A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə20/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   16   17   18   19   20   21   22   23   ...   171

 64 

evlənəcəyik. İstədim deyəm ki, bax, sən elə bilmə ki, biz bircə 

axşam, hətta bircə bu axşam bir–birimizdən ayrı dura bilərik. 

Yox, biz ayrılmadıq. Mən onu özgələrin yanında qoymadim. 

Onun axşamını, təbəssümünü, saçlarının iyini başqalarına 

vermədim. Yox, bu müvəqqətidir. Bilirsən, dostum, nə var, 

mən onu müvəqqəti olaraq ora – xalasıgiləmi bilmirəm, 

bibisigiləmi bilmirəm, apardım. Bir balaca işi var. Bir balaca 

işim var. Yarım saatdan sonra taksi tutub dalıycan gedəcəyəm, 

onu götürüb gətirəcəyəm. 

Mən demək istəyirdim ki, mən vaxta qalib gəlmişəm, bu 

yağışlı axşam, çox–çox illər bundan qabaq isti gündüz çağı 

itirdiyimi tapmışam və tapdığımdan elə muğayat olacağam ki

bir də itirməyim, ömür gecəsinin sonuna kimi itirməyim. 

–Buyur. 

Maşın dayandı. Gəlib çatdıq. Pul verdim. Düşdüm. Heç nə 

demədim, heç nə deyə bilmədim. Taksi tərpəndi. Yaxasında 

yaşıl düymə. 

Ardınca baxdım, baxdım və birdən qərara gəldim. 

–Ey, saxla, saxla, görüm ey! Taksi! 

Taksi elə bil diksinib dayandı. Çağırdım. Qayıtdı. Oturdum. 

Sürücü qaranlıqda təəccüblə  mənə baxırdı. Mənim üzüm 

gülürdü. 

–Fikrimi dəyişdim, – dedim, – sür gedək. 

–Hara? 

Mən dedim: 



–Qızı düşürdüyümüz yerə, – sonra inamla əlavə etdim.– 

Nişanlımı... 

–Aa... çox gözəl. 

Sürücü də gülümsündü. Gülümsündü də sözdü. Lap ağzı 

getdi qulağının dibinə. Vallah, bu dəqiqə o mənə qardaşımdan 

əziz idi. Mən  ən yaxın bir adam kimi onunla qəlbimdəkiləri 

bölüşdürmək istəyirdim. 

–Bilirsən, – dedim, – bir balaca qonaqlıq kimi var. Qızın 

dostlarıgildə. Mən getmək istəmirdim, işim vardı. Amma 

downloaded from KitabYurdu.org




 65 

birdən fikirləşdim ki, qızı nahaq tək qoydum. Nə biləsən orda 

kim olacaq.  

Sürücü böyük həvəslə razılaşdı: 

–Əlbəttə, əşi... insan çiy süd əmib... 

Mən ona papiros təklif etdim. Spiçka çəkib papirosunu 

yandırdım. Sonra papirosumu da odladım.             

–Hə, – dedim, – fikirləşdin ki, işim sabaha da qalsa olar. 

Qoy gedim nişanlımın yanında olum.  

Mən özüm öz dediklərimə  səmimi surətdə inanırdım. 

İnanırdım ki, hər  şey məhz mən danışdığım kimidir. Yaxud 

mən dediyim kimi olacaq.  Fərqi yoxdur. 

Sürücü yenə mənə baxdı və yenə də bic-bic güldü. 

–Tamamilə doğrudur, – dedi. Sonra zarafatyana əlavə etdi. – 

Onu da deyim ki, nişanlın səninçün yaman darıxıb. Lap 

burnunun ucu göynəyir. 

Mən inamla dedim: 

–Bəs necə ki, əlbəttə! – Sonra təəccüblə soruşdum: – Bəs 

sən hardan bilirsən? 

Sürücü mənalı-mənalı baxdı: 

–Necə yəni hardan, papirosundan, – dedi. 

Mən anlamadım. 

O, izah etdi. 

–Gör papirosun necə alışıb. El içində söz var, əlamət var: 

deyir papirosun bir tərəfi yananda, bir yanı alışanda, bu o 

deməkdir ki, kimsə səninçün yaman, yaman darıxır. 

Yağış azalmışdı. Küçə adamla dolu idi. Axı, bu gün bazar 

axşamıydı. Adamlar kinolara, teatrlara, konsertlərə tələsirdilər. 

Bəziləri də elə belə küçədə gəzməyə çıxmışdılar. 

Havada bahar iyi duyulurdu. Soyuq idisə də, bu mart soyuğu 

idi, baharın ərəfəsi. 

Könlümdə də mart idi. Baharın ərəfəsi. 

Musiqi səsi gəlirdi. Aydın, təmiz eşidilirdi. Sanki radio 

dalğaları uzaq şəhərdən Bakıya qayıtmışdılar.  İşıqforun yaşıl 

bəzəkləri bütün yol boyu sapa düzülmüşdü. 

downloaded from KitabYurdu.org




 66 

Mən qəribə bir duyğu keçirirdim. Nədənsə, mənə elə gəlirdi 

ki, mağazadan qiymətli və çox kövrək bir güldan oğurlamışam. 

Bunu başqaları öz qiymətinə, öz dəyərinə, qanuni yolla pul 

verib alacaqdılar. Mən isə bir an içində  xəlvətcə bu güldanı 

götürüb qaçmışam. Mən hey qaçır, qaçır, qaçıram, hara 

qaçıram – bilmirəm. Qorxuram ki, tələsdiyim, həyəcanım, 

təlaşım, nigaranlığım nəticəsində büdrəyib yıxılam, güldanı 

sındıram. Qorxuram ki, məni haqlayalar, güldanı tutub əlimdən 

alalar. Qorxuram ka, ürəyim partlaya, yıxılam, öləm, güldanı 

aparıb çatdıra bilməyəm. Amma büdrəməsəm də, məni 

haqlamasalar da, yıxılıb ölməsəm də hara gedirəm? Hara 

qaçıram? Hansı ocağa pənah aparıb, hansı evdə  sığnaq 

tapacağam? Hara? Hara? 



Qapıda tanımadığım bir qız dayanmışdı. 

– Kimi istəyirsiniz? 

Otaqda bir həngamə, bir vur–çatdasın vardı ki, ağız deyəni 

qulaq eşitmirdi. Musiqi, səs–küy, qədəhlərin, çəngəl-bıçağın 

cingiltisi... 

–İçəri keçin. 

İçəri keçmək sərhəddi keçmək deməkdi. Calayiyaş olmaq 

deməkdi. Gənclik dilində danışanlar içində  əcnəbi, sevinc, 

şuxluq dəryasında tənhalıq adası olmaq deməkdi. 

Birdən mən otağın açıq qapılarından Nərgizi gördüm. O 

rəqs edirdi. Yaşıl paltarının yaxasına bayaqkı al qırmızı 

güllərdən biri sancılmışdı. Çiyinləri çılpaq idi. O müasir qızdı. 

Saçları gödək, danışıq tərzi, düşünüş tərzi, yaşayış tərzi müasir. 

Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir. 

Amma indi o qədim bir rəqs oynayırdı. Qədim bir Qarabağ 

rəqsi. Onun oyununda qəribə bir ahəng vardı. Sümüklərinin, 

əzələlərinin plastikası iləmi, üzündəki ifadənin işvəkarlığı 

iləmi, hərəkətlərinin  şirin, naz qəmzəsi iləmi, deyə bilmərəm, 

amma nə iləsə bu rəqs xəyalımda heç bir vaxt görmədiyim 

keçmişləri, çox qabaqlar yaşamış  gəlinlərimizi, qızlarımızı 

downloaded from KitabYurdu.org




 67 

canlandırırdı. Heç bir vaxt kişi üzünə çıxmayan, kişi nəzəriylə 

oxşanmayan, sığallanmayan, qanadlanmayan gəlin-qızların 

qədim həsrəti bu axşam kişilər-gənclər içində rəqs edən müasir 

qadının bütün hərəkətlərinə, bütün varlığına aşılanmışdı. Bu 

gün kişilər içində rəqs edən bu qız sanki əsrlərlə qara çadralar 

altında boğulan qadınlıq hissinin ən kövrək,  ən xəfif,  ən inçə 

gizlinlərindən, sirlərindən, intizarlarından danışırdı. 

Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey lazım 

deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu nigaran 

duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəvvür, bu 

xəyal yaddaşımın, xatirələrimin,  əbədi, vəfalı, həmdəmi 

olacaqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi. Qız xəbər 

aldı: 


–Axı, sizə kim lazımdır? 

–Heç kəs, – dedim. – Bağışlayın, yanılmışam, səhv 

gəlmişəm, azmışam. 

–Aaa. 


Axırıncı pilləni düşənəcən musiqi səsi aydın eşidilirdi. 

Yorğun ahəngli sərkərdan bir melodiya sanki öz aramını, 

sakitliyini, sonunu axtarırdı, tapa bilmirdi. 

Küçəyə çıxdım. Taksi getmişdi. 

Nə  fərqi var! Piyada gedə bilərdim, ya da ayrı taksi tuta 

bilərdim. Bəlkə təsadüfən bayaqkı taksiyə rast gələ bilərdim. 

Eh! Taksini qaytarmaq çox asandır... 

 

1961 

 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə