Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə119/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

 
319 
...Fikrimcə,  məktubları  da  daxil  olmaqla  Məmməd  Səid  Ordubadinin 
tam  külliyyatının  15  cilddə  nəşrinə  ehtiyac  vardır.  ...Məmməd  Səid 
Ordubadinin  latın  qrafikası  ilə  yalnız  “Qılınc  və  qələm”,  “Qanlı 
sənələr”,  “Həyatım  və  mühitim”,  “İki  çocuğun  Avropaya  səyahəti” 
əsərlərinin çap edilib oxuculara çatdırılması ilə görkəmli ədibi nəinki 
dünya  miqyasına  çıxarmaq,  heç  Azərbaycanda  da  layiq  olduğu  sə-
viyyədə tanıtmaq çətindir” [7, s. 12]. 
İnkaredilməzdir ki, akademik İsa Həbibbəylinin irəli sürdüyü bu 
konsepsiyaya  istinadən,  mollanəsrəddinçi  sənətə,  o  cümlədən  Cəlil 
Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Mirzə  Ələkbər 
Sabir  irsinə  münasibəti  tamamilə  dəyişməli,  böyük  mollanəsrəddin-
çilərin  yaradıcılığını dünya ədəbiyyatının tərkib hissəsi olaraq öyrən-
məli və öyrətməliyik.  
Əlbəttə ki, ədəbiyyatşünaslıq sahəsindəki elmi-praktik fəaliyyə-
tində  İsa  Həbibbəyli  yalnız  nəzəri  konsepsiya  irəli  sürməklə  kifa-
yətlənməmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı Cəlil 
Məmmədquluzadəyə məxsus ömür və sənət yolunun, böyük sənətkara 
məxsus  qiymətli  ədəbi-publisistik  nümunələrin  dünya  xalqlarına 
çatdırılmasında  bu  cəfakeş  mirzəcəlilşünasın  xidmətləri  danılmazdır. 
İsa  Həbibbəyli  hələ  1992-ci  ildə  Türkiyə  türkcəsində  “XX.  yüzyılın 
başlarında  yaşayan  Azerbaycan  yazarlarının  biyografileri”  kitabını 
nəşr  etdirmiş,  çağdaş  Türkiyə  elmi  ictimaiyyətinin  30-a  yaxın  Azər-
baycan yazarı, o cümlədən mollanəsrəddinçi nasir və şairlər haqqında 
sistemli bilgilər almasına imkan yaratmışdır [8, s. 34-57]. 
Qeyd-şərtsiz,  mollanəsrəddinçi  müəlliflərin  əsərlərinin  dünya 
dillərində nəşri, bu yolla “Molla Nəsrəddin” ədəbi məktəbi nümayən-
dələrinin  dünya  xalqlarına  tanıtdırılması  ədəbiyyatşünas  İsa  Həbib-
bəylini  daima  düşündürmüşdür.  Görkəmli  alim  “Ustad  Mirzə  Cəlil 
Məmmədquluzadə  (1869-1932)”  əsərində  qüdrətli  yazıçı  Cəlil  Məm-
mədquluzadə  qələminin  məhsulu  olan  əsərlərin  rus  dilinə  tərcüməsi 
sahəsində professor Əziz Şərifin xidmətlərini məxsusi dəyərləndirmiş, 
eyni  istiqamətdə  görülən  işləri  belə  ümumiləşdirmişdir:  “Görkəmli 
Azərbaycan  yazıçısı  Cəlil  Məmmədquluzadənin  əsərləri  Avropa  və 
Şərq  dillərinə  tərcümə  edilmişdir.  Ədibin  ayrı-ayrı  hekayələri  rus, 
ingilis,  fransız,  ərəb,  Ukrayna,  gürcü,  özbək,  qırğız,  tacik  və  başqa 
xalqların  dillərində  səslənmişdir.  Mirzə  Cəlilin  “Danabaş  kəndinin 
əhvalatları”  povesti,  “Ölülər”  pyesi  və  hekayələri  İranda  fars  dilində 
kitab  halında  nəşr  edilmişdir.  Tanınmış  Türkiyə  yazıçısı  İldəniz 
Qurvuran  Cəlil  Məmmədquluzadənin  əsərlərindən  seçmələri  kitab 
kimi Türkiyə oxucularına çatdırmışdır” [1, s. 100]. 


 
320 
Bütün bunlarla bərabər, fikrimizcə, akademik İsa Həbibbəylinin 
“Görkəmli  Azərbaycan  mütəfəkkiri  Cəlil  Məmmədquluzadə  əsərləri 
ilə” kitabı Mirzə Cəlil əsərlərinin dünya xalqlarına çatdırılması işində 
yeni  bir  mərhələnin  başlanğıcı  olaraq  qiymətləndirilməlidir.  2004-cü 
ildə  Pakistan  İslam  Respublikasının  paytaxtı  olan  İslamabad  şəhə-
rindəki “Leaf Publikations” nəşriyyatında çapdan buraxılmış bu kitab 
bir  neçə  cəhətdən  maraq  doğurur.  Bu  yeni  nəşrin  bir  hissəsi  Cəlil 
Məmmədquluzadə  haqqında  ədəbiyyatşünas  alim  İsa  Həbibbəyliyə 
məxsus  elmi  mətndən, digər bir hissəsi  Mirzə Cəlilin “Danabaş kən-
dinin  əhvalatları”  povestindən,  “Ölülər”  tragikomediyasından,  “Poçt 
qutusu”,  “Usta  Zeynal”,  “Pirverdinin  xoruzu”,  “Xanın  təsbehi”,  “Şə-
hər və kənd”, “Konsulun arvadı”, “Quzu”, “Saqqallı uşaq”, “İki alma” 
hekayələrindən, “Dil” adlı məqaləsindən ibarətdir. Təqdirediləsi haldır 
ki, kitabda Mirzə Cəlilin əsərləri urdu dilində, Cəlil Məmmədquluzadə 
haqqındakı elmi mətn isə urdu və ingilis dillərində oxuculara təqdim 
olunmuşdur:  “İsa  Həbibbəylinin  “Görkəmli  Azərbaycan  mütəfəkkiri 
Cəlil  Məmmədquluzadə  əsərləri  ilə”  kitabı  böyük  ədibin  Pakistanla 
yanaşı,  urdu  dilinin  işlək  olduğu  Hindistan  və  Əfqanıstanda  da  ta-
nınmasına xidmət edəcəkdir. Beləliklə, ilk dəfə XXI əsrin əvvəllərində 
Cəlil  Məmmədquluzadə  gerçək  olaraq  Şərqin  böyük  ədibi  kimi  mü-
səlman dünyasının oxucuları ilə görüşmək imkanı qazanır” [9, s. 19]. 
Akademik  İsa  Həbibbəylinin  ideya  müəllifi  olduğu  və  ön  söz-
lərini yazdığı Cəlil Məmmədquluzadənin əsərlərinin ərəb dilində (Qa-
hirə,  2008),  macar  dilində  (“Hekayələr”,  2011),  gürcü  dilində  (“Poçt 
qutusu”, 2016), Litva dilində (“Nigarançılıq”, 2016) kitab halında nəşr 
edilməsi böyük demokrat yazıçıya böyük ehtiram, Azərbaycan ədəbiy-
yatına  xidmətdir.  İsa  Həbibbəylinin  Cəlil  Məmmədquluzadənin  əsər-
lərinin nəşr olunduğu ölkələrdə həmin münasibətlə keçirdiyi təqdimat 
mərasimləri  geniş  mənada azərbaycançılıq  idealının  təbliği  sahəsində 
mühüm addımlardır. 
Daha  bir  üstün  məqam:  Akademik  İsa  Həbibbəylinin  2009-cu 
ildə  “Əcəmi”  nəşriyyatı  tərəfindən  oxuculara  təqdim  edilən  “Cəlil 
Məmmədquluzadə” kitabı Azərbaycan, ingilis, fransız və rus dillərin-
dədir.  Fikrimizcə,  bu  kitab  vasitəsilə  Azərbaycan  ziyalısına  belə  bir 
ideya təlqin olunur ki, klassiklərimizin ədəbi irsinin, həmçinin klassik-
lərimiz haqqında tədqiqatlar əsərlərinin ayrı-ayrı  ölkələrdə xarici  dil-
lərdə  nəşri  ilə  bərabər,  eyni  tipli  nəşrlərin  Azərbaycanda  həyata  ke-
çirilməsi dünya xalqlarının Azərbaycana marağının günü-gündən art-
dığı çağdaş zamanımızda xüsusi əhəmiyyətə malikdir.  
   
 
 
 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə