlər naziri Brianın 1927-ci il aprelin 6-da ABŞ-ın birinci dünya müharibəsinə qoşulmasının 10 illiyi münasibəti ilə etdiyi çıxışında Fransanın ABŞ-a dost münasibətlərini bildirərək onunla istənilən qarşılıqlı öhdəlik götürmək və müharibəni qanundan kənar etmək haqqında saziş bağlamağı təklif etdi. İyunun 20-də Brian Parisdəki ABŞ səfirinə əbədi dostluq haqqında Fransa-Amerika müqaviləsinin layihəsini təqdim etdi. Fransa bundan istifadə edərək frankın dəyərini möhkəmləndirmək, ABŞ qarşısında olan borclarını tənzimləmək və Avropada hərbi-siyasi vəziyyətini möhkəmləndirmək istəyirdi. Fransanın təklifindən ABŞ dərhal öz daxili və xarici siyasət məqsədləri üçün istifadə etdi. Dekabrın 28-də ABŞ dövlət katibi Kelloq yalnız Fransa ilə müvafiq müqavilənin bağlanmasını mümkünsüz sayaraq bütün başlıca dövlətlərlə belə bir müqavilə imzalnmasını təklif etdi. Fransanın ikitərəfli müqavilə imzalamaq əvəzinə ABŞ-ın çoxtərəfli müqavilə bağlamaq təklifi Parisdə narazılıqla qarşılandı. Belə şəraitdə ingilis-fransız yaxınlaşması üçün addımlar atıldı. Bunu görən ABŞ 1928-ci il iyunun 23-də Lokarno sazişini imzalayan tərəflərə və Britaniya dominionlarına müharibədən imtina etmək haqqında müqavilənin mətnini göndərdi. Tezliklə bu mətn bütün dövlətlər tərəfindən qəbul edildi. İyulun 12-də Almaniya, 14-də Fransa, 15-də İtaliya, 17-də Polşa, 18-də Belçika və Böyük Britaniya, 20-də isə Yaponiya və Çexoslovakiya pakta qoşuldular. Paktın imzalanması mərasimi avqustun 27-də Parisdə keçirildi. İmzalanma mərasimində İngiltərə, Belçika, Almaniya, İtaliya, Polşa, Fransa, Çexoslovakiya və Yaponiya nümayəndələri iştirak edirdilər. Paktın birinci maddəsinə görə, tərəflər qarşılıqlı münasibətlərində mübahisələrdən və müharibələrdən imtina edirdilər. İkinci maddəyə görə, mübahisələri və münaqişələri həll edərkən iştirakçılar yalnız dinc vasitələrdən istifadə etməli idilər. Üçüncü maddəyə görə, pakt bütün digər dövlətlər üçün açıq elan edilirdi. 1929-cu ilin əvvəli üçün Kelloq paktına 44 dövlət qoşuldu. Pakt 1929-cu il iyulun 24-də qüvvəyə mindi.

Beləliklə, 20-ci illərin ikinci yarısında beynəlxalq münasibətlərdə təzminat məsələsi, Almaniyaya yardım, müharibədən sonrakı ərazi-sərhəd məsələlərinin toxunulmazlığı, Reyn təminat paktı, Sakit okeanda və Aralıq dənizində dövlətlərarası ziddiyyətlərin kəskinləşməsi, Avropadan Asiyaya və Afrikaya gedən yollara nəzarətin əldə edilməsi, tərksilah və milli siyasətdə müharibələrdən imtina məsələləri diqqəti cəlb edən əsas problemlərə çevrildi. Böyük dövlətlər arasında olan ziddiyyətlər 30-cu illərdə daha da kəskinləşdi.



SƏKKİZİNCİ BÖLÜM

30-cu illərdə beynəlxalq münasibətlərin

inkişaf xüsusiyyətləri


Dünya iqtisadi böhranı şəraitində ziddiyyətlərin kəskinləşməsi.

Pan-Avropa planı
1929-cu ilin sonunda dünyanın başlıca ölkələrini iqtisadi böhran bürüdü. Böhran 1932-ci ilədək davam etdi. Sənayedə baş verən böhran iqtisadi və maliyyə böhranı ilə çulğalaşdı. Dünya iqtisadi böhranı bütün ölkələrdə həyat səviyyəsinin aşağı düşməsinə və işsizliyin artmasına təkan vurdu. İşsizlərin ümumi sayı 30 mln. nəfərə çatdı. Böhranın davam etməsi bazarlar, nüfuz dairəsi, kapital ixracı və müstəmləkələrin bölüşdürülməsi uğrunda mübarizəni kəskinləşdirdi. Dünya iqtisadi böhranı şəraitində böyük dövlətlər arasında ziddiyyətlər, bütövlükdə beynəlxalq münasibətlər kəskin xarakter aldı. Versal-Vaşinqton sistemi iflasa uğrayırdı. Almaniya, Avstriya, Macarıstan və Bolqarıstan açıq şəkildə təzminat öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar silahlanma üçün hüquqlar əldə etməyə və müharibədən sonrakı mövcud vəziyyəti dəyişdirməyə çalışırdılar. Belə şəraitdə Avropa dövlətlərinin birliyi mühüm əhəmiyyət kəsb edirdi. Bu təşəbbüsü Fransanın xarici işlər naziri Aristid Brian öz üzərinə götürdü. O, 1930-cu il mayın 17-də Avropanın 27 ölkəsinə “Avropa federal ittifaqı rejimi”ni yaratmaq haqqında müraciət etdi. Belə bir ideyanı o, iqtisadi əməkdaşlıq və böhranla birgə mübarizə aparmaq tədbirləri ilə əlaqələndirdi. Bundan ötrü Avropa komitəsi yaradılmalı idi. Pan-Avropa planı adını alan bu plan Avropada Fransanın mövqelərini möhkəmləndirməli idi. Fransa bu planın həyata keçirilməsi ilə Avropada hegemon rolu oynamağa çalışırdı. Bu plandan istifadə etməklə Fransa Almaniya ilə münasibətlərini normallaşdırmaq, kömrük maneələrini aradan qaldırmaq, ümumi təhlükəsizliyi təmin etmək və b. məsələlərin həllinə səy göstərirdi. Lakin Pan-Avropa planını həyata keçirtmək mümkün olmadı. Çünki Avropa dövlətlərinin bu plana münasibəti birmənalı idi. İngiltərə Avropada Fransanın möhkəmlənməsinə yol vermək istəmirdi. Öz növbəsində Almaniya Fransanın cəhdlərinə Versal sisteminin möhkəmləndirilməsi kimi baxırdı. İtaliya da bu planın əleyhinə idi.


London dəniz konfransı

Dünya iqtisadi böhranı dəniz yollarına sahib olmaq uğrunda gedən ziddiyyətləri kəskinləşdirdi. Vaşinqton konfransı linkornların və zirehli gəmilərin tikintisini məhdudlaşdırırdı. Belə şəraitdə Hərbi-dəniz gəmilərinin digər növlərinin tikintisi uğrunda rəqabət gücləndi. Bu sahədə geniş maliyyə imkanları olan ABŞ xüsusi proqramlar həyata keçirirdi. Maliyyə cəhətdən kifayət qədər imkanları olmayan İngiltərə Yaponiya ilə yaxınlaşaraq ABŞ planlarına mane olmağa və onun dəniz tikintilərini məhdudlaşdırmağa çalışırdı. Bu məqsədlə Londonda maraqlı dövlətlərin konfransı çağırıldı. Konfrans 1930-cu il yanvarın 21-dən aprelin 22-dək keçirildi. Konfransda Vaşinqton konfransında hərbi-dəniz sazişini imzalayan 5 dövlət-ABŞ, İngiltərə, Yaponiya, Fransa və İtaliya iştirak edirdilər. Konfrans dəniz məsələsində Fransa-İtaliya ziddiyyətlərini üzə çıxartdı, nəticədə onların arasında saziş imzalanmadı. Konfransın qərarları yalnız İngiltərə, ABŞ və Yaponiyaya aid edildi. Üç dövlət üçün donanmalardakı kreyser, esmines və sualtı qayıqların həcminin həddi müəyyənləşdirildi. Konfransda İngiltərə böyük uduş qazanmadı. Esmineslərin və sualtı qayıqların həcmində İngiltərə və ABŞ-ın gücü bərabərləşdi. Yaponiya isə konfransda ingilis-amerikan ziddiyyətlərindən istifadə edərək uğur qazandı. Kreyserlərə dair Vaşinqton konfransının bölgüsü -5:5:3 qəbul edildi. Böyük kreyserlərin norması ABŞ üçün 18, İngiltərə üçün 15, Yaponiya üçün 12 müəyyənləşdirildi. Esmineslərin sayı isə Yaponiya üçün əlverişli oldu. Sualtı qayıqların həcmində Yaponiya ABŞ və İngiltərə ilə birlikdə bərabər imkanlar qazandı.


Quver moratoriumu


30-cu illərin başlanğıcında Avropada beynəlxalq münasibətlərdə ən çox müzakirə edilən məsələlərdən biri Avstriya-Almaniya kömrük itttifaqı barədə idi. Versal sülh müqaviləsinin şərtlərini təftiş etmək Almaniya həyatı üçün başlıca şüara çevrildi. Almaniya Versal-Vaşinqton sülh sistemi ilə mövcud olan bütün öhdəliklərin əksinə olaraq Avstriya ilə 1931-ci il martın 19-da vahid kömrük ittifaqı, razılaşdırılmış tariflər və iki ölkə arasında kömrük sərhədlərinin ləğv edilməsi haqqında saziş imzaladı. Lakin Antanta dövlətləri bunun əksinə çıxdılar. Belə olduqda 1931-ci il sentyabrın 5-də beynəlxalq daimi tribunal Avstriya ilə kömrük ittifaqını ləğv etdi. Bundan sonra Almaniyada faşizm, revanşizm və Versal sistemini dağıtmaq meylləri daha da gücləndi. İqtisadi fəlakət qarşısında duran Almaniyanın növbəti müddət-1931-ci il iyunun 5-də təzminatı ödəməsi sual altına düşdü. Ölkəni maliyyə-kredit böhranı bürüdü. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Quverə kömək üçün müraciət etdi. Quver bir il müddətinə bütün təzminatların və istiqrazların ödənilməsini dayandırmaq təklifini irəli sürdü. Bu, Quver moratoriumu adını aldı. Fransa bu müraciətin əleyhinə çıxaraq şərtlər irəli sürdü. Buna baxmayaraq iyulun 20-də baş nazirlərin Londonda keçirilən konfransında Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaratmaq tövsiyə edildi. Yaradılmış komissiya Quver moratoriumundan sonra Almaniyanın təzminatı ödəmək üçün imkanı olmadığını bildirdi.



Uzaq Şərqdə müharibə

ocağının yaranması
Versal-Vaşinqton sisteminin zor gücü ilə ləğvində birinci addım Yaponiyanın silahlanması oldu. Yaponiyanın sürətlə silahlanma yolunu tutması Uzaq Şərqdə müharibə ocağının yaranmasına gətirib çıxartdı. 1931-ci il sentyabrın 18-dən 19-na keçən gecə yapon orduları Mudkeni və Cənubi Mancuriyanın bir sıra şəhərlərini tutdular.

Mancuriyanın işğal edilməsi Yaponiya-Çin münasibətlərini kəskinləşdirdi. Çin nümayəndəsi Yapon təcavüzü məsələsinin müzakirəsini keçirtməkdən ötrü Millətlər Cəmiyyətinə müraciət etdi. Sentyabrın 30-da Millətlər Cəmiyyəti yapon təcavüzü məsələsinə baxdı və tərəfləri normal münasibətlər qurmağa çağırdı. Oktyabrın 24-də keçirilən növbəti müzakirələrdə Millətlər Cəmiyyəti Yaponiyanın öz ordularını üç həftə müddətində Mancuriyadan çıxarılmasını nəzərdə tutan qətnamə qəbul etdi. Yaponiya bunun əleyhinə səs verdi. Millətlər Cəmiyyəti Mancuriyadan yapon ordularının çıxarılmasına qadir olmadı. Belə olduqda Mancuriyaya təhqiqat komissiyası göndərmək qərara alındı. Dekabrın 10-da Millətlər Cəmiyyətinin Şurası ABŞ, İngiltərə, Fransa, İtaliya və Almaniya nümayəndələrindən ibarət 5 nəfərlik komissiya yaradaraq yerlərdə vəziyyəti öyrənmək üçün göndərdi. Komissiyanın sədri İngiltərə nümayəndəsi Litton idi.

Yaponiyanın Mancuriyanı tutması SSRİ ilə münasibətlərdə də gərginlik yaratdı. Mancuriyanın işğalı ABŞ və Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmadı. ABŞ bu işğalı pisləsə də, İngiltərə Yaponiya ilə mehriban münasibətlərini pozmaq istəmirdi. 1932-ci il martın 11-də Millətlər Cəmiyyəti ABŞ-ın təklifi ilə Yaponiya təcavüzünü pisləyən qətnamə qəbul etdi.

Mancuriyada vəziyyəti öyrənən komissiya işğala dair yapon planının olduğunu təsdiqlədi, işğalı tanımamağı və Mancuriyanın beynəlmiləlləşdirilməsi məsələsinə həsr edilmiş konfrans çağırmağı və münaqişənin sülh yolu ilə həllini təklif etdi.

Yapon hökuməti komissiyanın məruzəsini rədd etsə də Millətlər Cəmiyyəti həmin məruzəni qəbul etdi. Buna cavab olaraq Yaponiya hökuməti 1933-cü il martın 27-də Millətlər Cəmiyyətindən çıxdığını bildirdi. Yaponiyanın Millətlər Cəmiyyətindən çıxması ilə yapon hərbçiləri müharibə haqqında məsələni açıqca qoymağa başladılar. Millətlər Cəmiyyətindən çıxmaqla Yaponiya bütün müqavilə və öhdəliklərdən özünü kənarda qoydu. Yaponiyanın Uzaq Şərqdə belə hərəkəti Almaniya və İtaliyanın təcavüzkar addımlar atmasına təsir göstərdi. 1936-cı il noyabrın 25-də Almaniya və İtaliya 3 maddədən ibarət və beş il müddətində qüvvədə olan saziş bağladılar. Saziş antikomintern paktı adını aldı. 1937-ci il noyabrın 6 -da İtaliya bu pakta qoşuldu. Nəticədə “Berlin-Roma oxu” “Berlin - Roma - Tokio” üçbucağına çevrildi. Beləliklə, Yaponiyanın təcavüzkar hərəkətləri ilə Uzaq Şərqdə müharibə ocağı yarandı. Bundan sonra Yaponiya özünün Çinə qarşı təcavüzkar hərəkətlərini daha da genişləndirdi. 1937-ci il iyulun 7-8-də yapon hərbi hissələri Çinə basqın etdilər. Buna cavab olaraq SSRİ 1937-ci il avqustun 21-də Çinlə hücum etməmək haqqında müqavilə bağladı. Yapon təcavüzünə qarşı Çin hökuməti kömək üçün Millətlər Cəmiyyətinə müraciət etdi. Millətlər Cəmiyyəti isə məsələni baxılmaq üçün Vaşinqton müqaviləsini imzalayan dövlətlərə göndərdi. Məsələyə baxmaq üçün 1937-ci il noyabrın 3-də Brüsseldə konfrans öz işinə başladı. Konfransda Yaponiya iştirak etmirdi. İştirakçılar Yaponiya ilə Çin arasında münasibətləri dinc vasitələrlə nizama salmaq haqqında müraciət etdilər.

Beynəlxalq münasibətlərdə

tərksilah problemi
30-cu illərin əvvəllərindən bəzi dövlətlərin Versal-Vaşinqton sülh sistemini təftiş etmək və sürətlə silahlanma cəhdləri beynəlxalq münasibətlərdə tərksilah məsələsini ön plana çıxartdı. 1932-ci il fevralın 2-də Cenevrədə tərksilaha dair beynəlxalq konfrans işə başladı. Konfransda Amerika Birləşmiş Ştatları Millətlər Cəmiyyətini beynəlxalq borclar, təzminat, tərksilah və təhlükəsizlik məsələlərini həll etmək iqtidarında olmadığına görə tənqid etdi və quru qüvvələrini azaltmaq təklifini irəli sürdü.

Fransa Almaniya təhlükəsi qarşısında Millətlər Cəmiyyətinin ordusunu yaratmağı,Fransanın təhlükəsizliyi üçün müqavilələr bağlamağı və yeni hərbi ittifaq qurmağı təklif etdi. Lakin Fransanın tələbləri İngiltərə tərəfindən rədd edildi.

Yaponiya ABŞ təklifinə qarşı çıxaraq Versal-Vaşinqton sülh sisteminə yenidən baxmağı, amerikan və ingilis diplomatiyasına dəniz konfranslarının qərarlarını dəyişdirməyi təklif etdi.

İngiltərə konfransda rəhbər rol oynayırdı. İngilis diplomatiyası tarazlaşdırılmış siyasət yeridərək Almaniya ilə Fransa arasında bərabər hüquqlar təklif edirdi.

İtaliya da konfransda silahlanma məsələsində Almaniyaya bərabər hüquqular verilməsi tələbini irəli sürürdü. Bu tələb İtaliya-Fransa ziddiyyətlərini kəskinləşdirirdi. Hərbi-dəniz donanması məsələsində İtaliya Fransa ilə bərabərlik tələb edirdi.

Almaniya təzminatın ləğv edilməsini və silahlanmada ona bərabər imkanlar verilməsini tələb edirdi. Fransa Almaniyanın bu təkliflərini rədd etdi. Almaniya aprel ayında İngiltərə və Fransa nümayəndələri ilə danışıqlara girdi. Almaniya orduda xidmət müddətinin 12 ildən 5 ilə endirilməsini, 100 min nəfərlik alman milisinin yaradılmasına icazə verilməsini və Almaniya üçün hücum silahı növlərinin qadağan edilməsinin aradan qaldırılmasını təklif etdi.

Kəskin mübahisələr iri gəmilər və sualtı qayıqlar ətrafında getdi. Bu məsələdə Almaniyanın bütün linkorn və kreyserlərin ləğvini tələb etməsinə qarşı İngiltərə və Fransa çıxdı.

Konfransın birinci sessiyası 1932-ci il iyulun 23-də öz işini başa çatdırdı. Almaniya ona bərabər hüquqlar verməyən qətnamənin qəbul edilməsinin əleyhinə çıxdı və istəkləri yerinə yetirilmədiyi üçün konfransı tərk etdi. Cenevrə konfransının uğursuzluğu beynəlxalq münasibətlərdəki vəziyyəti daha da kəskinləşdirdi. Almaniya nəinki mənəvi, eyni zamanda faktiki bərabərlik də tələb etməyə başladı. İngiltərə Almaniyaya güzəştə getməyi təklif etdi. 1932-ci ilin dekabrında Cenevrədə İngiltərə, Fransa, İtaliya, ABŞ və Almaniya nümayəndələrinin müşavirəsi keçirildi. Müşavirədə qəbul edilən qətnamə hamı üçün bərabər təhlükəsizlik sistemində Almaniyaya silahlanmada bərabər hüquqlar, Fransaya isə təhlükəsizliyini təmin etməyi vəd edirdi. Əslində müşavirənin yekunları Almaniyanın qələbəsi, Fransanın istəklərinin isə formal təmin olunması idi.



Almaniyada faşizmin hakimiyyət başına

gəlməsinin beynəlxalq münasibətlərə təsiri
30-cu illərin əvvəllərində Almani-yada hakimiyyət uğrunda gedən mübarizə beynəlxalq münasibətlərə də təsirini göstərdi. Hakimiyyət uğrunda mübarizədə nasional-sosialistlər partiyası öz proqramlarını həyata keçirməkdən ötrü müxtəlif metodlardan istifadə etməyə başladılar. 1933-cü ilin yanvarın 30-da Hitler reyxkansler, fon Papen vitse-kansler, Neyrat isə xarici işlər naziri oldu. Bu illərdə Almaniyanın xarici siyasətinin qarşısında iki mühüm vəzifə dururdu: yaşamaq hüququnun təsdiqi; Almaniya üçün, xüsusən silahlanma sahəsində bərabər hüquqların və azadlığın bərpa edilməsi. Almaniyada faşizmin hakimiyyət başına gəlməsinin beynəlxalq münasibətlərə təsirini görən ABŞ gərginliyi aşağı salmaqdan ötrü 1933-cü ilin mayın 16-da tərksilaha dair konfrans çağırmaq təklifi ilə çıxış etdi. Təklifə görə hücum silahları məhdudlaşdırılmalı və dövlətlər öz aralarında hücum etməmək haqqında müqavilə imzalamalı idilər. Almaniya bu təklifi bəyəndiyini bildirdi. Eyni zamanda o, bərabər imkanlar hüququnu tələb etməyə başladı. Tərksilaha dair Cenevrə konfransının keçirildiyi vaxt Almaniya bərabərliyi daha təkidlə tələb etdi. Fransa onun əleyhinə getdi, İngiltərə və İtaliya isə Fransanı müdafiə etmədilər. İngiltərə, Fransa və ABŞ-ın Almaniyaya təklif etdikləri iki mərhələli tərksilah layihəsini alman diplomatiyası qəbul etmədi. Bu mərhələlərin birincisində üç ildən dörd il müddətinə qədər sabitləşmə getməli və Almaniya uzun müddətli hərbi xidməti qısa müddətli hərbi xidmətlə əvəz etməli idi. İkinci mərhələdə isə üç-dörd il müddətində faktiki tərksilah həyata keçirilməli idi. Bu təklifləri qəbul etməyən Almaniya 1933-cu il oktyabrın 19-da Millətlər Cəmiyyətindən çıxdığını bildirdi.

Almaniyanın Millətlər Cəmiyyətindən çıxması Avropada müharibənin ikinci ocağının yaranması demək idi. Almaniyanın bu hərəkətlərinə qarşı Millətlər Cəmiyyəti heç bir sanksiya tətbiq edə bilmədi.

Bundan sonra Almaniya beynəlxalq münasibətlərdə özünə sülhsevər imici qazanmaqdan ötrü Fransa ilə düşmənçiliyə son qoymaq niyyətində olduğunu bəyan etdi. Eyni zamanda Almaniya Saar vilayətinə, silahlarının və silahlı qüvvələrinin artırılmasına olan iddialarından əl çəkmədi. Almaniyanın planlarında Polşa və SSRİ də mərkəzi yerlərdən birini tuturdu.

30-cu illərdə Avropada beynəlxalq münasibətlərdə İtaliya-Almaniya münasibətləri özünəməxsusluq təşkil edir. İtaliya-Fransa ziddiyyətlərinin kəskinləşməsi və Berlinlə Romanın xarici siyasət məqsədlərinin üst-üstə düşməsi onları yaxınlaşdırırdı. İtaliya- Almaniya münasibətlərində Avstriya məsələsi geniş müzakirə edildi. Almaniyanın Avstriyanı özünə birləşdirmək ideyası İtaliya tərəfindən yaxşı qarşılanmadı. Çünki ideyanın həyata keçirilməsi Almaniyanı Balkanlara və Adriatik dənizinə yaxınlaşdıra bilərdi.

Eyni zamanda Almaniyanın Avstriyanı özünə birləşdirmək planları Balkan ölkələrini bir-biri ilə yaxınlaşdırdı. Bu dövlətlər Versal-Vaşinqton sülh sisteminin qərarlarına yenidən baxılmasının əleyhinə idilər. Bu vəziyyətdən istifadə edən İngiltərə və Fransanın Balkan ölkələrinə təsiri artdı. 1934-cü il fevralın 9-da Afinada Türkiyə, Yunanıstan, Yuqoslaviya və Rumıniya Balkan paktını imzaladılar. Pakta görə tərəflər öz xarici siyasətini razılaşdırmalı və daxili sərhədlərini birlikdə qorumalı idilər. Lakin Almaniya və İtaliyanın təsiri ilə Bolqarıstan və Albaniya bu paktı imzalamadılar.

Almaniyanın Millətlər Cəmiyyətindən çıxması silahlanma sahəsində onun əl-qolunu açdı. O, bir illik hərbi xidməti, silahlanmada bərabər hüququ, ordularının sayını 300 min nəfərə çatdırmağı və aviasiiyada bərabər imkanları, Saar hövzəsini almağı, bütövlükdə Versal sülhünün şərtlərini ləğv etməyi, Fransa, Polşa və digər qonşularla 10 il müddətinə hücum etməmək haqqında paktı imzalamağı tələb etdi. 1934-1935-ci illər üçün Almaniyanın hərbi-hava qüvvələrinə çəkilən xərclər 78 mln. markadan 210 mln. markaya, orduya çəkilən xərclər isə 344,9 mln. markadan 574,5 mln. markaya çatdı.

Beynəlxalq münasibətlərdə bu dövrdə ayrı-ayrı dövlət xadimlərinə qarşı terrorçuluq hərəkətləri xüsusi yer tuturdu. 1934-cü ilin iyulunda Avstriyada baş verən faşist qiyamı nəticəsində baş nazir Dolfus öldürüldü. 1934-cü ilin oktyabrın 9-da isə Fransanın xarici işlər naziri Lui Bartu Marseldə qətlə yetirildi.

Bu siyasi qətllər Almaniyanın əl-qolunu açdı. Almaniya ilə yanaşı olaraq İtaliya da Avropada öz fəaliyyətini genişləndirdi. Mussolini başda olmaqla İtaliyadakı faşist rejiminin xarici siyasət məqsədləri müharibənin üçüncü ocağının yaranmasına gətirib çıxartdı. İtaliyanın 1935-ci ilin oktyabrından Həbəşistana qarşı hərbi müdaxiləyə başlaması beynəlxalq münasibətlərə mənfi təsir göstərirdi. Buna görə də Millətlər Cəmiyyəti İtaliyaya qarşı sanksiyalar tətbiq etdi. Lakin sanksiyalar İtaliya təcavüzünü dayandırmadı. Belə olduqda 1936-cı il iyulun 4-də Millətlər Cəmiyyəti İtaliyaya sanksiya tətbiq etməkdən imtina etdi. Beləliklə, Həbəşistan İtaliya təcavüzünün qurbanı oldu.

Eyni vaxtda Almaniya Saar hövzəsini özünə birləşdirmək üçün geniş təbliğat aparmağa başladı. 1934-cü il noyabrın sonunda Almaniyanın xarici işlər naziri Ribbentropla Fransanın xarici işlər naziri Lavalın görüşündə Saar məsələsi müzakirə edildi. Laval Saarda keçiriləcək plebisistin nəticələri ilə Fransa hökumətinin maraqlanmayacağını bildirdi. 1935-ci il yanvarın 13-də plebisist keçirildi. Səsvermədə iştirak edən 539 min nəfərdən 477 min nəfəri Saarın Almaniyaya birləşdirilməsinə, 46 min nəfərindən çoxu əvvəlkitək Millətlər Cəmiyyətinin nəzarətində qalmasına, yalnız 2 min nəfəri Fransaya birləşdirilməsinə səs verdi. Millətlər Cəmiyyəti baş verən bu hadisəni təsdiqlədi. Martın 1-də Saar vilayəti Almaniyaya keçdi. Bundan sonra Almaniya Versal sülh müqaviləsi ilə ondan alınmış almanlar yaşayan digər ərazilərin də qaytarılmasını tələb etməyə başladı.

Saarın birləşdirilməsindən sonra Almaniya sürətli silahlanma yoluna, xüsusən aviasiya sahəsində proqramların yerinə yetirilməsinə qədəm qoydu.

Almaniyanın bu yolu tutması digər Avropa dövlətlərinin də silahlanmasına təsir göstərdi. 1934-cü il iyulun 19-da Böyük Britaniyanın baş naziri Stenli Bolduin hərbi hava qüvvələrinin genişləndirilməsinə dair proqramla çıxış etdi. Sürətlə silahlanma xəttinin götürülməsi Avropa dövlətlərini müharibəyə tərəf sürükləyirdi. 1935-ci il fevralın 1-3-də Fransanın baş naziri Flanden, xarici işlər naziri Laval, İngiltərənin baş naziri Stenli Bolduin və xarici işlər naziri Saymon Londonda bəyannamə imzalayaraq yeni sürətlə silahlanma üçün bütün bəhanələri kəsməyin zəruri olduğunu bildirdilər. Bəyannamədə İngiltərə, Fransa, Belçika, İtaliya və Almaniya arasında hava konvensiyasının imzalanması, Avstriyanın müstəqillyini təmin edən Dunay paktının bağlanması, qarşılıqlı yardım haqqında Şərq paktının imzalanması və Almaniyanın Millətlər Cəmiyyətinə qaytarılması təklif edilirdi. Lakin bu təkliflər Almaniya tərəfindən soyuq qarşılandı. Almaniya açıq şəkildə Versal sülh müqaviləsinin şərtlərindən imtina etməyə girişdi. 1935-ci il martın 13-də Almaniya yarımrəsmi şəkildə özünü Versal sülh müqaviləsi ilə nəzərdə tutulan öhdəliklərdən azad etdiyini bildirdi. Martın 16-da isə ümumi hərbi mükəlləfiyyətin keçirilməsi haqqında dekret verildi. Bu dekret Versal sülh müqaviləsinin hərbi maddələrindən Almaniyanın imtina etməsi demək idi. 1935-ci il martın 24-26-da Berlində Saymonla Hitler arasında keçən görüşlər iki ölkə arasında ciddi fikir ayrılığı olduğunu göstərdi.

Belə vəziyyətdə İngiltərə SSRİ ilə danışıqlara başladı. 1935-ci ilin martında İngiltərənin xarici işlər naziri Antoni İden Moskvada, aprelində isə Polşada danışıqlar apardı. Bu danışıqların gedişində Avropada yaranan mürəkkəb vəziyyət və faşizm təhlükəsinə qarşı mübarizə məsələləri müzakirə edildi.

Avropada baş verən prosseslər və Almaniya qarşısında təhlükə Fransanı da SSRİ ilə yaxınlaşdırdı. 1935-ci il mayın 2-də qarşılıqlı yardım haqqında sovet-fransız paktı imzalandı. Bunun ardınca mayın 16-da qarşılıqlı yardım haqqında sovet-çexoslovakiya müqaviləsi imzalandı.

Avropada faşist təhlükəsinin artdığını görən İngiltərə Almaniyanı bitərəfləşdirməyə çalışırdı. 1935-ci il iyunun 18-də İngiltərə-Almaniya dəniz sazişi bağlandı. Sazişə görə Almaniya donanmasının gücü Böyük Britaniya donanması gücünün 35 faizini təşkil edə bilərdi. Bu saziş əslində İngiltərənin Almaniya qarşısında güzəştə getməsi demək idi.



Qarışmamaq siyasəti
Müharibə təhlükəsinin artdığı bir şəraitdə Avropa dövlətlərinin sakitləşdirmə, ABŞ-ın isə təcridçilik və qarışmamaq siyasəti beynəlxalq münasibətləri kəskinləşdirdi. 1935-ci ildə ABŞ konqresi bitərəflilik haqqında qanun qəbul etdi. 1936-cı iiln fevralında isə bu qanuna bir sıra düzəlişlər olundu. Düzəlişə görə döyüşən tərəflərə silah satmaq, müharibə dövründə ABŞ gəmilərində hərbi yükləri daşımaq və Amerika vətəndaşlarına döyüşən dövlətlərin gəmilərində səyahət etmək qadağan edildi.

1936-cı il martın 6-da alman kabinetində Lokarno sazişlərindən imtina etmək haqqında məsələ müzakirə edildi. Martın 7-də isə İngiltərə, Fransa, Belçika və İtaliyanın Berlindəki səfirlərinə Almaniyanın Lokarno sazişlərindən imtina etdiyi bildirildi. Həmin gün alman orduları Reyn vilayətinə daxil oldular. Almaniyanın Lokarno sazişlərini pozaraq Reyni işğal etməsi İngiltərə və Fransa tərəfindən narazılıqla qarşılandı. Lakin narazılıqlara məhəl qoymayan Almaniya sürətlə silahlanmanı davam etdirdi. Avqustun 24-də Almaniya silahlı qüvvələrində xidmət bir ildən iki ilə qədər artırıldı. Hərbi sənaye daha səmərəli işləməyə başladı.



Beynəlxalq münasibətlərdə

boğazlar məsələsi
30-cu illərdə beynəlxalq münasibət-lərdə boğazlar məsələsi kəskin müzakirə obyektinə çevrildi. 1923-cü il 24 iyul tarixli Lozanno konvensiyası Türkiyənin suverenliyinə və müdafiəsinə zidd idi. Demək olar ki, bütün beynəlxalq konfranslarda türk nümayəndə heyəti Lozanno konvensiyasına yenidən baxmaq barədə təkliflər etmişdi. 30-cu illərdə Avropada beynəlxalq münasibətlər Türkiyənin xeyrinə cərəyan etməyə başladı. İtaliya-Həbəşistan müharibəsindən sonra İngiltərə Türkiyə ilə yaxınlaşmaq üçün fürsət qazandı. 1935-ci ilin dekabrında İngiltərə Türkiyə, Yunanıstan və Yuqoslaviya ilə centelmen sazişləri bağladı. Sazişlərə görə Aralıq dənizində İtaliya təcavüzü olacağı təqdirdə tərəflər bir-birlərinə yardım göstərməli idilər. 1936-cı il aprelin 10-da türk hökuməti Lozanno konvensiyasını imzalayan dövlətlərə məsələyə yenidən baxmaq haqqında müraciət etdi. Türk höküməti İngiltərə, SSRİ, Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan və Yaponiyadan müsbət cavab aldı. 1936-cı il iyunun 22-dən iyulun 20-dək İsveçrənin Montre şəhərində 9 dövlətin nümayəndələrinin konfransı keçirildi. Konfransda yalnız İtaliya nümayəndə heyəti iştirak etmirdi. Boğazların hərbsizləşdirilməsi məsələsi konfransda etiraz doğurmadı. Dövlətlər türk təkliflərinə prinsipcə razı oldular. Lakin iki məsələ mübahisələr doğurdu: Qara dəniz dövlətlərinin hərbi gəmilərinin boğazlardan keçməsi haqqında; başqa dövlətlərin hərbi donanmasının Qara dənizə buraxılması haqqında. 1936-cı il iyulun 20-də Montredə boğazlara dair yeni konvensiya imzalandı. Konvensiyaya görə boğazlar zonasında Türkiyənin hüquqları tamamilə bərpa edildi. Boğazlardan keçməyə nəzarət və müşahidə hüququ Türkiyəyə verildi. Türkiyə boğazlar zonasında silahlı qüvvələr saxlaya və onları möhkəmləndirə bilərdi. Bütün ölkələrin ticarət gəmiləri boğazlardan sərbəst keçə bilərdi. Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmilərinin keçirilməsində fərqlər var idi. Qara dəniz dövlətlərinin hərb gəmiləri boğazlardan ciddi məhdudiyyətlər olmadan bir sıra tələbləri yerinə yetirmək şərtilə keçə bilərdilər. Qeyri-Qara dəniz dövlətlərinin hərb gəmiləri üçün ciddi məhdudiyyətlər qoyuldu. Bu dövlətlər Qara dənizə yüngül suüstü gəmilər, kiçik hərbi və köməkçi gəmilər keçirə bilərdilər. Gəmilərin maksimum tonnajı 15 min, sayı isə 9 ədəd müəyyənləşdirildi. Bütün qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmiləri üçün ümumi tonnaj 30 min, dövlətlərin biri üçün isə 20 min ton müəyyənləşdirildi. Gəmilər Qara dənizdə yalnız 21 gün qala bilərdilər. Türkiyə müharibədə iştirak etmədiyi təqdirdə istənilən ölkənin hərb gəmiləri üçün boğazları bağlaya bilərdi. Türkiyə müharibədə iştirak edərdisə, türk hökuməti qaydanı özü müəyyənləşdirə bilərdi.

İtaliya və Almaniya bu konvensiyaya düşmən münasibət bəslədilər. İtaliya yalnız 1938-ci ildə bu konvensiyanı imzalamağa məcbur oldu.



İspaniya hadisələrinin

beynəlxalq münasibətlərə təsiri
30-cu illərdə beynəlxalq münasibət-lərdə İspaniya hadisələri özünəməx-sus yer tutur. 1931-ci ilin aprelində İspaniyada respublika qurulan kimi hərbi faşist qiyamına hazırlıq başlandı. Qiyam 1936-cı il iyulun 17-18-də baş verdi. Qiyamdan istifadə edən Almaniya və İtaliya iyulun sonunda Həbəşistana müdaxilə etdilər. Fransa hökuməti 1936-cı il iyulun 25-də bitərəflik və İspaniyaya silah daşınmasını qadağan etmək haqqında qanun qəbul etdi. İspaniyaya Almaniya və İtaliyanın müdaxiləsində Avropa dövlətlərinin bitərəf qalması dövlətlərarası münasibətləri müharibəyə doğru sürüklədi.

İtaliyaya qarşı sanksiyalardan imtina edilməsi, Versal sülh müqaviləsinin şərtlərini kobudcasına pozan Almaniyanın cəzasız qalması və müdaxiləçilərin İspaniyada hərbi qələbələri müharibə qızışdırıcılarını şirnikləşdirdi. 1936-cı il oktyabrın 25-də İtaliya və Almaniya arasında 5 maddədən ibarət saziş imzalandı. İtaliya xarici işlər naziri Çiano və Almaniya xarici işlər naziri Ribbentropun imzaladıqları bu sazişlə Həbəşistanın işğal edilməsi və İspaniyada Franko hökuməti tanındı. Tərəflər Balkanlarda və Dunay hövzəsində iqtisadi fəaliyyətlərinin dairəsini müəyyənləşdirdilər.

Almaniya Berlin-Roma-Tokio üçbucağı yaradıldıqdan sonra özünün fəaliyyətini daha da genişləndirdi. Alman diplomatiyasının əsas vəzifəsi Belçika, Polşa, Hollandiya, Danimarka və İsveçi öz tərəfinə çəkmək, düşmüş olduğu iqtisadi və maliyyə böhranından çıxmaq idi. Almaniya artıq təkcə almanlar yaşayan əraziləri deyil, eyni zamanda müstəmləkələrinin də ona verilməsini tələb edirdi. İngiltərə Almaniyanın mənafelərini Avstriya və Çexoslovakiyada nəzərə alardısa, alman diplomatiyası 6 il müddətinə müstəmləkələr məsələsini qaldırmayacağı barədə öhdəlik götütürdü. İngiltərə Almaniyaya bildirdi ki, o, Avropa işlərinə qarışmayacaq və Almaniyanın Mərkəzi Avropadakı bütün hərəkətlərinə münasibətdə bitərəf mövqe tutacaqdır.

Avstriyanın işğalı

və Çexoslovakiyanın

parçalanmasının beynəlxalq münasibətlərə təsiri
Artıq 1938-ci ilin əvvəlində Avropanın müharibə astanasında olduğu görünür-dü. Uzaq Şərqdə, Latın Amerikasında, Afrikada, Aralıq dənizində, İspaniyada və Mərkəzi Avropada faşist təcavüz-karları öz qüvvələrini birləşdirmişdilər. Almaniya Avstriyanın birləşdirilməsini yenidən tələb etməyə başladı. Avstriyanın birləşdirilməsi Almaniyaya Çexoslovakiyanı işğal etməyə, Cənub-Şərqi Avropa və Balkanlara çıxmağa imkan verərdi. 1938-ci il fevralın 11-də Hitler Avstriya kansleri Şuşniki yanına çağıraraq onun qarşısında bir sıra tələblər qoydu: Avstriya nasional-sosialistlərinin hamısına tam aministiya vermək, Hitlerin yaxını Zeys-İnkvartı ictimai təhlükəsizlik və qayda-qanun naziri təyin etmək; Avstriya nasional-sosialistlərinə leqal və azad fəaliyyət üçün şərait yaratmaq. Lakin Şuşnik bu şərtləri imzalamadı. Bunula belə o, Zeys-İnkvartı göstərilən vəzifəyə təyin etdi və martın 13-də Avstriyanın müstəqilliyi məsələsinə dair plebisist təyin etdi. Martın 12-də Hitler özü Avstriyaya gəldi. Zeys-İnkvart yeni baş nazir təyin edildi. Həmin gün alman orduları Avstriya sərhədlərini keçdilər. Avstriyanın müstəqilliyinə son qoyuldu. Martın 13-də Zeys-İnkvart Avstriyanı alman dövləti elan etdi. Beləliklə, Avstriya alman imperiyasının tərkibinə qatıldı.

Avstriyanın anşlüsü Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İtaliya onu bəyəndi, İngiltərə və Fransa isə ona etiraz etdi. Bir müddət keçdikdən sonra İngiltərə hökuməti Avstriyanın anşlüsünü tanıdı. Avstriyanın Almaniyaya birləşdirilməsi Avropada müharibənin yaxınlaşdığını göstərirdi.

Avstriyanın anşlüsündən sonra İngiltərə İtaliya ilə münasibətlərini istiləşdirməyə səy göstərirdi.

Həbəşistan, İspaniya və Avstriyanın ardınca Çexoslovakiya gəlirdi. Avstriyanı birləşdirdikdən sonra Almaniya xaricdəki almanlar yaşayan ərazilərin qatılması şüarları ilə çıxış etməyə başladı. Lakin o bunu zorla deyil, demokratik don geyindirməklə həyata keçirtmək istəyirdi. Almaniya Çexoslovakiyanın daxilindəki böhrandan istifadə edərək Fransa, İngiltərə və İtaliyanın razılığını alıb Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətini özünə birləşdirməyə çalışırdı. Çexoslovakiya ilə Almaniya arasında olan ziddiyyətləri dinc yolla həll etmək barədə ABŞ prezidenti Ruzveltin təşəbbüsü nəticəsiz qaldı. Bu məsələni müzakirə etməkdən ötrü 1938-ci sentyabrın 29-30-da Münhendə Qəhvəyi evdə Almaniya, İngiltərə, Fransa və İtaliya nümayəndələrinin konfransı keçirildi. Konfransda Hitler, Çemberlen, Daladye və Mussolini iştirak edirdilər. Çexoslovakiyanın bütün sərhəd rayonlarını Almaniyaya vermək barədə qərar qəbul olundu. Oktyabrın 1-dən 10 -dək Çexoslovakiya bu əraziləri təmizləməli idi. Həmin ərazidəki hərbi tikililər Almaniyaya keçirdi.

Münhen sövdələşməsi ilə iştirakçı dövlətlər Almaniyanın təcavüzkar niyyətlərini şərqə doğru yönəldəcəklərinə ümid edirdilər. Bu, ingilis diplomatiyasının “qarışmamaq” siyasəti və fransız hökumətinin təslimçilik mövqeyi demək idi. Sudet vilayətini birləşdirdikdən sonra 1934-cü ilin martın 14-15-də Almaniya Çexoslovakiyanı işğal etdi. Bu isə Avropada tamamilə yeni bir şəraitin yaranması idi. Çexoslovakiyanın işğalından az sonra “ox” dövlətləri hərbi sazişlər bağladılar. Bundan sonra Almaniya Şərqi Avropa ölkələrinə qarşı təcavüzkar niyyətlərini genişləndirdi. Almaniyanın bu hərəkətlərinə qarşı Fransanın Avropa dövlətlərinin blokunu yaratmaq cəhdləri isə heç bir nəticə vermədi. Eyni addımları İngiltərə hökuməti də atdı. 1939-cu ilin martından avqustunadək Moskvada keçirilən ingilis-fransız-sovet danışıqları uğursuzluqla qurtardı. Danışıqlarda iştirak edən tərəflər eyni zamanda separat şəkildə Almaniya ilə danışıqlar aparmağa da səy göstərirdilər.

Danışıqların uğursuzluğunu görən SSRİ 1939-cu il avqustun 19-da Almaniya ilə ticarət sazişini, avqustun 23- də isə hücum etməmək haqqında paktı və ona əlavə olan gizli protokolu imzaladı. Müqaviləni Almaniyanın xarici işlər naziri Ribbentrop və SSRİ Xalq Xarici işlər komissarı Molotov imzaladılar. Müqaviləyə görə tərəflər bir-birlərinə qarşı hər cür zorakılıqdan, təcavüzkarlıq hərəkətlərindən və hücum etməkdən imtina edirdilər. Əslində bu sənədlər Almaniyanın Qərbi Avropada, xüsusən Polşaya qarşı təcəvüzkar hərəkətlərinə, SSRİ-nin isə Qərbi Ukrayna, Qərbi Belorusiya, Bessarabiya və Baltikyanı ölkələrə işğalçı hücumlarına əsas verirdi.

Beləliklə, dövlətlərin siyasəti, beynəlxalq münasibətlərin kəskin və ziddiyyətli inkişaf meylləri nəticəsində dünya müharibə astanasında dayandı.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə