177
mal var idi. Vilhelm nümayəndə heyəti gələnə qədər ya cinayətkarı ortaya çıxaracaqdı (abbat bu sözləri
deyəndə, Vilhelmi ləng hərəkət etdiyinə görə qınayıcı baxışlarla süzdü), ya da papanın təmsilçisinə baş
verənlər haqqında aydın şəkildə məlumat veriləcək və danışıqların sonuna qədər monastırı tam nəzarətdə
saxlamaq üçün onunla əməkdaşlıq ediləcəkdi. İkinci ehtimal, əlbəttə ki, abbatı dilxor edirdi; zira bu, öz
hakimiyyətinin bir hissəsindən imtina etmək və rahiblərini fransızların tabeçiliyinə vermək mənasına
gəlirdi. Lakin heç bir təhlükəyə yol açmaq olmazdı. Vilhelm və abbat, hər ikisi işlərin bu cür gcdişatından
çox məyus idilər; düzünü desək, vəziyyəti dəyişməyə onların gücü çatmazdı. Buna görə də, qəti qərara
gəlməyi ertəsi günə saxladılar. Tanrının mərhəmətinə və Vilhelmin məharətinə sığınaraq müzakirəni
kəsdilər.
“Əlimdən gələn hər şeyi edəcəyəm, zati-aliləri, - Vilhelm dedi, - digər tərəfdən, bu hadisələrin gələcək
danışıqlara necə ziyan vura biləcəyi mənə tam aydın deyil. Dar ağacına layiq olan birinin - ya bir dəlinin,
ya da yolunu azmış narahat ruhun hərəkətləri ilə möhtərəm insanların buraya toplaşıb müzakirə edəcəkləri
ciddi məsələlərin ayrı-ayn şeylər olduğunu papanın elçisi də anlamalıdır”.
“Siz beləmi düşünürsünüz? - Abbat Vilhelmin üzünə diqqətlə baxaraq dedi. - Unutmayın ki, birincisi,
avinyonlular burada qaçaq minoritləri, yəni yarıqardaşlarla şübhəli dərəcədə yaxın olanları tapmağa
hazırlaşırlar. İkincisi də, yarıqardaşlardan daha təhlükəli olan şəxslərlə, - abbat pıçıltı ilə dedi, - əlləri qana
bulaşmış bidətçilərlə üzləşəcəklərini yaxşı bilirlər. Bu kafirlərin törətdiyi bəd əməllərin yanında
monastırımızda baş verənlər, nə qədər qorxunc olsa da, günəş qarşısında dağılan duman kimi əriyib gedir”.
“Amma bunlar eyni şey deyil! - Vilhelm həyəcanla etiraz etdi. - Peruca Ruhani Məclisindəki
minoritləri, İncilin buyruqlarını təhrif edən, zənginliyə qarşı mübarizəni şəxsi qisasçılıq və mənasız qətllər
zəncirinə çevirən vəhşi bidətçilər qaragüruhu ilə bir cərgədə tutmaq olmaz!”
178
“Buna oxşar qaragüruhun - əgər bidətçiləri belə adlandırmağı xoşlayırsınızsa - buradan cəmi bir neçə
verst uzaqlıqda yerləşən Verçelli yepiskopunun torpaqlarını və Novara dağlarını qılıncdan və alovdan
keçirərək, viran qoymasının üstündən çox zaman ötməmişdir”, - abbat quru səslə dedi.
“Rahib Dolçino və həvarilərdən bəhs edirsiniz...”
“Saxta həvarilərdən”, - deyə abbat Vilhelmin səhvini düzəltdi. Və artıq neçənci dəfəydi ki, sirli rahib
Dolçinodan və saxta həvarilərdən titrək səslə, hətta demək olar ki, dəhşətlə söhbət açıldığını eşidirdim.
“Saxta həvarilərdən, - Vilhelm həvəslə razılaşdı. - Lakin onların minoritlərlə heç bir əlaqəsi yoxdur...”
“Onların bir rəhbəri vardı. Saxta həvarilər də, minoritlər kimi, Kalabriyalı İoahimə təzim edirdilər, -
deyə abbat onun sözünü kəsdi. - İstəyirsiniz, sizinlə eyni ordendən olan Ubertinodan soruşun”.
“Dəqiqlik xatirinə, zati-alilərinizin nəzərinə çatdırmaq istəyirəm ki, Ubertino indi mənim yox, sizin
ordeninizdəndir”, - Vilhelm gülümsəyərək cavab verdi və başını tərpətdi; sanki, təmsil etdiyi ordeni belə
bir məşhur adamla möhkəmlətdiyi üçün onu təbrik edirdi.
“Bilirəm, bilirəm, - deyə abbat gülümsədi. - Siz də bilirsiniz ki, ordenimiz papanın qəzəbindən qaçan
spiritualları necə bir qardaş sevgisi ilə öz qoynuna almışdır. Onların arasında təkcə sizin tanıdığınız
Ubertino yox, haqlarında az şey bildiyimiz neçə-neçə sadə rahib qardaşlarımız var. Bəlkə də onların
haqqında daha çox bilməyimiz lazımdır. Zira minorit qılığına bürünmüş bəzi qaçaqları da qəbul etmişdik,
sonradan öyrəndik ki, bu qarabəxtlər Dolçino tərəfdarlarına yaxın adamlardır...”
“Belələri də varmı?” - Vilhelm soruşdu.
“Belələri də var. Düzünü desəm, bu barədə ən azından onları günahlandırmağa kifayət etməyəcək
qədər az bilirəm. Lakin abbatlıqda təhqiqat aparmağınızı nəzərə alsaq, bu haqda sizə məlumat vermək
mənim borcumdur. Ona görə də deməliyəm ki, bir neçə il bundan əvvəl minoritlərin pərən-pərən salınma-
179
sından sonra, monastırımıza gələn kelarımızın həyatında çox qaranlıq bir dövr olduğundan şübhələnmək
üçün (təkcə şübhələnmək deyil, məni düzgün anlayın; bəzi şeyləri eşitmişəm, bəzilərini isə təxmin
etmişəm, amma əlimdə sübut yoxdur) səbəblər vardır”. *
“Kelar? Varaginli Remigio - dolçiniandırmı? Mənə elə gəlir ki, o, ən sakit məxluqdur. Hər halda o,
Yoxsulluq Anası ilə dünyada ən az maraqlanan adamlardan biridir məncə”.
“Təəssüf ki, onun haqqında heç bir şey bilmirəm. O, bizə çox fayda verir - bütün abbatliq onun
çalışqanlığından heyrətə gəlib. Bir rahiblə bir yarıqardaş arasında əlaqə qurmağın çox asan olduğunu
göstərmək üçün onun haqqında danışdım”.
“Zati-aliləri, izninizlə demək istəyirəm ki, çox təəssüf, yenə də yanılırsınız, - Vilhelm etiraz edib dedi.
- Biz yarıqardaşlardan deyil, dolçinianlar barəsində danışırdıq. Yarıqardaşlar haqqında çox şey demək
olar, amma aydınlaşdırmaq lazımdır ki, bu zaman onların hansı qolundan bəhs edilir; çünki yarıqardaşlar
çox müxtəlifdir. Lakin onların heç birisinə qaniçən demək olmaz. Onları ən uzağı bir şeydə məzəmmət
etmək olar ki, spiritualların həqiqi Tanrı eşqindən təsirlənərək, böyük bir təmkinliliklə buyurduqlarını
düşünüb-daşınmadan həyata keçirirdilər; bu yerdə sizinlə razıyam ki, onları bir-birindən ayıran cizgini
fərq etmək çox çətindir...”
“Amma bütün yarıqardaşlar - kafirdirlər!” - abbat onun sözünü hirslə kəsdi. - Onlar İsanın və
həvarilərinin yoxsulluğunu sübut etməklə kifayətlənmirlər... Mən onların bu mövqeyi ilə də razı deyiləm,
Avinyonlu lovğalara qarşı istifadə etmək faydalı olsa da... Kaş ki, bununla bitsəydi... Amma yarıqardaşlar
öz inanclarından elə bir nəticə çıxarırlar ki, qiyam qaldırmaq, yandırmaq və qarət etmək, bütün nəzakət
qaydalarını tapdalamaq ixtiyarına sahib olduqlarını düşünürlər...”
“Amma hansı yarıqardaşlar?”
“Ümumiyyətlə, hamısı. Axı siz bilirsiniz ki, onlar ağlasığmaz cinayətlər törətməklə bədnam oldular,
nikah bağlılığını tanımırlar, cəhənnəmi inkar edirlər, uşaqbazlıqla məşğuldurlar,
Dostları ilə paylaş: |