Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə80/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   76   77   78   79   80   81   82   83   84

 
159
Dəlixana qeydləri - 3 
(Seks) 
 
 
 
 
Axırıncı  dəfə yanıma gələndə, Sevil yazdıqlarımla maraqlandı. Yarım saat əvvəl sakitləşdirici iynə vurmuşdular deyə
özümü sakit aparırdım; dava eləmək, söyüş söymək həvəsim yox idi. Odur ki, qeydlərimi oxumasına icazə verdim. 
Oxuyub qurtarandan sonra “əladır!” dedi. Hətta bir az da ağladı. Bilmirəm doğrudan xoşuna gəlmişdi, yoxsa mənə ürək-
dirək vermək üçün yalandan demişdi. Nə Sevilin, nə də başqasının tərifinə ehtiyacım yoxdur. Laqeyd qaldığımı görüb, 
gündəliklərimi çap edəcəyini dedi. Güldüm. Kimə lazımdır mənim gündəliklərim? Bunları tanımıram bəyəm? Üç-beş 
gicdıllağ oxuyub ağız büzəcək, yazdıqlarıma banal deyəcək. Guya “ağır” yazsam qiymətləndirəcəklər. Guya öz 
intellektimi, zəkamı, potensialımı sonuna qədər nümayiş etdirsəm; transendental gerçəklikdən, metafizikadan yazsam 
başa düşəcək, hələ bir çox sağ ol da deyəcəklər.  
Nə isə. Mən qatiləm! Özümə bəraət qazandırmaq fikrim yoxdur. Bircə onu deyə bilərəm ki, qatil olandan sonra, adam 
öldürməyin bir o qədər də pis iş olmadığını başa düşmüşəm. Baxır öldürülən adamın kimliyinə. Elə adamlar var ki, insan 
cəmiyyətində yaşamağa layiq deyillər. Yox, mənə  əxlaqdan danışmayın! “Öldürmək hüququ heç kəsə verilməyib”miş. 
Bunu siz deyirsiniz. Böyük dövlətlər müharibələr başladıb, bir bombayla minlərlə adamı öldürəndə yaxşıdır, mən bir 
mənasız adamı o dünyalıq eləyəndə pis? Cinayətimi  əsaslandırmasaydım, öldürməzdim.  Əsaslandıranda da başa 
düşmürlər, beyinləri səbəblərimi dərk edəcək həcmdə deyil. Nə üçün öldürdüyümü soruşdular, mən də cinayətimin fəlsəfi 
motivlərini sadalamağa başladım. Hakim-prokuror-müstəntiq, nə bilim elə  mənim keçmiş arvadım da dəli olduğuma 
qənaət gətirib, məni bura saldılar. 
Əvvəl zorla boynuma qoydular ki, yaddaşımı itirmişəm. Siz bir əclaflığa baxın! Adama deyəsən ki, başın işləmir, 
yaddaşın itib. Belə şey olar? Mən adam kimi yaşayırdım, heç kəslə işim yox idi. İşləyirdim, pul qazanırdım. Boşandığım 
arvadım, oğlum, dostlarım, sevgilim varıydı. Dostlarımla birlikdə rejimə qarşı mübarizə aparırdıq (indinin özündə də xalqa 
divan tutan şərəfsiz Milli rejiminə qarşı). Məni yandıran odur ki, bu işdə arvadım da, dostlarım da, sevgilim Rəna da 
rejimlə əlbir olub, mənə qarşı hazırlanmış təxribatda iştirak ediblər. 
İndi Sevildən başqa yanıma heç kim gəlib-getmir. Gəlməsinlər! Toğrul da, Sənan da, Rəna da gəlməsinlər, unutsunlar 
məni. Mənə yaddaşını itirmisən deyənlərin özləri çoxdan yaddaşlarını itiriblər, xəbərləri yoxdur. Bütün xalq itirib 
yaddaşını. Ölkədə  Şimali Koreyadakı kimi vəhşi bir rejim quran Milli hökuməti kölələşdirib bunları, beyinlərini yuyub. 
Guya mübarizə aparırlar. Olmaz olsun belə mübarizə! Əsl mübarizə aparanları bax belə dəlixanalara salırlar. Qarşıma 
rejimin əsgərlərindən biri çıxmışdı. Adı Şeyla. Bu qancıq, çox oğraş bir adamın qızıydı. Belələrini yaşatmaq olmaz. Mən 
də  təmizliyə ondan başladım.  İndi də növbəti yalanlarını  işə saldılar. Guya Şeyla rejimin adamı deyilmiş, müxalifətə 
işləyirmiş. Binamuslar! Siz kimə  gəlirsiniz? Mən sizin dabbaqxanada gönünüzə  bələdəm. Adama yaddaşını itirmisən 
demək, bütün keçmişini silmək, yalandan ona demək ki, ölkədə inqilab olub insafdandırmı?  
Amneziya. Bunların mənə qoyduqları diaqnoza bir bax! Guya ağıllıdırlar, özlərini dahi sayırlar, elə bilirlər bütün sualların 
cavabını tapıblar. Yapışıblar qismətdən, buraxmırlar. Mətanət, dözümlülük, bu günlə yaşamaq. Tfu! Əmindirlər ki, 
keçmişə və gələcəyə nə qədər ekskurs etsələr də, alın yazısını dəyişdirə bilməzlər, ona görə də əsas məsələ “bu gün”də 
yaşamaqdır. Mənə yaddaşsız deyənlərin özləridir yaddaşsız. Bunlar hamısı amneziyanın ağır növünə tutulublar. Bunların 
amneziyası, oğraşlıq mərasiminə döndərdikləri həyatlarına qarşı qoruyucu qalxandır. Hamısı “bu gün”ə aludə olublar. 
Zəlil xalqım, amorf bir atmosferdə cari həyatdakı hadisələrin itib-batdığı irreal, sürreal keçmişdə ilişib qalıb. Bizim 
yaramaz əcdadlarımız da uzaq keçmişdə seçim qarşısında qalmışdılar: ya “tarixin vahiməsi” ərazisində yaşamaq, ya da 
tarixi yaddaşı itirib amneziyalı bu günü qəbul etmək. Əclaf əcdadlar ikincini seçiblər. Tarixin vahiməsi onlar üçün daha 
qorxunc olub. Halbuki keçmiş iz buraxmadan itib-getmir, bizim yaşadığımız bu gün, onun davamıdır, məhsuludur. 
Sadəcə olaraq keçmiş şüuraltı qata girib, orda gizlənib. Özünü müəyyən etnik qrupun, ənənənin, tarixin davamçısı hiss 
etmək o deməkdir ki, bizim hər birimizdə “mentallıq nəbzi” vurur. O, bizim üçün sirli, müəmmalı olsa da, bizim içimizdədir. 
Sosial hafizənin fəaliyyəti mütləq sosial amneziya ilə, hafizəsizliklə müşayiət olunur. Tibb elmi güclü ruhi sarsıntı, ya da 
ağır travmalar nəticəsində yaranan fərdi amneziyanın təbiətini tam müəyyən edib. Unutqanlıq, bəzi faktların, hadisələrin 
yaddaşdan silinməsi təbii, normal haldır. Ancaq təbiət və cəmiyyət normalarından kənara çıxan unutqanlıq növləri, insanı 
həm fizioloji, həm də sosial mənada xəstə edir. Fərdi unutqanlığı cəmiyyətə, bəşəriyyətə şamil etsək, sosial amneziyanın 
mənzərəsi ortaya çıxar, necə ki, bizim bu bədbəxt ölkəmizdə  çıxıb. Bunlar belə  şeyləri hardan bilsinlər? Onlara başa 
salan yoxdur ki, sosial amneziya hansı  mərhələdə  xəstəliyə çevrilir? Bu xəstəliyin cəmiyyət üçün nə  qədər təhlükəli 
olduğunu bilirlərmi? Sosial amneziya mürəkkəb fenomendir. Tarix sübut edir ki, toplanmış bilikdən, təcrübədən heç kəs 
nəticə  çıxarmır, bu təcrübə elə antikvar səviyyəsində qalır. Yoxsa mənasızlığı min dəfə, on min dəfə sübuta yetirilən 
müharibə fenomenini necə izah etmək olar?  
Deyəsən çox uzatdım.  İndi on gündür qaranlıq, ürəksıxıcı palatada qalıram. Bura transfer edilməyimə  səbəb, uğursuz 
qaçış cəhdim oldu. Xəstəxana ərazisini tərk etməyim, rəhbərlik tərəfindən qanunsuz davranış kimi qiymətləndirildi, mənə 
qarşı “sərt ölçülər” götürüldü. Həmin günün axşamı, binanın sağ  tərəfində, ikinci mərtəbədə, koridorun sonunda qıfıllı 
dəmir qapısı olan korpusa köçürüldüm. Çarpayı, tumboçka, əl-üz yuyan kimi interyer elementləri əvvəlki palatadakı ilə 
eyni olsa da, təzə palatamın fərqli cəhəti, divarlarının yumşaq olmasıdır. Yəni başını istədiyin qədər divara vur – ölən 
deyilsən. Üç metr hündürlüyü olan tavandan isə, melanxolik bir lampoçka sallanıb. Ona baxdıqca canavar kimi ulamaq 
istəyirəm. Baxmamaq da olmur, çünki günün əksəriyyətini uzanaraq keçirirəm. İki qələm və qalın bloknotdan savayı heç 
nəyim yoxdur. Heç olmasa oxumağa kitablarım olsaydı darıxmazdım.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə