Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
46 
birindən  ayrı  tutmayan,  “çeşməsindən  abi-həyat  car  olan”,  “yayın 
əvvəlində  xana”  dönən,  son  ayda  “yetkin  bostana”  bənzəyən,  “payızda 
çəni-çiskini  ilə  adamı  pərişan  eləyən,  qışda  ağ  xələt  geyinən”,  yalqız 
qalsa  belə  kimsəyə  əyilməyən,  vüqarını  sındırmayan,  şaha  baş  əyməyən 
dağlar qarşısında öz heyrətini gizlədə bilmir, onun daxili dünyası, duyğu 
və  düşüncələri  peyzaj  fonunda  ilmə-ilmə,  yarpaq-yarpaq  açılır  və  son 
nəticədə lirik qəhrəmanın  bədii portreti xarakterik cizgilərlə zənginləşir, 
dolğunlaşır.  Həssas  oxucu  aydınca  görür  ki,  burada  təkcə  fəsillər  bir-
birini  əvəz  etdikcə  libasını  dəyişən  dağlar  poetik  təsvirin  mərkəzinə 
gətirilmir,  həm  də  peyzaj  onu  heyranlıqla  müşahidə  edən  lirik 
qəhrəmanın daxili dünyasını açmaq vasitəsinə çevrilir.  
 
Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül-nərgizin saralı.  
Ələsgər Məcnun tək yardan yaralı, 
Gəzər səndə dərdli, nalalı dağlar.  
 
  Bu  bəndi  oxuyanda  “Füzuli  dərd  əlindən  dağa  çıxdı,  dedilər 
bəxtəvər  yaylağa  çıxdı”  misralarının  müəllifi  ilə  “Dağlar”  qoşmasının 
lirik  qəhrəmanının  əhvalı-ruhiyyəsi  arasında  bir  eyniyyət,  uyğunluq 
tapmaq çətin deyildir.  
Aşıq Ələsgərin peyzaj lirikasında sadəcə təbiətin füsunkar lövhələri 
poetik  sözün  gücü  ilə  canlandırılmır,  həm  də  həmin  mövzulu  şeirlərin 
daxili  qatında  insanları  narahat  edən  problemlər,  mənəvi-əxlaqi 
konfliktlər öz bədii əksini tapır. Dağlar yoxsulu, varlını, şahı, gədanı bir-
birindən  fərqləndirməyən,  bütün  hadisələrin,  münaqişələrin  fövqündə 
dayanan  bir  ilahi  qüvvənin  simvolik  obrazı  təsiri  bağışlayır.  Dağların 
pərişan  görkəmi  təkcə  ona  doğru  gələn  yolların  önünü  kəsən  payız  və 
qışla  əlaqədar  deyildir.  Dağların  yolunu  bağlayan  digər  səbəblər  də 
vardır:  
 
Xaçpərəstlə düşdü bund inqilabı, 
Onunçün bağlandı yolların, dağlar!  
 
Təəssüf  ki,  Aşıq  Ələsgərin  ilham  quşunu  pərvazlandıran  dağlar, 
yaylaqlar indi doğmaların,  əzizlərin nəfəsinə, hənirinə həsrətdir.  İndi  də 
“başı  qarlı,  eldən  aralı”  dağlarda  Aşıq  Ələsgərin  tənha  ruhu 
dolaşmaqdadır.  
Aşıq  Ələsgər  poeziyasında  dağlar,  yaylaqlar  vətənin  simvolik 
obrazıdır.  “Sürülərin  mələşməsi,  atların  kişnəməsi,  boş  qalan  yurdlar” 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
47 
dağların pərişan görkəminin xarakterik cizgiləridir. “Görəndə gözümdən 
car oldu sellər” misrası, “Hanı mərd igidlər, boş qalıb yurdu?” harayı isə 
lirik  qəhrəmanın  daxili  dünyasının  aynasına  çevrilir.  Sarı  Nər,  Qısır 
Murğuz, Kəpəz, Murov, Qoşqar dağlarının adını çəkən el aşığı qoşmanı 
aşağıdakı bəndlə bitirir:  
 
Həsənnənə, Həsənbaba qoşadı, 
Xoşbulaq yaylağı bir tamaşadı.  
Arsız aşıq elsiz necə yaşadı? – 
Ölsün Ələsgər tək qulların, dağlar!   
 
Süsən,  sünbül,  lalə,  nərgiz,  duman,  çiskin,  yayın  ortasında  yağan 
qar,  kəkotu,  qırxbuğum,  qaymaqçiçəyi,  bənövşə,  qantəpər,  igid  nərəsi, 
güllə səsi, qoyun-quzu mələşməsi, tütək səsi, türfə gözəllər, çiçəkdən bal 
çəkən  arı  və  s.  Aşıq  Ələsgərin  peyzaj  lirikası  üçün  səciyyəvi  detallar, 
ştrixlərdir.  
Aşıq  Ələsgərin  portret  cizgilərində  də  təbiət  cisimləri  səciyyəvi 
bədii  detal  rolu  oynayır.  Gözəllərin  portretini  yaradarkən  çiçəklə,  güllə, 
ayla,  ulduzla,  çeşmə  ilə  müqayisələr  aparmaq  Aşıq  Ələsgərin  bədii 
üslubu üçün səciyyəvidir. Məsələn:  
 
“Tay olmaz dağlarda lala 
Gülgəz yanağa, Gülxanım!”  
“Ay üzdə xalın bənövşə, 
Az qalır bağrımı deşə”.  
 
“Bir yaqut yanaqlı, yasəmən xallım”...  
 
Aşıq  Ələsgər  öz  şeirlərində  maraqlı,  milli  koloriti  ilə  seçilən, 
diqqəti  cəlb  edən  portretlər  yaratmışdır.  Onun  təsvir  etdiyi  gözəllər  real 
həyatda  yaşayan,  zahiri  görkəmləri,  geyimləri  ilə  bir-birindən  fərqlənən 
insanlardır.  Hətta  bu  gözəllərin  adları  da  məlumdur:  Gülxanım,  Maral, 
Ceyran,  Bəyistan,  Güləndam,  Güllü,  Gülpəri,  Leyli,  Müşgünaz,  Telli, 
Xurşid, Səlbi...  
“Bəstə  boy”,  “ağ  əndam”,  “gül  üz”,  “ay  qabaq”,  “şahmar  zülf”, 
“büllur  buxaq”,  “lalə  yanaq”  epitetləri  Səhnəbanunun,  “dodağı  qönçə”, 
“dişləri sədəf”, “qara qaşlar”, “ala gözlər” epitetləri Bəyistanın, “gözəllər 
soltanı”, “sürahi gərdən” Səlbinin,  “siyah tel”, “nazik barmaq”, “şümşad 
əl”,  “günəş  camal”  Salatının,  “qara  göz”,  “qələm  qaş”,  “alma  yanaq”, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
48 
“bal  dodaq”,  “ala  gözə  vurulan  siyah  sürmə”  Güləndamın,  “tuti  dil”, 
“sərv boy” Salatının portretinin cizgiləridir. 
Elə  portretlər  də  vardır  ki,  onları  yaradarkən  Ələsgər  epitetlərdən 
yox, bənzətmələrdən istifadə etmişdir:  
 
“Sona tək silkinib, gərdən çəkəndə,  
Bənzəyirsən quya, qaza, Müşgünaz”.  
 
Daha  sonra  Müşgünaz  aya,  Züleyxaya,  onun  üzü  aynaya,  qaşları 
çəkilən yaya bənzədilir.   
 
Doymaq olmur işvəsindən, nazından, 
Fərə kəklik kimi xoş avazından.  
Yel vurdu, rübəndin atdı üzündən,  
Elə bildim doğdu ay, sarıköynək...  
 
Burada  portret  statik  yox,  dinamikdir,  bənzətmələr  hərəkət 
vasitəsilə reallaşır, portretə bir aydınlıq, milli kolorit gətirir. 
 Milli  kolorit  daha  çox  geyimin  təsvirində  üzə  çıxır.  Aşıq  Ələsgər 
öz  lirik  qəhrəmanlarının  portretini  yaradarkən  geyimlərinin  təsvirinə  də 
xüsusi önəm verir.  
 
Ay qız, sənin nə vədəndi,  
Kəsilib qısa tellərin?  
Kəlağayı əlvan, qıyğacı 
Üstündən basa tellərin.  
 
Burada  kəlağayı  milli  geyim  elementi  kimi  portretin  koloritini 
artırır.  
“Qırmızı”  qoşmasında  “mərcan  boyunbağı”,  “Yaraşır”da  “qızıl 
bazubəndələr”,  “başa  örtülən  şal”,  “heyratı  kəlağayı”,  “gümüş  kəmər”; 
“Görürsənmi  oğrun  baxan  gözəli”  qoşmasında  “qızıl  düyməli  yaxa”, 
“gümüş  kəmər”;  “Gülpəri”də  “yaşmaq”;  “Sarıköynək”də  “zər  kəmər”; 
“Xurşid”də “güşvarə”, “qızıl tana” milli geyim elementləri kimi portreti 
daha da görümlü, baxımlı, yaddaqalan edir.  
Aşıq Ələsgərin yaradıcılıq nümunələri bədii təhlil üçün çox zəngin 
material verir. Elə buna görə də onun əsərlərini yeni dövrün tələbləri 
səviyyəsində yenidən araşdırmağa, tədqiq etməyə xüsusi ehtiyac duyulur. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə