160
səfəsindən qaynaqlanan İsa Muğanna ideologiyasının
mayasını Zəlimxan Yaqub sanki Şah Xətayi modelinə
çevirib oxuculara təqdim edir. Bu model İsa Muğan-
nanın xalq genetik yaddaşından, yoxluğu var edən
ruhundan yoğrulduğunu daha praktik şəkildə göstə-
rir. Seçilmişlər zamansız olsa da, dediklərinin zamana
görə önəmi daha böyükdür. Kodlaşdırılmış mesajları
İlahi Ünün gücü ilə seçilmiş bəşər övladına yetirirsə,
onun həzm olunmasında sonrakı varisin işi daha
önəmlidir. Muğannadan sonra Zəlimxan Yaqubun bu
poema ilə üzərinə götürdüyü mənəvi yük SafAğ elmi-
nin xalq təfəkkürünə, düşüncəsinə yaxınlaşdırılması
missiyasıdır.
Səsi sazdan gəlirdi,
Ünü neydən gəlirdi.
İstədiyi nə varsa,
Enib göydən gəlirdi.
Mələklər qanad çalır,
Göydə yalanlar olmur.
Göydə təhriflər olmur,
Göydə talanlar olmur.
Göydə əqrəblər olmur,
Göydə ilanlar olmur.
İlana zəhər verən
Filan filanlar olmur.
– deyən müəllif bu misralarla adiliyin içindəki
qeyri-adiliyi, sadəliyin içindəki mürəkkəbliyi, yoxlu-
ğun içində varlığı sözlərlə yansıtsa da, Muğannanın
Yerdən üz döndərib göylərə olan etibarının və inamı-
161
nın səbəblərini daha aydın izah edir. Bir çox insan
Yerdə olan bəlaların, faciələrin, vəhşətlərin, dəhşətlə-
rin məhz göylərdən gəldiyinə bu gün də inanmaqda-
dır. Bütün dini kitabların söykəndiyi bir həqiqət var:
Cənnətdən yerə qovulan və ya göndərilən ilk insan
Adəmdir və bu ilk insan həm də ilk peyğəmbərdir.
Bu gün bəşəriyyətin caynaqlarında can verdiyi nəfs,
tamah, qan da elə Adəmin ailəsi ilə dünyaya tanışdır.
Bu da onu deməyə əsas verir ki, göylərdən yerə gön-
dərilən Adəm özü ilə bir çox bəlaları gətirmiş və bəşə-
riyyətə miras qoymuşdur. Yuxarıdakı misralara diq-
qət etdikdə, Muğanna həqiqətinin nüvəsində göylərin
paklığından danışıldığını görərik. Bəlkə də, məhz bu
səbəbdəndir ki, insan övladı bəzən də məcazi anlam
daşıyan göylərdən, qutsal yaşam tərzindən qovuldu
və dünyamıza göndərildi. (Bəlkə də, Adəm yerə endi-
rilməmişdən öncə yerdə yaşayanlar vardı və bu yaşa-
yanların xisləti pozulmamış, korlanmamışdır. Bəlkə
də, Adəm və arvadının Tanrı dərgahından qovulan-
dan sonra yer üzündəki özbaşınalıqlarının qarşısını
almaq üçün öz nurundan yaratdığı yeni bir qövmü
Yerə göndərib. İstənilən halda Göy Yerdən daha pak
və daha aydındır, həm materiya, həm də ideya baxı-
mından.)
Göylərin kir, ləkə, hiylə, təhrif saxlamadığı üçün
aqil insanların əksəriyyəti kimi Muğanna həqiqət
Ününü yalnız göylərdən eşitmək istəyirdi. Çünki gü-
nah ifadəsi göylərdə yaşayanların nə ağlından keçir,
nə də dillərinə gəlirdi. Ustad sənətkarın eşitdikləri və
ya eşitmək istədikləri isə o qədər batini mənalarla
yüklü idi ki, yerdəki insan bunu anlamaqda və dərk
162
etməkdə çətinlik çəkirdi. “Ün” poemasının misraları
isə bu simvolların açılmasında çətinlik çəkənlər üçün
daha sadə dillə sirli elmi izah edir.
Həmin batini elmdir, dindir ki, “bu din (və bütün
dinlər) məhəbbət dinidir. Qanun və ehkam yığıntısı
deyil. Biz ərəblərin, bizə “əcəm” deyərək ixrac etdik-
ləri din adlanan dəbilqənin altında can vermək üzrə-
yik! (buna deyərlər, həyəcan siqnalı, yoxsa “din əldən
getdi, qoymayın, millət kafir oldu”. Bunlar hamısı
boş-boş şeylərdir.) Din bizimdir... Amma ərəb dövlət-
çiliyi tarixi bizim deyil. Din bizimdir... Amma İran şi-
əliyi bizim deyil. Mən İmadəddin Nəsiminin təqdim
etdiyi Həzrəti Mühəmmədi sevirəm! O, Hərra mağa-
rasında “Hu” deyərək, özündən gedən aşiqdir. Mən
Xətayinin vəsf etdiyi Əlini sevirəm! O Əli ki, mənə 4-
cü xəlifə olaraq lazım deyil”. (6, səh. 43) Xalq şairi Zə-
limxan Yaqubun “Ün” lirik poeması bütövlükdə İsa
Hüseynov-İsa Muğanna yaradıcılığını özündə ehtiva
edən dəyərli bir əsərdir. Poema yaradıclığının demək
olar ki, olmadığı dövrdə bu cür bir əsərin yazılması
istər nəzmin, istərsə də tərənnümün ən incə məqam-
ların, zərif və ilahi mətləblərin daşıyıcısı olduğunu bir
daha sübut edir.
Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması axıcı
dili, üslubu, daşıdığı tarixi əhəmiyyəti ilə XXI əsr
Azərbaycan şeirinin qızıl fonduna düşəcək, ədəbiy-
yatşünaslığın ən maraqlı tədqiqat obyekti kimi yaşa-
yacaq əsərlərdəndir.
Kaspi qəzeti. 07 dekabr 2014-cü il
163
Ədəbiyyat
1. İsa Muğanna. Seçilmiş əsərləri. 6-cı cild. Bakı,
“Avrasiya-press”, 2009.
2. Azərbaycan jurnalı, Zəlimxan Yaqub “Ün”,
№10, 2014.
3. Mən Onsuz da Əbədiyəm. X.Ulutürk. “Gənclik”
2003.
4. İsa Muğanna Seçilmiş əsərləri. 6-cı cild. Bakı,
“Avrasiya-press”, 2009.
5. Kredo qəzeti. № 44 (799) 31 oktyabr, 2014.
6. İsa Muğanna, “İlan dərəsi”. 2013.
7. Fəxrəddin Salim. “Milli Yaddaş sistemində
Ürfan və təsəvvüf”. Bakı, Elm və təhsil, 2010.
164
Ümman boyda bir sevgi
Qanun Ümmanın yaradıcılığa uşaq ikən başladığı-
nı bilirəm. Deyirlər, şair olmurlar, şair doğulurlar. Bu
fikri Qanun Ümmanın timsalında tərəddüdsüz qəbul
etmək olar. Qədim və tarixi sirləri köksündə yaşadan
Naxçıvan torpağının bədii fikir tarixinə böyük ustad-
lar, mütəfəkkirlər bəxş etdiyini hamımız yaxşı bilirik.
Hər səhər yuxudan durub təmiz havanı ciyərlərinə
çəkəndə İlanlı dağın uca zirvəsini görüb şair olma-
maq, atanın əlindən yapışıb Mömünə Xatun türbəsi-
nin yanından keçəndə, oradakı seyrəngahı görəndə
şairin özünün dediyi kimi “qələmin əldə od tutub
yanmaması”, Şahbuzun, Ordubadın köksündəki Ba-
tabat gölünü, Göy-gölü görüb ruhun coşmaması, öz
köynəyini yırtmaması, Əlincə qalasının əzəmətindən,
Araz çayının zümzüməsindən ilham almamaq müm-
kün deyil. Əhatəsində olduğun insanlar haqq sözə
qiymət verdikdə, azadlıq eşqindən daima sərxoş ol-
duqda, zülmün boynuna güclü haqq biləyi kimi do-
laşdıqda sənin haqq sözü demək üçün vətənpərvər
şair olmamağa haqqın yoxdur. Qanun Ümmanın bu
mühitdə böyüməsi, onun sözdən qanadlanmış qələm
atına sahib olması heç də təsadüfi deyil.
Şairin adının və təxəllüsünün çox maraqlı olduğu
diqqətdən yayınmır. Adın hələ dünyaya yenicə göz
açdığı bir zamanda qoyulması adi bir haldır. Amma
adla xarakterin üst-üstə düşməsi zamanın və əməllə-
rin məcmusudur. Doğrudan, bu qələm sahibi məişət-
də qaydalara çox ustalıqla əməl edir. Onun yaşam tər-
zinin istənilən sahəsində bir qayda, bir qanun var.
Dostları ilə paylaş: |