Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə74/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

təxribatlara dözməz.
Murad ürəklənmişdi. Həbs olunması neçə vaxtdan bəri ürə​yində yığılmış
fikirlərini dilə gətirməyə bəhanə olmuşdu:
Ziyad müəllim, xoşunuza gəlmirsə də, de​mə​liyəm, siz mənə valideynlərimdən
sonra ən əziz adamsınız. Bilirəm, ölkə rəh​bərini çox istəyirsiniz. Ancaq ola
bilməz ki, ölkədə bu qədər özbaşınalıq olsun və onun bundan xəbəri olmasın.
– Onun nə boyda qayğıları, işi olduğunu bilmirsən? Dağılan, müharibə şəraitində
olan bir dövləti ayağa qaldırmaq asandır? Millətə çörək vermək, bu qədər qaçqını
saxlamaq, yedizdirmək lazımdır. Düşünəndə adamın başı şişir. Elə bilirsən onu
istəməyən azdır? Bir anlığa ölkəyə gəlib-gedənləri, səfərlərini gözünün önünə
gətir. Gör dözə bilərsənmi bu yükə? Cavan olsan da, tab gətirə bilməzsən. Beş gün
həbsdə qalan kimi hər şeyi çaş-baş görürsən.
Murad anladı ki, akademikin hirslənməsinə baxmayaraq, ürəyini boşaltmaq üçün
bundan uyğun vaxt tapmayacaq. Ziyad bəy nüfuzlu adamdır. Sözünü deyəndir və
ona qulaq asırlar. O boyda Məclisdə danışmaq imkanı var.
– Əziz Ziyad müəllim...
Akademik gülümsədi:
– Milli Məclisin kürsüsündən danışırsan elə bil.
Muradın səsinin rəngi və ahəngi dəyişilmədi:
– Mən Bakıdan gedirəm. Qayıdıram Qazaxıstana!
– Başın xarab olub?
– Yox, başım yerindədir, ancaq həbsdə olduğum gün​lərdə dediklərimi çox ölçüb-
biçmişəm. Başqa yolum qalmayıb.
– Nə olub? Qızlar bəyənmir səni? Yoxsa dissertasiyanı bitirməyə gücün çatmadı?
Murad gülümsədi:
– Yox! O məsələlər qaydasındadır. Mən saxtakarlıq eləyə bilmirəm. Mövzumu
bitirsəm və həqiqəti yazsam, sizin kömə​yinizlə müdafiə etsəm də, Attestasiya
Komissiyası təsdiq etməyəcək bu işi. Başqa cür də yaza bilmərəm.
– Açıq de, görüm qarnının altında nə var, nə yazmaq istəyirsən?
– Məni qorxudan bitməmiş bir prosesdən yazmağımdır. Burda bir nəticəyə gəlmək
çətindir. Özünüz də hər şeyi görürsünüz. Şüvəlan gözümü açdı. Yeri gəlmişkən onu
deyim ki, bizim türmələr əsl narkotika bazarıdır. Vaxtilə türmədə işləmiş birinə
rast gəldim, dedi, məni dustaqlar arasında narkotika alverinə mane olduğuma görə
atdılar işdən. İkincisi, elə bil, düşmən əsirliyində idim. Dindirmələr, təzyiqlər,
söyüşlər... Mənə özlərindən biri kimi baxmırdılar. Bu yadlıq hardan gəlir?
– Bu yadlıq deyil, qanunun tələbidir.
– Axı qanunun iki üzü ola bilməz. Qanun qanuna uyğun yaşayanların əlində,


dilində güclüdür. Addımbaşı qanuna tüpürənlər hansı haqla ədalətdən, dövlət
mənafeyindən danışa bilərlər. Əsl komediyadır e, müəllim.
Ziyad bəy söhbəti ayrı istiqamətə döndərməyə çalışdı.
– İndi bildim səni niyə tutublar. Dərnək, Rəsul​za​dənin kitabı bəhanədir. Səbəb
sənin belə danışmağındır.
– Mənim də ağlıma gəlir bu fikir. Ancaq mən küçədə-bazarda danışmıram ki!
Sizinlə hər şeyi danışmaq olar. Siz əvvəlki iqtidarlara boyun əyməyən, “Ağsaqqal
gəlsin, hər şey yoluna düşəcək!” – deyən adamsınız. Nəticə nə oldu?
– Nəticə zaman istəyir.
– Təməl əyri olanda zaman heç nəyi düzəldə bil​mir. Başından böyük danışmaq
olmasın. Ancaq susa bilmirəm. Biz kimlə savaşırıq, Ziyad müəllim? Düşmən təkcə
cəbhənin o üzündə deyil. Həm də içimizdədir. Bizə nifrət edirlər, görməyə gözləri
yoxdur, imkan düşən kimi əzirlər bizi. Düşmən olmasa, məni söyə, millətimi təhqir
edə bilər? Beli bağlı olmasa, kim belə qələt edə bilər, türkü təhqir edən qəzetlər
buraxa bilər? Müstəqil olduq ki, millətimin adına, soyadına, tarixinə,
mədəniyyətinə vurulan Stalin yamaqlarını ataq. Əksinə, indi o yamaqlara bəzəklər
vurulur. Dərsliklərdə, tarix kitablarında hökm sürən özbaşınalığı hamı görür.
Ziyad bəyin yaralı yerinə toxunmuşdu.
– Bunu biz də deyirik. Məclisdə də müzakirə edilir. Yavaş-yavaş yoluna düşəcək.
– Yox, Ziyad müəllim, bu cür getsə, heç nə yoluna düşməyəcək. O gün bir qəzetdə
anası, arvadı erməni olanların siyahısı verilmişdi. Gördünüz?
– Nə olsun? Özgə millətlərin xanımlarına tamah salmaq bizimkilərin köhnə
şakəridir.
– Amma hər axşam telefonla erməni dayıları ilə danışan uşaqların sabah əsgər
gedib dayıları ilə vuruşacağını necə təsəvvür edirsiniz? Bakıda otuz min erməni
var deyirlər, yəqin bir az da çoxdur. Yaşayırlar, kefləri kökdür. Yeznələri,
övladları yuxarı vəzifələrdə. Müharibə gedən hansı ölkədə belə məsul vəzifələr
düşmən qarnından çıxanlara etibar edilir? Bunları biləndən, ölkə iqtisadiyyatının
kimlərin əlində olduğunu görəndən sonra türk sözünün yasaqlanmasına
təəccüblənmirəm. Rahatlığınızı əlinizdən alan məsələlər – genetik savaş, ərzaq,
ekologiya müharibəsi bu gün tam açıqlığı ilə davam edirsə, təsadüfi deyil.
Şüvəlanda özümü taleləri haqqında yazdığınız insanların durumunda gördüm və
anladım ki, axtardığınız siyahı hər il böyüyür. Dövlətimin məmuru indi də mənə
37-ci ilin havası ilə baxır, “sənin burda nə işin var?” deyir. Stalin, Mikoyan
təfəkkürü ilə deyir bunu. Mağara düşüncəsi ilə, işğalçı ehtirası ilə və
çəkinmədən!.. Təkcə sizin himayədarlığınızla iş bitməz. Məhkumluqdan gəldim,
amma vətənimdə də məhkumluq damğası vuruldu adıma.


Son cümləni deyərkən Muradın ötkəm səsi qırıldı. Çiyinləri titrədi və üzünü tutub
ağladı. Akademik qalxıb əlini onun çiyninə qoydu.
– Səni belə zəif bilməzdim.
Murad qırıq-qırıq səslə:
– Sizin zəhmətiniz batmayacaq. Mən elmi işimi orda, sürgün olunduğum
məmləkətdə davam etdirəcəyəm. Vətənin qeyrətini uzaqdan da çəkmək olar. O,
bizi sevmir, bizim olmaq istəmir!..
Ertəsi gün katibə Muradın işdən çıxmaq ərizəsini Ziyad bəyin masası üstünə
qoydu.
Akademik ərizəni oxuyaraq bərkdən “Muradı çağırın!” dedi. Murad tapılmadı.
Murad gecə Bişkekə uçmuşdu.
Ziyad bəy ərizəni qatlayıb cibinə qoydu və qalxıb asta-asta pillələrlə endi, maşına
oturub Prezident Aparatına getdi. Beyni deşilirdi.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə