1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Müəllimin cəmiyyətdə rolu və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə7/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   2   3   4   5   6   7   8   9   10   ...   35
Pedogika imtahan suallarının cavabları copy

9)Müəllimin cəmiyyətdə rolu və vəzifələri. Bəşər cəmiyyəti yaranandan əldə edilmiş təcrübənin gənc nəslə ötürülməsi vacib hesab edilmiş, bu işlə məşğul olan insanların, yəni müəllimlərin əməyi yüksək qiymətləndirilmişdir. Bəşəriyyətin bütün işıqlı şəxsiyyətləri, qüdrətli zəka sahibləri, pedaqoji elmin korifeyləri müəllimliyi bütün peşələrdən uca tutmuş, onu gənc nəslin təlim-tərbiyəsində başlıca istiqamətverici qüvvə hesab etmişlər.
Ulu öndər H.Əliyev qeyd edirdi ki, “ Həyatını müəllimliyə həsr edən insanlar ən fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur, çünki gələcək cəmiyyət məhz onun yetirmələrinin əli ilə qurulur. Keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır. O, mədəniyyətin, sosial dəyərlərin daşıyıcısı kimi mühüm bir missiyanı yerinə yetirir.Müəllim öz fəaliyyəti ilə keçmişin sınaqlarından keçib gələn elmi, mədəniyyəti gənc nəslə ötürür, eyni zamanda onlara dövrün tələblərinə uyğun bilik, bacarıq və vərdişlər aşılayır.
Insan resurslarının müasirləşdiyi, maddi kapitalın insan kapitalına çevrildiyi hazırki şəraitdə müəllim əməyinin əhəmiyyəti daha da artır. Çünki müəllim gənc nəslə təkcə elmlərin əsaslarını öyrətmir, eyni zamanda onlara ən nəcib əxlaqi keyfiyyətlər, vətən, torpaq sevgisi, mənəvi dəyərlər aşılayır. Onun ən ali məqsədi məhz bundan ibarətdir. Bu gün vətənə sevgisini canı-qanı ilə sübut edən, vətənpərvərliyi həyat amalına çevirən Azərbaycan gəncliyi müəllimlərimizin şah əsəridir.
Pedaqoji fəaliyyət prosesində müəllim bir sıra vəzifələri yerinə yetirir.
Müasir dövrdə müəllimin birinci vəzifəsi şagirdlərə öyrənməyi öyrətməkdir. Vaxtilə ərəb filosofu İbn Xəldun yazırdı: “Hər öyrədən müəllim deyil, kimdən ki, öyrənirsən, müəllim odur”. Müasir müəllim təlim prosesində bilikləri sadəcə hazır şəkildə ötürmür, bələdçi, istıqamətverici, fasilitator rolu oynayaraq biliklərin müstəqil şəkildə əldə edilməsini təmin edir.
Müəllim idarəetmə vəzifəsini yerinə yetirir və buna 2 yolla nail olur: diaqnostlaşdırma və proqnozlaşdırma yolu ilə. Yəni müəllim məktəblilərin fiziki və psixi inkişafını, davranışını izləyir, onların əqli hazırlıq səviyyəsini, ailədə tərbiyə şəraitini öyrənir, buna uyğun olaraq məqsədi düzgün müəyyənləşdirir və öz işinin nəticələrini qabaqcadan görməyi bacarır.
Müəllim layihələşdirici vəzifəni yerinə yetirir, yəni gələcək fəaliyyətinin modelini qurur, məqsədinə nail olmaq üçün yollar və vasitələr seçir.
Müəllimlik sənətinin bir sıra özünəməxsus xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, müəllimlik çox şərəfli və nəcib peşədir. Görkəmli Azərbaycan maarifçisi Sultan Məcid Qənizadənin fikrincə , “ Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir, bağ bağbansız yaşaya bilmədiyi kimi bəşəriyyət də müəllimsiz yaşaya bilməz “. Çünki hər bir millətin tərəqqisi məktəblə,məktəbin tərəqqisi isə müəllimlə bağlıdır.
Müəllimlik son dərəcə məsuliyyətli bir peşədir. Cəmiyyət öz fiziki sağlamlığını həkimlərə, mənəvi sağlamlığını isə müəllimlərə etibar edir. Həkimin səhvi bir xəstənin həyatını itirməsi ilə nəticələnirsə, müəllimin səhvi bütöv cəmiyyətin mənəvi şikəstliyi, faciəsi deməkdir.Qədim yunan filosofu Platon qeyd edirdi ki, əgər pinəçi ayaqqabını pis tikmişsə, bundan bir afinalı zərər çəkər, müəllimin səhvi isə bütün Yunanıstana ziyan gətirər. Ona görə də müəllim öz işində səhv edə bilməz.
Müəllimlik həm də çox mürəkkəb peşədir: müəllim bir-birinə bənzəməyən şagirdlərlə, müxtəlif xarakterli valideynlərlə çalışır. Bu baxımdan o, çox yüksək ünsiyyət və əməkdaşlıq mədəniyyətinə sahib olmalıdır.
Pedaqoji ədəbiyyatda müəllimə verilən tələblər üç qrupa bölünür:
I. Ümumi tələblər- bir ziyalı olaraq müəllimin şəxsiyyətinə verilən tələblərdir ki, buraya müəllimin dünyagörüşü və əqidəsi, fəal həyat mövqeyi, vətəndaşlıq məsuliyyəti, ictimai borca şüurlu münasibəti aiddir.
II. Xüsusi tələblər - müəllimin pedaqoji- psixoloji hazırlığına verilən tələblərdir ki, buraya onun bilik və bacarıqları daxildir.
III. Spesifik tələblər- yəni müəllimin konkret ixtisas və metodik hazırlığına verilən tələblərdir.
Pedaqoji ədəbiyyatlarda müəllimin bacarıqları, yəni pedaqoji qabiliyyətləıri aşağıdakı kimi təsnif olunur:
1.Didaktik qabiliyyət – tədris materialını, əyani vasitələri, avadanlığı seçmək və hazırlamaq , tədris materialını anlaşıqlı, aydın, ifadəli, inandırıcı və ardıcıl şəkildə şərh etməkdir.
2.Təşkilatçılıq qabiliyyətinə şagirdlərin tədris və sinifdənkənar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, onların davranış və fəaliyyətini idarə etmək, şagird kollektivində işgüzar əhvali-ruhiyyə yaratmaq , görülən işə yekun vurmaq aiddir.
3.Kommunikativ qabiliyyət ( ünsiyyət bacarıqları) –şagirdlər, onların valideynləri, müəllim həmkarları, məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər yaratmaq bacarığında özünü göstərir.Ünsiyyət üslubuna görə müəllimləri avtoritar, liberal və demokratik olmaqla üç qrupa bölürlər.
Avtoritar ünsiyyət üslubu subyekt-obyekt münasibətlərinə əsaslanır.Bu zaman müəllim həmişə hökmran mövqedə dayanır, şagirdlərin fəal olmalarına şərait yaratmır. Liberal üsluba malik müəllimlər şagirdlərin işinə qarışmamağa çalışır, neytral mövqe tuturlar. Demokratik ünsiyyət üslubuna malik müəllimlər isə şagirdi subyekt kimi, bərabərhüquqlu tərəf-müqabil kimi qəbul edir,şagird kollektivinə hörmətlə yanaşır,onların müstəqilliyini boğmur, rəy və təkliflərini nəzərə alır. Bu gün təhsilin humanistləşdirilməsi, şəxsiyyətyönümlülük kimi prinsiplərin reallaşdırılması eyni zamanda demokratik ünsiyyət üslubuna əsaslanır.
Müəllim- şagird ünsiyyəti verbal (nitq vasitəsi ilə) , qeyri- verbal ( mimika, jestlər, duruş), vizual ( baxışlar-gözlər vasitəsi ilə) və taktil yolla ( əsasən kiçik yaşlı şagirdlərin başını sığallamaq, xoş sözlər demək və s.) həyata keçirilir.
4.Perseptiv qabiliyyət- şagirdin daxili aləmini duymaq, onun emosional vəziyyətini düzgün qiymətləndirmək, özünü fikrən şagirdin yerində qoymaq bacarığıdır.
5.Suqqestiv ( təlqinedici) qabiliyyət- şagirdlərə emosional - iradi təsir göstərməkdən ibarətdir. Təbii ki, bütün müəllimlər şagirdlər üzərində eyni təsir gücünə malik deyildir. Yalnız şagirdlər tərəfindən sevilən, daha çox nüfuz qazanan müəllimlər onlara emosional-iradı təsir göstərə bilirlər.
6. Tədqiqatçılıq qabiliyyəti- pedaqoji situasiyaları düzgün dərk etmək və qiymətləndirməkdir.
7.Elmi-idraki qabiliyyət- seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə