xalq sayılır. Demokratik dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli
orqan (xalq məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər
ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik
dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsip və normalara,
həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir.
Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa) demokratiya» və
«nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır. Bilavasitə demokratiya o
deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun
layihəsi, yaxud başqa mühüm əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir.
Nümayəndəli demokratiya - xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki,
bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri
vasitəsilə həyata keçirir.
§2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti
Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan
anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial strukturlarından,
qeyri-hökumət təşkilatlarından: partiyalardan, dini birliklərdən, həmkarlar təşkilatlarından və
s. fərqləndirən çox mühüm əlamətdir.
Hüquqi dövlətdə dövlət hakimiyyəti sistemi hakimiyyətin bölgüsü, hüquqi qanunların
aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır. Hüquqi qanunun aliliyi o
deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə
yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri
çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər.
Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.
Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin
əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq
dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın
bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək
hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq
səsverməsi olan referendum yolu ilə).
Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq
cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət
təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların
birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm
təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi
partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə
iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi,
cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir.
«Vətəndaş cəmiyyəti» - dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər
(sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti,
onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin
xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir.
Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq «vətəndaş» və
«cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş cəmiyyətinin
mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən,
iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü
şəraitində münasibətlər yaranır.
Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə
təsir edir və bununla bərabər o, vətəndaş cəmiyyəti tərəfindən əks-təsirə məruz qalır.
Məsələn, dövlətin qanunvericilik fəaliyyəti, xalqın nümayəndəli orqanlarının işi siyasi
partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə
gəlmək olar ki, dövlət mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının
normal və səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə
vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə
bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları
həyata keçir.
§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var.
Hakimiyyət - mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii olaraq,
müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların
birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və
möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə,
hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi
metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real
qabiliyyəti kimi də başa düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür
yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks
etdirir.
Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin,
ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.
Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə
yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək
tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı
münasibətlərin qaydaya salınması, müxtəlif növ ümumi əhəmiyyətli funksiyaların icrası:
qidanın bölünməsi, ailə-nikah münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə
bölünməsi və s. zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl
ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s. ictimai
hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində insanların
yaşamaq uğrunda amansız mübarizəsi şəraitində meydana gələrək bərqərar olmuş qadağa və
davranış qaydalarına riayət etməsinin ciddi vacibliyi, hakimiyyətin tələblərinin könüllü
icrasına səbəb olmuşdur. Əlbəttə, zəruri hallarda məcburetmə də tətbiq olunurdu (məsələn,
qəbilədən qovma, həyatdan məhrumetmə və başqa tədbirlər). Lakin, ibtidai icma
cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin tələblərini yerinə
yetirməyi təmin edən xüsusi məcburetmə aparatının olmamasıdır ki, bu da yalnız siyasi
təşkilat olan dövlətdə mövcud olur.
Dövlət hakimiyyəti hər şeydən əvvəl dövlətin mecburetmə qüvvəsinə, xüsusi
aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və
s.) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq ki, dövlət hakimiyyəti başqa metod
və vasitələrin köməyi ilə də həyata keçirilir.
İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət orqanları
vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır.
Dostları ilə paylaş: |