Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   76   77   78   79   80   81   82   83   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

 
II 
Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli 
qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç 
qüvvəsi, birinci - qanunvericilik, ikinci - icraedici, üçüncü - hüquq orqanları. 
Bundan sonra mətbuat gəlir. Digər bir baxımdan dünyada tutduqları mövqeyə görə 
beş mühüm dövlətdən - İngiltərə, Fransa, Almaniya, Avstriya və İtaliyadan sonra, 
altıncı beynəlxalq güc mətbuat sayılır. Yəni altıncı qüdrətli dövlət qələm aləmidir. 
Bəşər aləmində mətbuatın nüfuz dərəcəsini xalqın ümumi əfkari - ümumiyyəsi də 
göstərməkdədir. Elə ki, mətbuat ümumin qiymətini aldı, Avropada onun inkişaf 
üçün geniş meydan açıldı, yayılma imkanı yarandı. 
Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini 
nəzərdən keçirmək vacibdir. Bu tarixi diqqətlə nəzərdən keçirdikdə görürük ki, 
onun ibtidada vəzifəsi nisbətən sadə və yüngül olub, əvvəlcə ümuma aid olan 
faydalı siyasi xəbərləri yayırdı, daxili və xarici xəbərləri oxuculara çatdıran vasitə 
idi. Nəşrlərdə sevincli saray xəbərləri, şahlara aid, şahzadələrə verilən imtiyazlar 
barədə xəbərlər dərc edilirdi. Mətbuat səhifələri verilən məqam və rütbə, mənsəb 
və dərəcə, tərif, şahanə bəzəklər, saray cah-calalı və siyasi hadisələrə dair 
xəbərlərlə dolu idi. Şübhəsizdir ki, həmin məhdud məsələlərin ömrü az olur, yalnız 
müəyyən dövrü əhatə edir. Mətbuat təzəcə meydana gəldiyi dövrdə ruhsuz siyasi 
həyat təsvir olunurdu, onun səhifələrində şahlıq sarayından və şahın şəxsi 
mənafeyindən başqa bir şey yox idi. 


160 
Amma mədəniyyət yüksəldikcə mətbuatın da vəzifələri artdı. Elmi 
məlumatların çoxalması, tənqidin yaranması, ümumi ehtiyacların və təlim-
tərbiyənin genişlənməsi mətbuatın da vəziyyətini dəyişdi. O, camaatın 
tərbiyəçisinə və xalqın fikirlərini yayan vasitəyə çevrildi. Mətbuat bir məktəb 
rolunu oynamağa başladı. O, həm məktəb, həm də məktəbdən kənar öz işini 
görürdü. Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, 
ədəbi və siyasi xəbərlərlə tanış olurdu. Mətbuatı hava kimi fərz etmək olar. O, hər 
gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki müxtəlif 
ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı 
məlumat əldə edə bilməz. Öz yazıları ilə tanınan şəxslər də onlara lazım olan 
məlumatı mətbuat səhifələrindən ala bilirlər. 
Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə 
çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır, öz dövrü, başqa dövrlər barədə 
lazımi məlumatı camaata çatdıra bilir. Bir və ya bir neçə nəfərin yeni fikirləri min 
nüsxələrlə çap olunan mətbuat vasitəsilə ictimaiyyətin malı edilir, yayılır. Əlbəttə, 
yeni fikirlər, səadət və həqiqətin yolunu kəsən köhnə fikirlərlə toqquşur. 
İnsanların ictimai-siyasi və iqtisadi vəziyyəti yüksək səviyyəyə çatdıqda 
mətbuat daha böyük əhəmiyyət kəsb edir. O, müxtəlif fikirləri yaymaqla milləti 
bütün siyasi və iqtisadi sahələrdə məlumatlandırmalı, məşrutə dövründə həmin 
sahələrdəki bütün məsələləri mütləq millətə çatdırmalıdır. Beləliklə, mətbuatın 
özüdə siyasi və iqtisadi obyektdir. O, ümumi siyasi təşkilatları təbliğata dəvət edən, 
ümuma nicat verən, siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir, ictimai 
fikri həyəcana gətirib formalaşdırandır. 
Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyanın 
altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanı nahaq yerə 
verilməyibdir. 
Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini 
ifadə edib yayan ictimai nəzarətçidir. Hökuməti nalayiq işlərdən çəkindirən, onun 
fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, 
nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir 
sədd çəkən də mətbuatdır. Mətbuatın qayəsi məşrutə hökumətidir. Ancaq bilmək 
lazımdır ki, bu hökumətin də qanun-qaydası nə qədər düz olsa da, o xalqın 
müstəqil hissiyyatını lazımınca anlaya bilməyəcəkdir. Bu mənada mətbuat mütləq 
və müstəqil iqtidardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi 
çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və 
zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır. 
İndiki dövrdə informasiya vermək, yaxud əqidə mübahisələri aparmaq 
üçün ümumi meydanlara və bazarlara getməyə ehtiyac yoxdur. İndi bir şəxsin 
bütün ömrünü mütləq məktəbdə keçirməsinə, dərin təhsil, təcrübə və kəşflərə sərf 


161 
etməsinə də ehtiyac yoxdur. İndi ölkənin idarə üsulundan və ya nümayəndələrin 
rəftarından qorxmaq lazım gəlmir. Mətbuat var. O, bütün bu vəzifələri öz öhdəsinə 
götürüb. Bundan əlavə qələm sahibi olan bir dəstə adam vardır ki, onlar insanlıq 
aləminə 
aid 
məlumatları 
verməklə məşğuldurlar və bu fəaliyyətdən 
çəkinməyəcəklər. 
Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın 
vəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalın qaranlıq 
pərdələri qaldırıb onların arxasındakı zülüm, sitəm və təzyiqlərin kökünü kəsməyə 
çalışır. 
Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların 
zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də 
işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, 
başqalarına nisbətən çoxuna müyəssər olandır. 
Bilik və informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyat 
əsl həyat deyil, cansızdır, ölüdür. 
III 
Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, 
mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara 
çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı 
səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar - bax bu üç 
əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər. 
Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar - aşağı səviyəlilər sırasına 
daxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmiş 
cəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicə 
ayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir. Ümumi tərəqqi 
genişləndikcə bu cür ədəbsiz yazılar da mətbuat səhifələrində azalır. İnkişaf və 
tərəqqinin məntiqi də bunu tələb edir. Digər tərəfdən mədəniyyət yüksəldikcə, 
əxlaq normaları da bərqərar olur, xalq aşağı səviyyəli yazılara dözmür. İrandakı 
vəziyyət bu baxımdan ən yaxşı nümunədir. Bugünkü mətbuatla neçə il əvvəlki İran 
mətbuatı arasında nə qədər böyük fərq olduğu göz qarşısındadır. Bu fərqi görmək 
üçün indi bizim təzə mətbuatın qələm mübahisələri ilə başqa mədəni ölkələrin 
mətbuatını müqayisə edin. Əlbəttə, bir afrikalı bizim qəzetləri oxusa, ləzzət alacaq, 
amma onu bir fransız nəzərdən keçirsə, heyrətə düşəcək. Əgər aşağısəviyyəli 
yazılar, ümumiyyətlə, geridə qalmış ölkələrin mətbuatı payına düşürsə, abır-
həyadan kənar və şəhvətpərəst yazılar da mədəni ölkələrdəki mətbuata məxsusdur. 
Bizim məqsədimiz o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlik 
oyatmaq, ya pis məqsədlər üçün nəşr olunur. Rusiyada onlar "qara ədəbiyyat" 


162 
adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız adamlar hesab edilirlər. Belə 
yazılara bəzən hekayələr, romanlar və bu səpkidən olan digər kitablar da daxildir. 
Bunların məzmunu şəhvətpərəstlik və eşqbazlığın təsvirindən ibarətdir. Onları 
yazmaqdan məqsəd müxtəlif macəraları oxucunun yadına salıb onda 
şəhvətpərəstlik hissləri oyatmaqdır. Bu cür kitablar asan və sadə dildə yazılır, ucuz 
olur, mədəni hesab olunan ölkələrin əksərində, xüsusilə Fransada çox yayılmışdır. 
Bizim ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri böyük ədibin əxlaqının nə səviyyədə 
olduğunu göstərir, Übeyd Zakaninin divanı da bu qəbildəndir. Übeyd Zakani 
keçmişdə İstanbulda çap olunmuşdu, amma burda hökumətin qorxusundan yayıla 
bilmədi. Həmin kitab vaxtilə Tehranda İstanbul nəşri adı ilə buraxıldı, bir çox 
nüsxəsi yuxarıda göstərilən aşağı təbəqə arasında yayıldı. Bu növ ədəbiyyatdan 
ibarət olan bir sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı ləkələyir. 
Bu cür yazılar aşağı səviyyəli adamların, varlı və yuxarı təbəqənin 
əxlaqsız məişətindən doğur. Eyni zamanda yoxsulluqdan, dəhşətli ehtiyacdan və 
daha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bu, bir ədəbiyyatdır ki, həm 
yüksəksəviyyəli varlılar, həm də aşağı səviyyəli cahillər arasında yayılır. Belə 
əsərlər əxlaqsız varlı ailələrində uşaqlara zövq verən, mövhumi inam və 
məmnunluq yaradan halva kimi görünür. İnkişaf etmiş ölkələrdə meydana gələn 
varlılar yoxsulların iş və əməyi hesabına harınlamışlar. Yoxsullar isə təhsildən 
kənarda qalır, öz zəkalarının qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərini 
təmin edə bilmirlər. Diqqət edilərsə, onların əxlaqının aşağı səviyyədə olmasının 
da buradan doğduğu aydınlaşar. 
Nəhayət, bu cür nəşrlərin zərərli və təhlükəli əxlaqi təsirinin də çox 
olduğunu söyləyə bilərik. 
Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük 
zərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və 
iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və 
ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. 
Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır. Onu 
Avropada "zəkai söyüş" adlandırırlar. Həqiqətən də belədir. Əxlaqsız qadınla belə 
mətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir. Onlar həya və abırlarını yelə 
verirlər, vücudlarını nəcis qiymətinə satırlar. Əxlaqsız qadın öz vücudunu hərraca 
qoyur, kim çox pul versə, onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, 
qələminin və vicdanının ixtiyarını "səxavəti" çox olanların ixtiyarına verir. 
IV 
Ziyalı mətbuat və pozğun yazı da cəmiyyətə çox əziyyət verən zəhərdir, 
bəladır, beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş fəhlə sinfi 


163 
öz hüquqları uğrunda mübarizəyə qalxandan sonra bu cür nəşrlər geniş intişar 
tapdı. Elmi həqiqətləri danmaq, tənqidi yazıların qarşısını almaq, ümumin 
irəliləməsinə və zəhmətkeşlərin beynəlxalq əlaqələrinə mane olmaq üçün yuxarıda 
söhbət gedən mətbuat varlıların əlində alət olubdur. 
Qanunvericilik məclisinə seçkilər zamanı pozğun mətbuat siyasətə 
qoşulur. İqtidarın cəmaətin, ümumin əlinə keçməsindən qorxuya düşərək ona 
maneə olmağa çalışır. Külli miqdarda pul xərcləməklə mətbuat vasitəsilə hər şəkil 
və formada olursa-olsun xalq arasına iğtişaş salıb hamını bir-birinə vurmağa 
başlayır. Xalqın fikrini döndərmək istəyir. Çalışırlar ki, camaat öz rəyini və siyasi 
hüquqlarını təzək qiymətinə satsın. Bədbəxtlikdən, bu ədəbi pozğunluq yavaş-
yavaş bizim İranda da yayılıb adət halı alır. Mətbuat səhifələri varlı, vəzifəli 
şəxslərin və xaricilərin pulu ilə qaralanır. Söyüş yazmaq, zəhmətkeşlərin hüququnu 
tapdalamaq üçün bu cür mətbuata ali təbəqələr pul verirlər ki, onların istədiklərini 
eləsinlər. Həqiqətən fahişə sifətli yazıçıların, qələm sahiblərinin əxlaqsız qadınlar 
kimi ədəbiyyatın ismətini hərraca qoyduqlarını, millətin cahil və nadanlığından 
istifadə edib, bir neçə tümən pul xatirinə vətəni və siyasi azadlıqlarını satdıqlarını 
görəndə adamı heyrət bürüyür. O alçaqlar ədəbiyyata ləkə vururlar, amma işi elə 
göstərmək istəyirlər ki, guya mədəni ölkələrdə olduğu kimi, bütün yazılarını millət 
işinə sərf edirlər, məşrutə adına mətbuat səhifələrini qaralayırlar. 
Məqaləmizdə pozğun və simasız mətbuatın mədəni ölkələrə aid olduğunu 
qeyd etdik. Bəzi sadəlövhlər bizim sözümüzdən elə nəticə çıxara bilərlər ki, bəlkə 
mətbuatın pozğunluğuna və əxlaqın dəyişməsinə mədəniyyətin inkişafı səbəb 
olubdur? Bəzən belə nəticə çıxarmaq da mümkündür. Hətta mədəniyyətin inkişafı 
bəzilərini mətbuatı ittiham etməyə də sövq edə bilər. Göstərək ki, mədəni ölkələrdə 
mətbuatın bir qisminin pozğunluğu mədəniyyətin pozğunluğu nəticəsində deyil. Bu 
pozğunluq müvəqqətidir. Bəşəriyyət əxlaq və elmin inkişafına, ictimai yeniliyə nə 
qədər tez nail olarsa, pozğun mətbuatın da ömrü o qədər tez başa çatar. İrəliləyiş 
isə davam edir, mədəniyyət də daim inkişafdadır. Nə qədər ki, insan ömrü var, 
mədəniyyət də var və inkişaf etməkdədir. Həqiqi mədəniyyət əxlaqın pozulması 
yox, əksinə, əxlaq pozğunluğunu aradan qaldıran əsas amildir. O, həqiqət günəşini 
işıqlandırır. Pozğun mətbuatın axırı yoxdur, o, karvansara qonağı kimi bu qapıdan 
girib o biri qapıdan çıxıb gedir, çünki onun varlığı da belə davamsızdır. 
Keçən məqaləmizdə mətbuatın əxlaqi vəzifəsinin təlim-tərbiyə 
olduğundan bəhs etmişdik, indi də əxlaqa zidd mətbuatdan söz açaq, onun müxtəlif 
pis təsirlərini göstərək. Bu iki növ mətbuatın bir-birindən fərqi məlumdur. 
Biz yuxarıda mətbuatın tarixi vəzifəsini göstərmişik. Söyüşçü və abır 
aparan mətbuatdan yaxşı şey gözləmək olmaz. Heç kəs şübhə etməz ki, qərəzli 
mətbuat bundan əvvəl dediyimiz mühüm vəzifələrin öhdəsindən gələ bilməz. 
Həmin vəzifələri ümumi əxlaqı gözəlləşdirmək istəyən ciddi, elmi, mədəniyyətə 


164 
xidmət edən mətbuat həyata keçirə bilər. Qələmlərindən ismətə zidd yazılar çıxan 
şəxslər şəhvətpərəstliyi qızışdırır. Bu, təəccüblü görünə bilər. Pozğunluq yaratmaq, 
hərzəlik etmək, söyüş deməklə məşğul olan jurnalistlər əxlaqı necə gözəlləşdirə 
bilərlər, həqiqət və mədəniyyət bayrağını necə ucalda bilərlər? Həmin mühüm 
vəzifələri o adamlar yerinə yetirə bilərlər ki, qələmlərini insanların zehninin 
inkişafı, ümumi təlim-tərbiyə və ədalətin genişlənməsi və bərqərar olmasından 
başqa heç nəyə işlətməsinlər. 
Buna görə də zehni inkişafa xidmət edən və öz tarixi vəzifəsini yerinə 
yetirən mətbuat nüfuz sahibi ola bilər. O, əsas müqəddəs ideyaları müdafiə edərək 
müxaliflərə önə çıxmağa imkan verməməsi, heç bir hədədən qorxmamalıdır. 
Pozğun və əxlaqa zidd mətbuat müvəqqətidir, davamı yoxdur, onun nüfuzu da 
aşağı və süni olur. O, heç vaxt tarixi əhəmiyyət kəsb edə bilməz, ziddiyyətli, 
anlaşılmaz fikirləri və müəyyən məsələləri müdafiə etməkdən başqa onun heç bir 
işi olmaz. Buna görə də mədəni ölkələrdə düz məsləkli və əxlaqlı mətbuata ehtiram 
və hörmətlə yanaşırlar. 

Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində 
tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat 
azadlığı onun öz işində - yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda 
tam azad olmasından ibarətdir. 
Mətbuatın işi insani fikirləri yaymaq, insanların fikirlərinin inkişafını 
təkmilləşdirmək, mütləqiyyətin özbaşınalığının qabağını almaqdır. Demək olar ki, 
ümumi inkişaf və yüksəlişin qarşısını almaqda mətbuat azadlığının qarşısmı 
almaqdan zərərli heç nə yoxdur. Bu da təbiidir. Belə olduqda mətbuat öz təlim-
tərbiyə vəzifəsini yerinə yetirə bilməz. Çünki deməli olduqlarını deyə bilməz, 
yazmalı olduqlarını yaza bilməz və öz məsuliyyətinin öhdəsindən gələ bilməz. 
Yunanıstan da, Afina və Sparta da mətbuat geniş yayılmadan əvvəl tam 
azad idi, hər yazıçı öz fikirlərini və qələminin məhsulunu bütün xalqa azad surətdə 
çatdıra bilərdi, təkcə rəsmi dinin və ümumi əxlaqın ziddinə olan yazılar qadağan 
idi. Allahın şəriki olduğunu iddia edən, Allahı danan, beləliklə də küfrə səbəb olan, 
ciddi məzhəbi tənqidlər yazılmış kitablar xalqın əxlaqına pis təsir göstərdiyi üçün o 
zaman yandırılır, müəlliflər isə ya qovulur, ya da məhkum edilirdilər. Beləliklə, 
yazı nəşr olunmazdan qabaq onu məhkum etmək üçün bir qayda yox idi. Yayılıb 
xalqın nəzərinə çatandan sonra o, müxalifət və iqtidarın ümumi mühakiməsinə tabe 
olmalı idi. Buna baxmayaraq, kitablar hədsiz dərəcədə sərbəst yazılırdı. Hətta 
məzhəbi qanun-qaydanın əsaslarını lağa qoyan, əxlaqa mənfi təsir edən yazılar 
geniş yayılırdı, heç yerdə onların qarşısını alıb dayandırmırdılar. 


165 
İtaliyada, yəni qədim Romada da eyni vəziyyət müşahidə olunurdu. 
Qələm azadlığı Afina və Spartadan qabaq burada yayılmışdı. Bu da qədim tarixi 
şəhərin xüsusiyyətindən irəli gəlirdi. 
Bunlara baxmayaraq belə vəziyyət xristianlığın əvvəllərində çox davam 
etmədi. Siyasi iqtidar və əfkari-ümumi yeni din əleyhinə yazılanlarla ziddiyyətə 
başladı, onlara qarşı təzyiqi artırdı. Xristianlar da bütpərəstlər kimi yazılanlara 
təzyiq göstərdilər. Hər ikisinin də təzyiqləri bir-birinin eyni idi. Burada çox vacib 
bir məsələyə nəzər salaq ki, əgər bütpərəstlik yayılanda romalılar yazı və kitablara 
son dərəcə şiddətli müqavimət göstərirdilərsə, xristianlıq meydana gələndə bu 
təzyiqin əleyhinə çıxdılar. Az sonra xristianlıq dini yenidən Roma imperatorlarının 
təsiri altına düşüb məğlub oldu, pak din kitablara, yazılanlara nəzarət etməyə 
başladı, nəzarət senzora çevrildi. Orası da məlumdur ki, xristianlıq meydana gəlib 
yayılmağında yazılı yayım vasitələrinə möhtac idi. Bu qələm azadlığı bəşəriyyəti 
İsanın dininə dəvət etməkdə böyük rol oynadı. Elə ki din pərdə arxasında 
ruhanilərin pozğun məqsədlərinə xidmət etməyə başladı, qələm tənqidə girişdi. 
Həmin ruhanilər öz fəsadlarını gizlətmək üçün qələm azadlığının qarşısını almağa 
çalışdılar. Keşişlər dində özbaşına cürbəcür dəyişikliklər və təhlillər yaratdılar. 
Dinin gücü ilə müxtəlif bəhanələr tapıb qələm və tənqidi yazılar əleyhinə bayraq 
qaldırdılar. Elə ki xristianlıq Avropada genişləndi, bütpərəstlik yavaş-yavaş süqut 
etdi, ruhanilər rəsmi məqam və nüfuz sahibi oldular. İlahi səltənətin ixtiyarı 
Papanın əlinə keçdi. O, özünü Allah hesab etdi. Xristianlıq-katolik məzhəbi 
fövqəladə qüvvəyə malik oldu, bu isə İsa dininin əqidəsinə zidd idi. Ona görə də 
sonda hər yerdən kilsə-katolik dini və ruhaniləri əleyhinə etirazlar ucaldı, dedilər 
onlar qoyunsifət gorqazanlardır ki, ruhani libasında öz şəhvətpərəstlik 
məqsədlərini, mütləqiyyət iddialarını dinin gücü ilə həyata keçirirlər, batində 
onlarla özbaşına Roma imperatorunun fərqi və təvavütü yoxdur. Möhkəm və ciddi 
tənqidə başladılar. Tarixin səhifələri şahiddir ki, xalq öz etirazında haqlı idi. 
O zamanın ruhaniləri Allahpərəstlik məzhəbini əllərində şərafət, 
soyğunçuluq aləti etmişdilər, xalqın malını talamaqla, mülkünü qəsb etməklə 
dərəbəylik idarə üsulu və yeri mütləqiyyət yaratmışdılar. 
Bu tənqidə, hücumlara qarşı Papa və kilsə zorakılığa, xalqı dəhşətli 
surətdə qorxutmağa başladılar, Papa hökmranlığının əsaslarını möhkəmləndirməyə, 
əqidə və qələm azadlığını ləvğ etməyə çalışdılar. Onlar üzərində iki nəzarət: "divan 
və təftiş" sistemi qoydular. 
XII əsrin axırlarında (1183) ruhanilər Vuron şəhərində toplaşıb "Divani-
təftiş" yaratmaq haqqında qərara gəldilər. 
XV əsrdə (1471) əsas senzura qoyuldu. "Divani-təftiş" şər və məzhəbi 
mühakimə rolu oynayırdı. Məhkəmə ixtiyarı ruhanilərin əlində idi. Onların işi 
katolik əqidəsinə müxalif və azad fikirli adamları tapıb işgəncə vermək idi. 


166 
Bu cür qeyri-qanuni əməllər üçün hər cür alçaqlığa əl atır, istədikləri 
adamları döydürmək, öldürmək, hətta tikə-tikə doğratmaqdan da çəkinmirdilər. 
"Divani-təftiş"in əli ilə tələf olan insanların sayı-hesabı yox idi. Onların hesabını 
heç kəs söyləyə bilməz. 
"Divani-təftiş" İspaniyada əvvəlcə dini təəssübə xidmət edirdi. Sonralar 
səltənət istibdadının mənafeyini qorumağa başladı. 
Senzura və yoxlama nəşrlərin elmi və ədəbi cəhətdən inkişafına çox ziyan 
vurdu. Senzura katolik dini əleyhinə çevrilmiş nəzəri fikirlərin və elmin 
tərəqqisinin qabağını da alırdı. Senzura xüsusi heyətlərdə təşkil olunmuşdu, 
bunların işi məhkəmə aparmaq, yazıları məhkum etmək, Papa və kilsəni tənqid 
edən kitabları aradan götürmək idi. Kilsə və dövlət qulluqçularının özbaşınalığını 
tənqid edən əsərlər yandırılırdı. Senzura məmurlarının xoşuna gəlməyən kitablar da 
oda atılırdı. 
Diqqətəlayiq məsələ budur ki, senzura yaranandan düz 30 il sonra Papa 
PV Sikes tərəfindən çap maşını ixtira edildi. XV əsrin axırlarında o, Papa II 
Aleksandr tərəfindən təkmilləşdirildi. Birinci dəfə "Qadağan olunmuş kitabların 
siyahısı" kitabını çap etdilər. 
Kilsənin yaratdığı divan və senzura hər ikisi mütləqiyyət hakimiyyətinə 
xidmətə keçdi, keşişlərdən sonra yeni yaranmış hakimiyyətin tapşırıqlarını yerinə 
yetirməyə başladı, həyat və ümumi məişətin ixtiyarını öz əlinə aldı, xalqın elmi, 
milli intibah meyilləri və hərəkatını müdafiə etmək məcburiyyətində qaldığını dərk 
etdi. Əlbəttə, şahlıq rejimi mütəfəkkirlərin tənqidinə dözə bilmirdi. Onların iradə 
və fikirləri ilə razılaşmaq istəmirdi. Buna görə də ruhanilərin tədbirlərindən istifadə 
etməyə, onlardan kömək istəməyə məcbur olurdular. 
İngiltərə krallığı tarixən başqalarından daha tez senzura tətbiq etmişdi. 
Ondan sonra Fransa, Almaniya, İspaniya və b. tətbiq etdi. Nəhayət, harda ki şahlıq-
monarxiya möhkəmləndi, senzura orada özünə yer elədi. Onlar bir-birindən 
aralanmadılar. Milli inqilablar dövrü qurtarandan sonra 1648-ci ildə senzura aradan 
yığışdırıldı. Sonra mətbuat, söz və düşüncə azadlığı elan edildi. Amazoniyada-
Amerikada 1776-cı ildə öz müstəqilliklərini əldə edəndən sonra mətbuat və 
düşüncə azadlığı burada, ondan sonra 1789-cu ildə Fransada elan edildi. Lakin 
həqiqi mətbuat azadlığı XIX əsrdə milli inqilablar dövründə oldu və təkmilləşdi. 
Bu əsr nurlu əsrdir. Mətbuat azadlığını boğan əngəllər, şeylər ortadan götürüldü. 
Mətbuat əsl hüququnu əldə etdi. Mətbuat azadlığı yavaş-yavaş qabaqcıl ölkələrdən, 
Avropadan digər ölkələrə yayılmağa başladı. Əvvəlcə, təqribən 1866-cı ildə 
Yaponiyada, sonra 1906-cı ildə İranda, daha sonra 1907-ci ildə Türkiyədə başqa 
yerlərdə mətbuat azadlığı elan olundu. Müxtəsər tarixi mütaliə mətbuat 
senzurasının bünövrəsinin necə zülüm, sitəm üzərində qurulduğunu kifayət qədər 
olmasa da, hər halda göstərir. Əlbəttə, katolik kilsələrinin bu senzuranı necə zülüm 


167 
və istibdad rejimi əsasında qurduqlarını qədim tarix bilmir. Əslində milli inqilablar 
səltənəti-mütləq (şahlıq) rejimlərinin əsasını dağıtdı. Aydındır ki, milli əsarət də 
elmi, ədəbi əsarətin tayıdır. Millətin azadlığı, düşüncənin azadlığıdır. Başqa 
mənada zülmü güclə aradan götürmək azadlığa bərabərdir. Azadlıqda inkişaf ilahi 
bəxşişdir. 
VI 
Mətbuat azadlığına təzyiq göstərməyin nəticəsi çox üzücüdür. Bu təzyiq 
vəhşilik və məntiqsizlikdən başqa bir şey deyildir. 
Mətbuat əsirliyini o şəxslər müdafiə edə bilərlər ki, onların həyat 
hadisələrindən və bu hadisələrin necəliyindən xəbərləri olmasın, yaxud xəbərləri 
olsa da, şəxsi mənfəətləri naminə ədalət və hüququ tapdalasınlar. 
Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, 
təfəkkürün əsas qüvvəsidir. Onun varlığı ağıla və səbrə əsaslanan qüvvədir. 
Mətbuata təzyiq göstərmək və ya onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan 
çıxarmağın fərqi yoxdur. Buradan belə nəticə çıxır ki, mətbuat azadlığına əl 
qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad olsa, 
onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və 
təfəkkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir. 
Məşhur ingilis yazıçısı Milton neçə əsr bundan qabaq demişdi: "Bir yaxşı kitabın 
aradan çıxarılması, bir yaxşı adamın edam olunmasına bərabərdir. Amma bir 
mətbuat orqanının qabağını almaq, ya onu aradan çıxarmaq nalayiq bir vəziyyətin 
yaradılmasına səbəb ola bilər ki, bu da yer üzündə həyatın yox olmasından əlavə, 
mənəvi nəticələr verər və ağılın qüvvəsini də yox edər". 
Beləliklə, mətbuatda senzura və ona təzyiq göstərmək ancaq adamları 
hissiyyatsız edər və onlarm məhvinə səbəb olar. 
Şəxslər ki hissiz olub kütləşdilər, əqli qüvvə və zəka da işdən düşər, 
ümuma xidmət edən mətbuat və nəşriyyatı bir dəstə yandırsa, onu aradan çıxarsa, 
elm və ədəbiyyat necə inkişaf edər? Şəxsi mənafeyə xidmət etməyən bir 
ədəbiyyatın qarşısı alınıb təbii yolundan çıxarılsa o, həqiqəti göstərməyə necə nail 
ola bilər? Onlar həqiqəti deyə bilməzlər. Bəzən də senzura məmurları ilə üz-üzə 
gəlməmək xatirinə ola bilsin ki, yazıçılar elmi həqiqətləri deməkdən əl çəksinlər. 
Çünki əkinçiyə toxum səpmək üçün münasib münbit və təmiz yer lazımdır. 
Maarifin də inkişafına və genişlənməsinə azad mühit və qələm azadlığı lazımdır. 
Onun qabağı alınanda qələm öz adi hərəkətini qoruyub davam etdirə bilməz. 
Peşmançılıq işin irəliləməsinə mane olar. Bu zaman yazıçı və alimlər öz məlumat 
dairələrini və nəşriyyatlarını genişləndirməyə çalışmaq əvəzinə, özlərini müəyyən 


168 
edilmiş hüquqdan çıxmamağa məcbur edərlər, qələmlərini təyin olunmuş qaydadan 
kənara çıxmağa qoymazlar. 
Buna görə də onlar xalqın təlim-tərbiyəsi ilə bağlı heç nə edə bilməzlər. 
Maarifin və inkişafın qabağını kəsmək, mətbuat azadlığını əldən almaq senzura 
işçilərinin əsas məqsədidir. Onların fəlsəfəsinə görə, əsl həqiqət nə qədər gizli 
qalsa, insanlar nə qədər savadsız olsa, dövlət o qədər də rahat hökm sürər, dövlət 
başçılarının istəkləri xoşluqla həyata keçər. 
Senzura olan ölkələrdə maarifin tərəqqisinin qarşısını almaq üçün ayrı 
maneələr də vardır. Bu qaydanın siyasi nəticəsi çox əhəmiyyətlidir. Heç kəs inkar 
edə bilməz ki, mətbuat azadlığının olmaması zülmün, sitəmin, təcavüzün və qarətin 
yayılmasına səbəb olar. Keçən məqalədə senzuranın ədaləti məhv etdiyini şərh 
etdik. Göstərdik ki, istibdadçı mütləqiyyət senzuradan öz siyasi məqsədlərinə 
çatmaq üçün necə istifadə edirdi. Məlumdur ki, milli amalların qarşısını almaqda, 
eyiblərin üstünü örtməkdə, dövlətin qəbahətli və çürümüş siyasətini müdafiə 
etməkdə senzura nə qədər iş gördü. 
Azadlıqla siyasi əsarətin fərqi belə bir şəraitdə özünü göstərir. Gizlilik və 
açıqlığın fərqi də budur. Zülüm, istibdad və mütləqiyyətin davamı həqiqətləri 
gizlətməklə bağlıdır. Mütləqiyyət üsulunun davamı, sirlərin gizli qalması, 
həqiqətin ört-basdır edilməsi bilavasitə senzuranın işidir. Senzura şübhələr 
yaranmasının, mühüm məsələlərin gizlədilməsinin, siyasi zülmün icra olunmasının 
əsas amilidir. Mümkün olan bütün əyriliklər, oğurluqlar, fırıldaqlar, zülmlər həmin 
pərdənin arxasında öz işini görür. 
Mətbuatın əsarəti zəhmətkeşlərin və zülüm altında əzilənlərin səsinin 
boğulması, onların dərdlərinin xalqa çatmasına mane olmaqdır, bu da əksəriyyətin 
istədiklərinin qarşısını almaqdır. 
Siyasi baxışdan əlavə, bir əxlaqi heysiyyət də vardır. Mətbuatın əsarəti 
əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, 
yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu 
meydana çıxarır. Bunun nəticəsində bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, 
fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır 
olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avara və sərgərdan qoyurlar. 
Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə, 
necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak 
əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına 
çıxarıb, kələfin ucunu əldən verirlər. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə