Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

Şah güldü:
– Qarı, bu cın-cındırınlamı toy tədarükü görürsən? Sən mənə minnətdar olmalısan ki,
nəvəni döyüşə aparıram. Nəvən fərasətli olsa, hünər göstərsə, çapıb-talayıb sərvət
yığar. Geri qayıdandan sonra o sərvətlə özünə toy elər.
– Şah sağ olsun, nahaq qan bahasına əldə edilmiş var-dövlət nə mənə, nə də mənim
gəlinimə lazımdır. Belə sərvət heç kimə ağ gün gətirməz. Gəl qayıt bu yoldan.
Axıtdığın qanlar, haqsız axan göz yaşları selə dönüb bir gün səni yer üzündən silər.
Qarının sözlərini eşitcək şahın halı dəyişdi. Hirsindən əlləri titrədi, gözləri hədəqədən
çıxdı. Vəzir, vəkil, adlı-sanlı sərkərdələr onun sözünün qabağında söz deməyə cürət
etmirdilər. İndi yoxsul bir qarı ona ağıl öyrədirdi, özü də harada. Sərkərdələrin,
əyanların yanında. Şah var gücüylə çığırdı:
– Cəllad, bu qarını bir qatırın quyruğuna bağla!
Qarı nə əzab-əziyyətdən, nə də ölümdən qorxdu. Səsini qaldırıb dedi:
– Şah, ulu babaların da sənin kimi qəddarlıq elədiyindən yadellilər yurduna hücum
çəkəndə qoşunun sayı düşməndən çox olsa da, basıldı. Babanla atan vətəndən
didərgin düşüb, qürbətdə öldü. Sən də kimsəsiz bir gədə kimi dilənçi kökündə
yaşayırdın. Yadellilərə nifrət vətən övladlarına ulu babanın qəddarlığını unutdurdu,
düşməni qovmaq üçün elin hər yerində dəstələr düzəltdilər. Ağsaqqalların məsləhətiylə
atam gedib səni yad ölkədən gətirdi. Hamının qarşısında and içdin ki, ağsaqqallarının
məsləhətiylə oturub-duracaqsan. El ayağa qalxdı, yadelliləri qovdu. Amma sən verdiyin
vədləri unutdun. Şahlıq taxtında yerini bərkidəndən sonra döyüşlərə hazırlaşdın. Xalqa
yalan danışdın, öldürülmüş qardaşlarımızın, əsir aparılmış ana-bacılarımızın qisasını
almağa getdiyini söylədin. Döyüşlərdə ölən igidlərin qanı bahasına xəzinələr, torpaqlar
ələ keçirdin, qan tökməkdən, ölkələr talamaqdan doymadın.
Qarı qəddarlaşmış şahı heç cür qarşıdakı döyüşdən çəkindirə bilmədi. Üz tutdu dağlara.
Ulu Tanrıya yalvardı ki, şahın bu səfərinə imkan verməsin. Onun ləl-cavahiratını, qızıl-
gümüş xəzinəsini daşa-torpağa çevirsin.
Göy guruldadı, şimşək çaxdı, aləm bir-birinə qarışdı. Şah qoşuna bu uğursuz yerdən
uzaqlaşmağı əmr elədi. Xəzinəni yükləmək istəyəndə gördülər cavahirat, qızıl – hamısı
daşlara dönüb.
Həmin gündən bu yerlərə “Xəzinəqaya” deyilməyə başladı.


Müstəqil iş
Əsərin oxusu, məzmunu üzrə 
tapşırıqlar
1.  Fərdi səssiz oxumaqla əsərin məzmununu yada salın.
2.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrini müvafiq hesab etdiyiniz
cədvəldə qeyd edin.
3.  Əsəri hissələr ayırın, bu zaman hansı cəhətləri əsas götürdüyünüzü izah edin.
4.  Hissələrin birinə ad verib, məzmununa aid plan tərtib edin.
5.  Həmin hissənin məzmununu hazırladığınız plan əsasında seçdiyiniz formada
(ya yığcam, ya da digər formaların birində) danışmağa hazırlaşın. Nağıletməyə
hazırlaşarkən dinləyicilərin diqqətini hansı cəhətlərə yönəltmək istədiyinizi,
başlıca niyyətinizi aydınlaşdırın.
Əsərin təhlili üzrə 
tapşırıqlar
Diqqət!
Bilirsiniz ki, təhlildə əsərin mövzusu, ideyası, onda qaldırılmış mühüm problem
və s. aydınlaşdırılır. İndiyə kimi qazandığınız bilik və bacarıqlar təhlillə bağlı
aşağıdakı tapşırıqları müstəqil yerinə yetirməyinizə imkan verəcəkdir. Kiçik
qruplara bölünün, tövsiyələri nəzərə almaqla tapşırığı yerinə yetirin.
I qrup: Əsərin mövzusunu müəyyənləşdirin və onun əfsanə janrında olduğunu
əsaslandırın.
Tövsiyə. Bilirsiniz ki, hər hansı əsərin mövzusunu müəyyənləşdirmək üçün
ondakı əsas hadisəni diqqətlə öyrənmək lazımdır. Bu əfsanədə dünyagörmüş
yoxsul qarı ilə zalım hökmdarın qarşılaşdırılması mühüm hadisə kimi oxucunun
diqqətinə çatdırılır. Deməli, ölkəsində haqq-ədalət olmayan, qəsbkar hökmdar
əfsanədə şər qüvvə kimi təqdim olunur. Bu deyilənlərdən çıxış etməklə
əfsanənin mövzusunu müəyyənləşdirməyə çalışın.
II qrup: Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Bu nəticəyə
gəlməyinizin səbəbini izah edin.
Tövsiyə. Əsərin ideyasının mövzu ilə sıx bağlı olduğunu bilirsiniz. Yazıçı seçdiyi
mövzunu, sadəcə, şərh etməklə məhdudlaşmır.


O, təsvir etdiklərinin vasitəsi ilə öz niyyətini, başlıca fikrini də ifadə etmiş olur.
Bu, əsərin ideyası deməkdir.
“Xəzinəqaya əfsanəsi”nin mövzusundan çıxış etməklə ondakı başlıca fikri –
ideyanı müəyyənləşdirə bilərsiniz.
III qrup: Əfsanə yaradıcılarını düşündürən başlıca problem, sizcə, nədir? Bu
problemi onlar nə cür həll etmişlər?
Tövsiyə. Bədii əsərdə müəyyən həyati problem qoyulduğu sizə məlumdur.
Yazıçı insanları (həm də özünü) narahat edən mühüm bir məsələni əsərinin
mərkəzinə qoyur. Bu, problem adlanır.
Yazıçı oxucuların diqqətini problemə çəkməklə kifayətlənmir, həmin problemin
həlli yolunu da göstərir. Siz bu deyilənlərə əsasən “Xəzinəqaya əfsanəsi”ndə
diqqətə çatdırılan problemi müəyyənləşdirə bilərsiniz.
IV qrup: Əfsanədəki obrazları səciyyələndirin. Sizə məlum olan cədvəllərdən
istifadə edin.
Tövsiyə. Obrazların təhlili (xarakterindəki mühüm cəhətlərin aydınlaşdırılması,
davranış və əməllərinə qiymət verilməsi və s.) əsərin problemini, ideyasını
müəyyənləşdirməyə kömək edir. Çünki yazıçı oxuculara çatdırmaq istədiklərini
daha çox obrazların vasitəsilə ifadə edir.
Obrazları səciyyələndirərkən (təhlil edərkən) onların yalnız davranış və
əməllərinə deyil, digər surətlərlə oxşar və fərqli xüsusiyyətlərinə, yazıçının ona
münasibətinə də diqqət yetirmək vacibdir.
V qrup: Bədii təsvir və ifadə vasitələrinin əsərin təsir gücünün artmasındakı rolunu
aydınlaşdırın. Sizə məlum olan müvafiq cədvəllərdən istifadə edin.
Tövsiyə. Bilirsiniz ki, yazıçı bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə
fikrin təsir gücünü artırır, əsərin maraqlı, cəlbedici olmasına nail olur.
Cümlələrdən bədii təsvir və ifadə vasitələrini siləndə bunu aydın müşahidə
etmək olur
VI qrup: Əsərdəki hadisələrin ən gərgin, həyəcanlı məqamını müəyyənləşdirin. Nə
üçün belə düşündüyünüzün səbəbini izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə