Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə152/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   148   149   150   151   152   153   154   155   ...   179

467

söyləyə  bilməz;  yazırdı,  bu  təhlükə  mənbəyi  olaraq  qalır,  çünki 

şayiələrdən  istifadə  eləyib  qiyama  həvəslənənlər  tapılar,  ara  qa-

rışıb  məzhəb  itər.  Belə  şayiələr,  bilmirəm,  hansı  yollasa  Təbrizə 

də  gəlib  yetişmişdi,  sarayda  gözgörəti  narahatlıq  sezirdim,  Mirzə 

Hüseyn  yeni  Xanımızın  əndişəsini  dilinə  gətirmişdi,  söylənənləri 

aydınlaşdırmaq  məqsədilə  Məşhədə  adamlar  göndərildiyini  de-

mişdi.  Mirzə  Mehdinin  son  naməsindən  üç,  ya  dörd  ay  keç-

mişdi,  bu  müddətdə  nələr  baş  verdiyindən  mənim  də  xəbərim 

yox  idi,  ona  görə  də,  əsl  həqiqəti  söyləyə  bilməyəcəkdim,  uzaq 

Hindistanda,  əslində,  nələr  baş  verdiyini  tək  Allah  bilirdi.  Əgər 

söylənənlər  doğruydusa,  onda  yəqin  Rzaqulu  xan  taxt-taca  sahib 

olmağa  hazırlaşırdı,  şübhəsiz  ki,  belə  məqamda  Əliqulu  xan  da 

dinc  oturmayacaq,  nə  vaxtdan  bəri  içində  yığılıb  qalan  narazılığı 

büruzə  vermək,  əmisi  oğlunun  kölgəsindən  qurtulmaq  üçün  bu 

fürsətdən  faydalanmağa  çalışacaqdı,  bu  da,  şübhəsiz,  xanədanı 

fəlakətə  sürükləyəcəkdi. 

462.  Mirzə  Mehdi  son  naməsində  Hindistan  ölkəsindəki 

misli-bərabəri  olmayan  bir  almaz  barədə  yazmışdı.  Yazdığına 

görə,  çox-çox  qədimlərdə  tapılan  həmin  səkkiz  yüz  karatlıq  al-

maz  Malva  raclarının  xəzinəsindəymiş,  sonra  Sultan  Əlaəddinin 

xəzinəsinə,  ordan  teymuri  Babur  Şahın  xəzinəsinə  köç  eləyib, 

ondan  padşah  Hümayuna,  Hümayundan  Şah  Cahana  miras  qa-

lıb,  Şah  Cahan  almazı  əvvəlcə  bir  firəng  zərgərinə  yondurub, 

sonra  Venezia  zərgərinə  cilaladıb,  onun  da  işini  bəyənməyib, 

heç  haqqını  verməyib,  taxtının  üzərindəki  tovuzquşu  rəsminin 

gözünə  qoydurubmuş,  cəmi  yüz  səksən  altı  karat  qalan  o  olmaz 

hələ  də  baxanın  ağlını  başından  çıxarırmış;  yazırdı,  almazın  Şah 

Cahandan  Məhəmməd  Şaha  miras  qaldığını  söyləmişdim,  hələ 

«Babur-namə»dən  almazın  vəsfini  də  oxumuşdum,  Şahımız  da 

hind  hüdudlarını  keçəndən  həmin  sərvətə  sahib  olmaq  intizarın-

daydı, Məhəmməd Şahın xəzinəsini alanda o möcüzəni görməyib 

səbirsizlik  göstərirdi;  yazırdı,  Şahımız  almazın  hökmdar  çalma-

sının  içində  saxlandığını  hardan  öyrənmişdi,  deyə  bilmərəm, 

amma  Məhəmməd  Şahla  vidalaşan  vaxt  dostluq  əlaməti  kimi 

öz  təhməzini  onun  çalmasıyla  dəyişəndə  bunun  dəyərini  kimsə 

bilməmişdi:  yazırdı,  sonra  çalmanı  açıb  almazın  günəş  kimi  bərq 

vurduğunu  görəndə  vəcdə  gəlib  «Koh-i-nar!»  qışqırmışdı,  bunu 




468

mənə  o  məqamda  yanında  olan  Mirzə  Zəki  söyləmişdi:  yazırdı, 

Mirzə  Zəkinin  təsvirinə  görə,  almaz,  doğrudan  da,  nur  topasına 

oxşayır.  Şahımız  gündə  bir  neçə  dəfə  bu  ölçüyəgəlməz  sərvətinə 

tamaşa  eləyir,  onu,  az  qala,  Hindistanda  xəzinəsinə  qatdığı  cəmi 

sərvətə  bərabər  tutur;  yazırdı,  Məhəmməd  Şah  Cahan  şahdan 

miras  qalan  tovuzquşulu  taxtı  yan-yana  yeriyən  səkkiz  dəvəyə 

yüklədib  məmləkətinə  gətirəcək.  Əlbəttə,  bütün  bunlar  mənə 

gözəl  bir  nağıl  kimi  gəlmişdi,  amma  hər  nəydisə,  o  sərvət  Şa-

hımızın  əlindəydi,  Allah  qoysa,  o  nəhs  şayiələr  yalan  çıxacaq, 

Şahımız  sağ-salamat  geri  dönəcək,  almaz  da  məmləkətə  qismət 

olacaqdı…




469

XI

ŞÜBHƏ  VƏ  HƏQİQƏT



Ayın  beş  gün  qaranlığı  olanda, 

beş  gün  də  aydınlığı  olar.

Mirzə  Hüseyndən  eşitdiyim 

atalar  sözü

463.  O  ilin  yazında  ləzgilər  yerlilərdən  adamlar  tapıb  Təbriz 

zindanından  on  altı  dustağı  qaçırdılar,  mərhum  İbrahim  xa-

nın  cəsədini  də  ağacdan  asıb  yandırdılar.  Bundan  qəzəblənən 

Şahzadənin  Şirvandakı  dikbaşlardan  qisas  almaq,  həm  də  qi-

yamı  yatırtmaq  üçün  ora  Səfi  xan  Sultanın  başçılığı  altında  qo-

şun  göndərdiyini  eşitdim.  Qoşun  Təbrizə  girməmişdi,  görünür, 

Qəzvin-Zəncan-Ərdəbil  yoluyla  keçib  getmişdi,  bu  da,  ola  bil-

sin,  Səltənət  Naibinin  İbrahim  xan  törəmələrinə  münasibətinin 

əlamətiydi.  Cavan  Xanımız  Səfixanın  səfərindən  qoşun  Ərdəbilə 

çatanda  xəbər  tutub  pərişan  olmuşdu,  çünki  nə  vaxtdan  bəri 

öz  borcunu  yerinə  yetirmək,  üstəlik,  atasının  qisasını  almaq 

üçün  quzeyə  üz  tutmaq  istəyirdi,  amma  bundan  ötrü  Şahımızın, 

sonra  da  Səltənət  Naibinin  Azərbaycan  valisinə  izini  lazımıy-

dı,  amma  nə  vaxt  idi  ki,  birincisindən  xəbər  gəlmirdi,  ikincisi 

də,  az  qala,  öz  səltənətini  qurmağa  çalışırdı,  hökmdarın  yox-

luğunda  hökmü  fərmaydı,  həm  də  o  qədər  hökm-fərmaydı  ki, 

Azərbaycan  ölkəsinə  qoşun  göndərəndə  valiylə  məsləhətləşməyi 

lazım  bilməmişdi.  Sonrakı  bir  neçə  ay  ərzində  Şirvandan  gələn 

xəbərlər  yaxşı  heç  nə  vəd  eləmirdi,  Mirzə  Hüseynin  dediyinə 

görə,  Səfi  xan  Sultan  nə  qədər  baş  kəsib,  göz  çıxarıb,  girov 

götürsə  də,  nə  vergilərin  çoxluğundan  şikayət  eləyən  camaatın 

narazılığını  tamam  yatırda  bilmiş,  nə  də  dağlı  basqınlarına  bir 

çarə  tapmışdı.  Səfi  xan  Sultanın  qoşunu  heç  geri  qayıdanda  da 

Təbrizdən  keçmədi,  elə  gəldiyi  yolla  da  Xorasana  getdi.  Qoşu-

nun  bu  cür  geri  qayıtması,  üstəlik,  nə  vaxtdı  Şahımızdan  doğ-




470

ru-dürüst  xəbər  çıxmaması,  Mirzə  Hüseyn  kimi,  məni  də  bərk 

əndişələndirirdi.  Allah  eləməsin,  Şahımızın  başına  Hindistanda 

bir  bədbəxtlik  olsaydı,  xanədanın  saysız-hesabsız  düşməni  üzə 

çıxacaq,  hər  kəs  öz  vilayətində  şah  olmaq  xəyalına  düşəcəkdi. 

Təzədən  Şah  Sultan  Hüseynin  zamanındakı  qarmaqarışıqlığı  ya-

şamağı heç istəmirdim, fikrimcə, öz torpaqlarını qorumaq, başqa-

larının  torpağına  göz  dikməmək  ən  doğru  yol  olardı…

464.  İl  başa  çatanda  Məhəmməd  Kazımdan  bir  namə  də  al-

dım.  Bu  dəfə  şeriyyətə-filana  uymamışdı,  yazırdı,  indiyəcən  Şa-

hımızdan  səhih  xəbərin  çıxmaması  ortaya  ardı-arası  kəsilməyən 

başqa  şayiələri  də  çıxarır;  yazırdı,  Mirzə  Möhsünün  qənaətinə 

görə,  bəzi  şəxslər  Şahımızın  ölümüylə  bağlı  Şahzadənin  qəlbinə 

şübhə  toxumu  səpməyə  çalışır,  onu  ehtiyat  tədbirləri  görməyə 

təhrik  eləyirlər;  yazırdı,  Mirzə  Möhsünün  dediyinə  görə,  As-

tarabadın  Yuxarıbaş  qacarlarından  Məhəmməd  Hüseyn  xan 

Şahzadəni  dilə  tutub,  deyib  Şah  Təhmasib  və  iki  oğlunu  aradan 

götürsün  ki,  əgər,  Allah  eləməsin,  Şahımızın  ölüm  xəbəri  doğ-

ru  çıxsa,  Səbzavərdəki  Səfəvi  tərəfdarları  baş  qaldırmaq  fikrinə 

düşməsinlər;  yazırdı,  atamın  yaxşı  tanıdığı  mərvli  Rəhim  Sultan 

da  bu  fikirdədi,  söhbətimizdə  açıq  dilinə  gətirməsə  də,  buna 

işarə  vurdu;  yazırdı,  indi  Şahzadə  tərəddüd  keçirir,  hökmdarın 

əmrindən  çıxmağa  ürək  eləmir,  onun  sağ  olduğunasa  sübut  tapa 

bilmir,  Səfəvi  törəmələrini  qətlə  yetirəndən  sonra  ortaya  nələr 

çıxacağını  da  xəyalına  belə  gətirmir;  yazırdı,  yaxınlaşan  faciənin 

qabağını  ancaq  Şahımızın  Hindistandan  sağ-salamat  dönməsi 

barədə  xəbər  ala  bilər,  o  xəbər  də  hələlik  yoxdu;  Məhəmməd 

Kazım  axırda  Şahımızın  salamatlığı  üçün  dualarını  bildirir,  ha-

mımıza  Allahdan  səbir  diləyirdi.  Nədənsə,  bu  məqamda  yadıma 

Mirzə  Kəmaləddin  düşdü;  əgər  Məhəmməd  Kazımın  bu  qədər 

əndişəylə  çatdırdığı  faciə  baş  versəydi,  könül  sirdaşımın  necə 

dərin  sarsıntıyla  üzləşəcəyini  beynimdən  keçirdim.  Əlbəttə,  o 

faciənin  vaxtı  mənə  məlum  olsaydı  belə,  qabağını  almağa  gücüm 

çatmazdı,  çünki  indi  məmləkətdə  Şahzadənin  hesablaşacağı  bir 

kəs  yox  idi,  amma  Ərdəbildə  könül  dostumun  yanında  olub, 

onun  ağrı-acılarını  mümkün  qədər  ovuda  bilərdim.  Şübhəsiz, 

belə  dolaşıq  və  narahat  bir  vaxtda  Xanımızdan  məmləkətimizə, 

illah  da  Ərdəbilə  getmək  üçün  izin  istəməyim  yersiz  olardı,  ağlı-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə