Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə2/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   2   3   4   5   6   7   8   9   ...   134

Alimlərimiz “Azərbaycan etnoqrafiyası”nın ikinci cildini

qələmə alarkən bir ideologiyadan bəhrələnmiş, onu rəhbər tutmuşlar.

Böyük zəhmətin və gərgin əməyin məhsulu olan bu kitabın

ərsəyə gəlməsində zəngin çöl–etnoqrafik materialları və bu sahədə

aparılan tədqiqatların nəticələri əsas yer tutur. Bununla belə, kitabda

çoxsaylı dəyərli mənbələr, xarici və yerli səyyahların qeydləri,

arxeologiya və tarix elminin nailiyyətləri, arxiv sənədləri, ayrı-ayrı

muzeylərdə qorunub saxlanan kolleksiyalar, ədəbiyyat, folklor, tətbiqi

sənət, memarlıq və s. elm sahələrinə həsr edilmiş araşdırmalardan və bu

sahələri əks etdirən dövri mətbuatdan geniş istifadə edilmişdir.

    

Böyük  elmi,  təcrübi  və  tərbiyəvi  əhəmiyyətə  malik  olan



“Azərbaycan etnoqrafiyası”nın ikinci cildi xalqımızın çoxəsrlik

tarixinin, arxeologiyasının, memarlıq və incəsnət tarixinin hərtərəfli

işıqlandırılmasına öz töhfəsini verəcək, onların daha dolğun və zəngin

olmasına şərait yaradacaqdır.

Təqdim olunan bu cilddə xalqımızın etnoqrafiyası  ən qədim

dövrdən başlayaraq, XX əsrin ilk qərinəsinə qədərki dövri əhatə edir.

Lakin, əsas tədqiqat obyekti kimi XIX əsr və XX əsrin əvvəlləri

götürülmüşdür. İkinci cilddə etnoqrafiya elminin mühüm tərkib hissəsi

olan maddi mədəniyyət və ailə məişət məsələləri geniş və hərtərəfli şərh

edilmişdir.

 Kitabda ilk öncə maddi mədəniyyətin aparıcı sahələrindən olan

yaşayış məskənləri və yaşayış evləri məsələləri özünün dolğun və

əhatəli şəkildə tədqiqini tapmışdır.

 Hələ çox qədim zamanlardan Azərbaycan ərazisinin müxtəlif

bölgələrində ibtidai insanlar ovçuluq və balıqçılıqla məşğul olaraq

yaşayışlarını təmin etmişlər. İsti iqlim şəraitində yaşayan ibtidai

insanlar açıq səma altında güzəran keçirmiş, dövran sürmüşlər. Lakin,

zaman keçdikcə, xüsusən də buzlaşmalar dövründə insanlar sərt hava

şəraitinə uyğun olaraq təbiətlə ölüm-dirim mübarizəsinə başlamışlar.

Onlar davamlı yaşayışlarını təmin və təsdiq etmək üçün ovladıqları

vəhşi heyvanların dərisindən sadə geyim dəsti hazırlamış, müxtəlif

quruluşlu sığınacaq, mağara və düşərgələrdə məskunlaşmışlar.

Ərazimizdə təbii və süni yaşayış məskənlərinin tarixi əsasən qədim daş

(paleolit) dövründən başlayır. Azərbaycanın dağ və dağətəyi




bölgələrində alimlər tərəfindən bu dövrə aid onlarca mağara və digər

sığınacaq yerləri qeydə alınmışdır.

    

Azərbaycanda  əhalinin artması  ilə  əlaqədar  tarixin sonrakı



inkişaf mərhələlərində, daha dəqiq desək, ibtidai icma quruluşunun

dağıldığı və sinifli cəmiyətin yarandığı dövrdən etibarən kənd tipli

yaşayış məskənləri daha geniş intişar tapmışdır. Buraya tarixən

yaranmış oba, şenlik, yurd, düşərgə, qışlaq,  yaylaq, yataq, binə və

başqa yaşayış məskəni tiplərini də daxil etmək olar.

     


Heç  şübhəsiz,  ənənəvi  yaşayış  məskəni  tiplərindən  biri

şəhərlərdir. Azərbaycanda dövlətin yaranması ilə şəhərlər özünün geniş

inkişafına başlayır. Bu tarix təxminən e.ə. I minilliyin başlanğıcına

təsadüf edir. Belə qədim şəhərlər arasında Təbriz, Ərdəbil, Marağa,

Şamaxı, Qəbələ, Bərdə, Dərbənd, Gəncə, Naxçıvan, Bakı, Beyləqan,

Şabran, Şuşa və bir sıra başqalarını misal göstərmək olar. Kitabda

şəhərsalma qaydaları, planlaşdırma, şəhərin daxili və xarici quruluşu,

hakimlərin sayı, inzibati binalar, sənətkarlar və tacirlərin məhəllələri

haqqında dolğun məlumat verilir.

    Azərbaycan ərazisində yaşayış məskənləri kimi, yaşayış evləri

də öx müxtəlifliyilə səciyyələnir. Ev insanların rahatlığını, istirahətini,

təsərrüfatını və həyati tələblərini təmin edən abidədir. Yaşayış evlərinin

tiplərinin təşəkkül tapmasında inşaat materiallarının əhəmiyyəti

böyükdür. Xalqımız evlərin tikilməsində  ənənəvi inşaat materialı kimi

daş, kərpic, ağac, gil, torpaq, gəc, əhəng, kirəmit, qır, qarğı-qamış,

çubuq və keçədən istifadə etmişdir. Yaşayış evlərinin tikilməsində

mahir sənətkarlar bel, kərpic qəlibi, daş baltası, daş çəkici, daş kərkisi,

dəmir bıçaq, mişar, balta, kərki, çəngəl, dəhrə, rəndə, iskənə, toxmaq,

torpaq şadarası, oraq və dəryazlara üstünlük vermişlər.

   Kitabda sadədən mürəkkəbə doğru inkişaf etmiş ev tiplərinin

şərhi verilmişdir. Qazma tipli qaradam, çubuq evlər, kərpic durma,

səlyani, qoclu evlər, kərtmə evlər, alaçıqlar və s. araşdırılır.

Təkmilləşmiş ev tipləri- ağ ev, işıqlı ev XIX əsrin sonu XX əsrlərdə

geniş intişar tapmışdır. Burada evlərin plan quruluşu, daxili səliqə-

sahmanı, qızdırılması və işıqlandırılması haqqında mılumat verilir.

   


Azərbaycanda  tarixən  təbii-coğrafi  şərait,  sosial-iqtisadi

vəziyyət, əhalinin məişət tərzi və təsərrüfat məşğuliyyətinə uyğun bir




sıra təsərrüfat tikililəri də yaranmışdır. Cilddə məişətlə, maldarlıqla

bağlı, istehsalatla əlaqədar təsərrüfat tikililəri ətraflı araşdırılır.

   Kitabda xalqımızın tikinti mədəniyyəti ilə bağlı bir sıra adət-

ənənələri diqqəti çəkir və böyük maraq kəsb edir. Dərin məna və

məzmunu ilə seçilən bu adət-ənənələr xalq sənətkarlarının zəngin bilik

və təcrübələrinin göstəricisi olmaqla bərabər, həm də tikinti

mədəniyyətinin üstün cəhətlərini özündə  əks etdirir. Adət üzrə yeni

tikiləcək ev yerinin halallığı alınardı. Bir qayda olaraq “el ağzında, sel

ağzında, yol ağzında ev tikmək” məsləhət görülməzdi. Düşər-düşməzi

nəzərə alınardı. Tikinti yerinin halallığı üçün ağsaqallarla, ustalarla

məsləhətləşər, onların xeyir-duası alınardı. Bu işdə qəlbitəmiz, gözütox,

əməlisaleh, əliyüngül, ayağıuğurlu insanlara müraciət edilərdi.

     

Evi  inşa  edən  bənna  hazırlıq  gördükdən  sonra  “xoşbəxt



yaşayın”, “uğurlu olsun”, “içində qayım-qada olsun” kimi arzusunu

bildirərdi. Ev sahibi isə “çox sağ ol”, “işiniz avand olsun” deyərdi. Evin

tikintisinə başlayanda qurban kəsmək, sədəqə-niyaz paylamaq adəti

mövcud olmuşdur. Tikiləcək evlərdə xoşbəxtlik, bolluq və bərəkət

rəmzi kimi bünövrəyə metal pul, buğda, çörək və duz qoyardılar. Evin

tikintisində qohum-qonşu, dost-tanış və yaxınlar iştirak edərdi. Ev

tikilib başa çatdıqdan sonra qonaqlıq verilər, ailəyə səadət arzulanardı.

    


Etnoqrafiya  elmində  ənənəvi geyimlər  və  bəzəklər  maddi

mədəniyyətin mühüm tərkib hissəsi kimi qəbul edilir və öyrənilir. Bu

sahələrin yetərincə araşdırılması xalqın milli xüsusiyyətlərinin inkişaf

səviyyəsini, estetik və bədii zövqünü göstərməklə yanaşı, etnik və sinfi

mənsubiyyətinin müəyyənləşdirilməsində qiymətli mənbədir. Təsadüfi

deyildir ki, geyim və bəzəklər öz məqsəd, məram və məzmunu etibarilə

mənəvi mədəniyyətin də tədqiqinə işıq salır, köməklik göstərir. Əsrlərcə

arxaikliyini və dəyişikliyini qoruyub saxlayan geyim və bəzəklər

müəyyən mənada xalqın etnogenezi məsələsinin öyrənilməsində

yardımçı olur.

     

Geyim  mədəniyyətinin  ilkin  izlərinin  tarixi  qədim  daş



dövrünə aid edilir. Məlumdur ki, geyim mədəniyyətinin inkişafında

təbii-coğrafi şərait, xüsusilə iqlimin rolu böyük olmuşdur. Buraya

əhalinin dünyagörüşü, mənəvi-əxlaqi, sosial-iqtisadi durumu da

daxildir.




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə