Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

başqa bir aktyor çıxır və elan edir ki, «Jüdit öldü». Axşam tamaşalarının birində dolaşıqlıq düşmüşdü, 

həmin aktyor çaşaraq səhnəyə vaxtından qabaq çıxmışdı və elə Jüditin özünə demişdi ki, bəs «Jüdit 

öldü…» İolanda Laffon fikirləşmişdi ki, vəssalam, hər şey korlandı, hər şey puça çıxdı. Lakin zal buna 

heç bir reaksiya verməmişdi və beləcə, tamaşa öz axarıyla davam eləmişdi… Heç kim heç nə hiss 

etməmişdi, fasilə vaxtı da heç bir tamaşaçı bunu xatırlamamışdı. Teatrın gözəlliyi bax bundadır…   

Teatr əhvalatları uc-uca calanıb, onların sonu yoxdur. Əlvida.   

 

 

İZDİVACIN SİRLİ MAHİYYƏTİ   



 

Mənə məmnunluq bəxş edən asudə bazar günlərindən biri də bax elə bugünküdür, xanım. Pəncərəmin 

altındakı şabalıd ağaclarında artıq tumurcuqlar peyda olmaqdadır, onların ən tez cücərəni – hər bahar 

fəsli təbiətin təzələnməsindən xəbər verən ilk müjdəçi – artıq yaşıllaşmağa başlayıb. Uşaqlarını balaca 

uşaq arabacıqlarında bazar günü gəzintisinə çıxaran ailələr heç yerə tələsənə oxşamırlar. Telefonlar 

susur. Mənsə bilirəm ki, qarşıda düz on iki saat rahat və sakit vaxtım var. Bilsəniz, bu necə də 

qiyamətdir!   

Mən kitabı açıb ondan həzz almağa hazırlaşıram; vaxtilə mən bu kitabın müəllifini – gözəl, həlim və 

kədərli qadını tanıyırdım. Onun hər şey barəsində qeyri-adi dərəcədə həssas mühakimələri vardı. Mən 

bilirdim ki, o, öz ərindən tam ayrılıqda, əsl tənhalıqda yaşayır. Ona görə də cildin «Səssizliyin 

əks-sədası» adlandırılması məni qətiyyən təəccübləndirmir. Necə də doğru deyilmişdir: sakitlik bizə öz 

sirli düşüncələrimizin əks-sədasını qaytaran gözəgörünməz divardır.     

Kamilla Belgiz Juber kimi, Şardon kimi, bəzən də Sent-Böv kimi (o, zərif və həssas olduqda) düşünür. 

O, təbiət və sevgi haqqında öz ağıllı mühakimələrini söyləyir: «Sevən adam öz daxili «mən»ini o 

dünyaya göndərir və bu dünyanın parıltısını görməyə ümid edir. Həqiqi məhəbbət iki nəfəri birləşdirir 

və bu adamlardan biri digərini özündən yuxarı qoymağı bacarmalıdır». Hə, sən nəinki o biri adamı 

qəbul etməlisən, həm də onu özündən yuxarı qoymalısan. «Məhəbbətin tükənməsi kədərlidir, çünki 

bəyəm sevmək o demək deyilmi ki, tədricən dəyərini itirən şeyin üzərində getdikcə daha çox əsəsən?»   

O, Emersonun sözlərini misal gətirir: «Məhəbbət ötəridir və o, nikahla başa çatır. İzdivacda 

məhəbbətdən yalnız kal meyvənin dadı qalır». Kamilla Belgiz sevgi və izdivacın bu cür ayrıntısını 

qəbul etmir (və mən onunla razıyam). Sonra da yazır: «Lakin biz izdivacın o sirli mahiyyətini 

məhəbbət adlandırırıq ki, o, bir an da zəifləməyən duyğular tələb edir və onun ən yüksək pilləsinə elə 

inadkarlıqla can atır ki, burada hər bir uğursuzluq bizi işgəncələrə və alçalmalara məruz qoyur».   

Elə bu yerdə mən Moris Teskin «Simona, yaxud izdivac xoşbəxtliyi» kitabını əlimə alıram (istirahət 

saatlarında bir neçə kitabı bu cür sərbəstcəsinə gözdən keçirmək necə də xoşdur). Üz qabığında 

Rodenin «Öpüş» rəsminin çox gözəl təsviri verilmiş bu kitab romandırmı? Daha çox mənsur poema, iki 

nəfərin harmonik birliyi haqqında himnə bənzəyir. «Siz, ey mənim əziz dostlarım, sevdiyim adamın 

adından sizə ərz edirəm ki, məhəbbətdə faciə yoxdur. Faciə yalnız sevginin yoxluğunda gizlənib. 

Parçalanmış, ikiyə bölünmüş duyğular xoşbəxtlik olmaya bilməz».           

Xanım, siz dərhal hiss etdinizmi ki, öz hisslərini ifadə etmək manerasının da eynən mebel, yaxud 

təsviri sənət kimi bu və ya digər dövrə mənsubluğu mövcuddur? Mopassanın, sonralar isə Prustun 

dövründə roman müəllifləri göstərirdilər ki, sevgi vur-tut illüziyadır, peşmançılıq, qısqanclıq və ruhi 

işgəncələr mənbəyidir. O ki qaldı nikaha – artıq bir neçə əsrdir ki, evlilik məzhəkə mövzusuna xidmət 

göstərməkdədir. Bizim günlərimizdə, «qara» sevginin bir neçə illik məskunluğundan sonra dönüş 

gözlənilirdi. Bu məsələdə dini əqidənin güclənməsi də, bizim başı bu qədər bəlalar çəkmiş əzabkeş 

nəslimizə xas olan hiss və duyğulara ciddi yanaşma tərzi də öz rolunu oynayıb. Fırtına vaxtı insan 

istinad nöqtəsi tapmaq ehtiyacı hiss edir. Möhkəm məhəbbətdən, iki varlığın tam şəkildə 

qovuşmasından etibarlı nə ola bilər? Və bəyəm nikah, Alenin dediyi kimi, «illər ötdükcə daha da 

bərkiyən yeganə düyünlər» deyilmi?   

Teskin qəhrəmanının və onunla birgə bir xeyli yaşıdının özləri üçün kəşf etdikləri bax budur.   




Hazırda xoşbəxt nikahların dəbdə olduğu dövrdür, xanım. Siz, yəqin ki, deyəcəksiniz: «Roman 

müəlliflərinin işi heç də asan olmayacaq... Major tonlarda bəyaz simfoniya»… Qiyamət addır, amma 

belə adda kitab yazmaq asan deyil. Nə bilmək olar? Axı ağ rəngin nə qədər çalarları mövcuddur. 

Xoşbəxtlik yaz fəsli kimi öz simasını hər gün dəyişir. Ailə ocağında rahat keçirdiyim mənim bu bazar 

günüm əcəb qiyamət idi… Əlvida.   

 

 



BAŞQA QADIN HAQQINDA   

 

Birinci məktub   



 

Başqa qadın hələ bəlli deyildi, hələ gözə görünmürdü, amma siz onun varlığını artıq güman edirdiniz. 

Bəzən meşənin içindəki çəmənliyin ot örtüyünün altından gözəgörünməz xırda çaylar axıb keçir, 

çəmənlikdə gəzərkən siz hiss edirsiniz ki, həmin yerdə ot daha qalın və daha hündür, torpaq isə bir 

qədər məsaməlidir və yeriyəndə adamın ayağı yerə batır. Bunlar yalnız əlamətlərdir, lakin bu əlamətlər 

heç də aldadıcı deyil: su haradasa, yaxınlıqdadır. Yaxud bəzən xəstəlik öncəsi, hələ naxoşluğun 

əlamətləri özünü göstərməyəndə siz, sanki, adət etdiyiniz öz gündəlik həyat tərzinizi yaşayırsınız, 

bununla belə, hansısa əzginlik, yorğunluq, səbəbsiz həyəcan artıq sizi gizli təhlükədən xəbərdar edir.   

– Mənə nə olub belə? – siz deyirsiniz. – Nəsə özümü yaxşı hiss eləmirəm.   

Elə onda da – ərinizin həyatında Başqa qadın peyda olanda da hər şey məhz bu cür olmuşdu. «Ona nə 

olub belə? – siz düşünmüşdünüz. – Nəsə qabaqkı kimi deyil». Bu vaxtacan əriniz      axşamlar sizə gün 

ərzində gördüklərindən söhbət açırdı; hər şeyi təfsilatı ilə danışmaq onun xoşuna gəlirdi (kişilər özləri 

barədə danışmağı xoşlayırlar); o, sizə özünün sabahkı planlarından dəm vurur, nə işlər görəcəyini 

bildirirdi. Yavaş-yavaş onun gündəlik axşam hesabatları hansısa duman pərdəsinə bürünməyə başladı. 

Siz onun gündəlik məşğuliyyətində anlaşılmaz fasilələr yarandığını hiss etməyə başladınız. Amma 

izahatlarının zəifliyini o özü də başa düşürdü; bu və ya digər saatlar barədə yalnız üstdən ötüb-keçir, 

nəyisə çaşdırır, dolaşıb qalırdı. Siz başınızı sındırmağa başladınız: «Onun gizlətməyə çalışdığı nədir?»   

Siz fikirləşirdiniz ki, onillik izdivac dövründə, birgə evlilik müddətində ərinizi yaxşı tanıyıb 

öyrənmisiniz. Siz onun nələrə meyil göstərib-göstərmədiyini bilirdiniz – işlə, siyasətlə, idmanla, bir az 

da təsviri sənətlə maraqlandığından, ədəbiyyata və musiqiyə isə heç bir həvəsi olmadığından xəbərdar 

idiniz. Di gəl ki indi o, kitab yeniliklərini həvəslə müzakirə etməyə başlamışdı. Qəfildən laqeyd tərzdə 

sizdən soruşurdu: «Bizdə Stendalın romanları varmı? Mən onları məmnuniyyətlə oxuyardım». Amma 

kim bilməsə də, siz axı yaxşı bilirdiniz ki, o, həmin kitabların bircə dəfə də olsun, heç üzünü də 

açmayıb. Əvvəllər sizin üst-başınıza biganə olduğu, bərbəzəyinizə fikir vermədiyi halda, indi o, 

qəfildən soruşub maraqlanmağa başlamışdı: «Sən niyə güllü materialdan paltar geyinmirsən? Belə 

parçalar əyində çox qəşəng görsənir». Ya da deyirdi: «Saçını qısa kəsdir. Bu at yalı artıq dəbdən çıxıb». 

Hətta onun siyasi baxışları da dəyişmişdi – indi o, qabaqcıl, mütərəqqi dünyagörüşlərə daha təmkinli 

yanaşmağa başlamışdı. Sevgi haqqında indi o, nə cürsə qəribə və qeyri-adi şövqlə, izdivac və ailə 

həyatı barədə isə nəzakətsiz danışırdı. Bir sözlə, siz onu tanıya bilmirdiniz.   

Tezliklə son şübhələr dağıldı. Bir zamanlar möhkəm görünən torpağın altından indi su şırnaqları axıb 

onu yumşaltmışdı. Başqa qadın burada idi. Amma o kimdir? Siz ərinizin hər gün özü də istəmədən 

bildirdiyi məlumatlardan istifadə etməklə həmin qadını    özünüz üçün təsəvvür etməyə, xəyalınızda 

onun simasını canlandırmağa çalışdınız. Həmin qadın, ola bilsin, cavan və gözəl, çox qəşəng geyinən 

və yaxşı görünən birisidir; savadlıdır, ya da özünü belə qələmə verməyin ustasıdır; özü də, yəqin ki, at 

sürür (çünki sizin atçılıq idmanından çoxdan imtina etmiş əriniz bir dəfə demişdi: «Həkim mənə fiziki 

yükümü artırmağı məsləhət görür, ona görə də təzədən at sürmək istədim»). Hər şeydən göründüyü 

kimi o qadın Lüksemburq sarayı tərəflərdə yaşayır: tez-tez belə məlum olurdu ki, hansısa ən 

ağlagəlməz işlər sizin ərinizi məhz həmin məhəllədə olmağa məcbur edir.   

Sonra isə, günlərin bir günü, dostlarınızdan birinin evində nahar yeməyi vaxtı siz, nəhayət ki, o qadını 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə