Allahın isimləri


Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir



Yüklə 0,91 Mb.
səhifə10/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   15

... Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 33)

İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allaha və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allaha və elçisinə qarşı çıxmış olan kafirləri və münafiqləri belə, əgər səmimi qəlblə Özünə yönəlsələr bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyrulur:

Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, islah edənlər, Allahdan möh-kəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 145-146)

Bu hökmlər Allahın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah, mərhəmətlilərin ən mərhəmətlisidir.

MÜVƏFFİ

Əhdini yerinə yetirən, hər şeyin qarşılığını tam verən, ödəyən

Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik. (Hud surəsi, 109)

İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah qatında yazılır. Ən kiçik detal belə unudulmur. Ayəyə görə "... (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır." (Loğman surəsi, 16)

Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)

O gün kitablardakı əməllər hesab günü üçün xüsusi olaraq hazırlanmış həssas tərəzilərdə ölçüləcək. Allahın ədaləti qarşısında heç kimə zərrə qədər haqsızlıq edilməyəcək:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

Dünyada işlənən hər əməl, ən kiçik detallar belə əskik qalmadan bu tərəziyə qoyulacaq. Veriləcək qarşılıq bu həssas tərəzinin ağır tərəfinə görə olacaq:

(O gün) kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 6-11)

Beləliklə, Allah öz ədaləti ilə hamının işlədiyi əməllərin qarşılığını tam olaraq verəcək. Digər tərəfdən Allah insanların dualarına və əməllərinə bu dünyada da qarşılıq verir. Bu, möminlər üçün böyük lütf ikən, inkarçılar üçün isə qorxulu tələdir. Allah ayələrində bu aldanışı belə bildirir:

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 15-16)

MÜDRİK

Hikmət sahibi

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

İnsanın ətrafında gördüyü hər şey yaradılmışdır. Kainatda müəyyən bir istiqamətə doğru hərəkət edən qalaktikalar, Günəşin ətrafında müəyyən bir orbitdə dövr edən Dünya, canlıların bədənlərindəki -hələ bu əsr kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn -yeni kəşf edilmiş- hadisələr silsiləsi... Şübhəsiz, elm inkişaf etdikcə, insanların elmi artdıqca, ən kiçikdən ən böyüyə qədər kainatdakı hər detalın nə qədər incə hesablarla nizamlanmış olduğu daha da aşkar görünür.

Bu gün əldə edilən elmi səviyyə ilə bu gerçək ortaya çıxmışdır: Kainatın yoxdan var olduğu ilk andan etibarən yaranan bütün hadisələr müəyyən bir planla inkişaf etmişdir. Belə ki, bu planın nəticəsində üzərindəki bütün canlılarla birlikdə Dünya meydana gəlmişdir və ağıl sahibi olan insan yer üzündə öz yerini almışdır. Əlbəttə, bu vəziyyətdə insanın vəzifəsi, öz varlığı üçün ən uyğun şərtlərin nizam içində yaradıldığını dərk etmək, kainatın meydana gəlmə mərhələlərindəki hikmətləri qavraya bilməkdir.

İnsan özünə verilən bu qədər nemət qarşısında unutmamalıdır ki, hər şeyin müəyyən bir yaradılış məqsədi və hikməti var. Özünün rahatlıqla yaşadığı planet yaradılmışdır. Yalnız bu mövzu üzərində düşünmək belə Allahın hər şeyi sonsuz bir hikmətlə yaratdığını görmək üçün kifayətdir. Ayələrdə belə buyrulur:

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

Həqiqətən, Rəbbin onları toplayacaq. Çünki O, Müdrikdir, Biləndir. (Hicr surəsi, 25)

MÜQTƏDİR

Qüvvət və qüdrət sahiblərinin üzərində olan

Onlara dünya həyatını misal çək. Bu, göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. (Kəhf surəsi, 45)

Allah tarixdə bəzi insanları qüdrətli etmiş, onlara həm bənzəriz mülk vermiş, həm də mövqe sahibi etmişdir. Yaşadıqları qövmün başına keçirmiş, bütün insanların və torpaqların rəhbərliyini özlərinə vermişdir. Firon da bu insanlardan biridir. Ancaq Firon Allaha qarşı böyüklənmiş, gerçək qüvvətin və gücün özündə olduğunu zənn etmişdir. Belə ki, bu, özünü ilah elan etməsinə qədər çatmışdır. Bu vəziyyət bir ayədə belə xəbər verilir:

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram... (Qəsəs surəsi, 38)

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?.. (Zuxruf surəsi, 51)

Buna görə bütün gücün tək sahibi olan Allah, Firon və ordusunu suda boğaraq onlardan intiqam almışdır:

Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu. (Qəsəs surəsi, 39-40)

Günahlarına görə Haman və Qarunun da Fironla eyni sonu olmuşdur. Bu azğın insanlar sahib olduqları malları və ordularına görə yer üzündə təkəbbürlənmiş, güclü və qüdrətli olduqlarını zənn etmişlər. Beləliklə də, Allah gerçək gücün kimə aid olduğunu bütün qövmə göstərmişdir.

Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və qaça bilmədilər. Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər. (Ənkəbut surəsi, 39-40)

Halbuki, kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allahdır. Yer üzündə güc və səlahiyyət sahibi olanlara əllərində olan malları, olduqları mövqeləri və orduları verən də Özüdür. Hər gün Günəşi doğuran, gecəni və gündüzü ard-arda gətirən, kosmosda sürətlə hərəkət edən planetləri orbitlərində saxlayan və kainatdakı saysız nizamı qüsursuzca idarə edən Allahın gücü aşkardır. İnsan isə əlindən malı alındığı, mövqeyindən endirildiyi zaman bütün gücünü itirir. Bədəninin müqavimətini itirdikdə isə çox acizləşir. Beləliklə, Allah qullarına gerçək gücün kimdə olduğunu göstərir. Allahın hər şeyin üstündə güc sahibi olduğu Quranda belə bildirilir:

Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq. (Qəmər surəsi, 42)

Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar. (Zuxruf surəsi, 42)

MÜNTƏQİM

İntiqam alan, günahkarları layiq olduqları cəzayla cəzalandıran

Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq. (Zuxruf surəsi, 55)

Allah bütün cəmiyyətləri şirk və degenerasiyadan xilas etmək üçün seçdiyi elçiləriylə xəbərdar edir. Həmin cəmiyyətlər bu xəbərdarlıqları dinləmədikdə və hətta azğınlıqlarını daha da artırdıqda Allah intiqam alır. Allahın intiqamı isə, əlbəttə, insanlarınkına bənzəmir:

Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Mömin surəsi, 10)

Allah xəbərdar edilən və gerçəyi öyrənən insanlardan çox vaxt dərhal intiqam almır. Onlara iman etmələri və günahlarından təmizlənmələri üçün müəyyən bir müddət verir. Halbuki insanların çoxu özlərinə verilən bu müddəti əleyhlərində istifadə edərək daha da azıb üsyan edirlər. Beləliklə də əzab onlara haqq olur. Allah ayədə belə buyurur:

Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə insan özbaşına qoyulacağını güman edir? (Qiyamət surəsi, 34-36)

Şübhəsiz, insanın Rəbbimizi inkar etməsi, üsyan etməsi, nankorluq etməsi və bu davranışlarını davam etdirməsi ən böyük günahlardandır. Məhz burada Allah inkarçılardan intiqam alaraq daha əvvəl heç qarşılaşmadıqları əzablarla onları tanış edir. Çünki buna layiqdirlər. Allah bir ayəsində intiqam alan olduğunu belə bildirir:

(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, Biz intiqam alacağıq. (Duxan surəsi, 16)

MÜBƏŞŞİR

Müjdələyən

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

Quranda bildirilən mömin əlamətlərini göstərən, Allaha heç bir şeyi şirk qoşmayan və Allahın seçib bəyəndiyi din əxlaqına sonuna qədər sadiq qalaraq iman edən saleh qullar, dünyada və axirətdə alacaqları qarşılıqlarla müjdələnilmişlər. Allahın ayələri ilə bildirdiyi bir müjdəsi belədir:

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)

Bir başqa ayədə isə möminlərə müjdə olaraq bu hökm bildirilir:

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 64)

Allah Quranda möminləri mələklər vasitəsiylə də müjdələdiyini açıq və dəqiq şəkildə bildirmişdir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-32)

Sonsuz xoşbəxtlik və sevinc qaynağı olan cənnətin yanında Allah dünya həyatında da mömin qullarına çoxlu müjdə verir. Quranda bu müjdələr xəbər verilmiş və Allahın dualara necə qarşılıq verdiyi nümunələrlə bildirilmişdir.

Allah peyğəmbərlərə azğınlıqla baş qaldıran qövmlərin yerlə yeksan ediləcəyi müjdəsini ayələrdə xəbər verildiyi kimi əvvəldən bildirmişdir. Bundan başqa Allah Özünə dua edərək övlad istəyən peyğəmbərlərin dualarını qəbul etmiş, hz. Zəkəriyanı hz. Yəhya ilə, hz. Məryəmi hz. İsa ilə, hz. İbrahimi də hz. İshak və hz. Yaqubla müjdələmişdir. Ayələrdə belə buyrulur:

Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)



Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101)

MÜBƏYYİN

Açıqlayan

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə surəsi, 242)

İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allahın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsiylə açıqlanan məlumatlar olmasa çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah, bütün sualların cavabını insanlara göndərdiyi kitabıyla açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır.

Bütün bunlar möminlərə şövq verir. Necə ki, Allahın həm elçilər, həm də endirdiyi kitablar vasitəsiylə göstərdiyi yollar, qadağan etdiyi, ya da tövsiyə etdiyi şeylər, etdiyi xəbərdarlıqlar, diqqət çəkdiyi bütün mövzular, yalnız insanların qurtuluşu və Allahın hüzurunda sevinərək hesab vermələri üçündür.

Qulları üçün dünyada və axirətdə zülm istəməyən uca Allah, onların sonsuz əzabdan qurtarmasına vəsilə olan bütün çıxış yollarını detallı olaraq təsvir etmiş, insanın yerinə yetirməli olduğu hər mövzunu açıqlamışdır. Bundan başqa özlərindən əvvəlkilərin səhvlərini təkrarlamamaları üçün insanlara keçmiş qövmlərdən də nümunələr vermiş və doğru yolu tapmaları üçün peyğəmbərlərin həyatlarından nümunələr çəkmişdir. Belə ki, insanların bilməsinin mümkün olmayacağı və sonsuza qədər də öyrənə bilməyəcəkləri bəzi hadisələri də Allah kitabında xəbər vermişdir. Məsələn, heç kim hz. Musanın müqəddəs vadi olan Tuvada Allahla olan danışmasına şahid olmayıb və bu gün heç bir insan tarixi məlumatla bu hadisəni öyrənmə imkanına sahib deyil. Amma Allah Quranda bizlərə bu söhbətlə əlaqədar bəzi detalları açıqlamışdır. Beləliklə, əsrlərlə bundan əvvəl Rəbbimizin qarşısında tək olduğu anda hz. Musaya deyilən sözlər qiyamətə qədər yaşayacaq hər insana hər kəlməsi ilə çatıb. Bunu xəbər verən ayələrdə belə buyrulur:

Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin. Lakin Biz neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk. Biz çağırdığımız zaman da sən dağın yanında deyildin... (Qəsəs surəsi, 44-46)

İnsanların Allahın kitabından əlavə heç bir məlumat əldə edə bilməyəcəkləri mövzulardan biri də axirət həyatıdır. Ölümdən sonra həyat olduğu, dünyada keçən müddətin isə yalnız bu həyata hazırlıq mərhələsi olduğu Quranda xəbər verilir. Əks halda, insanlar yalnız dünyaya aid məlumatlarla kifayətlənmək məcburiyyətində qalacaq və ölümdən sonra nə olacağıyla əlaqədar ən kiçik bir fikirləri belə olmayacaqdı. Bunlar Allahın qullarına açıqladığı mövzulardan yalnız bir neçəsidir. Rəbbimiz Quran vasitəsilə insanlara ehtiyacları olan hər şeyi açıqlamışdır. Ayədə belə buyrulur:

... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusuf surəsi, 111)

Şübhəsiz, Allahın bizə açıqladıqlarından başqa bizim heç bir məlumatımız yoxdur.

MÜDƏBBİR

İdarə edən, yoluna qoyan, bütün yaradılmışları nizamla və tarazlıqla idarə edən və bir-birinə köməkçi edən

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur... (Yunus surəsi, 3)

Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən, boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca hərəkət edən planetlər və Günəş, tam təslimiyyətlə Allaha boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edir. Bu, Allahın qüsursuz yaratmasıdır.

Yer üzünə baxdığımız zaman da yenə fövqəladə bir nizamla qarşılaşırıq. Allah hər canlıya müəyyən vəzifələr verib. Bunlar özlərinə verilən vəzifələri bir gün, bir dəqiqə belə axsatmadan yerinə yetirirlər. Məsələn, ağaclar havadakı karbon 4 oksidi alıb əvəzinə oksigen vermək məcburiyyətindədirlər. Torpaq canlıların yeməsi üçün növbənöv ruzilər verir. Göydən yağan yağış müəyyən sürətdə və müəyyən miqdarda yağır, şimşəyin arxasından mütləq göy gurultusu gəlir. Təbiətdəki tarazlıq hər zaman qorunur, bəziləri ölərkən, bəziləri dünyaya yeni göz açır. Bütün varlıq aləmini yaradan Allah, hər bir varlığa öz vəzifəsini ilham edərək həyatlarını davam etdirmələrini təmin edir.

Allah yaratdığı bütün canlıların bədənlərini də müəyyən bir tarazlıqla və daima idarə edir, bütün orqanları bir-birinə köməkçi edir. Belə ki, insan bədəninin funksiyalarının demək olarki hamısı insanların idarəsi xaricindədir. Heç kim ürəyinin atmasını, ya da yediklərini mədəsinin həzm etməsini təmin edə bilməz. Qanındakı ağ qan hüceyrələrinin mikroblara qarşı apardığı mübarizədən xəbəri belə olmaz. Bədənini meydana gətirən hüceyrələrdəki saysız kimyəvi əməliyyatlardan nə xəbəri var, nə də bunlara nəzarət edə bilər.

Eynilə bədənindəki bu proseslər kimi, insanın həyatının asılı olduğu saysız xarici faktor da var. Bu milyonlarla xarici faktordan hər birini Allah davamlı olaraq və tarazlıqla idarə edir.

Əgər bəzi insanların iddia etdiyi kimi, Allah dünyanı yaradıb başıboş buraxsaydı, şübhəsiz, hər şey daha o anda pozulardı. Gerçək budur ki, bu qədər sistemi ancaq Yaradıcımız olan Allah qoruyur və kainat ancaq Rəbbimizin idarəsiylə varlığını davam etdirir. Çünki Allah kainatın gerçək sahibidir, yaradılışı Ona aid olduğu kimi rəhbərliyi də yalnız Ona aiddir. Bu mövzuya Quranda belə diqqət çəkilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

MÜHƏYMİN

Nəzarət edən və qoruyan

O Allah olan ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, şirk qoşduqlarından çox Ucadır. (Həşr surəsi, 23)

Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları, onları yaradan Allahın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir. Məsələn, yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı nə olardı? Əvvəla yüngül əşyalar yer üzündə sabit dayana bilməzdi. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşacaqdı. Yağış damlalarının sürəti çox yavaşlayacaq, yerə enmədən yenidən buxarlanacaqdı.

Nümunə olaraq verilə biləcək bir başqa qanun Nyutonun Klassik cazibə qüvvəsi nəzəriyyəsidir. Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin içində olduqları həssas tarazlığı açıqlayır. Bu tarazlıqda yaranacaq ən kiçik bir pozulma, Dünyanın, ya sürətlə Günəşə yaxınlaşıb istidən qovrulmasına, ya da Günəşdən uzaqlaşaraq kosmosa uçmasına və soyuqdan donmasına səbəb olacaq.

Bəs cisimlər və səthlər arasında sürtünmə qüvvəsi olmayan Dünya necə olardı? Qələm insanların əllərindən sürüşüb düşər, kitablar və dəftərlər stolun üstündən sürüşər, stol döşəmənin üzərindən sürüşüb divara çırpılar, qısası bütün cisimlər, bir səthə toxunana qədər sürüşər və diyirlənərdi. Sürtünmə qüvvəsi olmayan Dünyada bütün əlaqələr pozular, mismarlar və vintlər yerlərindən çıxar, avtomobillərdə əyləc tutmaz, səs əsla dayanmayıb bir divardan o birinə əks-səda salar...

Allahın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər, şübhəsiz, sadəcə fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də insanın üzərində yaşadığı yer üzünün möhkəm və təhlükəsiz olmasıdır. Dünyanın mərkəzinə doğru endikcə istilik hər kilometrdə 30°C artır. Nüvədə bu istilik 4.500°C-yə kimi inanılmaz dərəcədə yüksəkliyə çatır. Yerin yalnız 1 km dərinliyinə istiliyin 60°C-yə yaxın olduğu düşündükdə bunun nə qədər böyük bir təhlükə olduğu açıq-aşkar görünür. Buna baxmayaraq, bütün canlılar çox rahat vəziyyətdə, ayaqları altında qaynayan maqmadan xəbərsiz halda həyatlarını davam etdirirlər.

Göründüyü kimi Allah, altında çox güclü od qaynayan Dünyanın səthində mükəmməl bir nizam yaratmışdır. Belə ki, Dünyanın heç bir yerində zərrə qədər nizamsızlıq yoxdur. O, göyləri və yeri idarəsi altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. İnsanı isə daha döl halındaykən qorumaq üçün möhkəm bir yerə yerləşdirib onu müdafiə edir.

Görürük ki, insanların əksəriyyətinin təbii qarşıladığı bir çox xüsusiyyət, əsasən, Allahın qullarına olan mərhəmətinə və İlahi müdafiəsinə işarə edir. Çünki nizam-intizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırkı vəziyyəti üçün heç bir məcburedici səbəb yoxdur. Allah qoruyanların ən xeyirlisidir.

MÜSTƏAN

Özünə ehtiyac olunan və Özündən kömək gözlənilən

(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarında da Allahın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan, ancaq Allahın lütfü və rəhməti sayəsində yaşaya bilər.

Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun "Ol" deməsiylə hər dilədiyi olur.

Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allahdır. Rəbbimiz nemətlərini geri alsa, ya da bir müsibət diləsə insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləsə bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allaha sığınır, Ondan kömək diləyir.

Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını bir çox ayədə bildirib. Ayələrdə belə buyrulur:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə