Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə72/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

– Nəyə haqqımın olmadığını yaxşı bilirəm. Mənim işim sizin kimilərin burnunu
əzməkdir.
Sonra ətrafa boylanıb heç kimin görmədiyinə arxayın olub:
– Sənin türkün də, Rəsulzadən də, sən də vecimə deyilsiniz. Çox danışarsan,
qabırğalarını qıraram sənin, – dedi.
Muradın ürəyində şübhə yeri qalmamışdı. “Damarında bu xalqın qanı axan adam
belə danışmaz.
Budur bax, gizli savaş. Qida ilə, dərmanla aparılan uzun əməliyyatlara ehtiyac
yoxdur. Hazır yeni cins “azər​baycanlı” polis geyimində dayanıb qarşısında.
Dünənə kimi küçələrdə dilənən və özünü qaraçı sayanlardandır. Bu gün kin, nifrət
saçır.
İfadələr alınandan sonra tutulanların çoxu sərbəst buraxıldı. Fəal üzvlərdən bir
neçəsi, o cümlədən, Murad saxlanıldı. “Aspirantlığını, Akademiyada çalışdığını
eşidib yumşalarlar, bəlkə üzr də istəyərlər”, deyə düşünsə də, əksinə, bunu
biləndən sonra üzlərdəki istehzalı ifadə bir az da dərinləşdi.
İttiham ağlasığmazdı: “İqtidara böhtan atmaq. Dövlətin etibarını sarsıdan və
konstitusiya ilə qadağan olunmuş təbliğat aparmaq”.
Murada qarşı əlavə bir maddə də vardı: “Polisə mü​qavimət”.
Harda? Nə zaman? Necə?
Soruşub özünü yormaq əbəsdir. Yan otaqdan sıravi bir polis çıxır. Çiynindən
sallanan paqonu göstərərək: “Sən Azərbaycan polisinin paqonunu qoparmısan! –
deyir. – Şahid ortada, sübut ortada”.
Sərbəst buraxılan tanışlardan Şahinə və instituta xəbər vermələrini xahiş etdi.
Televiziya və mətbuat işə düşdü. Dərnəyə basqını televiziyaya, qeyri-hökumət
təşkilatlarına növbəti təzyiq kimi qiymətləndirən məqalələr yazıldı.
Şahin televiziya ilə məsələnin tezlikcə araşdırılması üçün DİN-ə ayrıca müraciət
etdi.
Bu xəbər akademik Ziyad Şıxlını hövsələdən çıxardı. Maşını düz Şüvəlana
sürdürdü. Rəis onu hörmətlə otağına dəvət etdi. Muradı da ora gətirtdi.
Xəcalətindən elmi rəhbərə nə deyəcəyini bilmir.
– Nə günah işlətmisən? Hansı qancığın qarnından çıxan soxub səni bura?
Murad olanları danışdıqca Ziyad bəy rəng verib, rəng alır. Axırda istehza ilə:
– Cibindən narkotik-zad tapmadılar ki?
Murad elmi rəhbərinin nəyə işarə etdiyini anladı.
– Cibimin yerini tapa bilmədilər.
Akademik üzünü rəisə tutdu:
– Bu məsələ aydınlaşana qədər sən muğayat ol Muraddan.


Rəis:
– Baş üstə, – deyib hörmətli qonağını maşına kimi ötürdü.
Ziyad Şıxlı birbaşa Daxili İşlər Nazirliyinə gəldi. Nazir adını eşidən kimi qəbul
elədi onu. Əhvalatdan xəbərdardı.
“İş sürətləndiriləcək, hər şey qanun daxilində tezlikcə həll ediləcək. Aspirantı
xüsusi nəzarətə götürülüb. Hör​mətli akademik narahat olmasın...” Burda da
hörmətli qonağı qapıya kimi yola saldılar.
Bir gün sonra Muradı yenə görüş otağına çağırdılar. Elmi rəhbəri işi başından
aşan, ağır adamdı, bir sözünü iki eləməzlər, bura gəlib sözünü dedisə, işi bitmiş
sayır, aradan bir gün keçmiş, yenidən gəlməz. “Bəlkə nə isə gözlənilməz bir səbəb
var”. Başqa kim ola bilər? Bir anda Bakıdan görüşünə gələ biləcək bütün dostları,
ilk növbədə Şahin keçdi ağlından. Ancaq görüş otağında gələcəyini heç cür ağlına
gətirmədiyi Aysel gözləyirdi onu. Üstünə yüyürüb boynuna sarıldı Muradın. Sanki
son sözünü deyib gedən qız deyildi. “Niyə həbs ediblər səni? Qəzetdə oxudum
dərnəyə basqın olduğunu və sənin də həbs edildiyini biləndə dəli oldum...”
Divarlar Muradın başına fırlanırdı, bu qədər ürəkdən sevdiyi, Bakıya dönüşünün
ən böyük sevinci, xoşbəxtliyi hesab etdiyi qızı incitdiyinin xəcalətindən nə
edəcəyini, nə deyəcəyini bilmirdi.
– Yaxşı ki, gəldin...
“Necə oldu gəldin?” Gözləmə otağında Muradın gə​lişinədək bu sualı Aysel yüz
dəfə vermişdi özünə. “Özünü ucuz tutursan!” Bu fikrinə hirslənirdi: “Bura
insanların dəyər və qiymətinin ayaq altına atıldığı, buxovlandığı yerdir; sənsə
yenə özünü, öz eqonu düşünürsən. Ayrılmısınız, düzdür, ancaq sevgin yerindədir,
əksinə, görmədiyin günlərdə ürəyin partlayırdı ondan ötrü, Allaha yalvarırdın ki,
kaş yenə bağda üz-üzə gələk; zəng vurmağa, yanına getməyə bəhanə gəzirdin. Anan
halını duyan kimi “o sənin bəxtindir, uşaqlıq edib, hər xırda şeydən araya inciklik
salma!” demişdi. Düzdür, o, Muradın babasıyla bağlı dediyindən xəbərsizdi, bunu
gizlətmisən, ancaq hətta açıb desən də, ananın fikrini dəyişə bilməzdim; “sevgi
olan yerdə belə söz-söhbət boş şeydir, meh kimi ürəyinin közünü daha da
alovlandıracaq. Tale qisməti hər gün çıxmır insanın qarşısına...” Bəli, günlər
keçdikcə o, bu sevgiyə tale qisməti kimi baxır və Muradın da bunu anlayıb
yenidən onun yanına gələcəyini gözləyirdi.
Görüşmədikləri vaxtda Aysel onları ayrı salan, daha doğrusu, Muradın fikrini
dəyişən repressiya illəri və o illərdə babasının fəaliyyəti barədə çox düşünmüş,
özünü Muradın yerinə qoymağa çalışmış və tərəfkeşlik etməsə, ona haqq
qazandırmaqdan başqa yol olmadığını anlamışdı. Xalq üzə vurmasa da, ailəsinin
üstündə ağır bir suç, üzqaralıq vardı. Təkcə onun ailəsi yox, onlarla bənzər ailələr


otuzuncu illərin ləkəsini daşıyır, o illərin şöhrəti töhmətə dönüb asılacaq o
ailələrin sonrakı nəsillərinin boynundan. Halbuki, bu nəsillərin heç bir günahı
yoxdur və keçmiş hadisələrə münasibətdə onun fikri Muradın fikrindən heç nəylə
fərqlənmir və Muradı başa düşmək də çətin deyildir. Bu barədə o qədər
düşünmüşdü ki, hətta bir dəfə yuxusunda Muradın doğulduğu kəndi, Qazaxıstan
çöllərini də görmüşdü. Elə o yuxudan sonra düşünmüşdü ki, bu sıxıntıdan çıxmağın
bir yolu da həyatında həmişəlik dəyişiklik edərək, Muradla birgə Qazaxıstana
getmək, bir müddət o insanların həyatına qoşulmaq, onların ağrılarına, vətən
həsrətinə, amansız tale qismətinə şərik olmaqdı... Onun səviyyəsində olan bir
ailənin rahatlıqla, qayğı görmədən, ərköyünlüklə böyümüş bir qızının öz sevgisi
yolunda bu qədər fədakarlıq edə biləcəyi, hələ bu azmış kimi, ailəsinin çiyninə
iyrənc və cinayətkar mühitin, Stalin rejiminin qoyduğu yükü yüngülləşdirmək
yollarını fikirləşməsi və bundan ötrü yalnız Muradın söhbətlərindən təsəvvür
etdiyi naməlum və çətin bir yola belə getməyə hazır olması kimsənin ağlına
sığmazdı. Kurs yoldaşlarına, rəfiqələrinə desə, onu dəli sayardılar. Ancaq o, bu
qərarını heç kimlə, hətta Muradla da bölüşməmişdi...
Əslində, Səhər xanım da ayıq adamdı, atasının şöhrətini və rahat yaşayışlarını o
illərə borclu olduqlarını bilsə də, ömrü boyu repressiya qurbanlarının
tərəfindəydi, Moskva hakimiyyətinə nifrətini gizlətmirdi. Aysel bunları
unutmamışdı, ancaq bir suala cavab tapmaqda çətinlik çəkirdi: görəsən, otuzuncu
illərin mətbuatında, arxivlərdə Muradın rastlaşdığı materiallardan ata-anasının
xəbəri olubmu? Olubsa, nə hisslər keçirib, hansı sarsıntılardan keçiblər,
münasibətlərində nə isə dəyişilibmi? Təəssüflənirdi ki, bu suallar yalnız indi
meydana çıxıb və atasıyla bu barədə danışmaq, bölüşmək imkanı olmayıb. Çünki
atasının hər sözünə Quran ayəsi kimi inanırdı. Sevgisinə bəraət qazandırmaq
istədiyindən, yoxsa atasının ədalətli bir adam olduğunu bildiyindən, son günlərdə
ondan uzaqlaşmaq istədiyinə görə Murada olan hirsi soyuyurdu; hətta haqq
qazandırmağa çalışırdı ona. Əksinə, öz nəslinin, ailəsinin təəssübünü çəkməsi,
həqiqəti üzə çıxarmaq istəməsi və bu məsələdə hətta öz sevgisinə boyun
əyməməsi, şəxsi xoşbəxtliyindən keçməyə hazır olması Muradın əsl kişi
xarakterini ortaya çıxarmışdı və Ayseli ona daha möhkəm bağlamışdı.
– Gəlməyə bilməzdim!
– Bağışla! Özün deyirdin axı, “sən çölün vəhşisi, yonulmamışın birisən!”
– Deyirdim! Yenə deyirəm! Sözümü dəyişmə​mişəm! Ancaq indi bu barədə
danışmayaq! Neçə gün saxlayacaqlar səni burda?
– Bilmirəm! Heç nə demirlər!
– Yaxşı oldu! Ağlın başına gələr!


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə