Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   2   3   4   5   6   7   8   9   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
14 
 
BİR ANLIQ HƏYƏCAN 
Sevgilim, həyatla vida çağımda  
Borcunu yerinə yetirməyə gəl.  
Gəl, ötən günlərin xatıratını,  
Gəlişinlə cana gətirməyə gəl! 
 
Gəl, başıbəlalı Təbrizdən danış,  
Ürəyi yaralı Təbrizdən danış,  
Səngərli, qalalı Təbrizdən danış,  
Vüsal çiçəkləri bitirməyə gəl. 
 
Uzaqda olsan da yanımdan mənim,  
Qanın ayrı deyil qanımdan mənim,  
Canıma yaxınsan canımdan mənim – 
Ölsəm, məni yerdən götürməyə gəl. 
 
Ömrümün dünəndə qaldı baharı.  
Mənim xoş günümdə gəlmədin, barı  
Qırıb məftilləri, udub yolları,  
Məni son mənzilə ötürməyə gəl! 
 
 
VƏFALI QALIB 
 
Yenə könlüm quşu xəyala dalıb,  
Başımın üstünü dumanlar alıb. 
 
Yarı yolda Araz kəsib yolumu,  
Məni min dərdə, min bəlaya salıb. 
 
Sevgilimdən uzaq düşüb könlüm,  
Bilsin aləm, qanım yaman qaralıb. 
 
Gecələr yatmıram sabaha qədər,  
Məni əqrəbmi, ya ilanmı çalıb! 
 
Qan çəkib yol çəkən gözüm, heyhat,  
Uzun illər ötüb, yaşım çoxalıb. 
 
Xeyli var ki, vüsal küsüb məndən,  
Mənə bir ayrılıq vəfalı qalıb. 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
15 
 
  
GƏL DEMƏ 
 
Gəl demə, "Sevgilim unudub məni,  
Yurdumu, yuvamı aramaz oldu".  
Gəl demə, "Halıma ürəyi yanmır",  
Demə, "xeyrə, şərə yaramaz oldu". 
 
De görüm kimdə var məndəki dözüm,  
Səni addım-addım aradı gözüm.  
Uzanan yolları daradı gözüm,  
Məgər bu yollarda yaram az oldu?! 
 
Qınama uzaqdan-uzağa məni,  
Unuda bilərmi sevən-sevəni?  
Hər gün bu sahildən səslədim səni,  
Səsimə səs verən tək Araz oldu. 
 
AXTARARSINIZ 
 
Bir gün yadınıza düşərsəm, məni,  
Bu doğma ellərdə axtararsınız.  
Beş-altı nəğmənin müəllifini,  
Sevən könüllərdə axtararsınız. 
 
İlk bahar çağında 
İsa bulağında, 
Araz qırağında, 
Sonalı göllərdə axtararsınız. 
 
Gözəllər gözəlim, vətəndir, vətən,  
Nə duman görəcək, amalım, nə çən.  
Məni, karvan-karvan mənalı keçən,  
Aylarda, illərdə axtararsınız. 
 
Görən gözümü, 
Ürək sözümü, 
Mənim özümü 
Nəğməli dillərdə axtararsınız! 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
16 
 
SÜLEYMAN DƏRDİ 
 
Məni yandırdı Füzuli kimi hicran dərdi,  
Uzun illər demədim xalqa bu pünhan dərdi. 
 
Aşiqəm, eşqimi gizlətməyə haqqım yoxdur,  
Həmdəmimdir gecələr sevgili canan dərdi. 
 
Vurdu, soldurdu xəzan sevgilimin gülşənini,  
Daşıyır gör necə qəlbində bir ümman dərdi. 
 
Eşqimin hər iki sahildə dərin kökləri var.  
Yox, deyil dərdimə tay eşqdə Sənan dərdi. 
 
Hardasan, harda, xəyalımdakı təbrizli gözəl,  
Tək sənin dərdin olub indi Süleyman dərdi?! 
 
SƏN DEYİLMİDİN? 
 
Bir zamanlar öz yurdunda azad yaşayan  
El bağından güllər dərən sən deyilmidin?  
Könüllərə qalsın deyə xatirə, nişan,  
Qardaşına pay göndərən sən deyilmidin?! 
 
Azadlığın bayrağını ürəkdən öpən,  
Alnındansa torpaqlara incilər səpən,  
Vəcdə gəlib bülbül kimi mahnılar ötən,  
Özü əkib, özü biçən sən deyilmidin,  
Haqq yolunda candan keçən sən deyilmidin?! 
 
Sükanını möhkəm tutan ümman içində,  
Qərarım dəyişməyən tufan içində,  
Süngülərin arasında al qan içində,  
Ordulara qalib gələn sən deyilmidin,  
Şənliklərdə deyib-gülən sən deyilmidin?! 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
17 
 
Ürəklərə dayaq olub öz nəğməsilə,  
Haqsızlığa cavab verən haqqın səsilə,  
Çağırılmamış qonaqları bir nərəsilə  
Uzaqlara qovan oğul sən deyilmidin,  
Gözlərini ovan oğul sən deyilmidin?! 
 
Səttarxanın bayrağını qəlbindən asan,  
Millətinin şöhrətini günəşə yazan,  
Əliqanlı cəlladların qəbrini qazan  
Ağ günləri salamlayan sən deyilmidin,  
Annıaçıq o qəhrəman sən deyilmidin?! 
 
Sınaq günü görməmişəm mən səni gendə,  
Yadellilər üzərinə hücum çəkəndə,  
Fürsət tapıb od vuranda şəhərə, kəndə  
Qol çırmayıb qılınc vuran sən deyilmidin?!  
Səngərində möhkəm duran sən deyilmidin?! 
 
Vətən oğlu vətənini düşünsə bir az,  
Güllələrin qabağına güllərlə çıxmaz.  
Getsin deyə könüllərdən bu matəm, bu yas,  
Son qərara gələk deyən sən deyilmidin,  
Lazım gəlsə ölək deyən sən deyilmidin?! 
 
İndi niyə səsin gəlmir, hardasan, harda,  
Deyirəm ki, bəlkə yenə dardasan, darda.  
Bəlkə qolun gücdən düşüb, halın yamandır.  
Bəlkə yenə dağlarının başı dumandır,  
Bəlkə yenə zindanlara atıblar səni,  
Səsin gəlsin, qoyma, qardaş, nigaran məni! 
 
ARAZIM 
 
Bax, Arazım, bu vəhşətə, bu dəhşətə şahid ol  
Azadlığa şəhidlərin üzərindən gedir yol.  
Biz iki qan qardaşının arasından axırsan,  
Uzun illər bir sağalmaz yarasından axırsan. 
  
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
18 
 
Hey axırsan, bizim ulu babaların yaşından,  
Tarix bilir nə tufanlar gəlib, keçib başından.  
Sənsən mənim qana dönmüş ürəyimin aynası,  
Deyirəm ki, külə dönsün bu köləlik dünyası  
Al qoynuna dostlarını, ey bağrı qan Arazım,  
Mənim qanlı göz yaşımdan yaranmısan, Arazım!  
Od salmaqçın o taydakı cəlladların canına  
Sinən üstdən yol ver, keçim qardaşımın yanına! 
 
YAŞA BAXMIRAM... 
 
Yaş məni haqlayıb, deyir ki, dayan,  
Yox, yox, mən bu yolda yaşa baxmıram!  
Bu yol Təbrizimə aparır məni,  
Bu yolda kəsəyə-daşa baxmıram. 
 
Deyirəm, ey vüsal, hardasan, harda?  
Gedirəm, gedirəm, qalsam da darda.  
Dilbilməz tufanda, boranda qarda  
Geriyə dön deyən qışa baxmıram. 
 
Yoldayam, yoldayam, yoldayam yenə,  
Qoy öyüd verməsin qansızlar mənə.  
Önünə çıxsa da min qanlı səhnə,  
Gözlərimi tutan yaşa baxmıram. 
 
Əhdimə vəfalı bir insanam mən,  
Doğma qardaşımdan nigaranam mən,  
Uzun yollar yoran Süleymanam mən,  
Qar kimi ağaran başa baxmıram. 
 
EHTİYAC 
 
Yenə də cənubdan şimala gələn  
Nə dost, nə qardaş var, nə bir bacı var.  
Zindanlı, zindansız kəslərin belə  
Başında qar kimi dümağ saçı var. 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə