A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə60/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   56   57   58   59   60   61   62   63   ...   171

 212 

etdi: – Zəki, birdən ürəyinə ayrı  şey gələr ha. Sən də bu yay 

qəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır. 

–Əşi, ay Murtuz, heç istəmirdim, bilsən  Əsəd başıma nə 

oyun açdı, güclə saxladı. Deyir... 

Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı. 

–Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox, 

qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusi 

fərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır. 

Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunu 

da. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti də 

olmaz. Elə deyil? 

–Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu ali 

məktəblərdə rüşvət məsələsinə  də çox inanmıram. Bəlkə indi 

Bakının on beş institutunun birində bir ya iki nəfər elə 

namussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki, 

nə bilim daha necə!.. 

Murtuz dərhal mənimlə razılaşdı. 

–Elədir, Zəki,  əlbəttə, düzdür, amma axı onu da adamın 

vicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyə 

adam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən? 

Yaraşmaz e, yaraşmaz! Nə  cəmiyyətimizə yaraşan işdi, nə  də 

xalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözü 

qarşısında güllələyərəm! 

–Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədə 

söhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax, 

mənim institutumda bircə  nəfər elə adam göstərin, sonra 

tamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başına 

nə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, bilə 

qanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır! 

–Ooo,  Əsəd ayrı  oğlandır. Kişi adamdır. Amma, Zəki, 

bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç bir 

şey isbat edə bilməz. Dərd də ondadır da! 

–Bəli. 


İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı 

downloaded from KitabYurdu.org




 213 

açıb "uzun" düzməyə başladı. Mən atdım–"se". O atdı "pənc". 

Murtuz hər iki zəri əlinə alıb dedi: 

–Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailən 

böyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü! 

–Özümüzə çatır. Dübarə! 

–Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar. 

Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, daha 

yaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düz 

demirəm? Hamı istəyər axı. 

–Doğrudur. 

–Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bu 

cəhənnəm istisində qalmışam burda. Özüm də  xəstə. 

Cəhənnəmə, dünyanı  mən düzəltməyəcəm ki, bir iyirmidən, 

otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimi 

çəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, o 

imtahan verib instituta girənin də. 

Mən zərləri kənara qoydum: 

–Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də. 

Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Amma 

bu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefi-

damağı necə olsun? 

Murtuz əllərini havada yellədi. 

–Məsələ  də elə burdadır də. At zərivi. Yeqanlar! Burda 

ortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrət 

məsələsi. Şeş se. Bu şeş, bu da se. 

–Bilmədin, se əldən idi. 

–Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi. 

– Deyir tüpürürəm sənin otuz mininə  də,  əlli mininə  də. Bir 

parça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsiz 

qalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözünün 

içinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox? 

–Elədir ki, var, – dedim. – Şeş qoşa! 

–Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə  iş tutaq ki, 

xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir. 

downloaded from KitabYurdu.org




 214 

Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaq 

olmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millət 

bizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki bir 

məndən nə istəyir!... Zəki, bilirsən, bizim millətin gözəl bir 

ənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki... 

Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu bilə 

bilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözü 

yarımçıq qaldı.  

Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi. 

İkinci kişini ilk dəfə görürdüm. 

–Xoş gəlmisiniz, buyurun, Sadıq,   içəri keçin. 

–Zəki müəllim, bizim xalaoğluyla tanış ol. 

–Çox şadam, Zəki İmanzadə. 

–Teyyub Cahangirov. 

–Zəki müəllim, deyəsən qonağın var? 

–Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətli 

müəllimlərdəndir. 

Sadıq əl verdi: 

–Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik. 

İndi şükür, feyziyab olduq. 

Murtuz dedi: 

–Yaxşı igidin adını eşit, üzünü görmə.  

Sadıq irişdi: 

–Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəki 

müəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, – 

deyəsən marsdı? 

–Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzu 

burda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciət 

etdim: – Çaydan, çörəkdən? 

Razılıq etdilər. 

–Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşı 

qulluq eləyə bilməyəcəm. Amma indi olandan... 

–Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən

dedik bir baş çəkək, görək nə var, nə yox. 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə