1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

  
35 
 
salamatçılıqla qurtaracağına inam bəsləyirdi. Sonra da hərzəçənə adamlara qulaq asdığı 
üçün özünü danlayırdı. Əslində ona ürək-dirək verənlər yalan danışdıqlarını bildikləri 
halda,  özlərini də öz yalanlarına inandırmaq istəyirdilər. Öz yalanlarına inananlar da 
olurdu,  inanmayanlar  da.  Həyat  doğru  ilə  yalanın  birgəliyində  davam  edirdi. 
Gülüşlərdəki  gözyaşları,  gözyaşlarındakı  gülüş  gecələrdəki  səhər,  səhərlərdəki  gecə 
kimi  idi.  İnsan  yarandığı  gündən  göylərə  əl  açır,  yerlərə  səcdə  edirdi.  Dünyanın  hər 
yerində  insanlar  xoşbəxt  və  bədbəxt  idilər.  Hindli  çoxüzlü,  çoxgözlü,  çoxqollu, 
çoxayaqlı Buddanın qabağında oynamayaydı, nə edəydi? Yəhudu Allaha dua etdikcə 
başını  daşa  döyməyəydimi?  Xristian  ikonalar  qarşısında  xaç  çevirməyəydimi? 
Müsəlman yeri və göyü yaradana əl açmayaydımı?  
       Bəs  insan  insanın    qarşısında  özünü  necə  aparsın?  Məsələnin  çətin  yeri  də  elə 
burasıdır. Salamlaşma insani ünsiyyətin başlanğıcı hesab edilir. Birisi başı ilə, digəri 
əlini ürəyinin başına qoyub baş endirməklə, bir ayrısı ayağını gen qoyub kiməsə yol 
verənlər sayağı sağ əlini tam açaraq yarı qatlanmaqla, nə bilim, daha nə kimi pozalarla 
qarşısındakını salamlasa da, bu hələ hamısı deyildir. Axı, varlı kasıbın, güclü gücsüzün, 
qalib məğlubun, müstəntiq müttəhimin, ağa nökərin ilk olaraq salam verməsini gözləyir. 
Həm  də  el  içində  böyük  kiçiyə,  yuxarıdan  gələn  aşağıdan  gələnə  salam  verməlidir 
deyirlər. Elin gözü tərəzi, sözü düz olsa da, tarazlığın pozulduğu, düzün əyildiyi şəraitdə 
yaşayan insanlar necə də miskin görünürlər! Hər kəsin öz tərəzisi və öz daşı olsa da, heç 
kimin  tərəzisi  və  daşı    heç  kimin  tərəzisinə  və  daşına  uyğun  gəlmir.  Uyğunluq 
məqamında da nəsə olur. Zor və zorakılıq öz işini görür. İnsan həmişə ehtiyatlı olmaq 
zorunda qalır.  
       Bu axşam da eləydi. Qızı Kubra və yeznəsi Mirəli Axundov onlara gözaydınlığına 
gəlmişdilər.  Onlar  da  görən  olmasın  deyə  özlərini  axşam  qaranlığına  saxlamışdılar. 
Hamı süfrə başında idi. Dövrə vurub oturmuşdular. Əbdüləli, Əbdülməcid yan-yanaşı 
idilər. Hamidi bacısı  Kubra dizləri üstə oturdurmuşdu, arabir başını sığallayırdı.  Güllü 
xanım sınıqlığını üzə vurmamaq üçün hərdənbir gülümsəyirdi. Hacı Lətif kişi də özünü 
Güllü xanım kimi sevincək  göstərmək istədiyindən yumşaqlıqla soruşdu: “Bala, Mirəli, 
universtəni qurtardın, eləmi?” 
       -Bəli, qurtardım. 
       - Nə yaxşı ki, familinə dəymədilər, Axundovluğunda qaldın. 
       Bu qəribə sözlərdən hamının dodağı qaçdı. Qaynatasının sözləri qəribliyə düşməsin 
deyə Mirəli Axundov bir az ətraflı danışmaq istədi: 
        -Mən 1923-1926-cı illərdə həm Zaqatala şəhər ibtidai məktəbinin müdiri idim, həm 
də Zaqatala Sənaye və Kənd təsərrüfatı texnikumunda  dərs deyirdim.  İndi bizim bu 
Şəkidə 2 №-li uşaq evinin yaradıcısı və direktoru, mərhum Firidun bəy Köçərlinin həyat 
yoldaşı  Badisəba xanım 1926-cı ildə səbəbkarlıq edib maarif komissarı bolşevik Şəkili 
Mustafa  Quliyevdən  mənim  alı  təhsilimi  davam  etdirməyimə  razılıq  almasaydı,  mən 
keçən il Universitetin
  
biologiya fakültəsini
  . 
 
qurtarıb  yenidən  Zaqatalaya  qayıda  bilməyəcəkdim.  Onda  Badisəba  xanım  Köçərli 
Zaqatala  qız  seminariyasının  müdiri  idi.  O  ki,  qaldı  mənim  familiyama,  bəlkə  də, 
Mustafa Quliyevin razılığı ilə təhsilimi davam etdirmişəm deyə dəyməyiblər.  Nə yaxşı 
ki, Mirəli Axundov olaraq qalmışam.  


  
36 
 
       Yenə də gülümsədilər. Hüsniyyə xanım ərklə əlavə etdi: “Az özünü təriflə. Güya 
ki, dədəm səni tanımır.” 
        
 
 
      
 
 
               
Əməkdar elm xadimi, professor
 
Mirəli Abdulla oğlu Axundov(1902-1992) 
 
       Sözün-söhbətin  bu  məqamında  Əbdüləli  öz  yerində  sakitcə  oturan    Əbdülməcidi 
göstərərək dedi: “Ay yeznə, heç deməzsənmi ki, papaq altında oğullar var. Qoy böyüsün, 
Əbdülməcid lap böyük kişi olacaqdır.” 
        Hamı birağızdan cavab verdi: “Allah ağzından eşitsin. Gün o gün olsun!” 
        Mirəli Axundov Əbdüləliyə müraciətlə əlavə etdi:”Əbdüləli, sən müəllim adamsan. 
De görüm, yolçu harda gərəkdir?” 
        Əbdüləli tələm-tələsik cavab verdi: “Yoçu yolda gərəkdir.” 
        Hamı  ayağa  qalxdı. Salamatlaşdılar.    Kubra xanım  atasının  boynunu qucaqlayıb 
ağladı. Hacı Lətif kişi özünü toxdadıb acıqlanırmış kimi   Kubra  xanımı danladı:”Ay 
qızım.Ölüyə ağlayarlar. Mən ki, hələ ölməmişəm. Özünü ələ alsana!”  Güllü xanım da 
öz növbəsində ərinin sözlərinə qüvvət verdi: “Hələ ki, ağlamalı bir şey yoxdur. Qızım, 
Allah da var, rəhmi də vardır. Gedin, yolda-izdə ehtiyatlı olun!”  
        Darvazanın  ehmallıca  üç  dəfə  döyülməsi    adamların  təəccüblə  bir-birinə 
baxmasına səbəb oldu. Mirəli müəllim dərhal dilləndi: 
       -Narahat olmayın, fayton kirayələmişəm. Faytonçudur. Dediyim kimi eləyir. Bəlkə, 
hələ mən gedəndən sonra o biri yeznəniz Mirhəsən qızınız  Hüsniyyə xanımla sizə gəldi. 
Vaxtında gəlsəydilər, bacılar da bir-birini görərdilər. Di salamat qalın. 


  
37 
 
       Güllü  xanım  qonaqların  arxasınca  bir  fincan  su  atdı.  Əbdüləli  isə  onları 
darvazayacan ötürüb qayıtdı. 
 
********** 
***** 
 
Gəncəyə doğru 
XI 
        
Hacı Lətif kişinin evdə göz dustağı olduğu bir aya çatırdı. Güllü xanım vaxtın 
uzanmasından xeyli ürəklənmişdi. Arabir deyirdi: “Ay kişi, bəlkə, heç məhkəmə-zad 
olmayacaq.  Bəlkə,  səni  daha  heç  çağırmayacaqlar  da.”  Hacı  Lətif  kişi  arvadının  bu 
sözlərindən  bəzən  ürəklənirdi  də.  Onda  təsbehini  bir  dəfə  çevirib  deyirdi:  “Allah 
ağzından eşitsin, ay arvad! Amma elə nağıllara daha mən inanmıram.”  
         Elə  də  oldu.Aprelin  19-də  verilən  çağırış  vərəqəsi  hər  şeyi  alt-üst  etdi.  Çağırış 
vərəqəsini oxuyan Əbdüləli müəllimin rəngi dəyişdi. Bunu hiss edən atası ona dedi: “Ay 
oğul, oxu, görək nə yazıblar.” Anası da, qardaşları da Əbdüləli müəllimə zillənmişdilər. 
Əbdüləli  müəllim  köksünü  ötürərək  cavab  verdi:”  Nə  yazacaqlar?  Yazıblar  ki,   
Məmmədov Hacı Lətif Rəsul oğlu, Məmmədova Güllü, Məmmədov Əbdülməcid Hacı 
Lətif oğlu 20 aprel 1931-ci il tarixdə Gəncədə olacaq məhkəmə iclasında iştirak etmək 
üçün  Şəki  dustaqxanasının  qarşısında,  qala  qapısının  ağzında  səhər  saat  9-da  hazır 
olsunlar. Məmmədova Güllüyə azyaşlı uşağını və zəruri əşyalarını özü ilə götürməyə 
icazə verilir.”   
          Əbdüləli  müəllim  susdu.  Hamının  köksü  qalxıb  endi.  Hacı  Lətif  kişi  sükutu 
pozdu: “Neyləməli? Onsuz da mən bəzi nağıllara inanmırdım.” 
         Yır-yığış çox da uzun çəkmədi. Onlar Gəncədə olacaq məhkəmənin hansı qərarı 
çıxaracağını,  yollarının  Gəncədən  daha  haralara  düşəcəyini  bilmirdilər.  Onların 
qarşısında  dumanlı  bir  vadi  uzanırdı.  Bu  vadidə  ümidlər,  arzular,  hətta,  xəyallar  da 
dumana bürünmüşdü.   
 
********** 
***** 
 
       Qala qapısının ağzı qələbəlik idi. İynə atsaydın yerə düşməzdi. İşi olan da, olmayan 
da,  adam  yola  salan  da,  salmayan  da  oraya  yığışmışdı.  Çoxdan  idi  ki,Nuxada  qala 
qapısının ağzı  səhnəyə, insanlar isə tamaşaçıya çevrilmişdilər. Orada elə adamlar var 
idi  ki,  səhnədə  oynanılan  tamaşanın  komediya,  yoxsa  faciə  olması  onlar  üçün 
əhəmiyyətli deyildi. Onlar üçün maraqlı olan o şey idi ki, görək hansı kişi hökuməti 
söyəcək,  hansı  qadın  hökuməti  qarğıyacaqdı.  Onlar  da  söz  alıb,  söz    satacaqdılar. 
Səhnədə olanlar isə  poqonlular idilər. Qaradinməz, zabitəli, zəhmli olan bu adamlara 
nifrətlə baxırdılar.Tamaşaçıların çoxu onlara inanmırdı. Amma neynəməli ki, tamaşanı 
onlar qurmuşdular, onlar da idarə edirdilər. 
      Budur,  güzgüsünə  qara  kələğayı  bağlanmış  qara  maşın  gəldi.  Qara  maşın,  qara 
kələğayı həbs və sürgün simvolu idi. Poqonlu və zəhmli aktyorlardan biri səhnəyə çıxdi 
və uca səslə siyahını oxumağa başladı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə