Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü
ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə
şərtlənirdi.
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan
Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır.
Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan
qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan
Respublikası Konstitusiyası Azərbaycanı - respublika idarəetmə formasına malik, unitar,
demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri
dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:
1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və
azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin
yaranmasına istiqamətlənib;
4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə
olunur;
5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü
əsasında həyata keçirilir;
6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi
tanınır və ona təminat verilir;
7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və
ya məcburi xarakterli ola bilməz;
8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik
sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə
malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan
Respublikasında qəbul olunan qanunlar və qanundan aşağı qüvvəli normativ hüquqi aktlar
Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır (Azərbaycan Respublikası
Konstitusiyası, maddə 147).
Bir ictimai formasiyadan digərinə keçid bütövlükdə cəmiyyət həyatının müxtəlif
sferalarında köklü dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion dəyişikliklərin
edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə
Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində, 18 mart 2009-cu ildə isə 46
maddəsinə əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Bu əlavə və dəyişikliklərin edilməsi
respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir.
§6. Azərbaycan dövlətinin konstitusiya statusu
Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I
bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin
konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya
Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası
Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi
Əsaslar» və s.
Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental
əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn
başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz
əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.
Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq
hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü;
Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar;
dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun
müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya
quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən
dövlətin təşkili üsullarıdır.
Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili;
dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı
meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial,
siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu
konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər
bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.
Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18
oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra
atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış
oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına
məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik,
unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət
hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s.
Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.
Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir.
Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik,
hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya
quruluşunun aşağıdakı struktur elementlərində tapır:
a) xalq hakimiyyəti;
b) hakimiyyətin bölgüsü;
c) siyasi plüralizm;
ç) yerli özünüidarəetmə.
Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü
müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və
müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq
tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın
iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının
dəyişməsinə mandat məhz ondan gəlir.
Azərbaycan Respublikası Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
-
Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini
bilavasitə həyata keçirir.
-
Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən
dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |