Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə79/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   76   77   78   79   80   81   82   83   84

 
157
Xeyr, bu, eşitmək istədiyim cavab olmadı. 
- Necə narahat olmayım? Sevil, nə olub mənə? Heç olmasa sən danış. 
Amma Sevil danışmaq istəmir, susur. Həyəcanlandığımı görən Salman isə, bu dəfə daha səxavətli oldu. 
- Siz, Zigmund Freud adına 3 saylı ruhi dispanserdəsiniz. Bura necə düşdüyünüz yadınızdadır? 
- X... xeyr. Yadımda deyil. Nə olub ki, mənə? Ruhi xəstəxanada nə işim var? Əlixan hanı? 
Salman sual oxunan gözlərini Sevilə çevirdi. O da çiyinlərini dartıb titrək səslə: 
- Əlixan psixiatrdır – dedi. - Dünən Murad onun qəbulunda olmuşdu.  
- Eləmi? – doktor sayğı ifadə edən gözlərlə mənə baxdı. – Psixiatra getməyə özünüz qərar verdiniz? 
Sevilə baxdım. Bilmədim bu suala o cavab verəcək, yoxsa özüm danışım? Görəndə ki, onda danışmağa hal qalmayıb, 
mən cavab verdim. 
- Hə, özüm getdim. Daha doğrusu yoldaşımın təkidi ilə.  
- Buna nə səbəb oldu? 
- Bir neçə gün qəribə yuxular görürdüm. Narahat olmağa başlamışdım.  
Çənəsindəki cod saqqalı qurdalayaraq diqqətlə məni dinləyən Salman: 
- Necə yuxular? – maraqlandı. 
- Çox real yuxular. Elə bil yuxu deyildi. Keçmişimə qayıdırdım. Keçmiş həyatımda yaşamağa başlayırdım. Sonra təzədən 
reallıqda, bu gündə oyanırdım.  
- Aydındır. Əlixan bəy nə diaqnoz qoydu?  
- Narkolepsiya. Dedi ki, yuxu sistemim pozulub. Dərmanlar yazdı, mən də onları aldım.  
Bu sözlərimdən sonra, doktor nə üçünsə üzünü Sevilə çevirdi. Sanki ondan təsdiq gözləyirdi. Sevil isə gözucu mənə 
baxır, elə bil iyirmi illik fasilədən sonra birinci dəfə gördüyü adamın nə  qədər dəyişib dəyişmədiyini müəyyən etməyə 
çalışırdı. Palatada sükut yarandığını görüb soruşdum: 
- Yaxşı, mənə nə olub axı? Mən bilən xəstəliyim o qədər də ağır deyildi. 
Sevil burnunu çəkib, gözlərinin yaşını sildi. Təmkinlə, xırıltılı səslə dedi: 
- Bu gün Özgürün məktəbinə gedib dava salmısan, söyüş söymüsən.  
Çarpayıya dirsəklənib başımı yastıqdan qaldırdım. Eşitdiklərim ağlasığmaz idi.  
- Mən?! Məktəbə getmişəm? Necə? Ola bilməz. 
Sevil təəssüf ifadə edən baxışlarını üzümdə gəzişdirib başını yırğaladı:  
- Getmisən. Direktorun kabinetində qışqırmısan ki, Qənirə qancıqdır, nə bilim fahişədir, oğlum sizin qulunuz olmayacaq, 
tüpürüm sizin rejiminizə, prezidentinizə. – Sevil susub çiyinlərini dartdı. - Amma indi Qənirə adlı prezident yoxdur, başa 
düşürsən? Direktor məcbur olub polis, təcili yardım çağırıb məktəbə. Onlar da səni birbaşa bura gətiriblər. Mənə  də 
Özgürün müəlliməsi zəng edib xəbər verdi.  
Bayaqdan diqqətlə Sevilə qulaq asan Salman: 
- Murad bəy, deyirsiniz ki, belə şey olmayıb? Bəs siz bu günkü günü hara qədər xatırlayırsınız? Hansı hadisədən sonra 
yaddaşınız qırılıb? 
- Yadımdadır ki, dünən həkimin yanından çıxıb dərmanları aldım, evə  gəldim. Evdə yuxuya getdiyim, təzədən keçmiş 
həyatıma qayıtdığım da yadımdadır. Yuxuda işlədiyim klinikanı görmüşdüm – üzümü Sevilə çevirib dedim. – Yadındadır 
da? Dünən axşam sənə danışmışdım. Sonra yuxudan oyandım. Bir az sonra da Sevil uşaqla bir yerdə evə gəldilər. Gecə 
yatanda yuxu görməmişəm, dəqiq yadımdadır. Səhər Sevil oğlumla birlikdə evdən çıxdılar. Onları yola salıb kofe içdim, 
televizora baxdım. Bir-iki saat sonra da şəhərə, gəzməyə çıxdım.  
Birdən susdum. Alt dodağımı dişləyib hərarətlə düşünməyə başladım, sonrasını yada salmağa çalışdım. Keçirdiyim 
həyəcan Salmanın diqqətindən yayınmadı. Susqunluğumu fürsət bilib soruşdu: 
- Sonrasını xatırlamırsınız?  
Gizlətməyin, yalan danışmağın mənası yoxdur. Etiraf etməliyəm ki, xatırlamıram. 
- Xeyr, sonrası yadımda deyil.  
- Sonrası elə Sevil xanımın danışdığı kimidir. Saat on bir radələrində getmisiniz oğlunuzun oxuduğu məktəbə, orada 
dava salmısınız. Direktoru hədələmisiniz, Qənirə Millinin ünvanına təhqirlər demisiniz. Bilirsinizmi, əgər keçmiş quruluş 
olsaydı siz indi burada yox, polis idarəsində, hardasa zirzəmidə olardınız. Amma Qənirə Milli çoxdan devrildiyinə görə, 
sizi bura gətiriblər. Hər halda onları da başa düşmək çətin deyil. 
Xəcalətimdən üzümü əllərimlə örtüb, pərişan halda dilləndim:  


 
158
- Siz nə danışırsınız?! Mən belə bir hərəkətə yol vermişəm?! Hallüsinasiyalar gördüyümü bilirdim, bunun üçün müalicə 
olunmağa da başlamışdım. Amma real həyatda... 
- Gördüyünüz kimi etmisiniz – Salmanın sakit, qətiyyətli səsi eşidildi. - İndiki zamanda ola-ola, elə bilmisiniz ki, keçmiş 
davam edir. Xahiş edirəm bu hərəkətinizi, sizə qoyulan narkolepsiya diaqnozu ilə  əlaqələndirməyin. Sizin məktəbə 
getməyiniz hallüsinasiya deyil. Bu hərəkətə ayıq başla yol vermisiniz.  
- Başa düşürəm – çarəsizliklə dedim. – Bəs indi nə olacaq? Burda qalmalı olacam? 
- Təəssüf ki, bir müddət qalmalısınız. Üzr istəyirəm, amma bu psixoloji vəziyyətdə cəmiyyət üçün təhlükə mənbəyisiniz. 
Ona görə də, vəziyyətiniz aydınlaşana qədər, sizi burada saxlamağa məcburuq. Nə badə fikirləşəsiniz ki, sizi ruhi xəstə 
kimi qəbul edirik. Qətiyyən! Eşitdiyimə görə uzun müddət komada qalmısınız. Postkomatoz dövrdə bir sıra problemlər 
yarana bilər, onları da nəzərə alırıq. Siz özünüz də həkimsiniz. Yəqin ki, məni başa düşürsünüz.  
Doktorla söhbətimə  səssizcə qulaq asan Sevilin göz yaşları artıq quruyub. O, həkimin üzünə diqqət və ümidlə baxır, 
arada da başını əyərək onun sözlərini təsdiqləyir. Sevillə tək qalmağa, söhbət eləməyə şiddətli ehtiyacım var. Salman, 
sanki fikrimdən keçənləri duyub ayağa qalxdı. 
- Nə isə. Xanımınızla rahat söhbət edin. Hə, onu da deyim ki, bura həbsxana deyil, sadəcə xəstəxanadır. İstədiyiniz vaxt 
qalxıb dəhlizə, həyətə çıxa bilərsiniz. Amma xəstəxana ərazisini tərk etmək qadağandır. Belə bir cəhd olsa, sizə qarşı 
ölçü götürməli olacağıq. Bağışlayın, amma bunları deməyə məcburam. 
- Problem deyil – dedim. – Başa düşürəm. 
Salman ikimizə də gülümsəyib palatadan çıxandan sonra, Sevilin əlini tutdum: 
- Danış görüm nə olub! 
- Nə danışım? Dünəndən bu günə qədər hər şey yadındadır. Bircə bu səhər məktəbə gedib qırğın salmağından başqa. 
- Səhər özümü necə aparırdım? Nəsə şübhəli bir hərəkətim olmuşdu? 
- Yox, həmişə necə, bu gün də elə. Hətta Özgürlə zarafatlaşmağa da vaxt tapmışdın. 
- Özgür neynəyir bəs? Xəbəri var? 
Sevil yenə doluxsundu. Gözlərini tavana qaldırdı. Əsəbiləşdim. 
- Xahiş edirəm, yenə ağlama da! Sənin də bu xasiyyətin olmaya! 
- Əlbəttə xəbəri var – udqunaraq dedi. – Məktəbdə hamı səndən danışır. Uşaqlar da ona deyirlər ki, atan dəlidir, başı 
xarabdır. Anam gedib götürüb onu məktəbdən. Bayaq zəng eləmişdi. Deyir uşaq dayanmadan ağlayır. 
Başımı yastığa atıb, gözlərimi yumdum. Mənim kimi ata olmaz olsun. Oğluma, yoldaşıma bu günə qədər dərddən başqa 
heç nə verməmişəm. Heç nə! Gör nə günə qalmışam ki, artıq öz hərəkətlərimə də cavabdeh deyiləm. Sevil isə hələ də 
yanımdadır, hələ də mənimlədir. Utanıram. 
İlk dəfədir ki, ürək ağrısı ilə müşayiət olunan xəcalət hissi keçirirəm. 
 
 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə